30 avqust 2024 23:12
350

Tarixi dostluqdan strateji tərəfdaşlığa...

Prezident İlham Əliyevin həyata keçirdiyi balanslı və çoxvektorlu xarici siyasət Azərbaycanın Mərkəzi Asiya ölkələri, xüsusilə Özbəkistanla əlaqələrini yeni mərhələyə yüksəldib

Azərbaycan və Mərkəzi Asiya ölkələrini tarixi, mədəni və dini bağlılıqlar əsasında yaranan dostluq və əməkdaşlıq münasibətləri birləşdirir. Hazərda bu əlaqələr nəqliyyat, enerji və təhlükəsizlik sahələrində daha da genişlənir. Mərkəzi Asiya ölkələri üçün Azərbaycan enerji mənbələrinə və dünya bazarlarına çıxış nöqtəsi kimi mühüm rol oynayır. Eyni zamanda, bu region ölkələri Azərbaycan üçün həm yeni iqtisadi imkanlar, həm də regional təhlükəsizlik baxımından strateji əhəmiyyət daşıyır.

Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə nəqliyyat sahəsində sıx əməkdaşlığı regionun iqtisadi inkişafına böyük töhfə verir. Azərbaycanın tranzit potensialı və Bakı-Tbilisi-Qars dəmir yolu kimi layihələr Mərkəzi Asiya ölkələri üçün yeni ticarət marşrutları yaradır. Bu əməkdaşlıq həm də regionun təhlükəsizlik məsələlərində koordinasiyalı yanaşmaları gücləndirir. Gələcəkdə bu sahələrdə daha da sıx inteqrasiya ölkələrimiz arasında etimadın artırılmasına və sabitliyin təmin olunmasına xidmət edəcəkdir.

Prezident İlham Əliyevin həyata keçirdiyi balanslı və çoxvektorlu xarici siyasət Azərbaycanın Mərkəzi Asiya ölkələri, xüsusilə Özbəkistanla əlaqələrini yeni mərhələyə yüksəldib. Ümumiyyətlə, Azərbaycan və Özbəkistan qədim tarixi köklərə və mədəni əlaqələrə sahib olan iki dost ölkədir. Hər iki ölkə tarixi boyunca Böyük İpək Yolu üzərində yerləşib. Bu, onların iqtisadi və mədəni əlaqələrinin inkişafında mühüm rol oynayıb. Müstəqilliklərini bərpa etdikdən sonra Azərbaycan və Özbəkistan arasında siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığın dərinləşdirilməsi üçün yeni imkanlar yarandı.

Xüsusilə son dövrlər dövlətimizin Özbəkistanla münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyub. İki ölkə liderlərinin uzaqgörən siyasəti, qarşılıqlı səfərləri və müntəzəm təmasları əlaqələrin inkişafında böyük əhəmiyyətə malikdir. Prezident İlham Əliyevin qardaş ölkəyə 22 - 24 avqust tarixlərini əhatə edən növbəti dövlət səfəri də Azərbaycan və Özbəkistan arasındakı strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmlənməsi, bütün sahələr üzrə hərtərəfli əməkdaşlığın genişlənməsi baxımından tarixi bir mərhələ oldu. Bu səfər münasibətləri müttəfiqlik səviyyəsinə yüksəltdi. Prezident İlham Əliyev imzalanan sənədlərin, ilk növbədə, müttəfiqlik münasibətlərinə dair Müqavilənin əhəmiyyətini vurğulayaraq bildirdi ki, bu, Azərbaycanda həmin qəbildən olan üçüncü sənəddir: “İndiyə qədər - bizə yaxın olan iki ölkə ilə 2021-ci və 2022-ci illərdə müttəfiqlik münasibətlərinə və ya müttəfiqlik qarşılıqlı fəaliyyətinə dair bəyannamələr imzalamışıq. İndiki halda söhbət müqavilədən gedir, yəni dünyada bu sənəddən daha yüksəyi yoxdur. Həm də bu, çox qısa müddət ərzində bizim birgə fəaliyyətimizin nəticəsidir”.

Beləliklə, Daşkənd səfəri əlaqələrin ən yüksək səviyyəyə yüksəldiyini göstərdi. Ümumiyyətlə, Özbəkistanla ikitərəfli əlaqələr TÜRKSOY, TÜRKPA, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, Türk Biznes Şurası və digər təşkilatlar çərçivəsində hər keçən gün daha da genişlənir. Özbəkistanda fəaliyyət göstərən Azərbaycan diasporu da bu əlaqələrin inkişafında böyük rol oynayır və iki xalq arasında dostluğu daha da möhkəmləndirir. Bu əlaqələr həm də mədəni, iqtisadi və siyasi sahələrdə əməkdaşlığın dərinləşdirilməsi üçün möhkəm zəmin yaradır, gələcəkdə daha geniş, səmərəli əməkdaşlığın əsasını qoyur.

