06 sentyabr 2024 23:12
314

Qarşılıqlı etimad və hörmət, maraqların nəzərə alınması tərəqqinin əsasıdır

Prezident İlham Əliyev İtaliyaya işgüzar səfəri çərçivəsində keçirdiyi görüşlərdə, həmçinin “Dünya, Avropa və İtaliya haqqında bilgilər” mövzusuna həsr olunmuş Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxışında bir daha vurğuladı ki, Avropa Komissiyası Azərbaycanı Ümumavropa qaz təchizatçısı və etibarlı tərəfdaşı adlandırır

Uğurlarımız iqtisadi inkişaf strategiyamızın nə qədər təkmil, gələcəyə hesablanmış olduğunu təsdiqləyir. “Bizə həm Qərbdən, həm Şərqdən, həm Şimaldan, həm Cənubdan müraciətlər daxil olur. Azərbaycan ərazisində bütün nəqliyyat infrastrukturu işlək vəziyyətdədir. Sadəcə olaraq bəzi dəmir yollarında modernləşdirmə işləri aparılmalıdır və biz bunu da edirik. Dünyadakı geosiyasi vəziyyətin yaxın gələcəkdə dəyişməsi, yəqin ki, mümkün deyil. Belə olan halda bizim nəqliyyat infrastrukturumuza olan ehtiyac daha da artacaq» söyləyən dövlətimizin başçısı İlham Əliyev onu da bildirir ki, bizim üstünlüyümüz vaxtilə bütün lazımi infrastruktur layihələrini icra etməyimizdədir. Səkkiz beynəlxalq aeroportumuz var. Doqquzuncu Laçında inşa edilir: «Yəni, biz tam hazırıq. Hazır olmayanlar da öz işlərini görsünlər, öz ərazilərində çatışmayan infrastruktur layihələrini icra etsinlər. Əlbəttə ki, beynəlxalq təcrübəyə əsaslanaraq biz tranzit ölkə kimi öz imkanlarımızı təqdim edirik. Əlbəttə ki, bundan həm iqtisadi, həm siyasi dividendlər alacağıq.»

Atılan hər bir addım hər bir ölkənin inkişafında iqtisadi amilin rolunu təsdiqləyir. Bu mühüm məqam da daim önə çəkilir ki, 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından başlayaraq Azərbaycan bütün sahələrdə qüdrətini artırmaqla yanaşı, gələcək hədəflərin reallığa çevrilməsi üçün möhkəm təməl formalaşdırılmışdır. O təməl ki, tarixi Zəfərimizdən dərhal sonra azad edilmiş torpaqlarda genişmiqyaslı bərpa-quruculuq işlərinə başlamağa stimul verdi. İqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəmin verilməsinin uğurlu nəticələri bu gün qeyri-neft sektorunun inkişafında, bu sahəyə investisiyaların qoyulmasında, regionların dayanıqlı inkişafında özünün aydın ifadəsini tapır. Ölkə iqtisadiyyatına yatırılan 310 milyard dollar vəsaitin 200 milyard dollarının qeyri-neft sektorunun payına düşməsi bu sahədə mövcud imkanların təqdimatıdır. 1994-cü ildən ölkəmizdə sabitliyin, normal biznes mühitinin mövcudluğu iqtisadi əlaqələrin qurulmasında və yeni istiqamətlər üzrə inkişaf etdirilməsində mühüm rol oynayır. Azərbaycan sabitlik məkanı kimi dünyanın diqqətindədir. Onu da qeyd edək ki, neft gəlirlərinin idarə olunmasında şəffaflığın qorunması mühüm sosial-iqtisadi layihələrin icrasını sürətləndirir. Reallıq budur ki, son 4 ilə yaxın dövrdə əsas hədəf işğaldan azad edilmiş ərazilərimizin bərpası və yenidən qurulması olsa da bütün bölgələrimizdə müasir infrastrukturun yaradılması diqqətdən kənarda qalmır. Azad edilmiş ərazilərdə bu gün geniş yol-nəqliyyat infrastrukturu yaradılır.

