22 noyabr 2017 14:32
1707

Azərbaycanda enerji təhlükəsizliyi tam təmin edilib

Azərbaycan bu gün o ölkələrdəndir ki, öz hesabına yaşayır. Kifayət qədər böyük valyuta ehtiyatlarımız var, iqtisadiyyat dinamik şəkildə inkişaf edir, iqtisadi şaxələndirmə, neft-qaz amilindən asılılığının azaldılması istiqamətində çox önəmli addımlar atılır və ölkəmizin gələcək inkişafı üçün nə siyasi, nə iqtisadi, nə hər hansı bir başqa maneə və ya problem var. Azərbaycan bundan sonra ancaq uğurla inkişaf edəcək. Son illərdə keçirilən bütün müşavirələrdə səslənən bu fikirlərin əsasları var. Belə zəngin potensialın formalaşmasında, ölkə iqtisadiyyatının güclənməsində neftdən əldə olunan gəlirlərin xüsusi rolu var. Bu imkanları isə “Əsrin kontraktı” yaratdı. Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi neft strategiyasının uğurlu icrası ilə respublikamıza sərmayələr cəlb edilir, ölkəmizin siyasi, iqtisadi qüdrəti artırılır, bu istiqamətdə inamlı addımlar atılır. 1994-cü ildə Azərbaycanın müstəqillik tarixində əlamətdar hadisə olan və salnaməmizə  ulu öndər Heydər Əliyevin hazırladığı neft strategiyasının ilk addımları kimi yazılan “Əsrin müqaviləsi”nin imzalanması ilə  ölkə iqtisadiyyatının təkamül dövrü başlandı. Ulu öndər Heydər Əliyevin  siyasi iradəsi, qətiyyəti, ən başlıcası isə qazandığı şəxsi nüfuzu sayəsində bağlanan müqavilə nəticəsində Azərbaycan neft sənayesi yeni mərhələyə qədəm qoydu, təbii sərvətlərimiz dünya bazarlarına çıxarıldı, ölkəmizə böyük həcmdə sərmayələr qoyuldu, zəngin qaz ehtiyatına malik “Şahdəniz” yatağının işlənməsi ilə bağlı danışıqlar aparıldı. Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin istismara verilməsi ilə Azərbaycanın təbii resurslarının dünya bazarlarına çıxarılması üçün kifayət qədər böyük şəbəkə formalaşdı. “Cənub Qaz Dəhlizi”nə marağın artması ilə Azərbaycan müasir dövrdə neft və qazı hasil və ixrac edən ölkəyə çevrildi. TANAP, TAP ilə bağlı müzakirələr intensivləşdi.

Azərbaycanın təşəbbüsü ilə reallaşan enerji layihələrinə marağın, tərəfdaşların çoxalması əlavə müzakirələrin aparılması zərurətini yaratdı. “Əsrin müqaviləsi”nin müddətinin uzadılması ilə bağlı keçirilən mərasimdə Azərbaycanın dünya enerji bazarında artan rolu ilə bağlı söylənilənlər neft strategiyasının uğurunun təsdiqi idi.

2050-ci ilə qədər uzadılan müqavilənin icrası nəticəsində Azərbaycana 3,6 milyard dollar sadəcə olaraq bonus şəklində veriləcək. Dövlət Neft Şirkətinin payı 11 faizdən 25 faizə çatdırılır. SOCAR, eyni zamanda, operator funksiyasını daşıyacaq və mənfəət neftinin 75 faizi 2050-ci ilə qədər, yəni kontraktın icra müddəti ərzində Azərbaycana qalacaq. Hesablamalar göstərir ki, həmin yataqda hələ hasil edilməmiş təxminən 500 milyon ton neft ehtiyatı var. Azərbaycanda iki milyard ton neftin hasil olunması münasibətilə keçirilən mərasimdə qeyd olunduğu kimi kontraktın 2050-ci ilə qədər uzadılması onu göstərir ki, vədinə sadiq, əməkdaşlıqda maraqlı olan Azərbaycanın enerji layihələri ilə bağlı proqnozları reallığa əsaslanır. “Çünki mövcud ehtiyatların qiymətləndirilməsini biz çox konservativ şəkildə aparırıq. “Azəri-Çıraq-Günəşli” yatağı minimum 2050-ci ilə qədər işləyəcək. “Şahdəniz” yatağı əminəm ki, minimum 100 il bundan sonra fəaliyyət göstərəcək. Hazırda biz Abşeron yatağından yaxın gələcəkdə qaz hasilatını gözləyirik. “Ümid”, “Babək” yataqlarının çox böyük perspektivləri var” söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, iqtisadi müstəqilliyini neft gəlirlərindən əldə olunan maliyyə vəsaitləri hesabına təmin edən Azərbaycan enerji təhlükəsizliyi məsələlərini də tam şəkildə təmin edib. Vaxtilə qonşu dövlətlərdən qaz, elektrik enerjisi alan respublikamız indi karbohidrogen ehtiyatlarını ixrac edir. Əldə olunan vəsaitlər qeyri-neft sektorunun inkişafına, respublika əhəmiyyətli, vacib sosial və infrastruktur layihələrin icrasına sərf olunur.

