28 avqust 2024 23:27
303

Zəngəzur dəhlizi Tarixi İpək Yolunun varisi rolunu doğruldacaq

Geosiyasi əhəmiyyəti, yerləşdiyi coğrafi ərazi baxımından dünya siyasətinin əsas mövzusu olan Cənubi Qafqaz məsələlərinin müzakirəsində nəqiyyat- kommunikasiya layihələri ilə əlaqədar səmərəli təkliflər irəli sürülsə də, çarpazlaşan, kəsişən maraqlar da bu bölgə ilə bağlıdır. Bu baxımdan beynəlxalq və regional əhəmiyyətli Orta Dəhliz layihəsini xalqları, dövlətləri birləşdirən körpü adlandıranların sözlərində həqiqət vardır. Böyük İpək yolu Çini Orta Asiya vasitəsi ilə Yaxın Şərq, Aral və Xəzər dənizləri ilə birləşdirən tarixi karvan yolu olmuşdur. Bu nəhəng layihəni təkcə ticarət yolu kimi dəyərləndirmək düzgün olmazdı. Qədim İpək Yolu əsrlərdən bəri diplomatiyaları, mədəniyyətləri qovuşduran, xalqları yaxınlaşdıran müstəsna əhəmiyyətli dəhliz rolunu oynamışdır. Eramızın II əsrində fəaliyyətə başlayan bu yol XVI əsrə qədər mövcud olub. Çindən başlayaraq Balkan yarımadasına qədər irəliləyib. Bu yolla hərəkət edən karvanların ən dəyərli məhsulunun ipək olduğunu nəzərə alaraq bu məşhur karvan yolunun adını 1870-ci ildə alman fotoqrafı Fon Rixtofen «İpək Yolu» qoymuşdur. Müasir dövrümüzdə də Tarixi İpək yolu önəmini qoruyur.

Daşkənddə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının iclasının yekun sənədində Azərbaycanın Şərqi Zəngəzur İqtisadi Rayonundan Naxçıvan Muxtar Respublikasına nəqliyyat və kommunikasiya əlaqəsinin yaradılması istiqamətində həyata keçirilən tədbirlər, habelə ölkəmizin Türkiyə, Özbəkistan və Qazaxıstan ilə birgə həyata keçirdiyi üçtərəfli platformalar üzrə görülən işlərin dəyərləndirilməsi dünyanın nəqliyyat xəritəsini dəyişən ölkəmizin layihələrinin birbaşa dəstəklənməsidir. Tarixən regionun üzləşdiyi həyati önəmli məsələlərin həllində Azərbaycan başlıca tərəf kimi öz sözünü demiş, mənfi yanaşmalara müqavimət göstərmişdir.

ADA Universitetində keçirilən «Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusundakı beynəlxalq konfransda Cinin təşəbbüsü olan «Bir kəmər, bir yol» layihəsinin davamı olan Orta Dəhlizin, Zəngəzur dəmir və avtomobil yollarının əhəmiyyətinin diqqətə çatdırılması bölgədə Azərbaycanın yaratdığı yeni reallıqların dəstəklənməsidir. Bəllidir ki, Azərbaycanın geostrateji məkanda yerləşməsi qədim İpək Yolunun bərpasına da təsirsiz ötüşməyib. Eyni zamanda, enerji dəhlizlərinin yaratdığı imkanlardan səmərəli istifadəni də aktuallaşdırıb.

Prezident İlham Əliyevin Xəzər regionu üzərindən Asiya və Avropa arasında daha etibarlı, iqtisadi səmərə baxımından sərfəli dəhliz yaratmaq təşəbbüslərində bölgə dövlətlərinin də maraqları nəzərdə tutulur.

