23 noyabr 2017 14:12
803

İllərin etirafları...

Mərhum energetika naziri Natiq Əliyevin həyat yolunu vərəqlədikcə müstəqil Azərbaycanın inkişafına töhfələrinin miqyası daha aydın görünür

Ömür əbəs yerə sözə bənzədilmir. Sözlərin düzülüşündən yaranan sətirlər ömrümüzün illəridir. Ömür, eyni zamanda yoldur. Yolun başlanğıc və son məkanı bəlli olsa da, hansı hissədə enişli, yaxud yoxuşlu olduğu bəlli olmaz. 

Dahi şəxsiyyət Heydər Əliyev bildirirdi ki, həyatın mənası onun uzun, yaxud qısa olmasından deyil, necə yaşanmasından, mənalılığından, ən əsası xalq, dövlət üçün xidmətlərin miqyasından, vətəndaşlıq məsuliyyətinin necə dərk olunmasından asılıdır. Allah-Təalanın bəxş etdiyi ömür payının zənginliyi, həmçinin hər kəsin  çalışdığı sahədə gördüyü işlərlə, xidmətləri ilə də sıx bağlıdır. Bu nöqteyi-nəzərdən yanaşdıqda illər, eyni zamanda, yaddaşlara  qoyduqları izlərlə həkk olunur.

Ömür payına qısa baxışımızı zəruri edən məqam bu gün  mərhum energetika naziri Natiq Əliyevin anadan olmasının 70 ilinin tamam olması ilə əlaqədardır. Bizlərə dolğun məlumatların əldə olunmasında yardımçı olan  vikipediyaya müraciət edib, Natiq müəllimin həyat yolunu vərəqlədikdə, neft sənayesinə bağlılığı, ölkə iqtisadiyyatının inkişafına  töhfə vermək istəyi ali məktəb seçimindən də aydın görünür. 

N.Əliyev  1970-ci ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunu (indiki Azərbaycan Dövlət Neft və  Sənaye Universiteti) dağ mədən geoloqu ixtisası üzrə bitirmişdir. Əmək fəaliyyətinə “Xəzərdənizneftqazsənaye” Ümumittifaq İstehsalat Birliyinin “Azərdənizneftkəşfiyyat” Trestində Kompleks Dəniz Geoloji Kəşfiyyat Kontorunda başlayıb. Əmək və elmi fəaliyyətini paralel şəkildə davam etdirən Natiq müəllim  1971-ci ildən Azərbaycan Elmlər Akademiyasının Geologiya İnstitutunun aspiranturasında təhsil almış, 1974-cü ildən geologiya-mineralogiya elmləri namizədi kimi  böyük elmi işçi vəzifəsində işləmişdir.

Əmək fəaliyyətinin zənginliyi, özunə tələbkarlıq Natiq müəllimin ilbəil  vəzifəsinin yüksəlməsində də özünü göstərmişdir.  Belə ki, o,  1979-cu ildə “Xəzərneftqazsənaye” Ümumittifaq İstehsalat Birliyinin Kompleks dəniz geoloji-kəşfiyyat kontorunda geologiya şöbəsinin rəisi vəzifəsinə təyin olunub.

Vərəqlənən ömür yolu hər ilin N.Əliyevin  həyatında  bir-birindən əhəmiyyətli uğurlarla,  əməyinə verilən yüksək dəyərlə, məsuliyyət hissini ortaya qoyan   işləri ilə müşayiət olunur.  1984-cü ildən Azərbaycan Respublikası Kommunist Partiyası Mərkəzi Komitəsinin aparatında neft və kimya şöbəsində təlimatçı, sonra isə sosial-iqtisadi inkişaf şöbəsinin bölmə müdiri vəzifələrində işləyib.

N.Əliyevin ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurlu icrasına öz töhfələrini verən SOCAR-a rəhbərliyi 1993-2005-ci illəri əhatə edir.  Bu illərin müstəqil Azərbaycanımızın, eyni zamanda ulu öndər Heydər Əliyevin onurğa sütunu kimi dəyərləndirdiyi neft sənayesinin inkişafında hansı uğurlarla yadda qaldığını nəzərə alsaq, Natiq müəllimin SOCAR-ın rəhbəri kimi xidmətlərini geniş təhlil etməyə ehtiyac olmaz. Statistikaya  qısa baxış keçirməyimiz kifayətdir. N.Əliyev 1994-cü ildən “Azəri-Çıraq-Günəşli” yataqlarının işlənməsi üzrə layihənin Rəhbər Komitəsinin sədri, 2002-ci ildən Bakı-Tbilisi-Ceyhan Şirkətinin (BTC Ko) Direktorlar Şurasının sədri olub. Məhz həmin illərdə görülən işlər bugünkü reallıqların təməli kimi dəyərləndirilir. Dövlətimizin başçısı İlham Əliyev “Cənub Qaz Dəhlizi”nin təməlinin qoyulması mərasimində qeyd etdiyi kimi, bu mühüm hadisə indiyə qədər görülən  işlərin, atılan addımların zirvəsidir. “Əsrin müqaviləsi”nin imzalanmasının 10 illiyində cənab Prezident İlham Əliyevin 18 sentyabr  2004-cü il tarixli  Fərmanı ilə Natiq müəllim  “Şöhrət” ordeni ilə təltif edilmişdir. Həmin Fərmanda əksini tapan fikirlər neftçi əməyinə verilən dəyəri bir daha ortaya qoyur. Beynəlxalq aləmdə “Əsrin müqaviləsi” adlandırılan bu Sazişin həyata keçirilməsindəki nailiyyətlərinə və Azərbaycanın neft  və qaz sənayesinin inkişafındakı xidmətlərinə görə təltif olunanlar  arasında Natiq müəllimin  adının olması onun bu sahənin inkişafındakı xidmətlərinə bir daha işıq salmışdır. Müstəqil Azərbaycan dövlətinin qurucusu,   Azərbaycanın malik oduğu enerji resurslarından səmərəli istifadəsinə geniş yol açan yeni neft strategiyasının müəllifi, ulu öndər Heydər Əliyevin bu fikirlərini  xatırlatmaq yerinə düşər: “Allah Azərbaycan xalqına zəngin təbii sərvətlər bəxş etmişdir.  Azərbaycan xalqının da dəyərli insanları, böyük alimləri, fədakar neftçiləri və başqa mütəxəssisləri bu zəngin sərvətlərin Vətən, xalq naminə istifadə edilməsi üçün böyük işlər görmüşlər.” Onu da qeyd edək ki, Natiq Əliyev   2005-ci ildə Azərbaycan Neftçilər Konqresinin prezidenti seçilib.

