Demokratiya və tərəqqi yolunda inamla irəliləyən Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığı Avratlantik məkana inteqrasiya kontekstində uğurla inkişaf edir. Respublikamızın milli maraqların təmin edilməsinə əsaslanan xarici siyasəti Avropa İttifaqı ölkələri ilə bərabərhüquqlu, yaxın təmaslara söykənən harmonik münasibətlərin qurulmasına əsaslanır. Avropa və Asiyanın kəsişmə nöqtəsində yerləşən Azərbaycanın geostrateji mövqeyi Avropa İttifaqına (Aİ) üzv dövlətlərin də ölkəmizlə siyasi və iqtisadi münasibətləri inkişaf etdirməyə marağını daha da artırıb.
Avropa İttifaqı ilə qarşılıqlı hörmət və maraq prinsipləri üzərində davamlı münasibətlərin qurulması və inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir. Respublikamız hələ 1996-cı ildən Aİ ilə tərəfdaşlıq və əməkdaşlıq sazişi, daha sonra 2004-cü ildən Avropa qonşuluq siyasəti və nəhayət, 2009-cu ildən Şərq Tərəfdaşlığı proqramı çərçivəsində əməkdaşlıq edir. Azərbaycanın Avropa İttifaqı ilə çoxşaxəli əməkdaşlığı geniş sahələri-siyasi, iqtisadi, demokratik inkişaf, multikulturalizm, investisiya, enerji təhlükəsizliyi, nəqliyyat, sosial müdafiə sahələrini əhatə edir və bu əməkdaşlıq gündən-günə genişlənir. Bu gün Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Avropa İttifaqı ilə ticarət dövriyyəsinin həcminin ümumi ticarətdəki payı 50 faizdir. Azərbaycan iqtisadiyyatına investisiya yatıran xarici ölkələr arasında Avropa İttifaqı ölkələri üstünlük təşkil edir. Son 10 ildə respublikamızda əsas kapitala yönəlmiş xarici investisiyaların 51 faizi, qeyri-neft sektoruna qoyulmuş xarici investisiyaların isə 36 faizi Avropa İttifaqı ölkələrinin payına düşür. Ölkəmizin qeyri-neft sektoruna-sənaye, ticarət, kənd təsərrüfatı, nəqliyyat, bank işi və digər sahələrdə mindən çox Avropa şirkəti Azərbaycanda qeydiyyatdan keçmişdir. Avropa İttifaqının 23 ölkəsi ilə ikiqat vergitutma aradan qaldırılıb, 18 ölkəsi ilə sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında sazişlər imzalanıb, 14 ölkə ilə hökumətlərarası komissiya yaradılıb. Müstəqillik dövründə Avropa İttifaqından Azərbaycan iqtisadiyyatına 20 milyard dollardan çox investisiya yatırılıb. Təbii ki, bu, Azərbaycanın əlverişli investisiya və biznes mühitinə malik olduğunun əyani nümayişidir. Respublikamız Avropa İttifaqına üzv 9 ölkə ilə strateji tərəfdaşlıq bəyannamələri qəbul edib. Bu o deməkdir ki, ölkəmiz Aİ ölkələrinin üçdəbirindən çoxu ilə strateji tərəfdaşlıq formatı yaradıb. Bu gün Azərbaycan Aİ ilə müxtəlif sahələr üzrə geniş əməkdaşlıq əlaqələrinə malikdir. Artıq dünyanın potensial qaz ixracatçısına çevrilən Azərbaycan regionun və Avropanın enerji xəritəsini zənginləşdirir, XXI əsrin əsas qaz təchizatçısı kimi diqqəti özünə daha çox cəlb edir. Bu gün Avropa İttifaqının üzvü olan bəzi ölkələrin enerji balansında Azərbaycan nefti 20-30 faiz təşkil edir. Ölkəmizdən təbii qazın Avropa bazarlarına nəql edilməsi layihəsi hazırda Avropanın enerji gündəliyində duran ən vacib məsələlərdən