Ötən əsrdən başlayaraq dünyanın siyasi səhnəsində “lider rolunu” ifa edən dövlətlərin milli maraqlarına uyğun baş verən hadisələrin yönləndirilməsində istifadə edilən separatizmin “çiçəklənməsi” ilə nəticələnən “ikili standartlar” termini manipulyasiya vasitəsinə, “təzyiq geosiyasətinə”, beynəlxalq “normaya” çevrilib. Artıq axarından çıxan qloballaşma prosesi bu siyasətin acı nəticələrini qısa zamanda bumeranqa çevirərək onu yürüdənlərin özlərinə qarşı çevrilsə də bu zərərli tendensiyanı yaradıb dəstəkləyənlərin istifadə etdikləri etnik separatizm davam etməkdə, müxtəlif bölgələrdə alovlanmaqdadır.
Separatizmlə nəticələnən və ən qorxulu virus qədər təhlükəli olan “ikili standart”ların yaratdığı bu bəladan qurtarmağın yollarını axtaran siyasətçilərin fikirləri müxtəlif olsa da hamını düşündürən bir sual ciddiyyətini və aktuallığını saxlayır: Bəşəriyyəti nə gözləyir?
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Avropa Azərbaycanlıları Konqresi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Brüsseldə keçirilən “Separatizm beynəlxalq sülhə və təhlükəsizliyə təhdiddir” mövzusunda təşkil olunan Beynəlxalq Forumda separatizmi yaradan səbəblər, təhlükə mənbəyi olması, dövlətlərin müstəqilliyinin varlığı üçün törətdiyi fəsadlar, işğalçılıq siyasəti nəticəsində yaranan miqrantların üzləşdikləri əzab- əziyyətlər barədə ətraflı danışıldı. Tanınmış siyasətçilərin, sabiq dövlət başçılarının separatçılığa qarşı mübarizədə beynəlxalq hüququn tələblərinin və şərtlərinin pozulması, “ikili standartlar” ilə bağlı fikir və açıqlamaları maraq doğurdu.
Haqlı olaraq vurğulandı ki, “ikili standartlar”ın ən dəhşətli mənzərəsi təcavüzkar ilə işğala məruz qalan dövlət rəsmilərinin beynəlxalq təşkilatlarda eyni səviyyədə iştirakı, separatizmin dəstəklənməsidir.
İllərdən bəri Ermənistanın etnik təmizləmə və işğalçılıq siyasətindən əziyyət çəkən, torpaqlarının 20 faizinin təcavüzə məruz qaldığı Azərbaycanın həqiqətlərini diqqətə çatdıran, beynəlxalq terrorizmin və etnik separatizm kimi təhlükəli meyillərin yaratdığı böhranın həlli yollarının axtarılması ilə bağlı məsələlərin müzakirəsinin hər zaman aktual olduğunu, dünya siyasətinin əsas problemləri kimi diqqətdə saxlanıldığını bildirən və ətraflı və məntiqli çıxışı ilə maraq doğuran Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun vurğuladığı kimi separatizm dünyada sülhün, əmin- amanlığın təminatına real təhlükədir: “Etnik münaqişələrin yayılma cöğrafiyası demək olar ki, dünyanın əksər bölgələrini əhatə edir. Avropada Böyük Britaniya ilə Şimali İrlandiya və Şotlandiya, Belçika ilə Flandriya və Valloniya, Fransa ilə Paris aqlomerasiyası və Korsika, İspaniya ilə basklar və Kataloniya, Serbiya ilə Kosova, Asiyada İsrail ilə Fələstin, Hindistan ilə Kəşmir və Pəncab, Çinlə Tibet, Afrikada Nigeriya ilə Şimali Nigeriya, Sudanla Cənubi Sudan, Amerikada Kanada ilə Kvebek, Meksika ilə Çyapas və s arasındakı etnik münaqişələr uzun illərdir davam edir.”
Keçmiş SSRİ məkanında etnik separatizmin ünvanı kimi Azərbaycanda Dağlıq Qarabağı, Gürcüstanda Abxaziya və Osetiyanı, Moldovada Dnestryanı münaqişələri regional sabitliyin təminatına əngəl olduğunu diqqətə çatdıran Prezidentin köməkçisi bildirdi ki, dövlətlərin müstəqilliyinə qarşı ciddi təhdid olan, beynəlxalq hüquq normalarını “kəsərdən salan” separatçılıq nəticəsində milli münaqişələrin yaranması və geniş miqyaslı əraziləri əhatə etməsi dünya ictimaiyyətini düşündürən təhlükədir.
