02 sentyabr 2024 23:02
270

Boykot, yoxsa mübarizə meydanından qaçmaq?..

Və yaxud Əli Kərimlinin xarici ağalarına hesabat vermək cəhdi

Azərbaycanda daha bir tarixi hadisə reallaşdı. Sentyabrın 1- də ölkəmizdə növbədənkənar parlament seçkiləri keçirildi. Parlament seçkilərinin gedişi beynəlxalq müşahidə missiyaları və xarici KİV tərəfindən yüksək qiymətləndirildi. Bütün rəylərdə, informasiyalarda seçkilərin ədalətli və şəffaf keçirildiyi, ölkəmizin demokratiya yolu ilə inkişaf etdiyi birmənalı şəkildə öz əksini tapdı. Bildirildi ki, bütövlükdə bu seçkilər demokratik mühitdə, azad və şəffaf keçirildi, xalqın iradəsini ifadə etmək kimi fundamental vəzifə yerinə yetirildi, vətəndaşlar növbəti dəfə öz seçimlərini etdilər.

Seçkiləri 10 minədək yerli və xarici müşahidəçiləp də izlədilər. Belə ki, Türkiyənin, Rusiyanın, Belarusun, Şimali Kipr Türk Cümhuriyyətinin, MDB, Şanxay Əməkdaşlıq Təşkilatına üzv olan  ölkələrin nümayəndələri,  Avropa ölkələrindən gələn müşahidəçilər birmənalı olaraq bildirdilər ki, seçkilər şəffaf və demokratik şəraitdə baş tutdu. O cümlədən  aparıcı media orqanları növbədənkənar parlament seçkilərini geniş şəkildə işıqlandırdılar. Telekanalların reportajlarında və qəzet və saytların məqalələrində Milli Məclisə seçkilərin Azərbaycanın gələcəyində böyük əhəmiyyəti vurğulandı.

Təbii ki,  Azərbaycanda növbədənkənar  parlament seçkilərini şərtləndirən tarixi reallıqlar yaranıb. Xüsusilə burada ən önəmli məqamlardan biri odur ki, müstəqil Azərbaycanın tarixində seçkilər ilk dəfə işğaldan azad  edilmiş ərazilərimizdə də keçirildi. Eyni zamanda, bu seçki siyasi partiyaların öz nüfuzunu və gücünü göstərməsi üçün yaxşı fürsət idi. Lakin radikal müxalifət, xüsusilə də AXCP  bu seçkilərdə iştirakdan imtina edərək boykot qərarı verdi. Onlar bu qeyri-konstruktiv qərarlarına hələ ciddi  hüquqi və siyasi əsaslandırma verə bilməyibər. Ona görə ki, çox zəifdirlər, siyasi fəaliyyətləri ancaq sosial şəbəkələrdəki populizmdən ibarətdir. Təbii ki, belələrinin xalqın qarşısına çıxmağa üzləri və deyiləcək sözləri yoxdur.

AXCP sədri Əli Kərimli ötən günlərdə  öz sosial şəbəkə hesablarında yenə də həm seçkilərdə iştirak edən namizədləri və həm də hakimiyyəti hədəf alaraq öz böhtan maşınını işə salıb. Onun sədrlik etdiyi AXCP  1 sentyabr növbədənkənar parlament seçkilərinin yekunları ilə bağlı böhtan  dolu bəyanat  yayıb. Bəyanatda antimilli məqamlar kifayət qədər çoxdur. O, növbəti böhtanını belə ifadə edib ki, guya, 1 sentyabr 2024-cü ildə keçirilmiş növbədənkənar parlament seçkisi xalqın iradəsini ifadə etmir. 

Daha sonra həyasızcasına iddia edir ki, bu seçki ölkədə sərbəst toplaşmaq, söz və ifadə, birləşmək, seçmək və seçilmək kimi fundamental hüquq və azadlıqların dövlət səviyyəsində tam məhdudlaşdırıldığı, gerçək müxalifətin və xalqın boykotu, heç bir rəqabətin olmadığı şəraitdə keçirilib. Ona görə də belə bir parlament legitim ola və xalqı təmsil edə bilməz.

Əziz oxucular, görürsünüzmü onun bu fikirləri  çox dayaz düşüncənin məhsuludur.  Əvvəla, ona görə ki, seçkini boykot edən bir siyasi partiyanın «lider»i kimi o, hansı haqla bu seçki barədə fikir bildirə bilər. Seçki siyasi partiyaların mübarizə və nüfuz yarışıdır. Əgər Kərimli və partiyası bu mübarizədən qorxub geri çəkilirsə, demək  onun  danışdıqları saxta və mənasızdır.   