biridir. Azərbaycan Avropa üçün yeganə yeni enerji mənbəyidir. Azərbaycan enerji diplomatiyası vasitəsilə bütövlükdə dünyanın böyük dövlətlərinə, eləcə də Avropa İttifaqı ölkələrinə mehriban dostluq və əməkdaşlıq münasibətlərini nümayiş etdirir. Bu münasibətlər dövlətlərarası əlaqələrin inkişafına möhkəm zəmin yaradır. XX əsrdə reallaşan “Əsrin müqaviləsi”ndən sonra XXI əsrdə davam etdirilən bu layihələr Azərbaycanı Avropanın enerji təhlükəsizliyində əsas rol oynayan aktorlardan birinə çevirməklə ölkəmizin dünyadakı nüfuzunun və əhəmiyyətinin artmasına şərait yaradır. 2017-ci il fevralın 23-də Bakıda “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının üzvü olan dövlətlərin nazirlərinin, ABŞ və Böyük Britaniya hökumətləri nümayəndələrinin, Avropa Komissiyasının vitse-prezidentinin, şirkət və beynəlxalq maliyyə təşkilatları təmsilçilərinin iştirakı ilə keçirilən toplantıda bütün bunlar ətraflı müzakirə olunub.
Bu gün Azərbaycan siyasi və iqtisadi islahatlar siyasətini uğurla davam etdirir. Aparılan genişmiqyaslı quruculuq işlərinin sayəsində respublikamızı qonşu ölkələrlə birləşdirən bütün magistral yollar müasirləşdirilib, ölkəmizdə altı beynəlxalq hava limanı inşa edilib, təyyarə parkı yenilənib, dəmir yolu infrastrukturunun fəal modernləşdirilməsi prosesi uğurla davam etdrilir. Həmçinin 2018-ci ildə Xəzər dənizində ən böyük beynəlxalq dəniz limanı istismara veriləcək. Azərbaycan Avropa ilə Asiyanı dəmir yolu ilə birləşdirən ölkəyə çevrilib. Enerji və nəqliyyat təhlükəsizliyini, iqtisadi tərəqqini prioriteti hesab edən ölkəmiz Asiya ilə Avropanı birləşdirən, iki qitə arasında yeni nəqliyyat əlaqəsini təmin edən Bakı-Tbilisi-Qars dəmir yolunu bütün maneə və çətinliklərə baxmayaraq uğurla reallaşdırdı.
Hazırda Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir. 2004-cü ildən ümumi daxili məhsul 3 dəfədən çox artıb, işsizlik səviyyəsi 5 faizə enib. Xarici borc ümumi daxili məhsula nisbətdə 20 faizdən də aşağı səviyyədədir. Davos Dünya İqtisadi Forumu iqtisadiyyatımızın rəqabətqabiliyyətliliyinə görə ölkəmizi 35-ci yerə layiq görüb. Bütün bunlar gələcəkdə Avropa İttifaqı ölkələri tərəfindən Azərbaycan iqtisadiyyatına sərmayə qoyuluşuna və qeyri-neft sektoru sahəsində əlaqələrimizin genişlənməsinə imkan verəcəkdir.
Azərbaycan Avropa Şurasına üzv olduğu vaxtdan indiyədək demokratiyanın inkişafı, insan haqlarının və azadlıqlarının qorunması, vətəndaş cəmiyyətinin qurulması yolunda böyük uğurlar qazanıb. Azərbaycanın Avropa Şurasına üzvlüyündən sonrakı dövr ərzində Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin respublikamız üzrə həmməruzəçilərinin ölkəmizin qurum qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinin nəzərdən keçirilməsi məqsədilə mütəmadi olaraq Bakıya səfərləri təşkil edilib. Hər dəfə hazırlanmış məruzələrdə Azərbaycanın üzərinə götürdüyü öhdəliklərin yerinə yetirməsi yüksək qiymətləndirilmiş, ölkəmizin demokratiya sahəsində mühüm inkişafa nail olduğu qeyd edilib.
