10 sentyabr 2024 14:32
298

Azərbaycan-İtaliya dostluq və əməkdaşlıq münasibətləri yeni inkişaf mərhələsindədir

Prezident İlham Əliyevin son dörd ildə İtaliyaya üç dəfə səfər etməsi bir daha göstərir ki, iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətləri yüksələn xətt üzrə inkişaf edir. Ölkəmizin başçısı səfər çərçivəsində İtaliya ilə münasibətlərimizin strateji tərəfdaşlıq xarakteri daşıdığını, dövlətlərarası əlaqələrin özündə çoxşaxəli əməkdaşlığı ehtiva etdiyini vurğulayıb, İtaliyanın Avropada Azərbaycanın əsas ticarət tərəfdaşı olduğunu qeyd edib. Bu mənada, ölkələrimiz arasında enerji sahəsində əməkdaşlığın vacibliyi, o cümlədən TAP layihəsinin əhəmiyyəti qeyd olunub. Həmçinin bildirilib ki, TAP layihəsi İtaliya da olmaqla hazırda Avropanın 10 ölkəsinin enerji təchizatındakı vacib rol oynayır.

Məlumdur ki, son bir neçə ildə  Azərbaycanla İtaliya arasında  ticarət dövriyyəsinin həcmində ciddi artımlar müşahidə edilir. Ötən il iki  ölkə arasında ticarət dövriyyəsi 15 milyard 685 milyon dollar olub. Ölkələr arasında ticarət dövriyyəsi son 4 ildə 3.4 dəfə artıb. Azərbaycan və İtaliya arasında ən böyük ticarət dövriyyəsi isə 2022-ci ildə (18.122 milyard dollar) qeydə alınıb. Bu kəskin artım Rusiya-Ukrayna müharibəsi fonunda dünya bazarında enerji resurslarının və eləcə də mavi qazın qiymətinin kəskin artması ilə bağlıdır.

Ötən ildə Azərbaycanın ümumi xarici ticarət dövriyyəsinin 30 faizindən çoxu İtaliyanın payına düşüb. Azərbaycan xüsusən də enerji məhsullarını Avropa bazarına İtaliya vasitəsilə ixrac edir. Bu baxımdan təbii ki, Azərbaycanla Avropa İttifaqı arasındakı ticarət dövriyyəsinin əhəmiyyətli hissəsi İtaliyanın payına düşür. Cənub Qaz Dəhlizi çərçivəsində Azərbaycanın İtaliya bazarına mavi qaz nəql etməsi ticarət dövriyyəsinin həcminə birbaşa təsir göstərib. Belə ki, hazırda Azərbaycandan Avropaya 12 milyard kubmetr qaz ixrac olunur, ikinci mərhələdə isə bu göstərici 20 milyard kubmetr olacaq. Nəql ediləcək mavi qazın əhəmiyyətli hissəsi məhz İtaliya bazarına ixrac edilir. Bu da təbii ki, ölkələr arasındakı iqtisadi münasibətlərin növbəti dövrdə də inkişaf edəcəyindən xəbər verir.

Soe bir neçə ildə  Azərbaycanın Avropa ölkələrinin enerji təchizatını yüksək səviyyədə həyata keçirməsi bir daha göstərir ki, ölkəmizin neft və qaz strategiyası möhtəşəm uğurlara nail olub. Xüsusilə  Azərbaycandan İtaliyayadək uzanan, Cənub Qaz Dəhlizi adlanan 3500 kilometrlik inteqrasiya edilmiş boru kəməri sistemi bu gün 10 ölkənin enerji təhlükəsizliyini təmin edir. Hazırda 10 ölkə Azərbaycandan qaz alır və onlardan 7-si Avropa İttifaqının üzvüdür. Bu səbəbdən Avropa Komissiyası Azərbaycanı ümumAvropa qaz təchizatçısı və etibarlı tərəfdaş adlandırır.

Ölkəmizin başçısının İtaliyaya səfəri iki ölkə arasındakı münasibətlərin daha da inkişafı baxımından və strateji əməkdaşlığın gücləndirilməsi askpektindən kifayət qədər əhəmiyyətlidir. Xüsusilə bu səfərdən sonra iki ölkə arasında qeyri-neft sektorunda da əməkdaşlığın güclənməsi planlaşdırılır.

Bir sözlə, İtaliya investisiyasının Azərbaycanın qeyri-neft sektoruna və eləcə də işğaldan azad olunan ərazilərimizə cəlb edilməsi də əsas məsələ kimi gündəmdədir. Məhz bu səbəbdən də Prezidentimizin İtaliyaya səfəri iki ölkə arasındakı əməkdaşlıqda yeni bir mərhələnin əsasını qoymuş oldu ki, bu  da ölkəmizə yeni inkişaf priortetləri qazandıracaqdır.

Nazimə Şamıyeva,
YAP Füzüli rayon təşkilatının sədri