01 sentyabr 2024 08:30
487

Paşinyanın ucuz manipulyasiyası: Ermənistan sülhdə əsla maraqlı deyil

Ermənistanın baş naziri Nikol Paşinyan avqustun 31-də keçirdiyi mətbuat konfransında növbəti dəfə Azərbaycan-Ermənistan normallaşma prosesi, bölgədə sülh və təhlükəsizliyin təmin olunması səyləri ilə ziddiyyət təşkil edən bir sıra açıqlamalar verib. Belə ki, o  guya Azərbaycanın Konstitusiya aktında Ermənistana qarşı ərazi iddialarının olması barədə iddialar səsləndirib. Halbuki, Azərbaycan Konstitusiyasında istinad olunan 1991-ci il Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktında və 1918-ci il İstiqlal Bəyannaməsində Ermənistana qarşı heç bir ərazi iddiası mövcud deyil. Amma Azərbaycan Xalq Cümhuriyyəti dönəmində hansı ərazilərin Azərbaycanın tərkibində olduğu, onların nə zaman Ermənistanın tərkibinə qatıldığı isə tarixi faktlardır və bu faktları danmaq mümkün deyil. Bu da heç bir halda hazırda Azərbaycan qanunvericiliyində Ermənistana qarşı ərazi iddialarının olması anlamına gəlmir. 

Amma Ermənistan konstitusiyasında istinad olunan “Müstəqillik Bəyannaməsi”ndə Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları yer alır. Yəni, Ermənistanın Konstitusiyası “miatsum”u erməni xalqı qarşısında hədəf kimi müəyyən edib. Azərbaycan Ermənistan Konstitusiyasının dəyişdirilməsi zəruriliyini deyəndə onu nəzərdə tutur ki, erməni xalqı referendum vasitəsilə “miatsum” məsələsinə son qoymalıdır və Qarabağ məsələsinin birdəfəlik bitdiyini qəbul etməlidir.  Yeri gəlmişkən, rəsmi Bakı  İrəvanla sülh müqaviləsinin yalnız Ermənistan Konstitusiyasının və digər qanunverici aktların beynəlxalq hüquqa uyğunlaşdırılacağı təqdirdə imzalana biləcəyini dəfələrlə bildirib. Azərbaycan bu xüsusda qanunsuz və ədalətsiz heç bir tələb irəli sürməyib və hər hansı güzəştə də getməyəcək. Xarici işlər naziri Ceyhun Bayramovun sözləri ilə desək, cünki bu bizim “qırmızı xəttimizdir”. 

Yeri gəlmişkən, Prezident İlham Əliyev avqustun 30-da Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi Türkiyə Böyük Millət Məclisinin üzvlərindən ibarət nümayəndə heyətini qəbul edərkən bir daha bu məsələdən söz açaraq bildirmişdi ki, Azərbaycan bölgədə davamlı sülhün təmin olunmasının tərəfdarıdır. Dövlətimizin başçısı, həmçinin vurğulamışdı ki, bunun üçün Ermənistan Konstitusiyasında Azərbaycana qarşı olan ərazi iddiaları aradan qaldırılmalıdır və Konstitusiya dəyişdirilməlidir. Qərbin diktəsi ilə oturub-duran Paşinyanın bu sayıqlaması isə sadəcə, Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarını çıxarmaqdan açıq imtina etmək deməkdir. Bu isə onu göstərir ki, Ermənistan sülh müqaviləsində və regionda davamlı sülhün əldə edilməsində əsla maraqlı deyil. 

ATƏT-in Minsk qrupunun ləğv edilməməsi ilə bağlı Ermənistanın mövqeyi isə  heç bir halda başadüşülən deyil. Sual olunur: Əgər münaqişə keçmişdə qalıbsa və Ermənistanın baş naziri Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini ifadə edirsə, onda keçmişin qalığı olan Minsk qrupunun saxlanmasına nə ehtiyac var? Amma Minsk qrupu ilə bağlı baş nazirin sözügedən tədbirdəki açıqlamasına nəzər saldıqda da açıq-aydın görmək mümkündür ki, Ermənistan tərəfinin keçmiş münaqişənin qalığı olan qurumun bərpasına yönələn cəhdləri bu ölkənin Azərbaycana qarşı gizli gündəminin mövcudluğunu nümayiş etdirir. Bu isə o deməkdir ki, Paşinyanın Minsk Qrupunun ləğv edilməməsi ilə bağlı iddiaları manipulyativ xarakyer daşıyır.  

