10 sentyabr 2024 18:01
434

Enerji təminatında geniş imkanlar

Azərbaycan Respublikası Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə kifayət qədər uğurlu xarici siyasət kursu yürütməkdədir və dünyanın sayılıb seçilən dövlətləri içərisində öz layiqli yerini tutmaqdadır. Ölkəmiz ötən hər gün dünya birliyində öz siyasi-iqtisadi mövqeyini bir qədər də möhkəmlədirir və xarici dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlıq quraraq iqtisadi inkişaf imkanlarını daha da genişləndirir. Azərbaycanın artan iqtisadi imkanları ölkəmizi xarici tərəfdaşlar üçün cəlbedici edir. Son illər ərzində Avropa dövlətlərinin ölkəmizə olan maraqları xeyli artmışdır. Artıq Azərbaycan Respublikası ilə həm Qərbi, həm də Şərqi Avropa ölkələri arasında sıx qarşılıqlı əlaqələr formalaşmış, hətta bəzi ölkələrlə münasibətlərimiz strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Belə dövlətlərdən biri də “Böyük Yeddilik” ölkəsi olan İtaliya Respublikasıdır.
Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında diplomatik əlaqələr 1992-ci ilin may ayının 8-də qurulmuşdur. 1997-ci mart ayında İtaliyanın Azərbaycanda, 2003-cü ilin dekabr ayında isə Azərbaycanın İtaliyada səfirliyi təsis edilmişdir. Hal-hazırda iki ölkə arasında sıx və qarşılıqlı-faydalı əməkdaşlıq münasibətləri mövcuddur. Ölkələrimiz arasında iqtisadi əlaqələr əsasən neft-qaz və enerji sektorunu əhatə etsə də, son illərdə qeyri-neft sektoru üzrə də ciddi əməkdaşlıq əlaqələri qurulub. Azərbaycanda sənaye, tikinti, ticarət, kənd təsərrüfatı, rabitə, xidmət və s. sektorlarda İtaliyanın 114 şirkəti fəaliyyət göstərir. İtaliya şirkətləri, həmçinin ölkəmizin neft-qaz sektorunda dəyəri 9,9 milyard dollar olan 277 layihədə, qeyri-neft sektorunda isə dəyəri 708 milyard dollar olan 37 layihədə podratçı kimi iştirak edirlər. Azərbaycan-İtaliya münasibətləri bu gün dünya üçün mühüm töhfələr vəd edir. Bu əməkdaşlıq qarşıdakı illərdə daha da güclənəcək.
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 6 sentyabr 2024-cü il tarixində İtaliyaya rəsmi səfəri sözsüz ki, ikitərfli əlaqələrin inkişafına yeni mühüm töhfələr verəcək. Dövlət başçımız “Dünya, Avropa və İtaliya haqqında bilgilər” mövzusuna həsr olunmuş Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxışında bir çox vacib məqamlara münasibət bildirdi. Cənab İlham Əliyev bildirdi ki, Ukrayna ərazisində qazın tranzitinin davam etdirilməsi ilə bağlı Rusiya, Ukrayna və Avropa təsisatları tərəfindən bizə müraciət edildi. Bir neçə aydır ki, biz ümumi məxrəcə gəlmək üçün böyük səylər göstəririk. Biz, sadəcə, həmin ölkələri və Ukraynanı dəstəkləmək istəyirik. Çünki qazın tranziti dayandığı halda Ukraynanın qazpaylayıcı sistemi tamamilə iflic olacaqdır. 
Ölkə başçımız əlavə etdi ki, Azərbaycan Respublikası 2001-ci ildən Avropa Şurasına üzvdür. Biz Azərbaycan dövləti olaraq Avropa konvensiyalarının əksəriyyətinə qoşulmuşuq. Ötən ilin sentyabrında Azərbaycan torpağında separatçılığın kökü kəsildi. Biz bu gün Ukraynanın etməyə çalışdığından fərqli heç bir şey etməmişik. Biz özümüz isə heç bir dəstək olmadan ərazi bütövlüyümüzü bərpa etdik. Bir neçə ay sonra Avropa Şurasının Parlament  Assambleyası bizim nümayəndə heyətini səsvermə hüququndan məhrum etdi. Lakin bütün bunlara baxmayaraq Azərbaycan enerji təminatı ilə bağlı Avropa ölkələri ilə öz əməkdaşlığını nəinki davam etdirir, həm də genişləndirir. Qarşıda vəziyyəti yaxşılaşdırmaq üçün daha da geniş imkanlar var. 
Avropada Azərbaycan qazına böyük tələbat var. Qarşıdakı illərdə bu tələbatın daha da artacağı ehtimal olunur. Azərbaycan isə öz növbəsində əməkdaşlığa can atan ölkələr üçün sərfəli və etibarlı tərəfdaşdır.

Emin Əliyev,

YAP Sumqayıt şəhər təşkilatının məsləhətçisi