Səlahiyyətli beynəlxalq təşkilatların separatçılığın aradan qaldırılmasına, ölüm saçan işğalçılığa qarşı mübarizəyə biganə yanaşması, təcavüzkara qarşı sanksiyaların tətbiq olunmaması milli dözümsüzlük, dini-irqi halların genişlənməsinə səbəb olur. Beynəlxalq hüquq normalarını pozan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqlarda qeyri-konstruktiv mövqeyinə sadiq qalan Ermənistanın şıltaqlıqlarına göz yumulması BMT-nin, AŞPA-nın, İƏT-nın, ATƏT-in və digər beynəlxalq təşkilatların qəbul etdikləri qətnamələrin nəticəsiz qalması da işğalçıya dəstəyin ifadəsidir.
“Təəssüf ki, bu məsələyə münasibətdə BMT başda olmaqla, beynəlxalq hüququn prinsiplərini təmin etmək missiyasını yerinə yetirdiyini iddia edən təşkilatlar, eləcə də dünyanın aparıcı dövlətləri seyrçi mövqe tutmaqda davam edirlər” söyləyən Əli Həsənov vurğulayır ki, ciddi təhlükə olan separatizmə bu cür yanaşma mədəniyyətlərarası münasibətlərə, etnik müxtəlifliyə, milli kimliyə xələl gətirən məsələdir. Təcrübə göstərir ki, bəşəriyyətin mütərəqqi inkişafı üçün alternativi olmayan multikultural, tolerant cəmiyyətlərin sivilizasiyalararası dialoq təşəbbüsləri ən sivil metodlardandır. Xatırladaq ki, bu sahədə Azərbaycanın təcrübəsi daim təbliğ olunmaqdadır. Çox təəssüf ki, Ermənistana və qondarma rejim “Dağlıq Qarabağ Respublikası”na göstərilən maddi, mənəvi yardımlar təcavüzkarlıq siyasətinin genişlənməsinə əlavə stimul yaratmaqla milli kimliyə xələl gətirən dağıdıcı proseslərə “hüquqi don geyindirir.”
BMT məhz ona görə yaradıldı ki, heç bir ölkə başqa ölkəyə ərazi iddiasında olmasın. Azərbaycanın ərazi bütövlüyünün toxunulmazlığı BMT-nin qətnamələrində əksini tapsa da, hələ də təcavüzkarla işğala məruz qalana münasibətdə fərq qoyulmursa, qüdrətli dövlətlərin mənafeyi baxımından “növlərə” bölünürsə bu məqamda beynəlxalq hüquq prinsipləri kağız üzərində qalan və icra olunacağı günü gözləyən quru vəddən başqa bir şey deyildir. Dağlıq Qarabağ münaqişəsi zamanı Xocalı soyqırımını törədən, 1 milyondan artıq azərbaycanlını doğma torpaqlarından çıxaran, minlərlə dinc soydaşımızın ölümünə, əlil qalmasına səbəb olan Ermənistana təcavüzkar ölkə kimi heç bir təzyiq göstərilmirsə, işğalçı kimi cəzalandırılmırsa, əksinə “demokratik” ölkə adlandırılaraq münaqişənin həlli ilə bilavasitə məşğul olan ölkələrdən hər cür maddi yardım göstərilirsə hüquq da, ədalət də “ikili standartlar” qarşısında aciz qaldığı üçün “susur”. Halbuki zamanında təcavüzkar da, işğala məruz qalan da öz adı ilə çağırılsaydı əlavə münaqişə ocaqları yaranmazdı.
Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində maraqlı olan və bu sahədə ədalətli mövqeyi dünya ictimaiyyəti tərəfindən dəstəklənən Prezident İlham Əliyevin “BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağın işğalı ilə bağlı dörd qətnamə qəbul edib. Onların heç biri icra edilmir. Necə ola bilər ki, hansısa başqa məsələ ilə bağlı qətnamə qəbul edilir və bir gün ərzində dərhal icra edilməyə başlayır, amma bizə gəldikdə 20 ildən çoxdur ki, məsələ həllini tapmır. Nəyə görə? Ona görə ki, ikili standartlar var” sözləri separatizmə qarşı mübarizənin əsl mahiyyətini tam ifşa edir.
