30 avqust 2024 03:01
439

Heydər Əliyev Azərbaycan xalqının birliyinin və dövlət müstəqilliyinin rəmzidir

3 sentyabr 1991-ci il Azərbaycanın müstəqillik salnaməsinə əbədiyyət tarixi kimi yazıldı

«Ancaq eyni zamanda mən öz taleyimi xalqa tapşırmışam və xalqın iradəsini yəqin ki, indi bu müddətdə , bu çətin dövrdə yerinə yetirməliyəm.»

Ulu Öndər Heydər Əliyev

Naxçıvan Muxtar Respubliksı Ali Sovetinin 3 sentyabr 1991-ci il tarixli sessiyasının güdəliyində yer alan, iclasın keçirildiyi binanın qarşısına toplaşan yüzlərlə insanın intizarla gözlədiyi təşkilatı məsələ ilə bağlı qəbul olunacaq qərarın bütünlükdə Azərbaycanın varlığı, müstəqilliyimiz üçün nə qədər əhəmiyyətli olacağını çoxları bilmirdi. Həyəcanla sessiyanın gedişini izləyən, xilaskar axtaran insanlar Naxçıvanı Ermənistanın təcavüzündən, muxtar respublikada yaranan hərc- mərclikdən , o zaman iqtidarda olan AXC-Müsavat cütlüyünün bu qədim diyara ögey münasibətindən xilas edə biləcək ümid yeri axtarırdı. Ümumi adları «cəbhəçilər» olan bir qrup ünsür muxtar respublikada el sözü ilə deyilsə at oynadırdı. Qanun, mizan –tərəzi tanınmırdı. Bakıda əyləşən səbatsız rəhbərlik tərəfindən gözüm-çıxdıya salınan Naxçıvanın sakinləri müdrikliyi, qətiyyəti , yüksək təşkilatçılıq qabiliyyəti ilə muxtar respublikanı çətinlikdən çıxara biləcək səriştəli rəhbərə ehtiyacı var idi. Taleyin hökmü, zamanın tələbi bu istəyi gerçəkləşdirdi.

…Sovetlər dönəmində ən geridə qalmış respublikalardan olan Azərbaycanı arzuladığı qüdrətli dövlətə çevirmək üçün addım-addım irəliləyən bacarıqlı dövlət xadimi Heydər Əliyevin siyasəti nəticəsində ölkəmiz k eçici Qırmızı bayraqlar diyarına çevrildi. Təşkilatçılığı və təşəbbüskarlığı nəzərə alınaraq Kremldə yüksək vəzifəyə layiq görülən, Moskvada çalışdığı müddətdə yaranan ən kiçik imkandan belə Azərbaycanın qüdrətlənməsi naminə istifadə edən, yuxarıdan verilən tapşırıqların fərqinə varmadan, sözsüz əməl edildiyi bir zamanlarda belə xalqını düşünən Ulu Öndər Heydər Əliyev «hamının bir arşınla ölçülməsi» prinsipi ilə razılaşmırdı. Ulu Öndərin xarakterinə bir amal hakim idi: Heç bir xalqın həyat tərzini, standartlarını, davranış qaydalarını, adət-ənənələrini başqalarına zorla tətbiq etmək olmaz. Bu məcburiyyət demokratiya pərdəsi altında olsa belə yolverilməzdir.

