30 avqust 2024 01:26
380

Ermənilərin ekoloji terrorunun daha bir çirkin nümunəsi

Artıq işğaldan qurtulmuş Qarabağın və Şərqi Zəngəzurunun zəngin su ehtiyatlarının səmərəli idarə olunması bütövlükdə regionun iqtisadi inkişafını sürətləndirəcək

İşğal illərində Azərbaycan təbiətinə vurulan ziyanın da miqyası çox böyükdür. Ermənilər 30 il ərzində təbiətin qənimi rolunda çıxış edərək sözün əsl mənasında ekoloji terror törədiblər. Bu dövrdə ölkəmizin meşə fonduna ciddi ziyan dəyib. Bunu təsdiqləyən çoxlu sənədlər, o cümlədən də “Azərkosmos”un təqdim etdiyi fotolar var. Bu fotolarda aydın şəkildə görünür ki, bəhs olunan ərazilərdə işğaladək və işğaldan sonra nə qədər meşə sahələri mövcud olub. Verilən məlumatlara görə, ermənilər işğal dövründə xüsusilə Kəlbəcər, Laçın və Zəngilanda 60 min hektara yaxın meşə fondunu məhv ediblər. Başqa bir fakt ermənilərin işğal illərində Qarabağın zəngin su ehtiyatlarını sözün əsl mənasında siyasi təzyiq vasitəsinə çevirmələri ilə bağlıdır. Mənfur düşmən torpaqlarımızı işğal etdikdən sonra su anbarlarının, eləcə də çayların bəndlərini yayda suya tələbat artanda bağlayır, qışda suya tələbat azalanda isə açırdılar. Beləcə, keçmiş təmas xəttinin yaxınlığında yerləşən rayonlarda minlərlə hektar ərazidə əkin-biçin aparmaq mümkünsüz olurdu, münbit torpaqlarımız şoranlaşırdı. Mövcud su anbarlarının qəsdən məhv edilməsi Ermənistanın Qarabağda həyata keçirdiyi ekoloji terrorun daha bir nümunəsidir.

İşğal altında qalan ərazilərimizdəki çayların çirkləndirilməsi də ermənilərin Azərbaycan təbiətinə qarşı apardıqları yaşıl soyqırımı siyasətinin tərkib hissəsi olub. Transsərhəd çay olan Oxçuçay fəlakət zonasına çevrilib. Bu çay Ermənistan ərazisində daim kəskin çirklənməyə məruz qalır. Qafan və Qacaran dağ-mədən sənayesinin tullantıları ilə hədsiz dərəcədə çirkləndirilən Oxçuçayın suyu təmizlənmədən Araz çayı vasitəsilə Azərbaycan ərazisinə yönləndirilir. Nəticədə Arazın da suyu əhəmiyyətli dərəcədə çirklənməyə məruz qalır. Oxçuçaydan postmüharibə dövründə götürülən su nümunələrində yüksək miqdarda ağır metal, xüsusən mis, molibden, manqan, dəmir, sink və xrom aşkar edilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin monitorinq hesabatlarına əsasən, çayda mis-molibden birləşməsinin miqdarı 2, dəmir 4 və nikel 7 dəfə normadan yüksək olub, çayın rəngi çirklənmə səbəbindən vaxtaşırı dəyişib. 2021-ci ilin mart ayında çayda qızılxallı balığın (Small Trout) kütləvi ölümü qeydə alınıb. Belə misalların sayını artıra da bilərik. Ancaq bəhs olunan faktlar da vəziyyətin nə qədər acınacaqlı olduğu barədə konkret təsəvvür yaradır.

Vətən müharibəsi zamanı işğaldan azad olunmuş ərazilərimiz Azərbaycanın su ehtiyatları ilə zəngin olan regionudur. Qazanılan şanlı Qələbə sayəsində işğaldan azad olunmuş ərazilərdə 2 milyard kubmetrdən artıq su ehtiyatından daha səmərəli istifadə etmək imkanı yaranıb. Xatırladaq ki, Ümummilli Lider Heydər Əliyev keçmiş sovet dönəmində Azərbaycana rəhbərlik edərkən Qarabağdakı zəngin su ehtiyatlarından səmərəli istifadə edilməsi məsələsini diqqət mərkəzində saxlayıb və bu məqsədlə burada mükəmməl infrastruktur yaradılmasına nail olub. Heydər Əliyevin səyləri ilə Qarabağda inşa olunan mühüm su infrastrukturundan biri Sərsəng Su Anbarıdır.  Strateji əhəmiyyətə malik Sərsəng su anbarı məhz dahi rəhbərin təşəbbüsü ilə tikilib. 1976-cı ildə Heydər Əliyev Su Anbarının açılışında şəxsən iştirak edib. Sərsəng Su Anbarı Azərbaycanın ən bolsulu çaylarından olan Tərtərçayın üzərində yerləşir. Ümumi həcmi 560 milyon kubmetr olan su anbarı Qarabağ iqtisadi rayonunun ən iri su hövzəsidir. Bəndin hündürlüyü 125, uzunluğu 555, eni isə 10,2 metrdir. Sərsəng su anbarı vasitəsilə Bərdə, Tərtər, Ağdam, Ağcabədi, Yevlax və Goranboy rayonlarında, ümumilikdə 96 min hektardan çox ərazi suvarılır. Su anbarının bəndində ümumi gücü 50 meqavat olan su elektrik stansiyası tikilib.

