31 avqust 2024 00:45
422

Azərbaycanın maraqları ilə hesablaşmayanların şousu baş tutmayacaq

Paytaxtımızın Hərbi Qənimətlər Parkında xəcalət çəkən hərbi texnikalar da vaxtı ilə havadarlarının Ermənistana verdikləri hədiyyələr idi

Müxtəlif ölkələrdə baş verən hadisələr, gərginliklər bütünlükdə dünya siyasətinə təsir etməklə supergüclərin maraqlarına uyğun yeni əməkdaşlıq formatlarının yaranmasını da aktuallaşdırır. Maraqlı dairələrin, ölkələrin masalarında hazırlanan, məkrli niyyətlərdən qaynaqlanan planların narahatlıq doğuran nəticələri Cənubi Qafqazda daha çox hss olunur. Dünyanın siyasi müstəvisini daha da gərginləşdirən mənfur niyyətlərini zəif dövlətləri vassallarına çevirməklə, şirnikləndirici vədlərlə aldadan, bölgədə bölücülük siyasətlərini davam etdirən ABŞ-ın və Qərbin Cənubi Qafqazda «kreslo sahibi» olmaq həvəsi daha da artıb. Ermənistanın havadarı Fransanın kolonializm siyasətinə qarşı mübarizənin gücləndiyi məqamda Cənubi Qafqazda bilərəkdən yaradılan risklər, təhdidlər, Afrika və dənizaşırı ölkə xalqlarının azadlıqları uğrunda mübarizələrini gücləndirmələri dünya siyasətinin gündəliyini daha da «zənginləşdirir.» Yüz illərlə müstəmləkə altında qalan, sərvətləri işğal olunan xalqlara mənəvi dəstəyini əsirgəməyən Azərbaycanın təşəbbüsü ilə yaradılan Bakı Təşəbbüs Qrupununun dəstəklənən fəaliyyəti, genişlənən coğrafiyası XXI əsrdə belə müstəmləkə siyasətini davam etdirən Fransanı, Niderlandı qıcıqlandırır. Milli münaqişələrin yaranmasında çoxillik təcrübəyə malik, «qul psixologiyası»nı davam etdirməklə qara dərili insanları adi yaşamaq hüququndan məhrum edən ABŞ-ı Avropanın imperialist təfəkkürlü dövlətləri ilə birləşdirən prinsiplər işgəncələr üzərində qurulub. Bu baxımdan başqalarının zülmlərinə dözməyə məcbur qalan insanlara azadlıq uğrunda mübarizələrini dəstəkləyən Azərbaycanın beynəlxalq hüququn norma və prinisplərinə uyğun dəstəyi Ağ Evi , Yelisey Sarayını narahat edir. Bu gun də qardaş Türkiyədə, bölgədə sabitlik üçün təhdid olan Suriyadakı terror birləşmələrini dəstəkləyən, silah –sursatlarla, ən müasir hərbi texnika ilə təmin edən ABŞ-ın, Fransanın Cənubi Qafqazda mənfur niyyətlərini həyata keçirmək üçün dünyada «əl uşağı», « qulpsuz çamadan» kimi tanınan Ermənistandan istifadə etməsi təsadüfi deyil.