Siyasi savadı, dövlətçilik təcrübəsi, şəxsi nüfuzu ilə təkcə azərbaycanlıların deyil, Kremldə çalışan sağlam düşüncəli insanların hörmətini qazanan müdrik şəxsiyyət Heydər Əliyevə həsəd apardığını hər məqamda bildirən və ermənipərəst mövqeyini İttifaq iqtisadiyyatının ən ağır sahələri olan tikinti, nəqliyyat, kimya sənayesinə başçılıq edən Ulu Öndəri vəzifəsindən azad etməklə rahatlıq tapan SSRİ-nin ilk və sonuncu prezidenti Mixail Qorbaçov kimi Azərbaycandakı «kommunist ideologiyası» xəstəliyinə tutulmuş rəhbərlik də eyni, səviyyəsiz düşüncə tərzinə malik idilər. Daşnak ideoloqlarının məkrli planlarını yerinə yetirən Qorbaçovun qısqanclığı üzündən Moskvada təzyiqlərlə üzləşən fərdi pensiyaçı Heydər Əliyevin Bakıya qayıdışını özlərinin sonu kimi dəyərləndirən Azərbaycanın müti rəhbərliyi bu dönüşün qarşısını almaq üçün təxribatlar törətdilər. 1982-ci ilin noyabrından etibarən fəaliyyətini Kremldə davam etdirən, özündən sonrakı rəhbərliyə çiçəklənən respublika tapşıran, ədalətsizliyə məruz qaldığı zaman Vətəninə qayıdan müdrik şəxsiyyət Heydər Əliyev canından artıq sevdiyi Azərbaycanı siyasi və iqtisadi kataklizmlər məngənəsində gördü və çox narahat oldu. Təbii ki, respublikanı bu günə salanlar və Kremlin qolu bağlı, həqiqəti etiraf etmək iqtidarında olmayan nökərləri Ulu Öndərin Azərbaycana qayıdışını qəbul etmədilər. Ona görə də xalqının qəlbində əbədi hörmət və ehtiram qazanan, respublikada siyasi gərginliyin yaranmasını istəməyən Heydər Əliyev doğulduğu Naxçıvana getməyə məcbur oldu.

22 iyul 1990-cı il tariximizə Azərbaycan xalqının nicat günü, Ulu Öndərin isə xilaskarlıq missiyasının başlanğıcı kimi daxil oldu. Həmin gün Naxçıvana qayıdan Ulu Öndəri böyük coşqu və məhəbbətlə qarşılayan həmyerliləri bu dönüşü sönən, öləziyən ümidlərinin canlanması hesab edərək sevinirdilər. Naxçıvanın mərkəzi meydanına toplaşan, xilaskarları Heydər Əliyevin müstəqilliyə aparan yola çağırış olan sözlərinə diqqətlə qulaq asanlar inanırdılar ki, Azərbaycan xalqının taleyi əmin əllərdədir. Bir el ağsaqqalı kimi ziyarətinə gələn həmyerlilərinin söhbətlərini dinləyən, problemləri ilə maraqlanan Ulu Öndər bir həqiqəti ilk günlərdən dərk etdi: Vəziyyət təsəvvür olunandan da artıq çətin, ağır, dözülməz idi. Ermənistan tərəfindən blokadaya alınan muxtar respublikanın əhalisi Bakıda kreslo hərisi olan, muxtar respublikanı Azərbaycanın kor bağırsağı adlandıran rəhbərlər tərəfindən də diqqətdən kənarda qalmışdı. Əhali enerji, ərzaq, gündəlik tələbat mallarını tapmaqda belə çətinlik çəkirdi. Belə bir məqamda Azərbaycanda siyasi vəziyyətin gərginləşməsi, AXC-Müsavat cütlüyünün hakimiyyətindən narazılığın artması muxtar respublikanın həyatına da təsirsiz ötüşmədi. Ümumi adları « cəbhəçilər» olan iqtidarsızların muxtar respublikada yaratdıqları hərc-mərclik ciddi narahatlıq doğururdu.