İşğaldan azad olunmuş ərazilərdə yerləşən Suqovuşan Su Anbarı və magistral kanallar da Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə -1976-cı ildə istismara verilib. Su anbarının ümumi su tutumu 5,86 milyon kubmetrdir. Bəndin üstdən uzunluğu 630 metr, hündürlüyü 28 metr, eni isə 10 metrdir.  Su anbarının yerləşdiyi ərazi 28 il işğal altında olduğundan Tərtər rayonunda 24,5 min, Ağdərə ərazisində 14,4 min, Goranboy rayonunda 7 min, Yevlax rayonunda 5,9 min, Bərdə rayonunda 12,6 min, Ağdam rayonunda 30 min, Ağcabədi rayonunda 2 min hektar olmaqla, ümumilikdə, 96 min hektardan çox torpaq sahəsinin su təminatında ciddi çətinliklər yaranmışdı. Postmüharibə dövründə su anbarında aparılan təmir-bərpa işləri həmin torpaq sahələrinin suvarılması işinin yaxşılaşdırılmasını təmin edəcək. Aparılan bərpa işlərindən sonra Suqovuşan Su Anbarı ötən ilin oktyabrında Prezident İlham Əliyevin iştirakı ilə işə salınıb. Bu münasibətlə təşkil olunan tədbirdə bildirilib ki, Tərtərçay və Turağayçay çaylarından daxil olan sular su anbarında tənzimlənərək, ümumi suburaxma qabiliyyəti saniyədə 70 kubmetr olan əsas magistral kanala, başlanğıcdan 5,2 kilometr sonra isə hər birinin suburaxma qabiliyyəti saniyədə 50 və 20 kubmetr olan sağ sahil və sol sahil magistral kanallarına verilir.

Ölkəmiz işğaldan azad olunmuş ərazilərdə bütün mənbələrdən formalaşan su ehtiyatlarından səmərəli şəkildə istifadə olunmasına çox həssas yanaşma sərgiləyir. Təkcə ümumi sistemə daxil olan “Köndələnçay-1”, “Köndələnçay-2” və “Aşağı Köndələnçay” su anbarlarının bərpası ilə Füzuli rayonu ərazisində 6200 hektar əkin sahəsinin suvarılması mümkün olacaq. Hazırda işğaldan azad edilmiş ərazilərdəki bir sıra su anbarlarında bərpa işləri davam etdirilir.

Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan istifadəyə nəzarət şöbəsinin müdiri Firudin Tağıyev “Su idarəetmə sistemlərinin dayanıqlı kənd təsərrüfatında rolu: COP29 dəyirmi masa müzakirələri” mövzusunda keçirilən tədbirdə bildirib ki, Azərbaycanda suvarılan sahələrin 88 faizinin su təminatı yerüstü mənbələr hesabına ödənilir. O qeyd edib ki, yalnız 180 min hektar sahənin suvarılmasında və içməli-məişət məqsədləri üçün yeraltı sulardan istifadə olunur. F.Tağıyev vurğulayıb ki, ölkənin yerüstü su ehtiyatları su balansına əsasən 36 milyard kubmetr təşkil edir və quraqlıq illərdə həcmi 22 milyard kubmetrə qədər azalır: “Azərbaycanda su ehtiyatları məhduddur. İllik su balansının cəmi 30 faizi ölkə ərazisində, 70 faiz hissəsi isə ölkə hüdudlarından kənarda formalaşır. 12 milyard kubmetr illik su istehlakından təxminən 7-8 milyard kubmetr suvarmaya və kənd təsərrüfatının təchizatına, 2 milyard kubmetr digər məqsədlərə (içməli su, istehsalat və s), 3-4 milyard kubmetr isə nəql zamanı itkilərə sərf olunur". Firudin Tağıyev söyləyib ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin su potensialı daha yüksək qiymətləndirilir. Onun sözlərinə görə, burda 10 su anbarı, 17 çayın olması şirin su ehtiyatlarımızı daha da əlçatan edir: “Bildiyiniz kimi, işğaldan azad edilmiş ərazilər "yaşıl enerji" zonası elan edilib. Bundan başqa, bu ərazilərin "sıfır emissiya" zonası elan edilməsi ilə bağlı öhdəlik götürmüşük. Ona görə də bu ərazilərdəki hidroenerji ehtiyatlarının, eyni zamanda suyun idarə edilməsi əsas hədəflərdəndir. İşğaldan azad edilmiş ərazilərimiz yenidən qurulur və bu prosesləri çalışırıq ki, ardıcıl olaraq orda tətbiq edək”.

Sevinc Azadi, “İki sahil”