Fransa kolonializminin qurbanı olan və müstəmləkəçiliyin dözülməz əziyyətlərini yaşayan insanlara mənəvi dəstək göstərən ölkəmizin Ermənistan üzərində Zəfərini özlərinin məğlubiyyəti hesab edənlər bölgədə yeni müharibə təhlükəsi yaratmaq niyyətlərini gizlətmirlər. « Biz bu ölkələrə kömək etmək istəyirik ki, keçmişin bu iyrənc qalığından özlərini azad edə bilsinlər. Təəssüflər olsun ki, Fransa hökuməti yenə də mediadan istifadə edərək bizi ittiham edir ki, guya biz onların daxili işlərinə qarışırıq. Ancaq bu, qətiyyən belə deyil. Biz bunu Avropa İttifaqında, BMT-də anti-Azərbaycan mövqeyi ilə əlaqələndiririk. Onlar Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar. Biz bunu ona görə edirik və əminik ki, Fransanın etdikləri iyrəncdir, qəbuledilməzdir və buna son qoyulmalıdır. Onların həmin insanların taleyinə bu dərəcədə təsir etməyə ixtiyarları yoxdur. O ölkələr Fransadan minlərlə kilometr uzaqda yerləşir, onları assimilyasiya etməyə çalışırlar, onları təhqir edirlər. Sonuncu hadisələrdə Yeni Kaledoniyada yeddi insan həlak olub. Bu, Fransanın və onun prezidentinin əməli nəticəsində baş verib» sözləri ilə rəsmi Parisin Ermənistana hərbi yardımını sülhə deyil, müharbəyə ünvanlandığını bildirən Prezident İlham Əliyev ABŞ-ın, Avropa İttifaqının (Aİ) və Fransanın Cənubi Qafqazdakı vəziyyəti gərginləşdirmək səylərinin heç bir nəticə verməyəcəyini bildirir. Vaşinqton-Brüssel-Paris triosunun Moskvanı regiondan sıxışdırıb çıxarmaq üçün Ermənistandan istifadə planları baş tutmayacaq. Yekün sülh sazişinin imzalanması ilə bağlı Azərbaycanla Ermənistan arasında aparılan danışıqlar prosesinə Qərbin müdaxiləsi, danışıqların mexanizmini dəyişərək vasitəçilik və ya moderatorluq funksiyalarını gündəmə gətirmələri, ölkəmizə qarşı səngiməyən informasiya müharibəsinin güclənməsi də Brüsseldə hazırlanan planın tərkib hissələridir. Bu üçlüyün Azərbaycanla Ermənistan arasındakı danışıqları Vaşinqtona, yaxud Brüsselə keçirmək, Mərkəzi Asiya ölkələrini «5+1» formatında Qərblə daha aktiv əməkdaşlığa cəlb etmək cəhdləri də özünü doğrultmyacaq. Cənubi Qafqaz ssenarilərini Ermənistan vasitəsilə reallaşdırmağa çalışanların mənfur niyyətlərini «saf-çürük» edən, guya Qərbə meyillənmək niyyətinin əsl məqsədini gizlətməklə Rusiyadan və MDB strukturlarından da faydalanmağa «əl yeri» qoyan Ermənistanın baş naziri Nikol Paşinyanın «toy toğlusu» kimi ortada fırlanmasının aqibəti də bəllidir. «Çanaq» axırda daşnakların başında çatlayacaq. Maraqlıdır ki, iqtisadi böhran keçirən Ermənistan dəyəri milyonlarla hesablanan ağır texnikaları kimlərin vəsaitləri hesabına alır. Bu məqamda bir müdrik kəlam yada düşür: « Atılan hər tikə köpək üçün bayramıdır.»

Qərbin və ABŞ -ın erməni revanşistlərini müharbəyə sürükləməsi, təyyarələrlə və quru yolla silah-sursat , hərbi texnika daşınması faydasızdır. Bölgədə yeni geosiyasi reallıqları bərqərar etmiş, tərəqqi, sülh və təhlükəsizlik üçün əməkdaşlığa üstünlük verən Azərbaycanın əksinə vəziyyəti daha da gərginləşdirməyə, süni şəkildə regionu yeni müharibə ocağına çevirməyə çalaşanlar üçün Cənubi Qafqaz ölkələrinin müstəqilliyi, suverenliyi, ərazi bütünlüyü, inkişafı və rifahı, beynəlxalq hüququn prinsipləri önəmli deyil. Eyni modellərini Mərkəzi Asiyada da tətbiq etməyə çalışanların mənfur niyyətlərini aydın başa düşən bölgə dövlətlərinin hakim elitaları Qərblə əməkdaşlığı qəbul etsələr də başqalarının vassalına çevrilməyi qeyri-mümkün hesab edirlər. Bölgədə geosiyasi yaşam modelini pozmağa çalışanların Ermənistandan istifadə niyyətləri bəllidir: Beynəlxalq əhəmiyyətli Zəngəzur dəhlizinə, ümumilikdə bölgədəki nəqliyyat- infrastruktur kommunikasiyalarına nəzarətə ələ keçirmək.

Azərbaycanla Ermənistan arasındakı danışıqlara əngəl törədən ABŞ-ın mübahisəli Zəngəzur dəhlizinə nəzarət iddiası üçün Ermənistanı silahlandırması heç bir nəticə verməyəcək. Aİ-nin Ermənistan-Azərbaycan münasibətlərinin həllində vasitəçi olmağa niyyətlənməsi də baş tutan iddia deyil. Əvvəllər də Ermənistanla Azərbaycan arasında guya sülh danışıqları təşkil edən Aİ-nın sözünə mərkəzdənqaçma sayaq əməl etməsi, Ermənistanda Mülki Monitorinq Missiyası yaratması niyyətlə nəticənin müxtəlif qütblərdə olduğunu göstərdi.

