03 sentyabr 2024 12:15
357

Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik səviyyəsinə yüksəlib

Prezident İlham Əliyevin 23 avqust 2024-cü il tarixində Özbəkistana rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanat, Azərbaycan ilə Özbəkistan arasındakı möhkəm və etibarlı münasibətlərin göstəricisi kimi qiymətləndirilir. Bu səfər, iki ölkə arasında tarixi və mədəni əlaqələrin dərinləşməsi, eyni zamanda geosiyasi sahədə vacib addımların atılması ilə xarakterizə olunur. Azərbaycan və Özbəkistan arasındakı münasibətlərin bu səviyyəyə çatması, hər iki ölkənin müstəqillik illərində əldə etdiyi nailiyyətlər və birgə çalışdığı əməkdaşlıq proqramlarının nəticəsidir.

Bu əməkdaşlıq, gələcəkdə daha da genişlənərək hər iki ölkənin inkişafına və bölgədə sülhün qorunmasına mühüm töhfə verəcəkdir.İmzalanmış sənədlər arasında, xüsusilə “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Özbəkistan Respublikasının Xarici İşlər Nazirliyi arasında 2025-2026-cı illər üzrə Əməkdaşlıq Proqramı”, “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə “Uzbekneftegaz” SC arasında Əsas Şərtlər Sazişi” və Bakı, Daşkənd, Beyləqan, Şəhrisəbz, Quba və Cizak şəhərləri arasında regionlararası əməkdaşlıq haqqında sazişlər, iki ölkənin qarşılıqlı əlaqələrinin müxtəlif sahələrdə inkişaf etdirilməsinin əyani sübutudur.Bu sənədlər, Azərbaycan və Özbəkistan arasında qardaş dəstəyinin bir göstəricisi olmaqla yanaşı, həm də hər iki ölkənin bölgədəki mühüm geosiyasi aktorlar olaraq öz mövqelərini möhkəmləndirəcək addımlar atdığını göstərir.Müttəfiqlik münasibətləri haqqında imzalanmış müqavilə, Azərbaycan və Özbəkistanın bir-birinə qarşı olan etimadının və əməkdaşlıq arzusunun ən yüksək səviyyədə olduğunun göstəricisidir. Bu müqavilə, beynəlxalq aləmdə iki ölkənin əməkdaşlığını gücləndirəcək və regional sabitliyin qorunmasına əhəmiyyətli təsir göstərəcəkdir.

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi ilə Özbəkistan Respublikasının Ədliyyə Nazirliyi yanında H.Sulaymanova adına Respublika Məhkəmə Ekspertizası Mərkəzi arasında əməkdaşlıq haqqında Protokol da 23 avqust tarixində Daşkənddə imzalanmış sənədlər arasında yer almışdır. Bu protokol, iki ölkə arasında hüquq sahəsində təcrübə mübadiləsinin, məhkəmə ekspertizası sahəsində bilik və bacarıqların paylaşılmasının genişlənməsinə zəmin yaradır.Əməkdaşlıq haqqında bu Protokol, məhkəmə ekspertizası sahəsində innovativ metodların və qabaqcıl texnologiyaların tətbiq olunmasına, həmçinin, hər iki ölkənin hüquq-mühafizə orqanlarının daha effektiv fəaliyyət göstərməsinə dəstək verəcək. Bu, Azərbaycan və Özbəkistan arasında hüquq sahəsində əlaqələrin daha da möhkəmlənməsinə və hüquqi proseslərin şəffaflığının artırılmasına töhfə verəcəkdir. 23 avqust 2024-cü il tarixində Daşkənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistana rəsmi səfəri çərçivəsində imzalanan mühüm sənədlərdən biri də “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Özbəkistan Respublikasının Ali təhsil, Elm və İnnovasiyalar Nazirliyi arasında peşə təhsili, orta ixtisas, ali təhsil və elm sahəsində əməkdaşlıq haqqında Protokol” olmuşdur .Bu Protokol, hər iki ölkənin təhsil və elmi sahələrdə qarşılıqlı əməkdaşlığının daha da gücləndirilməsinə xidmət edir. Sənəd, təhsil sistemlərinin inkişafı, tələbə və müəllim mübadiləsi, birgə elmi araşdırmaların aparılması və innovativ layihələrin həyata keçirilməsi sahələrində tərəflər arasında yeni imkanlar yaradır. Həmçinin, protokol, təhsilin bütün səviyyələrində — peşə təhsili, orta ixtisas təhsili, ali təhsil və elm sahəsində daha sıx əlaqələrin qurulmasına, bu sahələrdə qabaqcıl təcrübələrin və biliklərin paylaşılmasına şərait yaradacaq. Bu əməkdaşlıq Protokolu, Azərbaycanın və Özbəkistanın elm və təhsil sahəsindəki əlaqələrini daha da inkişaf etdirmək, hər iki ölkənin təhsil sistemlərinin beynəlxalq səviyyədə rəqabətqabiliyyətli olmasına töhfə vermək məqsədini daşıyır.

Məhəmməd Babayev,
Humanitar fənlər təmayüllü məktəb-liseyin laborantı,
YAP Xətai rayon təşkilatının üzvü