N.Əliyev 2005-ci ildə Azərbaycan Resbublikasının sənaye və energetika naziri təyin edilib. Qeyd edək ki,  ulu öndər Heydər Əliyevin  2001-ci il 18 aprel tarixli  Fərmanı ilə Azərbaycan Respublikası Yanacaq və Energetika Nazirliyi yaradılmışdır. 2004-cü il 6 dekabr tarixdə cənab İlham Əliyevin  Fərmanı ilə Azərbaycan Respublikası Yanacaq və Energetika Nazirliyi ləğv edilərək Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi yaradılmışdır. Ölkə  Prezidentinin 2013-cü il 22 oktyabr tarixli Sərəncamı ilə isə Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin əsasında Azərbaycan Respublikasının Energetika Nazirliyi yaradılıb. Bu struktur dəyişikliklərinə uyğun olaraq N.Əliyev 2005-2013-cü illərdə Azərbaycan Respublikası sənaye və energetika naziri, 22 oktyabr 2013-cü il tarixindən isə  Azərbaycan Respublikası energetika naziri vəzifəsində çalışıb. Nazirilyin fəaliyyət istiqamətlərinə diqqət yetirdikdə, həyata keçirdiyi siyasətə uyğun olaraq N.Əliyevin töhfələrinin miqyası bəlli olur.

İllərin bir-birini əvəzləməsi  o qədər ani baş verir ki, bəzən ömür yolunun müəyyən bir mərhələsində arxaya dönüb baxdıqda “mən bu illər ərzində nə etmişəm?” sualına verilən cavab o qədər zəngin olur ki, bundan qürur hissi keçirir, bir vətəndaş olaraq məsuliyyətimizin öhdəsindən layiqincə gəlməyimizlə fəxr edirik. Natiq müəllimin  yaşadığı ömür payını vərəqlədikcə  vaxtın, sözün əsl mənasında  onun üçün nə qədər dəyərli olduğu diqqətdən kənarda qalmır. Əvvəldə də qeyd etdiyimiz kimi, N.Əliyev, eyni zamanda elmi fəalliyyətlə də məşğul olub. Görünür, nəzəriyyə və praktikanın vəhdətliyi Natiq müəllimin uğurlarına geniş yol açıb. O, 100-dən artıq elmi işin, məqalənin, kitabın müəllifi,  Beynəlxalq Şərq Neft Akademiyasının akademiki olub.  2008-ci ildən iqtisad elmləri doktorudur. 2008-ci ildə Beynəlxalq Mühəndislik Akademiyasının (Rusiya Federasiyası, Moskva) müxbir üzvü seçilmişdir. Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin 18 noyabr 2009-cu il tarixli qərarı ilə N.Əliyev Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurasının üzvü, 2009-cu ildən “Azərbaycan Mühəndislik Akademiyasının Xəbərləri” Beynəlxalq elmi-texniki jurnalının redaksiya heyətinin müxbir üzvü, həmçinin 2012-ci ildə nəşr edilmiş “Böyük İqtisadi Ensiklopediya”nın redaksiya heyətinin üzvü olmuşdur.

Neft sənayesinin inkişafında xidmətlərinə görə qeyd etdiyimiz kimi, 2004-cü ildə Azərbaycan Respublikasının “Şöhrət” ordeni ilə təltif olunmuşdur.  Həmçinin Azərbaycan Respublikasının “Əməkdar mühəndis” fəxri adı, Müstəqil Dövlətlər Birliyinin “Əməkdar energetiki” fəxri adı, Gürcüstanın “Şərəf” ordeni, Fransanın “Milli Fəxri Legion” ordeni, Polşanın “Böyük Komandor Xaçı” ordeni, Qazaxıstanın “Kurmet” ordeni, “Qazaxıstanın müstəqilliyinin 20 illiyi” medalı, Beynəlxalq Akademiyaların orden və medalları, “Beynəlxalq münasibətlərdə Rumıniyanın və ümumdünya dəyərlərin inkişafında göstərdiyi yüksək xidmətlərə görə Rumıniyanın Fəxri Diplomu ilə təltif olunmuşdur.

Bunlar Natiq müəllimin keçdiyi ömür yolunun qoyduğu izləri, etiraflarıdır. Amma bu reallığı da qeyd  edək ki,   təqdimat  “protokol” qadalarına riayət üçün tələb olunan əsas amil olsa da,  elə insanlar var ki, onların adlarının qısa şəkildə səslənməsi kifayət edər ki, özü və fəaliyyəti barədə aydın təsəvvür yaransın. Natiq müəllim fəaliyyət ilə bu uğura da imza atdı. Ona Allahdan rəhmət diləyir, ruhu şad olsun deyirik.

Yeganə Əliyeva, “İki sahil”