Bu mühüm məqamı da xüsusi qeyd edək ki, açıq dənizə çıxışı olmayan ölkə olmasına baxmayaraq, Azərbaycan beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevrilib. Dünyanın 100 möhtəşəm layihəsi siyahısına daxil edilən, Azərbaycanın təşəbbüsü ilə gerçəkləşən neft- qaz kəmərlərindən sonra qitələri birləşdirən önəmli layihə kimi dünya birliyinin diqqətini cəlb edən Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu Azərbaycanın tranzit ölkə kimi mövqeyini daha da möhkəmləndirdi. Təkcə Azərbaycan deyil, bölgə dövlətləri üçün siyasi, iqtisadi, strateji baxımdan böyük əhəmiyyət daşıyan, Çindən başlayaraq Londona qədər uzanan BTQ dəmir yolu vasitəsilə Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərinə və Türkiyəyə birbaşa gediş imkanları yaranır. Diqqətçəkən məqam odur ki, əvvəlki neft-qaz layihələrinin gerçəkləşməsində beynəlxalq maliyyə təşkilatlarının dəstəyindən istifadə edən təşəbbüskar dövlətlər böyük geosiyasi inqilab adlandırılan BTQ-nin çəkilişini yalnız öz vəsaitləri hesabına reallaşdırdılar. Bu sahədə Azərbaycanın rolu daha böyükdür. İqtisadiyyatının dinamik inkişafı sayəsində maliyyə imkanları artan Azərbaycan dəmir yolunun Gürcüstan hissəsinin inşası üçün dost ölkəyə 25 il müddətinə illik bir faizlə 200 milyon dollar kredit ayırmaqla daha qüdrətli, müstəqil dövlət olduğunu sübuta yetirdi.

Xəzər hövzəsindəki karbohidrogen ehtiyatlarını dünya bazarına çıxaran Azərbaycan yükdaşımalarının təminatında da logistik mərkəz rolunu oynamaqla regional əhəmiyyətini artırır. Ölkəmizin təşəbbüsü ilə həyata keçirilən Bakı-Tbilisi-Qars, Şimal-Cənub, Cənub-Qərb nəqliyyat dəhlizləri, eləcə də Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu kimi layihələr təkcə iqtisadi səmərəsi ilə deyil, ölkələrarası əməkdaşlığın genişləndirilməsi baxımından da diqqət çəkir. Reallaşan hər bir layihə isə respublikamızın dünya birliyində siyasi, iqtisadi əhəmiyyətini artırmaqla, enerji və nəqliyyat təhlükəsizliyinin təminatındakı rolunun əvəzedilməzliyini göstərir.

Prezident İlham Əliyev vurğulayır ki, Azərbaycanın təşəbbüsü ilə reallaşan, gəlir gətirən layihələr həm də başqa ölkələrin iqtisadi inkişafı üçün əlavə imkanlar yaradır: «Lakin uzunmüddətli investisiyalara gəldikdə əsas məqsəd elə bir infrastrukturun yaradılmasıdır ki, o, uzun zaman ərzində fəaliyyət göstərsin və ölkəni dəyişmiş olsun, dünyanın ölkəyə münasibətini dəyişmiş olsun. Çünki bu infrastruktur layihələri olmadan Azərbaycanın coğrafi mövqeyinin bir o qədər də böyük mənası yoxdur. Biz ölkələri və insanları birləşdirməyə nail olmuşuq. Sizə deyə bilərəm ki, nəqliyyatla bağlı infrastruktur layihələri regionumuzda tamamilə yeni siyasi vəziyyət yaradır. Bir-birindən asılı olan ölkələr; biri tranzit ölkəsindən asılıdır, digəri tranzit ölkəsi olur, əlbəttə ki, onlar arasında daha yaxın münasibətlər yaranır. Onlar faydaları paylaşır, onlar bütün tərəflərin uduzmadığı bir vəziyyət tapa bilir.” Dövlət başçısı onu da qeyd edir ki, təkcə ikitərəfli yox, çoxtərəfli formatda da Xəzər dənizi vasitəsilə qitələrin birləşdirilməsi, Bakıda dəniz limanının tikintisi, dəmir yolu sisteminin Avropa strukturları ilə birləşməsi yeni əməkdaşlıq formatını yaradır: “Bizim hədəfimiz Azərbaycanda müasir infrastruktur yaratmaq və ölkəni müasirləşdirməkdir. Eyni zamanda, məqsədlərimizə - siyasi, iqtisadi və maliyyə məqsədlərimizə fəal əməkdaşlıq və qarşılıqlı dəstək vasitəsilə nail olmaqdır.”

