09 sentyabr 2024 23:28
264

Demokratiya xalqa xəyanət etmək deyil

Əli Kərimli və ətrafı vicdan məhkəməsi qarşısında nə cavab verəcəklər?

Millilikdən uzaq "Milli Şura" adı altında toplaşmış bir dəstə şəxsin Azərbaycan dövlətinə və xalqına qarşı məqsədli xəyanəti haqqında məlumatı olmayan yoxdur. Dövlətin siyasətini və atdığı bütün addımları gözdən salmağa çalışan bədxahlar dəstəsinin başbilənləri xalqını və dövlətini xaricdə hərraca çıxarıblar. Elə bir beynəlxalq təşkilat qalmayıb ki, ora Azərbaycan haqqında uydurmalar yazmasınlar. Avropa, okeanın o tayı üzüdönüklərin əsas "oylaq"larıdır. Qrant şəklində haram pullar da "Milli Şura"nın kağız üzərində rəhbəri olan Cəmil Həsənliyə və bu qurumun gözəgörünməz idarəedicisi AXCP sədri Əli Kərimliyə elə oralardakı ağalarından gəlir.

Keçək mətləbə.

Ölkəmizdə sentyabrın 1-də keçirilmiş parlament seçkiləri başa çatar-çatmaz xəyanətkar dəstə qarayaxma kampaniyasına başlayıb. Yazdıqları donoslardan biri də Avropa Şurası Parlament Assambleyasına göndərilib. Bunun bir neçə səbəbi var. Birincisi odur ki, bu təşkilatın qərəzli münasibətinə etiraz edən Azərbaycanın oradakı nümayəndə heyəti qurumun rəhbərliyinə öz ciddi narazılığını bildirərək onun işində iştirakdan imtina edib. Bundan sonra rəsmi Bakı qurumda iştirakı məsələsi ilə bağlı qətnamə layihəsinin lehinə səs vermiş deputatların Azərbaycana girişinə qadağa qoyub.   Bu addımdan sonra münasibətlərin soyuqluğunu bilən "milli şura"çılar fürsəti fövtə verməyib vəziyyəti yalan indormasiyalarla bir qədər də tündləşdirmək məqsədi güdüblər. 

Azərbaycan Prezidenti İlham Əliyev İtaliyaya işgüzar səfəri çərçivəsində  iştirak etdiyi  Beynəlxalq Çernobbio Forumunda moderatorun Azərbaycan-AŞPA münasibətlərinə dair suallarını cavablandırarkən deyib: "AŞPA üzvlərinin Azərbaycana səfərinə qoyulan qadağa ölkənin nümayəndə heyətinin bu təşkilata qayıtmasından sonra ləğv ediləcək."

Ancaq məntiqlə verilən cavab araqatanları təmin etməyib.

Əlbəttə, "pul müxalifəti"nin satqın hərəkətləri cəmiyyətimizdə ikrahla qarşılanıb. Seçkidə iştirak edən və parlamentdə təmsilçiliyi qazanan partiyalar "Milli Şura"nın xəyanətkar iddialarına sərt cavab veriblər.  Azərbaycan ərazisi işğalda olan dövrdə də, ondan sonrakı mərhələdə də dağıdıcı müxalifətin qərəzli mövqeyinin şahidi olmuşuq. Təəssüf ki, radikal müxalifət nümayəndələri həmin dövrdə xaricdəki ağalarına heç bir irad bildirməyiblər. Hələ bir neçə il əvvəl bədnam ictimai palata dövründə ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi ilə bağlı sənəd təqdim ediləndə bu gün özünü vətənpərvər adlandıran müxalifət liderləri həmin sənədə imza atmağa çəkindilər. Dedilər ki, biz hakimiyyətə gələcəyik, gələcəyimiz təqdirdə də Avropa ilə münasibətləri pozmaq istəmirik. Budur bunların iç üzü.

Əli Kərimlinin at oynatdığı "Milli Şura" adlandırılan, lakin millilikdən heç bir əsər-əlamət olmayan qondarma təşkilat əslində AXCP-nin azsaylı üzvlərindən ibarətdir. AXCP-dən başqa ölkədəki bütün digər partiyalar 1 sentyabr parlament seçkilərində iştirak etdilər. Seçkidə iştirak edən partiyalardan 11-i parlamentdə təmsilçiliyi qazandı. Bu, Azərbaycan demokratiyasının layiqli göstəricisidir. Əgər AXCP özü seçkiyə qatılmayıbsa, bu, o demək deyil ki, seçki demokratik keçirilməyib. Azərbaycan cəmiyyətində nüfuzu olmayan, süquta uğramış bir təşkilat özünü yeganə müxalifət saymaqla və məlum iddiaları irəli sürməklə gülünc vəziyyətə düşür. Əslində Əli Kərimli və komandası seçkidə biabırçılıqla uduzaqlarını yaxşı bildiklərindən bu siyasi kampaniyaya qatılmağa cürət etmədilər.

Zamanla parçalanmalara məruz qalıb, yanlış, radikal, qeyri-konstruktiv addımları ilə çoxlarını özündən uzaqlaşdıran bu təşkilat indi də həyasızlıqla birinciliyə iddialı olduqlarını bildirir. Bu, boyundan hündürə hoppanmağa oxşayır. Pisi odur ki, onlar  " mən ana müxalifətəm", - deyə irəli  soxulmaqla bütövlükdə ölkənin siyasi həyatına ziyan veriblər. İndi də yalnız öz fəaliyyətlərini Azərbaycana düşmən mövqeyi tutan xarici təşkilatlara şikayət etməklə qururlar. Onların fəaliyyətlərinin əsas xəttini donosbazlıq təşkil edir. Yalnız şikayətlənmək, Azərbaycanda görülən işlərin üzərindən qara xətt çəkmək bunların fəaliyyətinin göstəricisidir. 

Öz dövlətindən digər dövlətlərə, beynəlxalq təşkilatlara şikayət etmək evində, ailəsinin içində olan məsələləri qonşuya şikayətlənmək kimi bir şeydir. Ən pisi isə odur ki, dövlətinə, xalqına düşmən olan qüvvələrə öz dövlətindən şikayət edirsənsə, bunun xəcalətli bir adı var. Öz xalqından casusluq etmək nə əxlaqa, nə də ədəb-ərkana sığır.

Təəssüf ki, şərçi və böhtançılar pul əldə etmək üçün hər cür biabırçı adı qəbul etməyə hazırdırlar. Onlar üçün beş quruş müqabilində dövlətinə və xalqına qarşı şərəfsizlik etmək, qərəzli yalanlar uydurmaq heç də çətin bir iş deyil. Vicdan məhkəməsi qarşısında verəcəkləri cavabları da özləri bilər...

Vəli İlyasov, “İki sahil”