25 sentyabr 2024 14:49
105

Azərbaycan dövləti bütün dünyaya öz gücünü göstərdi

Sentyabrın 23-də yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iclasda iştirak edib. Deputatlar dövlətimizin başçısını hərarətli alqışlarla qarşılayıblar. İclasın əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra Yeddinci çağırış Milli Məclisin birinci iclasında Azərbaycan Respublikasının Prezidenti, zati-aliləri cənab İlham Əliyev geniş nitq söyləyib.

Prezident Milli Məclisin üzvlərini yeddinci çağırış Milli Məclisin fəaliyyətə başlaması münasibəti ilə təbrik edib, onlara uğurlar arzulayıb. Prezidentin çıxışı sürəkli alqışlarla qarşılanıb. Sonra Milli Məclisin  deputat Ziyad Səmədzadə Yeddinci çağırış Milli Məclisin ilk iclasını açıq elan edib. Yeddinci çağırış Milli Məclisin ilk iclasında doqquz məsələ müzakirə olunub, bir sıra qərarlar qəbul edilib.

Bu ilki prezident və parlament seçkiləri müstəqil ölkəmizin tarixində ilk dəfə idi ki, ölkəmizin bütün ərazisində keçirilmişdir. Bu, tarixi hadisədir. İkinci Qarabağ müharibəsi və suverenliyimizin tam bərpa edilməsi dünya miqyasında tarixi hadisədir. Azərbaycan xalqı güclü iradə, birlik göstərərək 30 il davam edən işğala son qoydu. Azərbaycan dövləti öz gücünü göstərdi, xalqımız isə bütün dünyaya öz əyilməz ruhunu göstərmişdir.

Cənab Prezident İlham Əliyevin Milli Məclisdə  çıxışı yalnız Azərbaycanın yox, bütövlükdə regionun inkişafının konseptual əsaslarını müəyyən edən, habelə bölgədə sülh və sabitliyin əsaslanacağı konfiqurasiyanın sərhədlərini dəqiqləşdirən tarixi yol xəritəsi hesab olunmalıdır.

VII çağırış Azərbaycan Respublikasının Milli Məclisi ölkə tarixində dövlətin beynəlxalq hüquqla tanınan bütün suveren ərazilərini əhatə edən seçkilərlə formalaşmış ilk parlamentdir. Dövlət başçısının verdiyi bəyanatlar həm də suverenliyə gedən yolda ölkənin hədəfə çatmasını göstərən tarixi yekun və milli dövlətçiliyimizdə yeni mərhələnin başlanmasını göstərən tarixi keçid hesab edilə bilər. Qarabağ müharibəsi və antiterror tədbirlərinin ardınca suverenliyimizin tam bərpa edilməsi bütövlükdə regionda yeni geosiyasi konfiqurasiyaya gətirib çıxardı və separatizmə son qoymaqla Azərbaycan dünya miqyasında tarixi presedent formalaşdırmış oldu. Bu proseslərin təməlində, heç şübhəsiz ki, möhtərəm Prezidentin parlamentin tribunasından da ifadə etdiyi kimi, Azərbaycan xalqının birliyi, siyasi iradə, dövlətin gücü həlledici amillər kimi çıxış edib.

Ramilə Şükürova,
YAP Xətai rayon təşkilatının "Lütfi Zadə 6" ünvanı üzrə ərazi partiya təşkilatının üzvü