Vətən müharibəsindən sonra Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması, inkişafı, ermənilər tərəfindən dağıdılmış şəhər və kəndlərin, infrastrukturun yeniləşməsi ilə bağlı görülən işlərin əsasında Zəngəzur dəhlizinini bərpası beynəlxalq önəmi ilə seçilir. Zəngəzur dəhlizinin beynəlxalq əhəmiyyətini diqqətə çatdıran Prezident İlham Əliyev Orta Dəhliz kimi irimiqyaslı layihənin tərkib hissəsi olan bu kommunikasını sivilizasiyaları birləşdirən nəqliyyat vasitəsi adlandırır.

Azərbaycanın, Gürcüstanın və Türkiyənin təşəbbüsü ilə reallaşan Bakı-Tbilisi-Qars dəmir yolu Orta Dəhliz üçün «yaşıl işıq» yandırdı. Azərbaycanın Avropa ilə Asiyanın arasında yerləşməsi qlobal layihələrdə söz sahibi olmaq imkanlarını artırır. Azərbaycanın Şimal-Cənub və Şərq-Qərb dəhlizlərinin iştirakçısı olması ölkəmizin nəqliyyat və logistika infrastruktlarının reallaşmasında beynəlxalq əhəmiyyətini artırır.

«Biz Zəngəzur dəhlizini təşviq etməyə başlayanda Rusiya-Ukrayna müharibəsi hələ başlamamışdı və Çindən Avropaya ənənəvi marşrutlar vasitəsilə tranzit yolları bağlanmamışdı. İndi isə vəziyyət başqadır və Xəzərdən, eləcə də Zəngəzurdan keçən marşrutlar xüsusi əhəmiyyət kəsb edir. Beləliklə, bu vəziyyətdən hər bir ölkə qazana bilər. Çünki bu dəmir yolunun bir qolu Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Culfa şəhəri vasitəsilə İrana daxil olacaq. Ermənistan da buraya daxil olacaq. Beləliklə, Ermənistan İranla onun arasında olmayan və heç vaxt da olmayacaq dəmir yolu əlaqəsinə malik olacaq. Çünki Ermənistan-İran sərhədinin coğrafiyası və tunellərin tikilməsi zərurəti bu dəmir yolunun dəyərini bəlkə də minimum 3-5 milyard dollar edəcək. Bu layihəyə kim sərmayə qoyacaq? Heç kim. Ermənistanın İranla dəmir yolu əlaqəsi qurmağının yeganə yolu bizdən keçir. Ermənistanın Rusiya ilə dəmir yolu əlaqəsi qurmağının yeganə yolu bizdən keçir» sözləri ilə Zəngəzur dəhlizinin bərpasında tərəddüd edən rəsmi İrəvana xəbərdarlıq edən Prezident İlham Əliyev bu gün də bu yolun açılmasına mane olan ABŞ-ın və Qərbin yalançı vədərinə inanan Ermənistanın baş naziri Nikol Paşinyanı ortaq məxrəcə gəlməyə dəvət edir.
Tarixi İpək Yolunun üzərində yerləşən İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələr də coğrafi əhəmiyyətə malik Zəngəzur dəhlizinin bərpasını dəstəkləyirlər. Çünki bu dəhlizin açılması yalnız Azərbaycanın deyil, eyni zamanda, regionun digər dövlətlərinin də maraqlarına cavab verir. Əminliklə söyləmək olar ki, Orta Dəhliz Avropa ilə Asiyanı nəqliyyat baxımından birləşdirən beynəlxalq əhəmiyyətli növbəti iqtisadi layihədir. «Bir kəmər, bir yol» layihəsinin təşəbbüskarı, nəhəng iqtisadi qüdrətə malik Çin və digər Cənub- Şərqi Asiya ölkələri Avropa ilə nəqliyyat əlaqələrini qurmaq, idxal-ixrac əməliyyatlarını daha sərfəli yollarla həyata keçirmək üçün bu layihənin coğrafiyasının genişlənməsində maraqlıdırlar.

