07 sentyabr 2024 01:56
356

Makron hökumətinin uğursuz “gedişləri” iflasa uğrayır

Fransanın yeni təyin edilən Baş naziri anti-Azərbaycan mövqeyinə görə heç də Prezidentdən geri qalmır

Rəsmi Paris Azərbaycana qarşı ikili standartlar əsasında qərəzli siyasətini hələ də davam etdirir. Daim militarist, müstəmləkəçi xarakteri ilə tanınan Fransa uzun müddətdən bəri Cənubi Qafqazda sülh və təhlükəsizliyin bərəqərar olmasına mane olur.

Azərbaycan dövlətinin 2023-cü il sentyabrın 19-20-də Qarabağda lokal antiterror tədbirləri keçirərək mülki əhaliyə və infrastruktura zərər yetirmədən, yalnız legitim hərbi hədəfləri zərərsizləşdirməklə qanunsuz xunta rejiminə son qoyması və suverenliyini bərpa etməsi rəsmi Parisin anti-Azərbaycan fəaliyyətini daha da gücləndirib. 2024-cü il fevralın 21-də Fransa Prezidenti Emmanuel Makronun Parisdə Ermənistan baş naziri ilə birgə mətbuat konfransı zamanı Azərbaycana qarşı Ermənistanı birtərəfli qaydada müdafiə edən əsassız iddialar səsləndirməsi bunun əyani təsdiqidir.

Gercəklik bundan ibarətdir ki, Ermənistanı uzun müddətdən bəri müxtəlif iddialar, bəhanələrlə sülh sazişindən yayınmasına sövq edən güclərdən biri də məhz Fransadır. Bütün bunların başında isə Prezident Emmanuel Makron dayanır. Heç kimə sirr deyil ki, E.Makron dövlət başçısı seçildikdən sonra Fransa hökuməti islamofob və Azərbaycanofob fəaliyyətini daha da gücləndirib. Məhz E.Makronun yürütdüyü ikiüzlü, riyakar və neokolonialist siyasətin nəticəsində bu gün Fransada Azərbaycan əleyhinə zəhərli lobbiçilik fəaliyyəti pik nöqtəsinə çatıb.

Bu ilin mart ayında Fransanın dünyaca məşhur “Le Figaro” nəşri Makron hökumətinin Azərbaycana qarşı çirkin siyasətindən bəhs eədən məqalə dərc etmişdi. Orada qeyd edilirdi ki, ermənilərin təəssübünü çəkən yeganə lider kimi Makronun Ermənistanla bağlı təşəbbüsləri heç bir nəticə vermir. Qəzet yazırdı ki, ötən illər Qarabağa dair Fransanın təşkil etmək istədiyi konfrans ABŞ-ın etirazı səbəbindən baş tutmamışdı. Məqalədən məlum olur ki, 2022-ci ilin oktyabrında Makron Ermənistanla bağlı məsələləri Roma Papası ilə də müzakirə etmək istəyib, özü ilə ermənipərəst yazıçı Silven Tessonu da aparıb. Amma Vatikandan istədiyi dəstəyi ala bilməyib. Bütün bunlar bir daha deməyə əsas verir ki, ermənidən daha çox erməni olan Makronun anti-Azərbaycan siyasəti uflasa uğrayıb. Gerçəklik budur ki, beynəlxalq aləmdə gündən-günə mövqeyini möhkəmləndirən ölkəmizin uğurlu xarici siyasəti Makron hökumətinin anti-Azərbaycan siyasətini iflic edib.

Bir məsələni də xüsusi ilə vurğulmaq lazımdır ki, erməni təəssübkeşliyindən əl çəkə bilməyən Makron hökumətində təmsil olunanlar heç də ondan geri qalmırlar. Bu ünsürlər zaman-zaman ölkəmizin haqqında həqiqətə uyğun olmayan təhdidedici fikirlər səsləndirir, yandaş media vasitəsilə Azərbaycana qarşı “qara piar” kampaniyası aparırlar. Belə ki, erməni separatizmini dəstəkləyən Fransanın müdafiə naziri Sebastyan Lekornunun bir müddət əvvəl hərzə-mərzə açıqlamaları, hədyanları, təcavüzkar Ermənistana dəstək bəyanatları, Parisin meri riyakar Ann İdalqonun 2024-cü ildə BMT-nin İqlim sammitinin (COP29) Azərbaycanda keçirilməsi qərarına etiraz əlaməti olaraq gülünc müraciətlə çıxış etməsi bunun əyani təsdiqidir. 

Yeri gəlmişkən, Fransanın yeni təyin edilən Baş naziri Mişel Barnier 2021-ci ilin dekbarında Azərbaycan ərazilərinə qeyri-qanuni səfər edib. O zaman M.Barnier Fransada prezidentliyə namizəd Valeri Pekreslə birgə işğal altında olan Azərbaycan ərazilərində erməni separatçılarının yerləşdiyi ərazilərdə olub. Azərbaycanın Qarabağ bölgəsinə qeyri-qanuni səfər edən M.Barnier V.Pekresin ölkəmizə qarşı bəyanatlarına şərik olub. Həmin vaxt Qarabağ bölgəsinə qanunsuz səfər edənlər Azərbaycandan səfirin geri çağırmalı olduğunu və rəsmi Bakıya qarşı sanksiyaların tətbiq edilməsini təklif ediblər. Göründüyü kimi, yeni təyin edilən Baş nazir anti-Azərbaycan mövqeyinə görə heç də Makrondan geri qalmır.

Təbii ki, bütün bunlar uğursuz və nəticəsiz gedişlərdir. Birmənalı demək olar ki, XXI əsrdə neokolonialist siyasət yürüdən Yelisey sarayının, Makron və Barnier kimilərin anti-Azərbaycan siyasəti iflasa uğryacaq.

Zahid Rza, “İki sahil”