30 avqust 2024 23:44
343

Xaraktersizliyin yaratdığı eyforiya

Əli Kərimli üçün dövlətə və millətə böhtan atmaq qazanc mənbəyidir

1992-1993-cü illərdə ölkəni təhlükəli böhrana sürükləyən bədnam AXC-Müsavat iqtidarında təmsil olunmuş, hakimiyyəti itirdikdən sonra isə dağıdıcı müxalifətçilik yolu tutmuş Əli Kərimli və yaxın ətrafı buraxdıqları səhvlərdən nəticə çıxarmaq əvəzinə  antimilli, qeyri-konstruktiv fəaliyyətlərini davam etdirməkdədirlər. Qeyd etmək lazımdır ki, Əli Kərimlinin əslində qorxaq, cəsarətsiz, pula həris, özünün şəxsi mənafeyini milli maraqlardan üstün tutan, mənsub olduğu düşərgəni belə öz siyasi iddiaları naminə istismar edən birisi olduğu heç kimə sirr deyil. Son 23 ildə o, xarici fondlardan verilən pulları partiyasına deyil, məhz ailə problemlərinə xərclədiyi üçün partiyadan yüzlərlə üzv istefa vermişdir.

Məhz belə bir xaraktersizin bu gün güclü və qüdrətli Azərbaycan dövlətinə və onun ali rəhbərinə qısqanclıqla yanaşması bu antimilli ünsürün  sosial şəbəkələrdəki statuslarından da aydın görünür. Bəli, vaxtilə Ermənistanı güclü şəkildə müdafiə edən ölkələr, İkinci Qarabağ müharibəsindəki tarixi Zəfərimizdən və 2023-cü ilin sentyabrın 19-da başlayan bir günlük lokal antitoerror tədbirindəki qələbəmizdən sonra sonra gücümüzü və ərazi bütövlüyümüzü qəbul etdilər. Əli Kərimlinin ən böyük rəzilliyi isə Vətən müharibəsində bütün ictimai və siyasi təşkilatların dövlətimizə, ordumuza dəstək bəyanatına imza atmasına rəğmən bu addımı atmaqdan imtina etməsi  oldu. Təssəvür edin, belə bir bəyanata yalnız erməni lobbisindən maliyyələşənlər imza atmamağa cəsarət edərdi…

Əli Kərimli çıxışlarında o qədər həyasızlıq edir ki, hətta  dünyadakı  50 milyonluq azərbaycanlının özünə lider hesab etdiyi Müzəffər Ali Baş Komandanımıza, Prezident İlham Əliyevə siyasi məsləhətlər verməyə özündə «cəsarət» tapır. Bu gün bütün dünya liderlərinin Azərbaycan Prezidenti İlham Əliyevin siyasi qətiyyətinə və geosiyasi uğurlarına heyranlıqlarını etiraf edərkən o, hələ də bunları görməzlikdən gəlir.

Ölkəmizin başçısı bu gün Ermənistanın Avropadakı əsas himayəçisi olan Fransa kimi böyük dövlətin neokolonist  siyasətini bütün dünyada  ifşa edir. Biz bu gün «Cənubi Qafqazda Fransaya yer yoxdur» deyirik. Parisin ermənipərəst təşəbbüslərini beşikdəcə boğuruq. Təbii ki, Əli Kərimli, sən bunları yaxşı görür və anlayırsan. Ancaq etiraf etməyə özündə cəsarət tapmırsan. Sən sadəcə dil pəhləvanısın. Sənin mövcud siyasi fəaliyyətin trolluq etməkdən, saxta profillərlə layk yığmaqdan o yana keçmir. 

Əli Kərimli yazır ki,  Azərbaycan dövlətinin öz suverenliyini tam bərpa etməsinə hələ də şübhələr var. Əlavə edir ki, keçirilən antiterror tədbirlərinə görə ölkəmizə qarşı heç bir beynəlxalq sanksiya tətbiq edilmədi. Bu cür riyakar siyasətçi dünyanın heç bir ölkəsində yoxdur. Mənəvi-psixi problemlərdən əziyyət çəkən bir zehniyyət sahibinin antimilli ünsür kimi açıqlamalar verməsi sadəcə təəssüf doğurur. O, anlamır ki, beynəlxalq təşkilatların Azərbaycana təzyiq göstərmək imkanları məhduddur. Qərəzli mövqe bildirmək istəyənlər, onsuz da bizə qarşı çıxışlar etdilər və bu, davam etməkdədir. BMT Təhlükəsizlik Şurası kimi bir qurumda Azərbaycanın Qarabağ siyasəti müzakirə olundu, amma heç bir qərar qəbul etmədilər. Ona görə yox ki, bizim orada çoxlu dostlarımız var və s. Məsələ ondadır ki, Qarabağ məsələsinə görə Azərbaycana təzyiq etmək üçün heç bir əsas, arqument mövcud deyildir. Biz öz ərazimizdə antiterror tədbirləri həyata keçirmişik. Biz yalnız legitim hərbi hədəflərə zərbələr endirmişik. Bir nəfər də olsun mülki erməni bu zaman güllə yarası almayıb, evlər, binalar dağıdılmayıb. Bunu BMT missiyasının nümayəndələri də etiraf ediblər.