Qərb, xüsusilə ABŞ və Avropa İttifaqı Cənubi Qafqazda təsir imkanlarını artırmaq üçün Gürcüstana Avropa İttifaqına üzvlüyə namizədli vədini verdi. Brüsseldə ABŞ- Avropa İttifaqı-Ermənistan sammitini keçirərək Ermənistana iqtisadi və təhlükəsizlik sahələrində dərin tərəfdaşlığın başlanğıcını qoydu. Vaşinqtonun və Brüsselin danışıq platformalarının uğursuzluğundan sonra ABŞ və Aİ Cənubi Qafqazda mövqelərini bərpa etmək üçün maksimum səylər göstərsələr də, Almaniya köməyə gəlsə də Berlindəki ikitərəfli görüşü sıfır vəziyyətindən çıxmaq mümkün olmadı. Amma hadisələr göstərir ki, region ölkələri qarşıdurma məkanına çevrilməmək və bir-birinə qarşı istifadə olunmamaq üçün ortaq bir baxış formalaşdırmalıdırlar.

Maraqlıdır ki, Cənubi Qafqaz şousuna beynəlxalq təşkilatlar da cəlb olunublar. Regional səviyyədə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (BSEC), Qara Dəniz ölkələrinin hərbi gəmi birləşməsi (BLACKSEAFOR), Xəzər Dənizi Qüvvələri (CASFOR), GUAM əməkdaşlıq təşkilatı (GUAM) və Müstəqil Dövlətlər Birliyi (MDB) çərçivəsində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) kimi qurumlar iştirak edir. Təbii ki, hadisələrə nəzarət NATO-nun və Avropa İttifaqının səlahiyyətindədir. Fransa Ermənistanda Aİ-nin Müşahidə Missiyası adı altında NATO-nun kəşfiyyat kontingentini yerləşdirib. Onlar Azərbaycanla şərti sərhəddə vəziyyətə nəzarət bəhanəsi ilə İran və Rusiyaya qarşı kəşfiyyat fəaliyyəti göstərirlər. Ermənistanı yeni ərazi iddiasına şirnikləndirən digər amil bu ölkənin «Zvartnos”» hava limanına ABŞ-dan göndərilən hərbi təyyarənin enməsidir. Ermənistan Müdafiə Nazirliyində Pentaqonun yüksək rütbəli zabitinin xidmətə başlaması, amerikalı və ermənistanlı əsgərlərin birgə təlim-məşqlərdə iştirakıdır.

Bu cür havadarlıq erməni revanşistlərini müharibəyə hazırlamaqdır. Qərbin və rəsmi Vaşinqtonun dəstəyi Ermənistanı Azərbaycanla sülh sazişini imzalamaqdan, bu ölkənin konstitusiyasındakı Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarını şərtləndirən maddəni dəyişməkdən çəkindirir.

Dövlət başçısı İlham Əliyevin «Bəzi hallarda həqiqətlərə göz yumulur. Müəyyən dairələr öz siyasətini uydurulmuş faktlər, təhrif edilmiş tarix əsasında aparmağa davam edirlər. Bu ikili standartlar siyasətidir. İkili standartlar ədalətsizlik deməkdir. İşğalçı ilə işğalın qurbanını, necə deyərlər, bir səviyyədə görmək nə qədər ədalətlidir?!» sözləri beynəlxalq hüququn norma və prinsiplərini bütün ölkələrə eyni şəkildə tətbiq etməyən dövlətlərə tutarlı cavabdır. Regionda Ermənistanın simasında Suriya və ya Ukrayna variantının gerçəkləşdirilməsinə yol verilməyəcək.

«Biz hazırkı ABŞ Administrasiyasının fəaliyyətindən, hərəkətlərindən dərindən məyus olmuşuq. Bu, birtərəfli yanaşmadır. Qafqazda ayırıcı xətlərin çəkilməsi olduqca təəccüblüdür. Bildiyiniz kimi, ABŞ Dövlət katibi, Avropa Komissiyasının prezidenti və onların bir növ xarici işlər naziri hesab edilən ali komissarı Brüsseldə görüşdülər. Bu görüşdə onlar Ermənistanın hərbi baxımdan maliyyələşdirilməsi məsələsini müzakirə etdilər. Onlar hərbi sahədə maliyyə ayırmaq məqsədini güdürlər və bu, bizim üçün tamamilə qəbuledilməzdir. Biz bəzən açıq, ictimai şəkildə, bəzən də pərdəarxası mesajlarımızı veririk ki, Azərbaycanın maraqları Cənubi Qafqazda təmin edilməlidir. Kimsə bizim maraqlarımızı görməzdən gəlməyə çalışsa, əlbəttə ki, onlar yanılacaqlar və uğursuzluğa düçar olacaqlar» sözləri ilə Azərbaycanın siyasi, iqtisadi, hərbi potensialını diqqətə çatdıran Prezident İlham Əliyev real vəziyyətə münasibətini də bildirir: «Yəni, biz şou qurmuruq, öyünmürük.»

Xuraman İsmayılqızı, «İki sahil»