19 sentyabr 2024 17:37
114

Azərbaycanın suverenliyinin bərpa edildiyi tarixi gün

44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı Şanlı Qələbədən sonra 10 noyabr 2020-ci il tarixində üçtərəfli bəyanatın imzalanmasından sonra Qarabağ bölgəsində nisbi sabitlik yarandı, ölkəmiz 30 il düşmən işğalında olan torpaqlarımızda bərpa-quruculuq işlərinə başladı və  bu ərazilərdən didərgin düşmüş soydaşlarımızın doğma yerdlarına qayıdışlarına start verildi. Bu gün azad edilən ərazilərdə geniş quruculuq işləri həyata keçirilir və bu işlər günü-gündən daha geniş vüsət alır. 

Təəssüflər olsun ki, üçtərəfli bəyanatın müddəalarına zidd olaraq Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələrinin bir hissəsi hələ də qalmaqdadır və onların mövcudluğu regional sülh və sabitlik üçün ciddi təhlükə mənbəyi idi. 

Öz mənfur əməllərindən əl çəkməyən Ermənilər Qarabağ ərazisində müxtəlif provokasiyalara əl atır,  mütəmadi olaraq Azərbaycan Ordusunun mövqeləri müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutur, ərazilərimizin minalanmasını davam etdirir, döyüş mövqelərinin mühəndis cəhətdən təkmilləşdirilməsi, eləcə də səngər və sığınacaqların sayının artırılmasına cəhdlər edirdilər. Son vaxtlarda bu qeyri-qanuni birləşmələr tərəfndən Azərbaycan Ordusunun bölmələrinə qarşı kəşfiyyat fəaliyyətlərinin genişləndirilməsi, mövqelərimizin dərinliyinə sızaraq minalardan təmizlənmiş ərazilərin və mülki təyinatlı yolların terror-təxribat məqsədilə yenidən minalanması kimi əməllər daha çoxalmışdı. Həmçinin düşmən tərəfindn döyüş mövqelərinin şəxsi heyət, zirehli texnika, artilleriya qurğuları və digər atəş vasitələri ilə gücləndirilməsi, bölmələrin yüksək döyüşə hazırolma səviyyəsinə gətirilməsi, səfərbərlik üzrə əlavə bölmələrin yaradılması müşahidə olunurdu.

Ermənistanın Azərbaycana qarşı apardığı məqsədyönlü və planlı terror siyasətinin davamı olaraq sentyabrın 19-da Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minanın partlaması nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus nəqliyyat vasitəsi sıradan çıxmış və mülki şəxslər həlak olub. Həmin gün Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularını daşıyan nəqliyyat vasitəsinin də Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən quraşdırılmış minaya düşməsi nəticəsində hərbi qulluqçularımız həlak olub və yaralanıb.

Bütün bu genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə sentyabrın 19-da bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanıldı. Azərbaycan Ordusu bu dəfə də dünyada misli görülməmiş hərbi uğura imza atdı. Əməliyyat nəticəsində 1761 hədəf məhv edildi, amma 1 nəfər belə mülki sakinə zərər dəymədi. Heç bir mülki infrastruktura zərər verilmədi, sadəcə legitim hərbi hədəflər vuruldu. Eyni zamanda, revanşist qüvvələrə, ermənilərin arxasında duran dövlətlərə və təşkilatlara gücümüzü göstərdik. Azərbaycanın torpaqlarında gözü olanlara qandırdıq ki, biz güclüyük və basılmazıq.