Beynəlxalq mütəxəssislərin hesablamalarına əsasən, Zəngəzur dəhlizinin bərpası ilə yaxın 10 il ərzində Avropa ilə Asiya qitələri arasında ticarət dövriyyəsinin həcmi 200 milyard dollara çatacaq. Bu həcmdə dövriyyəni həyata keçirmək üçün mütləq rahat və təhlükəsiz nəqliyyat dəhlizi lazımdır. Yüklərin qısa müddətdə mənzil başına çatdırılması, nəqliyyat xərclərinin azalması baxımından ölkələrə, şirkətlərə əlavə qazanc gətirəcək Zəngəzur dəhlizi transmilli korporasiyaların maraqlarına da cavab verir. Avropadan Asiyaya və əks istiqamətə daşınan yüklərin 15-20 faizi Zəngəzur dəhlizi ilə həyata keçirilsə, dövlət büdcələrinə xeyli tranzit gəlir daxil ola bilər.

Zəngəzur dəhlizi təkcə Azərbaycanı region dövlətləri ilə deyil, Mərkəzi Asiya ilə Türkiyə və Avropanı birləşdirəcək. Çindən, Mərkəzi Asiya respublikalarından, eləcə də Cənub- Şərqi Asiyanın başqa ölkələrindən Avropaya daşınan yüklər Bakı Beynəlxalq Dəniz Ticarət Limanına, oradan isə Zəngəzur dəhlizi vasitəsilə Türkiyə və Şərqi Avropa ölkələrinə çatdırılacaq. Təsadüfi deyil ki, son illərdə Azərbaycanda həyata keçirilən iqtisadi islahatların nəticəsi olaraq Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma qabiliyyəti 15 milyon tondan 25 milyon tona çatdırılıb. Nəqliyyat infrastrukturunun beynəlxalq əhəmiyyətini nəzərə alaraq dəhlizin keçəcəyi öz ərazisində inşaat işlərini sürətləndirən Azərbaycanın dəmir və avtomobil yollarında tikinti işlərinin xeyli hissəsi icra olunub. Prezident İlham Əliyevin vurğuladığı kimi, İkinci Qarabağ müharibəsinin nəticələri bölgə üçün yeni imkanlar açır: «Azərbaycan Zəngəzur dəhlizinin yaradılmasını fəal şəkildə təşviq edir və dəhlizlə bağlı öz ərazisində genişmiqyaslı fəaliyyət həyata keçirir. Zəngəzur dəhlizinin açılmasından bütün region ölkələri faydalanacaq.»

Böyük İpək Yolundakı ən mühüm kecidlərdən biri də Azərbaycanın qədim torpağı Naxçıvandır. Məkrli ermənilərin xəyanətləri nəticəsində Azərbaycanın əsas hissəsindən ayrı salınan bu qədim diyar strateji-coğrafi mövqeyi və əlverişli təbii şəraiti nəticəsində qədim insanların ilk yaşayış məskənlərindən biri olmuşdur. Zəngəzur dəhlizinin bərpasının əsas məqsədlərindən biri də respublikamızın digər rayonları ilə muxtar respublika arasında dəmir və avtomobil yollarının bərpası ilə Türkiyə də daxil olmaqla türk dünyasının pozulan coğrafi bağlantısı, tarixi ədalət bərpa olunacaqdır.

2020-ci ilin 10 noyabr tarixində Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanan üçtərəfli Bəyanatda, qardaş Türkiyə ilə rəsmi Bakının imzaladağı Şuşa Bəyannaməsində də ” bölgədə əməkdaşlığın, sülhün təminatının başlıca amili kimi analoqu olmayan platforma adlandırılan Zəngəzur dəhlizinin açılması məsələsi öz əksini tapmışdır.