Şərq-Qərb nəqliyyat dəhlizi təşəbbüsünün fəal üzvü olan Azərbaycan Çin hökumətinin “Bir kəmər, bir yol” təşəbbüsünü daim dəstəkləyir, qonşu ölkələrin qlobal layihələrə qoşulmaq istəklərini yüksək dəyərləndirir. Çünki Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin üzvü olan yeganə ölkədir ki, infrastrukturun yenilənməsi ilə Xəzərin sahilində 25 milyon tona qədər yük daşımaq gücündə olan ən böyük dəniz limanı respublikamızın ərazisindədir. Başqa sözlə deyilsə, Avropa və Asiya arasında əlaqə yaradan Bakı-Tbilisi-Qars əraziləri yaxınlaşdırmaq istəyənlər üçün ən səmərəli yoldur. Asiya və Avropanı birləşdirən yeni marşrutların keçdiyi əsas ölkələr arasında Azərbaycanın ön sıralarda yer alması təsadüfi deyil. Dünyanın ən böyük iqtisadiyyatına malik ölkələrdən biri olan, ixrac həcminə görə beynəlxalq reytinq cədvəlində ilk pillədə qərarlaşan Çinin Avropa, eləcə də Qara dəniz, Aralıq dənizi hövzəsində yerləşən ölkələrlə nəqliyyat xətləri vasitəsilə birləşməsində Azərbaycan getdikcə daha vacib rol oynayır. Burada o da xüsusi qeyd edilməlidir ki, Azərbaycanın malik olduğu nəqliyyat infrastrukturu, o cümlədən dəmir yolları Çinin “Bir kəmər, bir yol” təşəbbüsünün vacib hissəsidir. Hadisələrin inkişafı Zəngəzur dəhlizinin də həyati əhəmiyyət daşıdığını göstərir. Zəngəzur dəhlizi regionda yeni nəqliyyat imkanları yaradacaq, Bütün bunlar Azərbaycanın Avropa ilə Asiya arasında ticari-iqtisadi əlaqələrdə nə dərəcədə vacib rol oynadığını əyani şəkildə təcəssüm etdirir.