Azərbaycanın Qarabağ bölgəsində 10 mindən artıq Ermənistan silahlı qüvvələrinin birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələri mövcud idi. Halbuki, məlum üçtərəfli Bəyanata əsasən, Qarabağ ərazisindəki erməni yaraqlıları 3 il əvvəl tərksilah edilməli idilər. Azərbaycan işğala məruz qalan tərəf olsa da Qarabağda baş verən gərginliyin aradan qaldırılması, azərbaycanlılarla ermənilərin birgə yaşayışını təmin edəcək reinteqrasiya prosesinin normal davam etməsi və məsələnin ikitərəfli danışıqlar yolu ilə həllini tapması üçün 3 il müddətində əlindən gələni etdi. Təəssüf ki, ölkəmizin bu tip humanist çağırışlarının əvəzində erməni silahlı qüvvələri Qarabağda sayını artırmaqla, yeni silahlar alıb təxribatlar törətməklə məşğul oldular. Hətta vəziyyət o həddə çatmışdı ki Qarabağda separatçılar müstəqillik iddialarından əl çəkmir, özlərinin qondarma «prezident»lərini seçir, qondarma «parlament»lərinin adından dövlətimizə qarşı sərsəm  bəyanatlar verirdilər. Bütün bunlar isə özünü təmkinli aparan Azərbaycan xalqının və Müzəffər Ali Baş Komandanımızın səbir kasasını daşırdı. Nəticədə Qarabağdakı antiterror tədbirləri qaçılmaz oldu. Sentyabrın 20 –də separatçılar ağ bayraq qaldıraraq təslim olduqlarını elan etdilər. Xüsusilə Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq, tam atəşkəs haqqında razılaşma əldə olundu və 2023-cü il sentyabrın 20-də saat 13:00-da lokal xarakterli antiterror tədbirləri dayandırıldı.

Bir daha qeyd etmək lazımdır ki, lokal xarakterli antiterror tədbirləri ordumuzun hərbi gücünün, yüksək döyüş hazırlığının və səriştəsinin göstəricisi oldu.  Əgər hər günü bir şərəfli tarix olan 44 günlük Vətən müharibəsi zamanı ordumuzun nümayiş etdirdiyi müasir döyüş üslubu dünya hərb tarixində yeni səhifə açmışdısa, bu cür qısamüddətli uğurlu antiterror əməliyyatı ilə o, yenidən tarix yazdığını bütün dünyaya nümayiş etdirdi. İyirmi dörd saatdan da az müddətə sığan və uğurla yekunlaşan antiterror tədbirləri unikal hərbi əməliyyat kimi dünya səviyyəsində böyük heyranlıqla qarşılandı. Bununla da xalqımız ölkəmiz uzun illərdən bəri həsrətində olduğu böyük Qələbə nəticəsində tarixi torpaqları üzərində özünün suverenliyini tam bərpa etmiş oldu. Bir sözlə, Qalib Sərkərdə, Müzəffər Ali Baş Komandan İlham Əliyev canından da çox sevdiyi xalqı üçün həlli mümkünsüz görünən vəzifəni reallaşdırdı. Ən böyük dahilik isə odur ki, həlli mümkünsüz görünən problemləri həll etmək qüdrətində olasan. Cənab İlham Əliyev Prezidentlik fəaliyyəti dövründə böyük güclərin hər cür təhdid və hədələrinə rəğmən bütün çətinliklərə sinə gərərək öz haqlı və qəti mövqeyindən əsla dönmədi. Beləliklə, ölkəmizin başçısı ideal liderlik nümunəsi göstərərək öz xalqı və dövləti naminə əzmli və qətiyyətli olmağın, prinsipial mövqeyindən əsla geri çəkilməməyin  düsturunu yaratdı. Həm də bir əsrlik problemin bir gündə həlli dünyanı da heyran etdi. Ən başlıcası isə 2023-cü ilin sentyabrın 20-də qazandığımız hərbi qələbə ilə ölkəmizin suverenlini tam bərpa etdik. Bu Azərbaycan xalqının həyatında ən müqəddəs gündür. Məhz elə buna görə də Prezident İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə  hər ilin sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd ediləcəkdir. Sərəncamda deyilir: « Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilməmişdir. Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir». Prezidentin digər Sərəncamı ilə 20 sentyabr  həm də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə Şəhər Günü kuimi qeyd edələcəkdir.

İsmayıl İbrahimov,
YAP Hacıqabul rayon təşkilatının sədri