AXCP sədrinə görə, guya Azərbaycan hakimiyyətinin yürütdüyü  xarici siyasət yanlışdır. Onun gülünc iddialarından da biri odur ki, ölkəmiz  Qərbə istiqamət götürməli və  yalnız Qərb ölkələri və təşkilatları ilə əməkdaşlıq etməlidir. Başqa sözlə ifadə etsək, ölkəmiz Rusiya ilə əlaqələrə xitam verib, Qərbi seçməlidir. Belə bir rəzil siyasəti vaxtilə Əli Kərimlinin də üzvü olduğu AXC-müsavat  hakimiyyəti edib. Gürcüstan və Ukrayna da bu siyasəti həyata keçirdi. Bu siyasi xətt hər üç ölkənin öz ərazilərinin  itirməsi ilə nəticələndi. Bu başabəla siyasətbazən təmsil olunduğu AXC-Müsavat hakimiyyəti Rusiyanı özünə düşmən etdi və Qarabağ torpaqları erməni separatçıları tərəfindən işğal edildi. Onların buraxdıqları səhvi məhz həm Ulu Öndər, həm də Ali Baş Komandanımız İlham Əliyev aradan qaldırdı. Nəticədə balanslaşdırılmış siyasət Azərbaycana geosiyasi nüfuz qazandırdı. Təbii ki,  AXCP sədrinin bu antimilli mövqeyi bir daha göstərir ki, o, ermənilərin dəyirmanına su tökür.

Əli Kərimliyə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə tikinti-quruculuq işlərini ona görə öz büdcəsi hesabına həyata keçirir ki, Rusiyanın yanında olduğu üçün heç bir Qərb dövləti, maliyyə fondu bizə dəstək olmur. Eyni zamanda, guya Azərbaycan hakimiyyəti Əli Kərimli kimi antimilli qüvvələrin partiyalarını dəstəkləmədiyi üçün Qərb Azərbaycana, Qarabağa investisiya yatırmır. Nə qədər xain, qərəzli, xəstə yanaşmadır bu! Dünyanın ən böyük şirkətləri Azərbaycanın TANAP, TAP, BTC kimi layihələrinə dəstək olub. 2023-cü ilin oktyabrında  Bakıda 74-cü Beynəlxalq Astronavtika Konqresi keçirildi. Azərbaycan paytaxtı ikinci dəfə bu mötəbər tədbirə ev sahibliyi etdi. İlk dəfə 1973-cü ildə Bakıda Beynəlxalq Astronavtika Konqresi təşkil edilib. Yəni doğrudanmı, Əli Kərimli inkişaf etmiş xarici ölkələrin, nüfuzlu beynəlxalq təşkilatların Azərbaycana bu qədər önəm verdiyinin fərqində deyil?

Bundan başqa, bu ilin lin noyabrında dünyanın ən mötəbər tədbiri olan SOP29 Azərbaycanda keçiriləcək. Tədbirdə 70-dən çox ölkənin ali rəhbərinin və ümumilikdə 80 min nüfuzlu insanın iştirak edəcəyi planlaşdırılır. Bu isə dünyanın Azərbaycan dövlətinə verdiyi önəmin nəticəsidir.

AXCP sədrinin daha bir rəzil açıqlaması isə belə olub ki, 2003-cü ildən  bu dövrə qədər Prezident İlham Əliyev hansı uğurlar əldə edib ki, Qarabağda əldə olunan qələbəni də onun adına çıxaq. Görünür, Əli Kərimli yaddaş pozğunluğundan əziyyət çəkir. Elə isə bəzi faktları onun diqqətinə çatdıraq. Cənab İlham Əliyev 2003-cü ildən sonra Azərbaycan iqtisadiyyatını, hərbi sənayesini gücləndirdi. Ölkədə, xüsusilə də gənclər arasında vətənpərvərlik ruhunu qaldırdı. Azərbaycan beynəlxalq iqtisadi layihələrə qoşuldu. Dövlət büdcəmiz 30 milyard dollara qədər artdı. Azərbaycan Pakistan və İsrail ilə münasibətlərini strateji müttəfiqlik səviyyəsinə qaldırdı. Qardaş Türkiyə ilə münasibətlər tarixdə heç vaxt olmayan bir yüksəkliyə çatdı. Bütün bunlardan sonra Ali Baş Komandan torpaqlarımızı işğaldan azad etmək üçün Azərbaycan Ordusuna əmr verdi. Şanlı və tarixi Qələbəmizə dostlar sevinsə də, ancaq sizin kimi antimilli ünsürlər isə məyus oldunuz.

Bir sözlə. Əli Kərimlinin xaraktersizliyi onu ciddi eyforiyalara sürükləyir. Bu isə onda dövlətə və millətə böhtan atmaq xəstəliyi yaradır.

Elçin Zaman, «İki sahil»