Xatırladaq ki, 1 sentyabr növbədənkənar parlament seçkilərində bir xeyli müxalifət partiyasının nümayəndələri və bitərəflər də iştirak ediblər. Mərkəzi  Seçki Komissiyasının açıqladığı ilkin məlumatlara görə, hətta onlardan bir neçəsi qələbə qazanıblar. Bu isə o deməkdir ki, Azərbaycanda Əli Kərimli kimi dağıdıcı müxalifətdən fərqli olaraq konstruktiv müxalifət formalaşır. Təbii ki, bu gün Azərbaycan cəmiyyətində konstruktiv müxalifətin olması inkişaf, hakimiyyətlə siyasi mübarizənin sivil məcrada davam etməsi deməkdir.

Bu bir reallıqdır ki, ölkəmizin Cənubi Qafqazdakı indiki mövqe üstünlüyü və Ermənistanın davamlı geosiyasi məğlubiyyəti  anti-Azərbaycan qüvvələri həm xaricdə, həm də daxildə ciddi şəkildə əndişələndirir. Xüsusilə AXCP sədri Əli Kərimli ənənəsinə sadiq qalaraq Azərbaycan dövləti əleyhinə  sosial şəbəkələrdə «tezislər»  tirajlayır. Hətta özünün antimilli çıxışları ilə kifayətlənməyib inhisarına aldığı dağıdıcı düşərgəni də böhtan kampaniyasına sövq  edir. Məsələn, o,  «cəbhəçi»lərə təlimat verib ki, Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi məsələsində rəsmi Bakıya qarşı açıq ittihamlar səsləndirsinlər.

Eyni zamanda, Əli Kərimli tamamilə xarici anti-Azərbaycan qüvvələrin təsiri altındadır. Son zamanlar Qərb ölkələri , xüsusilə də Fransa ölkəmiz əleyhinə təzyiq vasitələrini genişlgndirərkən radikal müxalifətdən maksimum dərəcədə yararlanmağa çalışır. Radikallar «qrant» adı ilə çoxsaylı «donor» institutlarından və «yardım» fondlarından maliyyələşirlər. Məsələn, bu gün  USAID, NED, Marşall Fondu, IREX və digər onlarla beynəlxalq institutlar məhz bu cür proqramların icraçıları hesab olunurlar ki, bizim dağıdıcı müxalifət də onların ən yaxın «tərəfdaşlarıdır»lar. Yəni, onlar anti-Azərbaycan fəaliyyətlərində  AXCP və onun ətrafındakı KİV-lərdən səmərəli yararlanırlar. Fəaliyyətlərini isə «demokratik inkişafa dəstək vermək» kimi  hallandırırlar. Ancaq əsl həqiqət isə odur ki,  yerli icmaları maddi vəsaitlə şirinikləşdirərək, legitim hakimiyyətlərə qarşı ictimai etimadsızlığa məcbur edirlər.

AXCP sədrinin daha bir statusu isə tamamilə cəfəngiyyatdır. O, yazır ki, bu ölkədə azad, ədalətli seçki olsaydı, xalqımız Vətənində söz sahibi olardı. Siyasi hakimiyyət də xalqa təbəə, istehlakçı kimi yox, hakimiyyətin mənbəyi kimi baxardı. O, hətta daha dərinə gedərək boyundan böyük iddialar və şərtlər irəli sürür: « Azad seçki tələb edirik! Azad seçkilərə yol açacaq, xalq iradəsini ifadə edəcək mitinq meydanı tələb edirik!»

Diqqət edin, görün nə qədər saxta və avantürist fikirlərdir. Haqlı sual yaranır: Əgər azad seçki istəyirdinizsə, nə üçün 2024-cü ilin fevralın 7- də növbədənkənar prezident seçkilərində və 1 sentyabr növbədənkənar parlament seçkilərində iştirak etmədiniz? Əksinə  sizlər siyasi mübarizənin ən mükəmməl variantı olan seçkiləri daim boykot etməklə cəmiyyətdəki düşük nüfuzunuzu pərdələməklə məşğul oldunuz. Təbii ki, siyasi ekspertlərin də söylədiyi kimi, dağıdıcı müxalifət düşərgəsinin boykot qərarı öz güclərinə inamsızlıqdan, sosial bazalarının yoxluğundan qaynaqlanırdı.

Əli Kərimli statuslarında sərbəst tolaşmaq azadlığından və onun məhdudlaşdırılmasından danışırsa ona ötən illərdə təşkil etdikləri mitinqlərə heç 200-250 nəfər adam gəlmədiyini də xatırlatmağı özümüzə lazım bilirik. Hələ də anlamaq istəmirlər ki, insanlar onlara güvənmirlər. Çünki xalqın gözü tərəzidir. Xalq görür ki, ölkəmizin müasir tarixi son bir neçə ildə möhtəşəm zəfərlərlə, ərazi bütövlüyümüzün təmin edilməsi və məcburi köçkünlərin doğma yurdlarına Böyük Qayıdışının başlaması kimi tarixi hadisələrlə zəngindir. Belə ölkənin vətəndaşları təbii ki,  boşboğazlara və avantüristlərə deyil, real gücə, gerçək dövlət quruculuğuna səs verəcəklər.

Elçin Zaman, «İki sahil»