Prezident İlham Əliyevin yürütdüyü siyasətin mərkəzində də birbaşa insan amili durur. Həyata keçirilən dövlət siyasəti vətəndaşın sosial rifahının, təhlükəsiz yaşayışının təmin edilməsinə xidmət edir. Ölkə başçısının vurğuladığı kimi, vətəndaş cəmiyyətinin yaradılması və möhkəmlənməsi, demokratikləşmə prosesinin davam etməsi, hüquqi dövlətin qurulması sadəcə olaraq bir şüar, yaxud da bir niyyət deyil, bu, Azərbaycanın hərtərəfli inkişafı üçün başlıca şərtdir. Ölkəmizin başçısı Şərq Tərəfdaşlığı Sammitinin plenar sessiyadakı çıxışında bildirib ki, Azərbaycan insan kapitalına böyük sərmayə yatırıb. Savadlılıq səviyyəsi 100 faizə yaxındır, təhsilli insanlar bizim islahatlarımız üçün əsas aparıcı qüvvə, radikalizmə və dini ekstremizmə qarşı əsas qarantdır.
Prezident İlham Əliyev Şərq Tərəfdaşlığı Sammitinin plenar sessiyasında çıxışı zamanı bildirib ki, Azərbaycanın ərazi bütövlüyü istənilən digər ölkənin ərazi bütövlüyü kimi eyni dəyərə malikdir və bərpa olunmalıdır: “Bizim üzləşdiyimiz əsas çağırış torpaqlarımızın Ermənistan tərəfindən işğalının davam etdirilməsidir. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin demək olar ki, 20 faizi 20 ildən çoxdur Ermənistanın işğalı altındadır. İşğal nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib və biz etnik təmizləmə siyasətinə məruz qalmışıq. BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının bizim ərazilərimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. Onlar Ermənistan tərəfindən yerinə yetirilmir. XXI əsrdə separatizm, təcavüzkar separatizm qəbul edilə bilməz. Separatizmin bütün formaları pislənməlidir və separatizmin bütün təzahürlərinə vahid yanaşma tətbiq edilməlidir”.
Reallıq bundan ibarətdir ki, Erməinstan 1993-cü ildən BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi, erməni qoşunlarının işğal olunmuş Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrə əməl etmir. Digər məsələlərlə bağlı beynəlxalq təşkilatların qərar və qətnamələri dərhal icra olunduğu halda, BMT-nin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı qətnamələri 24 ildir ki, yerinə yetirilmir. Dağlıq Qarabağ münaqişəsinin regional və beynəlxalq təhlükəsizliyə və sabitliyə ciddi təhlükə olduğunu yaxşı anlayan beynəlxalq təşkilatlar, Avropa İttifaqı ölkələri, ATƏT-in Minsk qrupu beynəlxalq hüququn bütün norma və prinsiplərinə əməl etməsi üçün işğalçı Ermənistana təzyiq göstərməli, bu təcavüzkar ölkəyə sanksiyalar tətbiq olunmalıdır.
Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Brüsseldə keçirilən Şərq Tərəfdaşlığı Sammitinin yekunları üzrə mətbuat konfransında deyib ki, münaqişələr “Şərq tərəfdaşlığı” ökələrində inkişafı əngəlləyir.