Ermənistan tərəfinin guya Azərbaycanın hərbi büdcəsinin ölkənin ümumi daxili məhsulunun (ÜDM) 17 faizini təşkil etdiyini və bunun Ermənistandan qat-qat çox olduğunu bildirməsi aidiyyəti beynəlxalq təşkilatların hərbi büdcə ilə bağlı yaydıqları məlumatlara tamamilə ziddir və bu, dəfələrlə şişirdilmiş rəqəmdir. Halbuki, Azərbaycanda bu rəqəm 4 faiz ətrafındadır, ABŞ, Fransa və Avropa Birliyi kimi qüvvələrin təsiri altında olan Ermənistanda isə bundan xeyli artıqdır. Üstəlik, Ermənistan görünməyən büdcə vəsaitlərinə də malikdir ki, onun da hansı məqsədlərə sərf edildiyi müzakirə mövzusudur. 

Nikol Paşinyanın Azərbaycanın guya İtaliyadan silah-sursat alması barədə iddiası da həqiqəti əks etdirmir. Halbuki, Azərbaycan İtaliyyadan nəqliyyat xarakterli təyyarə alıb, bu da silah deyil. Amma Ermənistan Fransadan, ABŞ-dan, Hindistandan və digər ölkələrdən öldürücü silahlar alır və bununla da bölgədə  gərginliyi artırır.  Yeri gəlmişkən, Qərbin verdiyi hərbi, maliyyə  dəstəyi Ermənistanı bu ilin aprelindən sonra kifayət qədər aqressiv davranmağa sövq edib. ABŞ və Avropa İttifaqı ilə imzalanan hərbi akt sayəsində hazırda ABŞ və bəzi Qərb ölkələri Ermənistana həm maliyyə vəsaiti ayırır, həm də onu silahlandırır. Paşinyan  utanmadan sual da verir ki, Azərbaycan silahlandığı halda Ermənistan bunu niyə etməməlidir?  

Bu danılmaz bir faktdır ki, Ermənistan işğalçı dövlətdir və 30 il Azərbaycan torpaqlarını işğal altında saxlayıb. İkinci dünya müharibəsindən sonra az sayda dövlət var ki, digər ölkənin ərazisinə təcavüz edib, onlardan biri də məhz Ermənistandır. Məsələn, İraqın Küveytə təcavüzündən sonra İraqa müvafiq qaydada silah məhdudiyyəti tətbiq edilmişdi. Ermənistan hərbi potensialını inkişaf etdirirsə,  sonradan bunu istifadə etməyəcəyinə zəmanət yoxdur. Buna görə də Ermənistanın hərbi vasitələr əldə etməsinin üzərində hansısa nəzarət mexanizmi olmalıdır. Halbuki belə bir mexanizm yoxdur. Şübhəsiz, Ermənistanın üçüncü dövlətlər tərəfindən sürətlə silahlandırılmasının narahatlıq doğurur. Odur ki, bu yanlış siyasət və region üçün əlavə təhdid mənbəyi kimi qəbul edilir. 

Zəngəzur məsələsinə gəldikdə, Ermənistan 30 il Naxçıvanı blokada vəziyyətində saxlayıb. Paşinyan hakimiyyətə gəldikdən sonra da blokada davam edib. İndi Ermənistan öz maraqları çərçivəsində blokadanın açılmasından danışır ki, bu da riyakarlıqdan başqa bir şey deyil. Əvvəlcə Ermənistan xoş niyyət göstərməli, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında kommunikasiyanın açılmasına imkan yaratmalı, sonra isə digər nəqliyyat məsələlərinə baxıla bilər. Azərbaycan öz vətəndaşlarını Ermənistanın ümidinə buraxa bilməz, çünki Ermənistanın bu halda necə davrandığı hamıya məlumdur. 

Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin təcavüzkar ölkənin baş nazirinin mətbuat konfransında Azərbaycana qarşı səsləndirdiyi fikirlərə dair şərhində bildirdiyi kimi, Ermənistanın baş nazirinin bu problemləri gözardı edilə biləcəyi ilə bağlı məntiqi bu ölkənin dayanıqlı sülhdə maraqlı olmadığını və yalnız bu vəziyyəti gələcəkdə yenidən Azərbaycana qarşı təcavüzə başlamaq üçün ehtiyat variant kimi saxlamağa çalışdığını göstərir.

Qvami Məhəbbətoğlu, “İki sahil”