10 sentyabr 2024 02:26
309

Bugünkü Hayastanın sosial-iqtisadi siması:  İşsizlik, mühacirət, demoqrafik böhran

Ermənistandan əhalinin xaricə axını artıq çox ciddi rəqəmlərlə özünü büruzə verməkdədir. Hər il ölkəni tərk edən və geri dönməyənlərin sayı durmadan artır. Təsadüfi deyil ki, BMT-nin hesabatlarına əsasən, miqrasiya və təbii artımın ciddi şəkildə azalması səbəbindən yaxın 10 ildə Ermənistan əhalisinin sayı 800 min nəfər azalaraq 2,2 milyon nəfər təşkil edə bilər. Artıq söhbət miqrasiyadan yox, ölkənin depopulyasiyasından gedir.

Ermənistan Hesablama Palatasının sədri Nairi Sarkisyan "Sputnik-Armeniya"ya müsahibəsində bildirib ki, bu temp davam edərsə, yaxın 25 ildə ölkədə erməni qalmayacaq. Sədr əsas səbəblərdən biri kimi mühacirəti göstərib - keçən il Ermənistanı 48 min vətəndaş tərk edib. Bu ilin sonuna kimi ölkədən gedənlərin sayının 2023-cü ilin göstəricisini üstələyəcəyi istisna edilmir. Rəqəmlərə müraciət etsək, görərik ki, Ermənistan müstəqilliyini əldə etdikdən sonrakı 20 il ərzində 1 milyon 200 min nəfər ölkə ərazisini tərk edib. Bu, əhalinin 33 faizini təşkil edir. Maraqlıdır ki, yaşadığı yeri birdəfəlik tərk edən ermənilər arasında cavanlar və əməkqabiliyyəti olan şəxslər üstünlük təşkil edir. Bu isə erməni dövlətinin həm gənc nəslin azalmasına, həm əməkqabiliyyətli şəxslərin ölkəni tərk etməsinə, həm də təbii artıma mənfi şəkildə təsir etməsi ilə təhlükə yaradır. Əgər bir neçə il əvvəl əsasən regionlarda, ucqarlarda və sərhədyanı ərazilərdə yaşayan yerli əhali ölkəni tərk edirdisə, bu gün artıq iri şəhərlər və paytaxt İrəvan da ciddi miqrasiya ilə üzləşib. Bu yaxınlarda İrəvan küçələrində aparılan sorğu nəticəsində şəhər sakinlərinin 46 faizi ölkəni birdəfəlik tərk etmək arzusunda olduğunu qeyd edib. 2023-cü ilin sentyabr ayında könüllü şəkildə Qarabağı tərk edənlər Ermənistana üz tutublar. Hələ ötən ilin dekabr ayında “Demokratik konsolidasiya” partiyasının sədri Suren Petrosyan bildirmişdi ki, 17 min qarabağlı artıq Ermənistanı tərk edib. Digər müxalifət nümayəndələri isə bu rəqəmin 20 mindən çox olduğunu qeyd edirlər və prosesin ciddi şəkildə genişlənəcəyini vurğulayıblar. Sosial problemlər, daim hökumət tərəfindən incidilmə, aksiyada iştirak edən azyaşlıların belə həbs edilməsi, sosial müavinətlərin azaldılması, məskunlaşma problemi Qarabağdan köçən hayları ölkəni tərk etməyə vadar edir.

Bəs Ermənistanı bu qədər sürətli boşalmaya vadar edən səbəblər nədir? Bir vaxtlar patriotluqları ilə öyünən İrəvan sakinlərinin yarısı niyə ərazini tərk etməyə çalışır? İnsanların ölkənin gələcəyinə əminliyi yoxdur. Sabahla bağlı qeyri-müəyyənlik hər keçən gün artır. Bu gün Ermənistanda ən böyük miqrasiya problemlərindən biri işsizlikdir. Əhalinin cavan təbəqəsi ciddi şəkildə işsizlikdən əziyyət çəkir. 2024-cü ildə isə son dörd ilin ən pik işsizlik səviyyəsi qeydə alınıb. Hələ bu da az imiş kimi, sosial ədalətsizlik də sadə erməni vətəndaşını narahat edir. Eyni zamanda müəllim, sərhədçi də aldığı məvacibdən şikayət edir. Çünki Paşinyan hökumətində ən yüksək maaş polis sistemi üçün ayrılır və cari ilin büdcəsindən də hüquq-mühafizə orqanlarının maaşı üçün ciddi şəkildə vəsait ayrılıb. Hökumət hər il işsizliyə qarşı ciddi mübarizə apardığı barədə yalançı rəqəmlər təşkil etsə də bu gün Ermənistanda rəsmi işsizlik 25 faizi çoxdan ötüb. Bundan əlavə, miqrasiyanı sürətləndirən siyasi və psixoloji səbəblər də mövcuddur. Məsələn, sorğuda iştirak edənlərin 32 faizi işsizliyə, 30 faizi gələcək perspektivlərini bu ölkədə görmədiklərinə, 20 faizi ədalətsizliyə, 17 faizi isə yaşamaq üçün heç bir şəraitinin olmadığına görə ölkəni tərk etmək niyyətində olduqlarını bildirib. Sorğuya görə, 52 faiz respondent övladlarının Ermənistanda yaşamasının qəti əleyhinə olduğunu qeyd edib. Ermənistanda orta doğum əmsalı da dəyişib və ilkin məlumatlara görə, 1,4-1,5 təşkil edir. N.Sarkisyanın sözlərinə görə, işsizliklə bağlı vəziyyət də ürəkaçan deyil. Ölkədə 1 milyon 150 min insanın sosial qayğıya ehtiyacı var. Onlardan 204 mini işsizdir, 960 mini (pensiyaçılar, uşaqlar, fiziki imkanları məhdud olan şəxslər) isə iş prosesində iştirak etmir: “560 minə yaxın insan sosial müavinət və pensiya alır, qeydiyyatda olan işçilərin sayı isə 760 min nəfərdir.”

Maraqlıdır ki, bu tip hallar Paşinyan hökumətini zərrə qədər də narahat etmir. Çünki əgər Ermənistan hökuməti yerli əhalini işlə təmin edə bilmirsə, onun ölkəni tərk etməsi ən yaxşı çıxış yoludur. Bu qədər problem və narazılıq fonunda işsizlər ordusunun narazılığı hökumət üçün əlavə başağrısına çevrilə bilər. Müxalifətin daim etirazlar və mitinqlərlə hədələdiyi hökumət üçün narazı təbəqənin etirazlara qoşulması arzuolunan deyil. Eyni zamanda qeyd etmək yerinə düşər ki, ölkədə qalan əhalinin, xüsusən də yaşlıların böyük hissəsi miqrantların hesabına dolanır. Təkcə rəsmi rəqəmlərə görə, hər il 2 milyard dollar Rusiyadan, Avropadan və miqrantların yaşadığı digər ölkələrdən Ermənistana göndərilir. Erməni dövlətinin büdcəsini nəzərə alsaq, bu, çox böyük rəqəmdir. Belə bir gəlir mənbəyindən imtina etmək Paşinyan hökuməti üçün çox çətindir. Bu pullar ölkədəki sosial gərginliyi azaldır.

Sevinc Azadi, “İki sahil”