Etibarlı tərəfdaş olan Özbəkistan İkinci Qarabağ müharibəsində qazandığımız şanlı Qələbə ilə artıq tarixə qovuşmuş münaqişənin həllində daim Azərbaycanın haqlı mövqeyini dəstəkləyib, bir sıra ikitərəfli və çoxtərəfli görüşlərdə ölkəmizin ərazi bütövlüyü ilə bağlı mövqeyini qətiyyətlə müdafiə edib. Özbəkistan artıq işğaldan azad olunmuş Qarabağda bərpa və quruculuqda fəal şəkildə iştirak edir. Prezident Şavkat Mirziyoyevin bilavasitə təşəbbüsü və Özbəkistan dövlətinin maliyyə dəstəyi ilə Füzuli şəhərində böyük bir məktəb binası tikilib. Özbəkistanın Qarabağda aparılan bərpa və quruculuğa töhfə verməsi iki ölkə arasında qarşılıqlı etimada əsaslanan və əsrlər boyu davam edən dostluq və qardaşlıq əlaqələrinin daha da inkişaf etməsinə, xalqlarımızın rifahının yaxşılaşmasına xidmət edəcək.

Bu cür layihələr və Özbəkistanın göstərdiyi dəstək iki ölkə arasında mövcud olan güclü əlaqələrin iqtisadi sahədə də inkişaf etdirilməsinə şərait yaradır. Hər iki ölkə lideri iqtisadi tərəfdaşlığın gücləndirilməsinə böyük önəm verir. Bu isə dövlətlərimizi iqtisadi inkişafına təkan verməklə yanaşı, regional inkişafı da dəstəkləyir. Xüsusilə ticarət sahəsindəki əməkdaşlıq Özbəkistanla iqtisadi münasibətlərdə əsas yer tutur. 2023-cü ildə Özbəkistanla ticarət dövriyyəsi təxminən 180 milyon ABŞ dollarına çatıb, cari ilin ilk beş ayında isə bu rəqəm təqribən 70 milyon ABŞ dolları təşkil edib. Respublikamızda sənaye, ticarət, nəqliyyat, tikinti, kənd təsərrüfatı və xidmət sahələrində Özbəkistanın 90-dan çox şirkəti qeydiyyatdan keçib. Sənaye sahəsinə qoyulan investisiyalar uğurlu əməkdaşlıq nümunələri yaradıb. Hazırda Hacıqabul Sənaye Parkında birgə layihə çərçivəsində avtomobil istehsalı həyata keçirilir. Cari ilin iyulun 1-nə olan məlumata görə, bu əməkdaşlıq çərçivəsində 5300-dən çox "Chevrolet" avtomobili istehsal edilib. Bundan əlavə, birgə yük maşını və avtobus istehsalı da uğurla davam etdirilir. Ölkəmizdə pambıqçılıq və ipəkçilik klasterlərinin yaradılması istiqamətində də əməkdaşlıq şaxələndirilir.

İkitərəfli əməkdaşlığın perspektivli sahələrindən biri də enerji sektorudur. İki ölkənin aparıcı şirkətləri - SOCAR və "Uzbekneftegaz" ASC - Azərbaycan və Özbəkistanda neft yataqlarının birgə işlənməsi, neft-qaz sektorunda layihələrin icrası və digər sahələrdə sıx əlaqələr qururlar. 2024-cü ilin mayında imzalanmış Azərbaycan, Özbəkistan və Qazaxıstanın enerji sistemlərinin birləşdirilməsinə dair Əməkdaşlıq Memorandumu bu sahədə səmərəli və qarşılıqlı faydalı işbirliyinin əyani göstəricisidir.

Hər iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi potensialı böyükdür. İqtisadi əməkdaşlıq, xüsusilə nəqliyyat, enerji və kənd təsərrüfatı sahələrində yeni layihələrin həyata keçirilməsi ilə daha da dərinləşdirilə bilər. Həmçinin mədəniyyət və təhsil sahələrində daha çox birgə layihələrin həyata keçirilməsi iki xalq arasında dostluq əlaqələrinin möhkəmlənməsinə xidmət edəcək. Nəticə etibarilə  Azərbaycan və Özbəkistan arasındakı münasibətlər həm tarixi, həm də müasir dövrün tələblərinə cavab verən bir səviyyədə inkişaf edir.

Nigar Orucova, “İki sahil”