Bundan başqa Avropa Komissiyasının Ticarət üzrə Baş direktorluğu Avropa İttifaqı şirkətlərinin Azərbaycanın işğal olunmuş ərazilərində kommersiya fəaliyyətinin yaradacağı məsuliyyət haqqında xəbərdarlıq yayıb. Orada bildirilir ki, Azərbaycan qanunvericiliyinə əsasən, Dağlıq Qarabağ və ətraf ərazilərdə birbaşa və ya filialları vasitəsilə kommersiya fəaliyyəti göstərən Avropa İttifaqı şirkətləri mülki və cinayət məsuliyyətinə cəlb olunma riski daşıyır. Bu cür fəaliyyət Azərbaycanda həmin fəaliyyəti aparan fərdlərə və müvafiq biznes barəsində cinayət təqibi və ya digər hüquqi tədbirlərin görülməsi ilə nəticələnə bilər, həmçinin gələcəkdə Azərbaycana səfər etmə imkanına təsir edə bilər. Avropa Komissiyasının bu xəbərdarlığı Aİ fiziki və hüquqi şəxslərinin işğal olunmuş ərazilərdə qeyri-qanuni fəaliyyətinin qarşısının alınması ilə bağlı ölkəmizin legitim tələblərinin yerinə yetirilməsi istiqamətində atılmış ilkin addımdır. Şübhəsiz, Aİ ilə bütün səviyyələrdə, habelə mövcud dialoq formatları, eyni zamanda Aİ üzv ölkələri ilə ikitərəfli iqtisadi-ticarət əməkdaşlığı üzrə Müştərək Komissiyalar çərçivəsində məsələ ilə bağlı Azərbaycan hökumətinin prinsipial mövqeyinin təbliğinin davamlılığı ilkin nəticənin əldə olunmasında mühüm rol oynayıb. Bu tendensiyanın saxlanılması gələcəkdə Aİ tərəfindən növbəti və daha təsirli tədbirlərin görülməsini istisna etmir.
Avropa İttifaqının Şərq Tərəfdaşlığı sammiti çərçivəsində baş tutan Zirvə görüşündə ölkəmiz üçün ən vacib məsələlərdən biri yekun sənəddə Azərbaycanın ərazi bütövlüyünə münasibət idi. Ekspertlərin qeyd etdiyi kimi, dövlətimizin başçısının sammitdə qətiyyətli mövqeyi, Azərbaycanın taleyüklü məsələlərinin Avropa İttifaqı rəhbərliyinin diqqətinə çatdırması, Ermənistanın Azərbaycan torpaqlarının işğalını davam etdirməsinə yol verilməsini, status-kvonun saxlamağa çalışmasını qabartması yekun bəyannaməyə təsir etdi. Şərq Tərəfdaşlığı sammitində qəbul olunan Yekun Birgə Bəyannamədə belə problemlərin həllinin beynəlxalq hüquq normalarına uyğun, ərazi bütövlüyü çərçivəsində həll olunmasının vacibliyi bildirilib. Sənədin ikinci bəndində Avropa İttifaqının həmin proqram üzrə bütün tərəfdaşlarının ərazi bütövlüyünün, müstəqilliyinin və suverenliyinin dəstəkləməsi xüsusi qeyd edildiyi halda, millətlərin öz müqəddəratını təyin etməsi hüququ barədə bir kəlmə də bildirilmir. Tərəfdaş dövlətlərin ərazi bütövlüyü, suverenliyi və müstəqilliyi prinsiplərinin necə deyərlər uydurma prinsiplər üzərində aliliyi yenidən təsdiq edilib.
Prezident İlham Əliyevin bildirdiyi kimi, Azərbaycan Avropa İttifaqı ilə münasibətlərin inkişafında maraqlıdır və bunu dövlət siyasətinin prioriteti hesab edir: “Bu gün Azərbaycan Asiya ilə Avropa arasında yerləşən, regionumuzda dərin kökləri, Avropa ilə güclü əlaqəsi olan, Avropa dəyərlərini paylaşan bir ölkədir. Biz Avropa təsisatlarından aldığımız dəstəyə görə minnətdarıq. Əminəm ki, qarşıdakı illərdə Azərbaycan ilə Avropa İttifaqı arasındakı əməkdaşlıq uğurla davam edəcək və tezliklə bizim qarşımızda yeni imkanlar açacaq yeni saziş imzalayacağıq”.
Zahid Rza, “İki sahil”
Çıxış Azərbaycanın Türk Dövlətləri Təşkilatı ilə əməkdaşlığının perspektivləri haqqında zəmanət oldu
Xankəndidə Böyük Qayıdışın yeni mərhələsi: doğma yurdda həyat yenidən canlanır