… 3 sentyabr 1991-ci ildə keçirilən Naxçıvan MR Ali Sovetinin növbəti sessiyasının nəticəsini hamı səbirsizliklə gözləyirdi. Həmin sessiyada 4 dəfə çıxış edərək onun namizədliyini irəli sürənlərə minnətdarlığını bildirən müdrik ağsaqqal Heydər Əliyev təkidlə xahiş etdi ki, onun namizədliyini səsə qoymasınlar. O günlərdə yaşadığı həyəcanını sonradan Rusiyanın jurnalistləri ilə görüşündə xatırlayan Ulu Öndər sonralar həmin sessiya haqqında belə deyirdi: « Sədr seçmək məsələsi gündəlikdə dururdu… Sessiya iki və üç gün davam etdi. Bir nəticəyə gələ bilmədilər. Evə gəlib məni oraya dəvət etdilər. Üç-dörd dəfə boyun qaçırdım. Özümün razılığı olmadan məni Naxçıvan Muxtar Respublikası Ali Sovetinin Sədri seçdilər» söyləyən Ulu Öndərin üzərinə götürdüyü məsuliyyət Azərbaycanın taleyinin dönüş nöqtəsi oldu. Özünəməxsusluğu ilə seçilən həmin tarixi günün əhəmiyyətini « Çox böyük mənəvi əziyyət içərisindəyəm ki, mənim razılığım olmadan məni sədr seçdilər. Ancaq bu zamanın, dəqiqələrin, bu saatın hökmünü nəzərə almaya bilməzdim» sözləri ilə bildirən , yalnız xalqı üçün yaşayan, insanların xoşbəxt gələcəyi naminə çalışan Ulu Öndər Heydər Əliyev vurğulayırdı ki, Azərbaycanın belə ağır vəziyyətində, çətin günündə naxçıvanlıların tələbindən imtina etmək, geri çəkilmək, insanlara dəstək olmamaq onların ümidlərini qırmaq demək idi: «Ancaq eyni zamanda mən öz taleyimi xalqa tapşırmışam və xalqın iradəsini yəqin ki , indi, bu müddətdə, bu çətin dövrdə yerinə yetirməliyəm.»

Həmin tarixə bugünümüz prizmasından verilən dəyəri «Ümummilli Lider Heydər Əliyevin siyasi fəaliyyətində və şəxsi həyatında 1990-1993-cü illər Naxçıvan dövrü kimi adlandırılsa da bütünlükdə müstəqilliyimizin əbədi qarantı kimi tarixə yazıldı» sözləri ilə ifadə etmək xalqımızın Ulu Öndərə vəfa borcu olardı.

«Onun Naxçıvan MR Ali Məclisinə sədr seçildiyi gün tək muxtar respublikanın deyil, bütünlükdə Azərbaycan xalqının xilas günü kimi tarixə yazıldı» söyləyən Prezident İlham Əliyevin sözlərini tarix və zaman da təsdiqlədi. 1990-cı ildə imperiyanın törətdiyi 20 Yanvar hadisələrini pisləyən Ulu Öndərin Azərbaycanın Mosvadakı nümayəndəliyindəki çıxışını vətəndaşlıq borcu, kommunst rejiminə qarşı etiraz, siyasi qətiyyət adlandıran Prezident İlham Əliyev müdrik siyasətçi Heydər Əliyevin Naxçıvandakı fəaliyyətini müstəqilliyə gedən yolun başlanğıcı dəyərləndirir: « Naxçıvanda Azərbaycan Xalq Cümhuriyyətinin bayrağını dövlət bayrağı elan etmişdir və atılmış digər addımlar ona xalqın məhəbbətini daha da artırmışdır. Bununla bərabər, o vaxt Azərbaycanda hakimiyyətdə olan AXC-Müsavat cütlüyü xalqın inamını tamamilə itirmişdi. Onların antimilli siyasəti xalqda böyük hiddət doğururdu. Bacarıqsızlıq, qeyri-peşəkarlıq nəticəsində ölkə demək olar ki, idarəolunmaz vəziyyətə düşmüşdü. Ölkəmizi xaos, anarxiya bürümüşdü, qeyri-qanuni silahlı birləşmələr küçələrdə əli silahlı gəzirdilər, insanları incidirdilər. O illərdə ölkəmizi kütləvi rüşvətxorluq bürümüşdü. Torpaqlarımızın işğal altına düşməsi, iqtisadi böhran, sənaye böhranı, hərbi böhran demək olar ki, ölkəmizin gələcək müstəqil həyatına böyük təhlükə yaradırdı. Belə olan halda əlbəttə ki, xalq öz ümidini Heydər Əliyevə bağlamışdı.»

Azərbaycançılıq məfkurəsini siyasi fəaliyyətinin əsas istiqaməti kimi diqqətdə saxlayan Ulu Öndər Heydər Əliyevin Azərbaycana dönüşü tarixi hadisə idi. Havadarlarının dəstəyi ilə Azərbaycan torpaqlarını işğal edən Ermənistan tərəfindən blokadaya alınan muxtar respublikaya rəhbərlik etmək, bu qədim diyarı qorumaq asan deyildi. Ağır, çətin zamanda xalqı ilə birlikdə olmaq üçün Vətəninə qayıdan Ulu Öndərin varlığından belə narahat olan qüvvələr hamının el ağsaqqalı, müdrik şəxsiyyət kimi sevdiyi Ümummilli Lider Heydər Əliyevə qarşı xəyanətlər törətdilər. Amma milyonlar onu daxili və xarici dairələrin itaətində olan şər qüvvələrdən qorudu. Xilas yolu isə yenə xalqla birlikdə olmaq idi.