Cari ilin doqquz ayında valyuta ehtiyatlarımızın 4,5 milyard dollar artması, xarici borcumuzun ümumi daxili məhsulun 18 faizini təşkil etməsi, işsizliyin səviyyəsinin 5 faizə enməsi, Dünya İqtisadi Forumunun hesabatına görə Azərbaycanın 35-ci pillədə yer alması iqtisadi inkişafımızın əsasını təşkil edən neftdən əldə olunan gəlirdən səmərəli istifadənin, düşünülmüş siyasətin nəticəsidir.

Bakı-Tbilisi-Qars dəmir yolunun inşasında da maliyyə mənbəyi kimi Dövlət Neft Fondunun vəsaitlərindən istifadə olunub.

İqtisadiyyatın şaxələndirilməsini tövsiyə edən Prezident İlham Əliyevin düşünülmüş siyasəti nəticəsində qeyri-neft sektoru inkişaf edir, yeni istehsal sahələri yaradılır, kənd təsərrüfatının prioritet sahələrinə diqqət artırılır. Bununla belə iqtisadiyyatımız, ölkəmizin gələcək inkişafı üçün neft sənayesi, neft-qaz sektoru həmişə həlledici rol oynayacaq.

Dövlət proqramlarını icra etməklə dinamik inkişaf yolu ilə dünya iqtisadi sisteminə inteqrasiya edən Azərbaycanın təcrübəsi göstərir ki, iqtisadi müstəqillik siyasi müstəqilliyin əsasıdır. Beynəlxalq maliyyə təşkilatlarının hesabatlarından da aydın olur ki, Azərbaycan dünya miqyasında müstəqil siyasət aparan nadir ölkələrdən biridir. “İqtisadi müstəqillik isə neftçilərin zəhməti hesabına təmin edilir. Ona görə hər kəs bilməlidir ki, hələ uzun illər bundan sonra ölkəmizin neft-qaz sektoru bizim üçün əsas dayaq olacaqdır. Ona görə Azərbaycan dövləti və neftçilər bundan sonra da bütün səylərini qoymalıdırlar ki, biz bu sektoru inkişaf etdirək” sözləri ilə neftçilərin əməyini yüksək dəyərləndirən Prezident İlham Əliyev 2 milyardıncı ton neftin hasilatını uğurlarımızın əsası kimi dəyərləndirir, neft-qaz sənayesinin inkişafını, neft strategiyasının davamını ümumi inkişafın aparıcı sahəsi adlandırır.

Yeni layihə olan “Cənub Qaz Dəhlizi”nə artan maraq da təsdiqləyir ki, respublikamızın çox böyük və zəngin təbii resursları var, Azərbaycanın təşəbbüsü ilə reallaşan layihələr regionda, dünyada sabitliyin təminatına xidmət edir. Ölkə iqtisadiyyatı, respublikamızın gələcək inkişafı üçün neft sənayesi, neft-qaz sektoru həmişə həlledici rol oynayıb, bu siyasət gələcəkdə də davam etdiriləcək. “Ona görə hər kəs bilməlidir ki, hələ uzun illər bundan sonra ölkəmizin neft-qaz sektoru bizim üçün əsas dayaq olacaqdır” söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, ancaq müstəqillik dövründə Azərbaycan böyük zirvələrə çatdı, xalq təbii sərvətlərinin sahibi oldu. Bundan sonra da Azərbaycanın neft-qaz sənayesinin inkişafı diqqət mərkəzində saxlanılacaq.

Xuraman İsmayılqızı, “İki sahil”