Prezident İlham Əliyevin iqtisa­di şaxələndirmə siyasətində əlverişli coğrafi mövqeyi olan ölkəmizin tranzit potensialının reallaşdırılması mühüm önəm daşıyır. Nəqliyyat sektorunun bütün sahələrində xid­mət infrastrukturları modernləşdirilir, yol təsər­rüfatının yenidən qurulması ilə bağlı layihələr həyata keçirilir, çoxsaylı yol ötürücüləri, kör­pülər, tunellər, yeraltı və yerüstü piyada keçidləri inşa olunur. Tarixi İpək Yolu üzərində geniş iqtisadi zo­lağın yaradılmasının dəstəkçisi və iştirakçısı olan Azər­baycan həm də digər dəhlizlərlə müqayisədə yüklərin ölkəmizin ərazisindən keçməklə müxtə­lif istiqamətlərə tranzit daşımalarının səmərə­li təşkilinə etibarlı təminat verir, daha əlverişli şərtlərlə qısa müddətdə, təhlükəsiz və vaxtında çatdırılmasına, tranzit daşımaların həcminin dəfələrlə artmasına imkan yaradır. İşğaldan azad edilən Qarabağ regionunun coğrafi mövqeyi, ərazidən Avropaya və Asiya­ya çıxış imkanlarının artması isə Azərbaycanın beynəlxalq nəqliyyat-kommunikasiya və dəhliz layihələrində bundan sonra daha fəal iştirakını gücləndirəcək. Bu hal Xəzər–Qara dəniz höv­zəsinin və Cənubi Qafqazın strateji və etibarlı dövləti kimi ölkəmizin iqtisadi və siyasi nüfuzunu daha da artıracaq.

Ermənistan Zəngəzur dəhlizinin açılmasına mane olmaq istəsə də dünyada söz sahibi olan ölkələr buna böyük maraq göstərir. Çin, Rusiya və Türkiyə bu dəhlizin açılmasında israrlıdır. Başqalarının iradəsinə boyun əyən Ermənistan Azərbaycana təsir edəcəyini düşünsə də bu istəyi də ürəyində qalacaq. Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının 15-ci iclasında iki ölkə arasında əlaqələrin daha da genişləndirilməsi barədə razılığa gəlinib. Tədbirdən sonra «Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında» imzalanan Memorandumun məqsədi Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə İran İslam Respublikasının ərazisindən keçməklə Naxçıvan Muxtar Respublikası arasında yeni dəmir və avtomobil yollarının açılması, eləcə də rabitə və enerji xətlərinin yaradılmasıdır. Bu məqsədlə Araz çayı üzərində iki avtomobil (piyada keçidi ilə) və iki dəmir yolu olmaqla ümumilikdə dörd körpünün, eləcə də rabitə və enerji təminatı infrastrukturunun tikintisi nəzərdə tutulur.

Qonşu ölkə ilə imzalanan Memorandum, həmçinin Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin imkanlarını genişləndirəcək. Belə ki, Rusiya üzərindən ölkəmizə daxil olan yükləri İran üzərindən körfəz ilə yanaşı, yeni dəhliz vasitəsilə Türkiyəyə, Şərq ölkələrinə və Avropaya daşımaq mümkün olacaq.

Sivilizasiyalararası körpü, türk dünyasına açılan qapı olan Zəngəzur dəhlizinin mənəvi əhəmiyyətini milli dəyərlərə bağlılıq baxımından «Məhz bu idi mənim ürəyimdə olan fikirlərim və ürəyimdə olanları mən hələ ki, deməyəcəyəm. Amma babamın məzarını ziyarət etməklə, eyni zamanda, ürəyimdə olan sözləri dedim. Baxmayaraq ki, mən babamı görməmişəm, o, həyatdan gedəndə mən hələ doğulmamışdım. Amma bildiyiniz kimi, o, Zəngəzurda doğulmuşdur, erməni etnik təmizləmə siyasətinin də qurbanı olmuşdur, onun ailəsi məcburən oradan köçüb Şahbuza, ondan sonra Naxçıvanda yerləşmişdir» sözləri ilə dəyərləndirən Prezident İlham Əliyev bütün vədləri kimi, bu sözünün də sahibi olacaq

Xuraman İsmayılqızı, «İki sahil»