Bu reallığı təsdiqləmək üçün bir neçə fakta nəzər salaq.

17 noyabr 1990- cı ildə keçirilən Naxçıvan MR Ali Məclisinin sessiyasına ağsaqqal kimi sədrlik edən, Naxçıvan MSSR-nin adından , «sovet, sosialist» sözlərinin çıxarılması, dövlət atributları sayılan Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının bərpası, himn və gerbi üçün müsabiqə keçirilməsi barədə təşəbbüs irəli sürən uzaqgörən siyasətçi Heydər Əliyev muxtar respublika parlamentinə Sədrliyi dövründə daha əhəmiyyətli islahatların reallaşmasına nail oldu. Bütünlükdə Azərbaycanın süverenliyini təsdiqləyən məsələlərin həllini sürətləndirdi. 20 Yanvar faciəsinə siyasi qiymət verilməsini, günahkarların cəzalandırılmasını qəti tələb etdi. Kremldə baş verən oyunlardan xəbərdar olan, «İttifaq müqaviləsi»ni Qorbaçovun xalqları aldatmaq cəhdinin siyasi təzahürü hesab edərək ona qəti etirazını bildirdi. Çünki «yenidənqurma» oyununun pərdəarxası məqsədini, onun təhlükəli nəticələrini uzaqgörən siyasəti ilə aydın dərk edirdi. O , «nəticə» ki, Azərbaycana Dağlıq Qarabağ boyda ürək ağrısı, əzab- əziyyət, qaçqın, şəhid sözlərini «bəxş etdi.» Yalan , saxta ideyalar əsasında formalaşan və xalqları 70 ildən artıq əsarətdə saxlayan Kommunist Partiyasına etirazını KP sıralarından istefa verməklə bildirən Ulu Öndər vurğulayırdı ki, çoxpartiyalılıq olmayan cəmiyyətdə demokratiyadan, inkişafdan söhbət gedə bilməz. Ulu Öndərin Naxçıvandakı ən böyük xidmətlərindən biri insanlarda milli təfəkkür və məfkurənin formalaşdırılması idi. Diaspor fəaliyyətinin təməlini qoyan 31 dekabr- Dünya Azərbaycan türklərinin milli həmrəylik və birliyi barədə qərar qəbul olundu. Əhəmiyyətinə görə daha böyük önəm daşıyan xidmətlərindən biri də 150 ildən artıq bir müddətdə «sərhədlərimizi qoruyan» SSRİ-nin 41-ci sərhəd dəstəsinin və 75 saylı mexanikləşdirilmiş moto-atıcı diviziyanın muxtar respublikanın ərazisindən çıxarılması barədə qərarın qəbulu oldu. Azərbaycanda «qızıl ordu» hissələrinin qaldığı vaxtda Naxçıvanda belə bir cəsarətli addımın atılması, rus ordusuna məxsus silah- sursatın, əmlakın, hərbi texnikanın yeni yaradılan Milli Orduya və Azərbaycanın I Sərhəd Dəstəsinə təhvil verilməsi yalnız düşünülmüş, ağıllı siyasətin nəticəsində mümkün ola bilərdi. Naxçıvanın ermənilər tərəfindən işğalının qarşısının alınmasına yönəldilmiş Qars müqaviləsinin təzələnməsi isə keçmişimizdən bugünümüzə ərmağan idi. Blokadada qalan naxçıvanlıların çətin vəziyyətdən çıxması üçün qonşu İran və Türkiyə ilə əməkdaşlıq gücləndi, hər iki dövlətdən muxtar respublikaya ərzaq , sənaye malları ən başlıcası isə enerji verildi. Türkiyə ilə əlaqələrin möhkəmləndirilməsi üçün «Ümid» körpüsü salındı. Paytaxt Bakı ilə yeganə nəqliyyat yolunun intensiv fəaliyyəti üçün geniş imkanlara malik hava limanı, Bakıda Naxçıvan nümayəndəliyi açıldı. Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. AXC-Müsavat iqtidarındakı bəylərin «unitar dövlətdə muxtariyyat ola bilməz» kimi səhv ideyalarına Ulu Öndər «Mən həyatımdan keçərəm, Naxçıvanı Azərbaycandan ayırmaram» sözləri və Qars müqaviləsini təzələməklə cavab verdi. Təcrübəli dövlət xadimi Heydər Əliyev yaxşı bilirdi ki, Naxçıvanın muxtariyyatının ləğv olunması bu qədim Azərbaycan torpağının itirilməsi demək idi.