Ukrayna hadisələrinə dərhal reaksiya verən ABŞ 48 saat içində “beynəlxalq hüququn pozulmasına görə sanksiyalar tətbiq edəcəyinə dair” qərarını açıqlamışdı. Yaxın Şərqdə ən uzunmüddətli - İsrail-Fələstin münaqişəsinin başlamasından 48 il ötəndən sonra ABŞ hadisəyə hüquqi reaksiya verib, işğal faktının olduğunu qeyd etmişdir. Təcavüzkar Ermənistanın Azərbaycan torpaqlarının işğal edilməsi və bunun yolverilməz olduğuna dair BMT Təhlükəsizlik Şurası tərəfindən dörd qətnamənin qəbul edilməsindən illər keçsə də, qurumun sessiyalarında qəbul olunmuş qətnamələrə “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət haqqında” bənd daxil edilsə də hələ də Ermənistan belə mühüm sənədlərə biganə münasibət göstərməkdədir. ABŞ Konqresinin 1992-ci ildə erməni lobbisinin dəstəyi ilə qəbul etdiyi, Azərbaycana dövlət yardımını yasaqlayan 907-ci düzəliş “Azadlığa Dəstək Aktı”nın bu gün də qüvvədə qalması “ikili standartlara” daha bir nümunədir.
“İkili standartlar”ın beynəlxalq terrorizmə qarşı mübarizədə tətbiqi də yolverilməzdir. Ermənistanın dəstəklədiyi terror təşkilatlarının müxtəlif dövlətlərdə törətdikləri kütləvi qırğınlar, dağıntılar nəticəsində minlərlə dinc insan həyatını itirsə də hələ də “ASALA”, “Krunq” kimi daşnaklara xidmət edən terror təşkilatlarının adları çəkilmir. Əksinə İslamı dəyərləri gözdən salmaq naminə yaradılan “islamofobiya” termini terrorla birgə hallandırılır. “Yaxın Şərqdə terrorçuların qəddarlığı ürək dondurur” deyənlər Ermənistanın indiki dövlət başçısı S. Sarkisyanın da iştirak etdiyi Xocalı soyqırımını xatırlamaq istəmirlər.
Beynəlxalq aləmdə “prinsipsiz siyasət” adlandırılan “ikili standartlar”ın nəticəsidir ki, müxtəlif bölgələrdə silahlar ədalətə qalib gəlir, “beynəlxalq standartları, hüquq normalarını” arxa plana keçirir.
Milli maraqlarını belə “dişsiz” siyasət əsasında formalaşdıran “superlər” Şərq ölkələrində yaranan vəziyyətin həqiqi mənada beynəlxalq prinsiplərə uyğun tənzimlənməsinə çalışmalıdırlar.
Miqrant problemindən çıxış yolu axtaran, silahlandırdıqları terror təşkilatlarının əməllərindən qorxuya düşən Avropa, Qərb belə şəraiti yaradanda bəlkə də bu cür mürəkkəb, çıxılmaz vəziyyətlə üzləşəcəklərini təsəvvür etməmişdilər. Suriyada, İraqda, Liviyada, Misirdə baş verən dövlət çevrilişlərinin bir məntiqi açıqlaması var: “Sözə baxan, əmrə tabe” olan kiçik dövlətlərdə dövlət başçıları biri-birini əvəz etsə də nəticədə itirilən dinc sakinlərin rahatlığı, dövlətlərin müstəqilliyi olur. Guya xalqın seçdiyi, əslində isə maraqlı qüvvələrin ssenarilərinə uyğun “iqtidarların” hakimiyyətə gətirilməsi, sonradan “özünü doğrultmayan dövlət başçısı” kimi yenidən “xalqın təkidi ilə” devrilir. Planlı surətdə həyata keçirilən belə təhlükəli oyunların, geosiyasi maraqların qurbanları aclıq, səfalət içərisində qalan günahsız insanlar, sıravi vətəndaşlardır.
Xuraman İsmayılqızı, “İki sahil”
Çıxış Azərbaycanın Türk Dövlətləri Təşkilatı ilə əməkdaşlığının perspektivləri haqqında zəmanət oldu
Xankəndidə Böyük Qayıdışın yeni mərhələsi: doğma yurdda həyat yenidən canlanır