20 sentyabr 2024 14:41
75

Əfqanıstan nümayəndəsi İranın dövlət himni ifa edilən zaman niyə ayağa qalxmayıb?

“Taliban” hökumətinin Tehrandakı müvəqqəti işlər vəkili sentyabrın 20-də İran Xarici İşlər Nazirliyinə çağırılıb.

“İki sahil” xəbər verir ki, məlumatı “Mehr” yayıb.

Bildirilib ki, nazirlikdə diplomata Əfqanıstan nümayəndəsinin konfransda İranın dövlət himni ifa edilən zaman ayağa qalxmamasının qəbuledilməz olduğu çatdırılıb: “Qonağın ev sahibi ölkənin rəmzlərinə hörmət etməsi, dövlət himnlərinə sayğı göstərməsi zərurətdir. Bu, beynəlxalq aləmdə qəbul edilmiş davranışdır. Əfqanıstan nümayəndəsinin hərəkətləri tədbirdə iştirakın yüksək məqsədlərinə uyğun deyildi”.

Müvəqqəti işlər vəkili ölkəsinin İran İslam Respublikasına xüsusi ehtiramını vurğulayaraq Əfqanıstan nümayəndəsinin hərəkətlərinin şəxsi xarakter daşıdığını, heç bir halda ölkəsinin fikirlərini əks etdirmədiyini vurğulayıb.

O, İranın etirazlarını dərhal Kabilə çatdıracağını da əlavə edib.