30 avqust 2024 15:42
349

Münasibətlərin inkişafı qarşlılıqlı etimada əsaslanır

Azərbaycanla Özbəkistan investisiya qoyuluşları sahəsində əməkdaşlığı genişləndirir

Prezident İlham Əliyevin Daşkəndə dövlət səfəri çərçivəsində imzalanmış Azərbaycan ilə Özbəkistan arasında Müttəfiqlik Münasibətləri haqqında Müqavilə bütün türk dünyası ölkələri üçün uğurlu qarşılıqlı fəaliyyətin bariz nümunəsidir.

Azərbaycan-Özbəkistan razılaşmaları əməkdaşlığın geniş spektrinin inkişafına yönəlib və eyni zamanda Ermənistanın işğalından azad edilmiş Xankəndi şəhərində Özbəkistan tərəfindən tekstil müəssisəsinin açılmasını nəzərdə tutur. Bu, Daşkəndin təkcə investisiya addımı deyil, həm də siyasi mesajdır. Beləliklə, Özbəkistan Xankəndiyə sərmayə qoymağa hazır olduğunu bildirən ilk ölkə oldu. Rəsmi Bakı ilə Daşkənd arasında əməkdaşlığın əsasları Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub, dövlətimizin başçısı İlham Əliyevin düşünülmüş siyasəti və Prezident Şavkat Mirziyoyevin müdrik kursu sayəsində güclü təkan alıb.

Prezident İlham Əliyevin Özbəkistana səfəri Azərbaycanın türk dövlətləri ilə qarşılıqlı fəaliyyətdə özünü göstərən uğurlu və güclü çoxvektorlu xarici siyasətinin növbəti təzahürü oldu. Azərbaycan regionda parlaq ulduzdur, bu da BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-da bir daha dünyaya nümayiş etdiriləcək.

Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsinin həcmi 2019-cu ildə 81,9 milyon dollar olmuşdusa da, 2022-ci ilə qədər 183,3 milyon dollara çataraq təxminən 124 faiz artım göstərib. Ticarət əlaqələrinin genişlənməsinə 15 oktyabr 2019-cu ildə Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci Zirvə Görüşündə Özbəkistanın şuraya tam üzv kimi qoşulması mühüm təsir göstərib.

Cari ilin yanvar-iyun aylarında Azərbaycandan Özbəkistana ixrac olunan malların dəyəri 13,964.8 min dollar, idxal isə 77,022.2 min dollar təşkil edib. İdxalın əhəmiyyətli dərəcədə artımı, əsasən, sənaye məhsulları, avadanlıqlar, avtomobil və tikinti materialları kimi sahələrə aiddir. İxrac isə daha çox kənd təsərrüfatı, neft və neft-kimya sənayesinə aid məhsullar, eləcə də metal məmulatlarını əhatə edir. Bu fərq iqtisadi əməkdaşlığın balanslaşdırılması üçün qarşıdakı illərdə yeni ticarət strategiyalarının vacibliyini göstərir.

Səfər çərçivəsində dövlət başçılarının iştirakı ilə Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şurasının birinci iclasında strateji əməkdaşlığı daha da gücləndirmək məqsədilə mühüm qərarlar qəbul edilib. Xüsusilə, Azərbaycan və Özbəkistan Prezidentləri arasında “Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında Müttəfiqlik Münasibətləri haqqında Müqavilənin” imzalanması tarixi əhəmiyyətə daşıyır. SOCAR və “Uzbekneftqaz” şirkətləri arasında imzalanan sənədlər enerji sahəsində əməkdaşlığı daha da inkişaf etdirəcək. Bununla yanaşı, turizm sahəsində 2024-2026-cı illər üzrə fəaliyyət planı, mədəni əməkdaşlıq üzrə yol xəritəsi, təhsil və elm, ədliyyə, əmək fəaliyyəti, ticarət və iqtisadiyyat, regional əməkdaşlığa dair razılaşmalar nəticəyönümlü layihələri hədəfləyir.

Daşkənddə keçirilən biznes-forumda onlarla biznes müqavilələrinin imzalanması iqtisadiyyatın müxtəlif sektorları üzrə müştərək müəssisələr, ticarət və investisiya layihələri üzrə əhəmiyyətli anlaşmaların əldə olunması iki ölkə arasında hədəflənən ticarət dövriyyəsinin artmasına töhfə verəcək. Bu addımlar regional inteqrasiyanı gücləndirəcək və iki ölkənin iqtisadi maraqlarını dəstəkləyəcək. Xüsusilə Azərbaycanın işğaldan azad olunan Xankəndi şəhərində yeni yüngül sənaye müəssisəsinin yaradılması özbək xalqının qardaş dəstəyinin ifadəsidir. Ümumiyyətlə, Özbəkistan azad olunmuş ərazilərin bərpasında yaxında iştirak edir. Füzuli şəhərində orta məktəbin inşası bu dəstəyin bariz nümunəsidir.

Ölkələrin həm regionda, həm də beynəlxalq arenada nüfuzu sürətlə artmaqdadır. Bu baxımdan Trans-Xəzər dəhlizi üzrə əməkdaşlıq potensialının daha səmərəli istifadəsi dövlət başçılarının müzakirə etdiyi əsas mövzulardan biridir. Azərbaycan türkdilli ölkələrlə əlaqələri gücləndirmək prioritetini davam etdirir. Xüsusilə ticarət və Orta Dəhliz boyunca infrastrukturun inkişafı, Mərkəzi Asiya və Qafqaz arasında əlaqəni artırmaq Türk Dünyasının inteqrasiyası baxımından mühüm əhəmiyyətə malikdir.

Meydanəli Yolçiyev,
YAP Daşkəsən rayon təşkilatının sədri