10 sentyabr 2024 08:34
237

Qürub edən Ermənistan: Demoqrafik böhran pik nöqtəsində

Hesablama Palatasının sədri Nairi Sarkisyan bildirib ki, əgər bu temp davam edərsə, yaxın 25 ildə ölkədə erməni qalmayacaq

Hazırda sosial-iqtisadi çətinliklərlə üz-üzə qalan Ermənistan demoqrafik böhranın astanasındadır. Bunu beynəlxalq hesabatlar və statistik məlumatlar da sübut edir. Nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında Hayastan əhalisi qocalmış ölkələr sırasında yer alır. Birləşmiş Millətlər Təşkilatının 2023-cü ildəki rəyinə əsasən, yaşı 65 və yuxarı olan insanların sayının ümumi əhalinin 7 faizdən çox olduğu ölkənin əhalisi qoca hesab edilir. Ermənistanda isə hazırda bu rəqəm 11-12 faiz təşkil edir.

Bu gün Ermənistanda digər makroiqtisadi göstəricilər, o cümlədən yoxsulluq və işsizlik səviyyəsi ilə bağlı da mənfi tendensiya davam edir. İqtisadi tənəzzül əhalinin əksəriyyətini ölkədən çıxıb getməyə məcbur edir. Erməni ekspertlər, eləcə də bəzi qurumlar bununla bağlı artıq həyacan təbili çalmağa başlayıblr. Onların bildirdiyinə görə, vətəndaşların ölkəni tərk etmələri onun gələcəyini qorxu altına alır.

Artıq iş o yerə çatıb ki, immiqrasiya məsələləri üzrə ekspertlər xaricdə daim yaşamaq və yaxud iş axtarmaq məqsədilə ölkəni tərk edənlərin sayının ildən-ilə artması nəticəsində Ermənistanda demoqrafik durumun kəskin həddə çatması barədə dövlət rəsmilərini xəbərdar edirlər. Mütəxəsislər məsələ ilə bağlı detallı və dərin təhlilər təqdim edərək bildirirlər ki, ölkədə immiqrasiya siyasəti getdikcə qorxulu vəziyyət alır. Ölkəni tərk edənlərin əksəriyyəti 25-35 və 40-55 yaş arası insanlardır.

Ölkədəki mövcud sosial-iqtisadi çətinliyin insanların psixologiyasına təsir edən başlıca amil olduğunu bildirən ekspertlər sistemli islahatlara ehtiyac duyulduğunu, siyasi, iqtisadi və sosial sahələrdə köklü dəyişikliklər edilməsinin vacibliyini vurğulayırlar. Çünki Ermənistanda yoxsulluqdan, işsizlikdən əziyyət çəkən, hökumətdən narazı olan insanlar ölkəni sürətlə tərk edirlər.

Təbii ki, bütün bunlar təsadüfi deyil. Demoqrafiya elminə görə, demoqrafik böhrana səbəb olan əsas amillərdən biri əhalinin təbii azalmasıdır. Digər tərəfdən, əhali arasında yaşlıların sayının artması,  uşaqların isə azalması, eyni zamanda, bu prosesdə iqtisadi və sosial amillər də əsas rol oynayır. 

Ermənistandakı demoqrafik böhranla bağlı Hesablama Palatasının sədri Nairi Sarkisyan bildirib ki, ölkə əhalisi yaxın 10 ildə 800 min nəfər azalaraq 2,2 milyon nəfərə düşə bilər. O qeyd edib ki, əgər bu temp davam edərsə, yaxın 25 ildə ölkədə erməni qalmayacaq. Onun sözlərinə görə, bütün bunların əsas səbəbləri doğum səviyyəsinin aşağı olması, mühacirət, qırx dörd günlük müharibə və digər sosial-iqtisadi amillərdir.
N.Sarkisyan bildirib ki, ötən il 48 min vətəndaş Ermənistanı tərk edib və geri qayıtmayıb. Ukraynada müharibə başlayandan sonra Rusiyaya gedən vətəndaşların sayı azalsa da, ABŞ-da yaşıl kartlar qazanmaq üçün növbələr yaranıb. Hesablama Palatasının rəhbəri ilin sonuna kimi vətənini tərk edənlərin sayının 2023-cü ilin göstəricisindən çox ola biləcəyini istisna etmir. Onun sözlərinə görə, Ermənistanda orta doğum əmsalı da dəyişikliklərə məruz qalıb. Bu göstərici rəsmi olaraq 1,6-1,7 arasındadır. Lakin Qarabağ müharibəsindən sonra çoxsaylı qurbanlar və əlillər fonunda hesablama aparılmayıb: “Fərz edirik ki, göstərici aşağı düşüb və 1,4 ilə 1,5 arasında dəyişir”.
Hesablama Palatasının sədri vurğulayıb ki, işsizliklə bağlı da vəziyyət durğundur. Ölkədə 1 milyon 150 min insanın sosial qayğıya ehtiyacı var. Onlardan 204 mini işsizdir. 960 min nəfər isə pensiyaçılar, uşaqlar və əlillərdir: “560 minə yaxın insan sosial müavinət və pensiya alır, qeydiyyatda olan işçilərin sayı isə 760 min nəfərdir.

Torpaq və su ehtiyatlarına gəlincə, Sarkisyan vurğulayıb ki, Ermənistanda kənd təsərrüfatına yararlı torpaqların 60%-dən çoxu hələ də əkilməmiş və istifadəsiz qalır. Eyni zamanda, su ehtiyatlarının 70 faiz idarə olunmur.
Hökumət rəsmisi vurğulayıb ki, bütün bunlar ölkədə fəlakətli vəziyyətə gətirib çıxarıb. İlkin siyahıyaalma məlumatlarına görə, Ermənistanın daimi əhalisi 2 milyon 928 min 914 nəfər, yerli əhalinin sayı isə 2 milyon 638 min 917 nəfərdir. Birləşmiş Millətlər Təşkilatı da 2050-ci ilə qədər Ermənistanda əhalinin sayının 300 min azalacağını proqnozlaşdırır.

Burada bir məsələni xüsusilə vurğulamaq lazımdır ki, Ermənistanın Avropa İttifaqı Şurasının viza rejiminin liberallaşdırılması ilə bağlı qərarı da bu ölkədəki demoqrafik böhranı daha dərinləşdircək. Çünki bu qərar yoxsulluqdan, səfalətdən, işsizlikdən əziyyət çəkən sadə Ermənistan vətəndaşlarının ölkəni daha asan və sürətlə tərk etməsi üçün münbit şərait yaradacaq. Nəticədə qarşıdakı illərdə N.Sarkisyanın da bildirdiyi kimi, ölkədə erməni qalmayacaq.

Zahid Rza, “İki sahil”