44 gün davam edən İkinci Qarabağ müharibəsini Zəfərlə başa vuran Azərbaycanın qarşısında duran həlli vacib məsələlərdən olan Zəngəzur dəhlizinin reallaşması da Ulu Öndərin ən böyük arzularından idi. Ulu Öndər bildirirdi ki, Naxçıvanı Azərbaycandan ayıran Azərbaycan torpaqlarının- Zəngəzur mahalının Ermənistana verilməsi Naxçıvanın muxtariyyat məsələsini zəruri etdi. Muxtar respublikanın 75 illik yubileyi üzrə dövlət komissiyasının iclasında sədr kimi çıxış edən Ulu Öndər Heydər Əliyev bildirmişdi ki, Azərbaycanın o vaxtkı hökumətinin gərgin fəaliyyəti, ciddi mövqeyi və Qars müqaviləsinin imzalanması ilə Naxçıvanın muxtariyyatı təsdiqləndi, qərar qəbul olundu. Ulu Öndərin «Naxçıvanın muxtariyyatı tarixi nailiyyətdir. Biz bunu qoruyub saxlamalıyıq. Naxçıvanın muxtariyyatı Naxçıvanın əldən getmiş başqa torpaqlarının qaytarılması üçün ona xidmət edən çox mühüm amildir. Biz bu amili qoruyub saxlamalıyıq» sözləri bu gün üçün də aktualdır. Ulu Öndər Heydər Əliyev Zəngəzurun Azərbaycan üçün əhəmiyyətini bu sözləri ilə diqqətə çatdırırdı: « İndi görürsünüz, tarixi nöqteyi nəzərdən çox ağır, gərgin bir dövrdə Azərbaycan torpaqlarını qoruyub saxlamaq, Zəngəzur Ermənistana veriləndən sonra Naxçıvanı Azərbaycanın ayrılmaz bir hissəsi kimi saxlamaq üçün böyük nailiyyət əldə edilmiş, Naxçıvana muxtariyyat verilmişdir.» Ulu Öndər xalq, dövlət qarşısında heç bir xidməti olmayan səbatsız siyasətbazların, cılız düşüncəyə malik bəzi nankorların Naxçıvanın muxtariyyatının əleyhinə çıxmalarını xəyanət adlandırırdı. «Ermənistan istəsə də, istəməsə də Zəngəzur dəhlizi açılacaq» söyləyən Prezident İlham Əliyevin qətiyyətli sözləri Naxçıvan MR Ali Məclisinin Sədri olduğu müddətdə Qars müqaviləsini təzələyən Ulu Öndərin istəklərinin yerinə yetirilməsi olacaq. Ulu Öndər hələ o dövrdə bilirdi ki, Zəngəzur dünənimiz olduğu kimi, həm də sabahımızdır. Prezident İlham Əliyev layiqli davamçı olduğunu qətiyyəti, Müzəffər Ali Baş Komandan kimi Ulu Öndərə raportu ilə təsdiqlədi: «Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!»

Ötən əsrin sonlarında respublikada yaranan hərc-mərcliyə dözməyən xalqın təkidli tələbi ilə 9 iyun 1993-cü ildə Bakıya qayıdan, xilaskarlıq missiyasını geniş miqyasda davam etdirən Heydər Əliyev Ümummilli Lider, xilaskar kimi Azərbaycanı dünyada arzuladığı kimi tanıtdı.

Xuraman İsmayılqızı, «İki sahil»