03 sentyabr 2024 00:51
298

200 illik rəzalətin davamçıları

Onlar keçən əsrin əvvəllərində də hayları dəstəkləyirdilər

Bir sıra Qərb ölkələri və Avropa dövlətləri istər qardaş Türkiyənin, istərsə də Azərbaycanın nailiyyət qazanacağı ərəfədə öz pis niyyətlərini və gözügötürməzliklərini açıq büruzə verirlər.

"Cənubi Qafqaz yenə də böyük güclərin rəqabət meydanına çevrilib. Dolayısı ilə Vladimir Putinin səfəri zamanı Türkiyədə xarici işlər nazirləri arasında keçirilən görüşdən sonra Naxçıvandakı mövqelərimizin atəşə tutulması ABŞ və Fransa başda olmaqla, Qərbin buna verdiyi reaksiyadır."

Bu sözləri Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, Cənubi Qafqazda gedən proseslərə dərindən bələd olan general Yücel Karauz deyib. General Ermənistanın Qərbin maşasına çevrildiyini bildirib: “Sadaladığımız güclər dildə sülh istədiklərini desələr də, beyinlərində və ürəklərində müharibə istəyir və bunun üçün çalışırlar. Hazırda regionda gedən mübarizə 200 illik geosiyasi rəqabətin davamıdır. Məsələ yalnız Azərbaycan və Ermənistan arasında deyil, bölgə getdikcə ABŞ və Rusiya arasında çəkişmə meydanına çevrilir. Rəsmi Vaşinqton İrəvanı öz proksisi kimi Moskvaya qarşı istifadə edir. Türkiyə, Rusiya, İran, Azərbaycan və Gürcüstan baş verən bütün təxribatların mesaj xarakterli olduğunu bilir. Ancaq yalnız İran müttəfiqi, qardaşı adlandırdığı Ermənistanın atdığı təxribatçı addımlara göz yumur, hətta bir çox hallarda buna dolayı yolla haqq qazandırır”.

Bəli, general Karauz tamamilə doğru müqayisə edir. Birləşib Azərbaycan ərazisində Ermənistan adlı dövləti quraşdıran ölkələr bu gün də hər vəchlə onu müdafiə edirlər. Bu azmış kimi, onu daim qonşulara qarşı qoymaqdan da çəkinmirlər. Hələ Birinci Dünya müharibəsində və ondan sonra da Türkiyəyə və Azərbaycana qarşı qarşı hərbi əməliyyatlara erməniləri də cəlb etmişdilər. Qərb dövlətləri Türkiyəni xəritədən silmək üçün bütün güclərini ortaya qoymuşdular. İndiki mənzərə o dövrə sanki güzgü tutur. Məhz onların dəstəyinin nəticəsi idi ki, qondarılmaqda olan Ermənistan adlı dövlət Azərbaycanın ərazilərini də işğal etməyə təhrik edilmişdi. Haylar da öz növbələrində həsrətində olduqları dövləti qurmaq üçün Qərbin hər cür rəzalətinə şəriklik edirdilər.

Həmin ssenari kiçik fərqlə 1992-ci ildə də oynanılmışdı. Həmin dövlətlər yenə də qarğa-quzğun kimi Türkiyəyə və Azərbaycana qarşı hücum planını işə salmışdılar.

ABŞ-ın ədalətsiz "Azadlığı Dəstək Aktı"na 907-ci düzəliş Ermənistana dəstəyin ən pis nümunəsi idi. Həmin sənədə görə, işğalçı Ermənistana hər il külli miqdarda pul yardımı edilr, ərazisi zəbt olunan ölkəmiz az qala həyasızcasına təcavüzkar kimi qələmə verilirdi. Bununla da torpaqlarını müdafiə edən Azərbaycanın haqq işi dəstəkdən kənar qoyulurdu. Yəni, o aktda söhbət heç də azadlığa dəstəkdən getmir. Qısaca desək, bədxahlar işğalçıya açıq-aşkar öz himayədarlıqlarını göstərirdilər. Onların təsirində olan beynəlxalq təşkilatlar da daim Azərbaycana qarşı ikili standartlar tətbiq edirdilər. Buna oxşar faktların sayı-hesabı yoxdur. Həmin tendensiya yenə də davam etməkdədir.

General Karauz Türkiyənin hər zaman Azərbaycanın yanında olacağını vurğulayıb. Bildirib ki,  öz mənfəətləri üçün qan və müharibə istəyənlər bilməlidirlər ki, Türkiyə bütün hallarda Azərbaycanın yanındadır. Biz sülh içində yaşamaq istədiyimiz üçün Ermənistana barış əlimizi uzatdıq. Ancaq müstəqilliyimizə, ərazi bütövlüyümüzə əl uzadanların əlini qırmağı, başına "dəmir yumruq" endirməyi də çox yaxşı bilirik. Prezident İlham Əliyev də dəfələrlə bununla bağlı Ermənistana və havadarlarına xəbərdarlıq edib. Əgər yenə hansısa xam xəyallara qapılıb səhv addımlar atsalar, başlarına enən zərbənin təsirindən bir daha özlərinə gələ bilməyəcəklər. Ermənistan neçə ki, sülh imkanı var, bundan faydalanmalıdır. Təhlükəsizlik və əmin-amanlıq ona başqalarından daha tez və çox lazımdır.  Çünki bu şansı əldən buraxsa sonra çox gec olacaq və ona yalançı himayə göstərənlərin, qızışdırıb müharibəyə təhrik edənlərin hərəsi bir tərəfə çəkiləndə ortada tək qalacaq. Bunu faktlar deyir.

Ermənistan 2020-ci ilin İkinci Qarabağ müharibəsində tək qaldığını heç vaxt unutmamalıdır. Yaddan çıxarmamalıdır ki, onu qızışdırıb ikinci savaşa təhrik edənlər hərbi əməliyyatlar başlayanda kənara çəkilib seyrçi mövqe tutdular. Heç vaxt dəstəksiz döyüşə bilməyən Hayastan ordusu darmadağın edildi. Əgər belə hal təkrarlanarsa onda Ermənistanı hansı aqibətin gözlədiyini anlamaq çətin deyil. Hazırda bu ölkənin barışıqdan qaçaraq silahlanıb sülhə əngəl yaratması yalnız özünün ziyanınadır. Kiçik və zəif bir ölkə ətrafındakı güclü dövlətlərlə uzun müddət münaqişə vəziyyətində yaşaya bilməz. 2020-ci ilin 10 noyabr məğlubiyyəti avantürist haylar üçün acı bir dərs olmalıdır. Əgər lazımi dərs çıxarmasalar, sonları dediyimiz kimi olacaq. Seçim özlərinindir.

Vəli İlyasov,  "İki sahil"