21 sentyabr 2024 15:13
80

Azərbaycan 1 il müddətinə “Elmdə Qadın və Qızların Dünya Paytaxtı” elan edilib

“Beynəlxalq Etimad Kral Elmlər Akademiyası” (RASIT) qeyri-hökumət təşkilatı ilə Elm və Təhsil Nazirliyinin, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin (EATDA) və Təhsil İnsitutunun nümayəndələri arasında onlayn görüş keçirilib.

"İki sahil"agentliyə istinadən bildirir ki, görüş zamanı Azərbaycanın qadın və qızların maarifləndirilməsi istiqamətindəki səylərini, eləcə də qadın və qızların elm və təhsil sahəsində aparıcı mövqe tutduğunu nəzərə alaraq, RASIT tərəfindən Azərbaycan 1 il müddətinə (sentyabr 2024 – sentyabr 2025) “Elmdə Qadın və Qızların Dünya Paytaxtı” elan edilib.

Görüşdə RASIT-in icraçı direktoru şahzadə Nisreen əl-Haşimi, Mavritaniya İslam Respublikasının sabiq prezidenti Ameena Gurib-Fakim, Təhsil İnstitutunun direktor səlahiyyətlərini müvəqqəti icra edən Elnur Əliyev, EATDA-nın Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Müjdat Həsənov və digərləri iştirak ediblər. Onlayn görüşdə Azərbaycanın “Elmdə Qadın və Qızların Dünya Paytaxtı” mövzusuna həsr edilmiş loqo da təqdim olunub.

Qeyd edək ki, sözügedən müddət ərzində ölkəmizdə “Elmdə Qadın və Qızların Dünya Paytaxtı” kimi elm sahəsində çalışan qadın və qızların elmi tədqiqat bacarıqlarının artırılması üçün layihələrin həyata keçirilməsi, elm sahəsində olan müxtəlif tədqiqat qrant və təqaüdləri barədə universitet tələbələrinin məlumatlandırılması və eləcə də regionlarda təhsil alan qızların elm sahəsinə yönləndirilməsi üçün müxtəlif tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Mənzil-qərargahı Amerika Birləşmiş Ştatlarında yerləşən RASIT-in fəaliyyətində Birləşmiş Millətlər Təşkilatının dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsi, sosial-iqtisadi inkişaf və təhsil imkanlarının artırılması kimi məsələlər əsas yer tutur.