02 sentyabr 2024 18:28
455

Vətənə sədaqətlə xidmətin parlaq nümunəsi

XX əsr milli reallıqlarımız, Azərbaycan xalqının tarixinə sarsıntılı siyasi hadisələrin palitrası ilə daxil olmuşdur. Belə tarixi sarsıntılar dövründə xalqın həqiqi siyasi liderə, tarixi şəxsiyyətə ehtiyacı daha da artır. Milli Azadlıq Hərəkatının sosial sarsıntıları özünün real gerçəkliyi ilə təsadüfləri kənara atdıqdan sonra milli müstəqilliyin başında durmalı olan qüvvələri üzə çıxarır. Ötən əsrin 90-cı illərində yaşadığımız reallıqlar bunu bir daha sübuta yetirdi. Bu qüvvələrə Ulu Öndər Heydər Əliyev kimi bacarıqlı, müdrik, uzaqgörən və xarizmatik liderin rəhbərliyi lazım gəlirdi. Ulu Öndər Heydər Əliyev Azərbaycan tarixinin yeni, parlaq bir səhifəsini yazdı. Onun liderlik fəaliyəti Azərbaycan dövlətçiliyi tarixinin mühüm mərhələsinin əsasını qoydu.
Ulu Öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə ikinci qayıdışının əsası Naxçıvan MR Ali Məclisinin fövqəladə sessiyasında Azərbaycan Respublikası və Naxçıvan MR xalq deputatı Heydər Əliyevin yekdilliklə sədr seçilməsi ilə qoyulmuş oldu. 1991-ci il sentyabrın 3-də görkəmli dövlət xadiminin Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən fövqəladə sessiyada deputatların və iclas zalının qarşısına toplaşan minlərlə insanın təkidi ilə Ali Məclisin Sədri seçilməsi hadisəsi Azərbaycanın müstəqillik yolunun əsasını qoymuş oldu. 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü kimi qeyd olunması barədə qərar qəbul edildi. 
4 iyun 1993-cü il hadisələri Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyini qaçılmaz etdi. Beləliklə,1993-cü ilin 15 iyun günü tariximizin qızıl səhifələrinə Azərbaycan xalqının Milli Qurtuluş günü kimi daxil oldu. Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün yalnız təqvim bayramı deyil, böyük ictimai, siyasi, tarixi əhəmiyyətə malik xüsusi bir gündür. Azərbaycan xalqının təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev deyirdi: “Bu zamanın, bu dəqiqələrin, bu saatın hökmünü nəzərə almaya bilməzdim... Xalqın bu əhval-ruhiyyəsini, tələblərini nəzərə alaraq bütün məsələləri götür-qoy etdim. Mən öz taleyimi xalqa tapşırmışam və xalqın iradəsini, yəqin ki, indi bu müddətdə, bu çətin dövrdə yerinə yetirməliyəm.”
1993-cü il oktyabrın 3-də keçirilmiş prezident seçkiləri müstəqil Azərbaycanın dövlətçilik tarixinin ən mühüm səhifələrindən biri oldu. Seçki zamanı xalq böyük səs çoxluğu ilə öz seçimini etdi və Ulu Öndər Heydər Əliyev Prezident seçildi.  Azərbaycan Respublikasının Prezidenti seçilən Ulu Öndər 1993-cü il oktyabrın 10-da Vətənə və xalqa sədaqət andı içərək, Azərbaycanı böyük bəlalardan, faciələrdən hifz edərək, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxararaq Vətənə sədaqətlə xidmətin parlaq nümunəsini yaratdı. Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi sayəsində qısa müddət ərzində ölkə daxilində siyasi sabitlik təmin edildi, beynəlxalq arenada etibarlı tərəfdaşlıq əlaqələrinin qurulması istiqamətində sağlam və möhkəm təməl formalaşdırıldı. 
Azərbaycan xalqının tarixində taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyət, Azərbaycan xalqının Ümummilli Lideri adını qazanmış görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi, parlaq şəxsiyyət  Heydər Əliyevin xatirəsi Azərbaycan xalqının qəlbində daim yaşayacaqdır.

Cavid Məmiyev,

YAP Sumqayıt şəhər təşkilatının sədr müavini