Cənubi Qafqazın ən böyük və perspektivli dövləti, Şərqlə Qərbin qovşağında unikal coğrafi geosiyasi şəraitə malik olan Azərbaycan bu gün regionda gedən əsas proseslərin və transmilli maraqların mərkəzində dayanmaqla geoiqtisadi cəhətdən dünyanın aparıcı dövlətləri, böyük şirkətləri üçün cəlbedici tərəfdaşa çevrilib. Prezident İlham Əliyevin həyata keçirdiyi yeni iqtisadi strategiya ölkənin bütövlükdə iqtisadiyyatının şaxələndirilməsinə və xüsusən də iqtisadiyyatın bütün digər sahələrinin inkişafına yönəldilib. Logistika və ticarət isə sürətlə qloballaşan dünyada iqtisadi artımın mühüm təkanverici qüvvəsinə çevrilməklə, əsas sektorlarda birbaşa xarici investisiya qoyuluşlarının həcmini artırmağa şərait yaradır. Hesablamalar göstərir ki, inkişaf etmiş nəqliyyat və logistika sistemi ümumi daxili məhsulda birbaşa artıma imkan verir. Görülmüş tədbirlər nəticəsində bu gün Azərbaycan nəqliyyat sahəsində dünyada lider dövlətlərdən biridir. Bunu həm Azərbaycan vətəndaşları görür, eyni zamanda, Azərbaycan beynəlxalq təşkilatların reytinqlərində daim yüksək yerlər tutur. Təkcə Davos Ümumdünya İqtisadi Forumunun hesabatına baxmaq kifayətdir ki, hər kəs bu sahədə çox ciddi islahatlar aparıldığını, Azərbaycanın reytinqlərə görə dünya miqyasında qabaqcıl yerlərdə dayandığını görsün. Ölkəmiz avtomobil yollarının keyfiyyətinə görə dünyada 24-27-ci yerləri bölüşür. Dəmir yollarının səmərəliliyinə görə dünyada 11-ci, hava nəqliyyatının səmərəliliyinə görə isə 12-ci yerdəyik.

Azərbaycanın bu uğurlarını şərtləndirən əsas amil yuxarıda da qeyd etdiyimiz kimi, ölkəmizin enerji siyasətidir. Azərbaycanın uğurlu enerji siyasəti həm iqtisadi imkanlarının artmasına, həm də beynəlxalq münasibətlər sistemində yeri və rolunun artmasına stimul verir. Bu gün böyük əminliklə qeyd edirik ki, Azərbaycanın iştirakı olmadan bölgədə hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsi mümkünsüzdür. Ölkəmizin iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələri dünyanın enerji xəritəsinin yenidən tərtib olunmasında əhəmiyyətli rol oynayır. Bu fikirlər Prezident İlham Əliyevin İtaliyaya işgüzar səfəri çərçivəsində keçirdiyi görüşlərdə, həmçinin “Dünya, Avropa və İtaliya haqqında bilgilər” mövzusuna həsr olunmuş Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxışında öz əksini tapdı. «Enerji təchizatı bu gün onu açıq şəkildə nümayiş etdirir ki, ölkələrin milli təhlükəsizliyi enerji təhlükəsizliyi ilə sıx bağlıdır» söyləyən cənab İlham Əliyev bildirdi ki, Azərbaycandan İtaliyaya uzanan 3500 kilometrlik Cənub Qaz Dəhlizi bu gün 10 ölkənin enerji təhlükəsizliyini təmin edir. Bu gün 10 ölkə Azərbaycandan qaz alır və bu ölkələrin yeddisi Avropa İttifaqının üzvüdür. Bu səbəbdən Avropa Komissiyası Azərbaycanı Ümumavropa qaz təchizatçısı və etibarlı tərəfdaşı adlandırır. O da xüsusi qeyd edildi ki, İtaliya Azərbaycanın dünyada bir nömrəli ticarət tərəfdaşıdır. Ötən il ticarət dövriyyəmiz 16 milyard dollara bərabər olmuşdur və əlaqələrimizin genişlənməsi üçün potensial yalnız enerji sektoru üzrə deyil, digər sektorlar üzrə də mövcuddur: «Azərbaycan İtaliyanın bir nömrəli neft və iki nömrəli qaz təchizatçısıdır. Bu, bizim əməkdaşlığımızın mühüm sahəsini təşkil edir.»

Bütün bu qeyd etdiklərimiz belə bir qənaətə gəlməyə əsas verir ki, enerjiyə daxili tələbatını tam ödəyən Azərbaycan dünyanın enerji təhlükəsizliyinin təminatçısı kimi diqqətdədir. Azərbaycan- Avropa İttifaqı əməkdaşlığının daha da möhkəmlənməsində enerji amili mühüm rol oynayır.

Yeganə Əliyeva, «İki sahil»