29 avqust 2024 02:27
326

BRICS-ə üzvlük ölkəmizə hansı dividendlər qazandıra bilər?

Etibarlı dostlarımızın və müttəfiqlərimizin çoğrafiyası daha da genişlənir

Bu gün Yaxın Şərqdə yaşanan münaqişə, həmçinin  Rusiya-Ukrayna müharibəsi dünyada vəziyyətin heç də ürəkaçan olmadığını göstərir. Düzdür, Cənubi Qafqaz regionu da həmişə özünün  ciddi münaqişələri ilədiqqət mərkəzindədir. Çünki müxtəlif beynəlxalq güclərin barışmaz maraqları daha çox münaqişə ocaqlarının burada mövcud olmasını şərtləndirib. Lakin 2020-ci ilin sentyabrın 27-də başlayan Vətən müharibəsindəki tarixi Zəfərimizdən sonra Cənubi Qafqaz bölgəsinin münaqişə potensialı əhəmiyyətli dərəcədə azaldı. Belə ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev postmüharibə dövründə tarixdə ilk dəfə olaraq regionun təhlükəsizlik arxitekturasını yaratdı.

Ancaq bunula belə, dünyada mürəkkəb geosiyasi vəziyyətin gərginləşməsi və coğrafiyiyasının  genişlənməsi təhlükəli hal alıb. Qürurveici haldır ki, bu arzuolunmaz geosiyasi münaqişələr fonunda ölkəmizdə sabitlik mövcuddur və regionun lider dövləti kimi Azərbaycan daxili sabitliyini qətiyyətlə qoruyub saxlayır. Təbii ki, bu sabitliyin qorunmasını şərtləndirən ən mühüm amil Prezident İlham Əliyevin geosiyasi uğurlarıdır. Bu uğurların digər diqqətçəkən tərəfi isə ölkəmizin dünyada etibarlı tərəfdaş kimi tanınmasıdır. İndi xarici siyasətdə balans amili və çoxtərəfli əməkdaşlıq tendensiyası ölkəmizə etibarlı tərəfdaş və müttəfiqlər qazandıran mühüm faktordur.

Son bir neçə ildə Azərbaycanın modern bir dövlət olaraq xarici siyasətdə fəallığının artması, o cümlədən bir çox böyük dövlətlərlə srtateji tərəfdaşlığımızın genişlənməsi ölkəmizlə müxtəlif sahələr üzrə əməkdaşlıq etmək istəyən dövlətlərin sayını artırıb. İlk olaraq Azərbaycanın BRICS-ə daxil olmaq üçün rəsmi müraciəti ölkəmiz üçün yeni əməkdaşlıq perspektivləri açır. Belə ki, iyulun 3-də Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində «Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə» qəbul olunub. Bəyannamənin 4.5-ci bəndinə əsasən, Azərbaycan tərəfi BRICS-ə daxil olmaq arzusunu ifadə edib və Çin tərəfi BRICS əməkdaşlığında Azərbaycanın iştirakını alqışlayıb.

Xatırladaq ki,  2006-cı ildə yaranan bu qurum Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası, Misir, Efiopiya, İran və Birləşmiş Ərəb Əmirliklərini özündə birləşdirən hökumətlərarası təşkilatdır. Əgər bu təşkilat ilk  illərdə investisiya imkanlarını müəyyən edən qruplaşma hökumətləri kimi fəaliyyət göstərirdisə, 2009-cu ildən etibarən hər il rəsmi sammitlərdə toplaşan və çoxtərəfli siyasətləri koordinasiya edən vahid geosiyasi blok kimi formalaşmağa başlayıb.

Bəs Azərbaycanın BRICS-ə qəbulu ölkəmizə hansı dividendlər qazandıra bilər?  İlk öncə qeyd edək ki, bu təşkilatda Çin, Rusiya , Braziliya və BƏƏ kimi iqtisadi cəhətdən çox güclü ölkələr var. Bu isə Azərbaycana yeni iqtisadi əməkdaşlıq imkanları yaradacaq. Xüsusilə yeni bazarlar, yeni investisiyalar qazanılacaq. Ən başlıcası isə Azərbaycan ilə Çin arasında iqtisadi-ticarət sahəsində əməkdaşlığın kifayət qədər böyük potensialı var ki, bundan da səmərəli istifadə üçün imkanlar yaranacaq. Rəsmi Bakı Çini təkcə dost ölkə deyil, həm də texnoloji tərəqqinin mənbəyi kimi qəbul edir. Eyni zamanda, ölkələrimiz arasında iqtisadi əməkdaşlıq üçün daha geniş imkanlar mövcuddur. Azərbaycan Çinə özünün milli prioritetlərindən biri olan rəqəmsal və «yaşıl keçid»də tərəfdaş kimi baxır. Bundan əlavə, hər iki ölkə birgə bərpaolunan enerji mənbələri və elektrik avtomobilləri üçün avadanlıq istehsal edə bilər. Bu amilləri nəzərə alan Prezident İlham Əliyev Çinlə əməkdaşlığı Azərbaycanın prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirib.

Eyni zamanda, Prezident  İlham Əliyevin  son bir ildə Özbəkistana və Qazaxıstana səfərləri, keçirdiyi görüşlər, imzalanan sənədlər, həmçinin  Prezident Vladimir Putinin yenidən Rusiyanın dövlət başçısı seçilməsindən sonra ölkəmizə ilk dövlət səfəri göstərir ki, Azərbaycanın strateji tərəfdaşlıq etdiyi ölkələrin sayı artır, dost və müttəfiqlərimizin çoğrafiyası daha da genişlənir.

BRİCS-ə qoşulmaq nəinki Asiyanın, hətta dünyanın  fövqəlgücü hesab edilən Çin ilə müttəfiqlik Azərbaycan dövlətinə həm iqtisadi, həm də geosiyasi yüksəliş imkanları verəcəkdir ki, bu da Cənubi Qafqazdakı üstünlüyümüzü nəinki qoruyacaq, hətta daha irəli aparacaqdır.

Elçin Zaman, «İki sahil»