28 avqust 2024 10:54
287

Davam edir «907»: Yenə həmin dalğa, həmin koordinat…!

Müstəqilliyini əldə etdikdən sonra Ermənistanın torpaqlarımızın işğalı, kənar qüvvələrin ölkəmizin daxili işlərinə müdaxilələri, AXC-Müsavat iqtidarının yarıtmaz siyasəti nəticəsində respublikamızda yaranan xaos, dövlət çevrilişlərinə cəhdlər, vətəndaş müharibəsi təhlükəsi… Yaxın keçmişimizdə baş verən və xalqımızın tarixi sınaqları kimi xatırlanan hadisələrin hər biri həyat dərsi idi.

O illərdə ölkəmizə qarşı əsassız tətbiq olunan ABŞ Konqresinin dünya diplomatiyasının ədalətsizlik simvolu olan «Azadlığa Dəstək Aktı»na 907-ci düzəlişi xatırlayaq. Torpaqlarımızı işğal edən Ermənistanı müdafiə məqsədilə tətbiq olunan bu ədalətəsizlik, ikili standartlar torpaqlarımız işğal altında qaldığı 30 ildə müxtəlif bəhanələrlə, ssenarilərlə davam etdirildi. Ölkəmizə qarşı tətbiq olunan ikili standartlar, erməni təəssübkeşi bu gün də davam edir. Motivlər fərqli olsa da koordinatlar eynidir: Azərbaycanın qüdrətlənməsinin qarşısını almaq, ölkəmizi günahkar qismində dünyada tanıtmaq! Qərbin, xüsusilə ölkəmizə münasibətdə rəsmi Parislə həmfikir olan Almaniyanın, ABŞ-ın Azərbaycan fobiyası bəllidir. Torpaqlarımızın 30 il Ermənistanın işğalı altında qalmasına şərait yaradan, ATƏT-in lənətlənmiş Minsk qrupunu yaratmaqla rəsmi İrəvanın təcavüzkar, etnik təmizləmə siyasətinə haqq qazandıran, İkinci Qarabağ müharibəsini Zəfərlə başa vuran ölkəmizə qarşı təxribat kampaniyalarının istiqamətlərini, ssenarilərini dəyişən bu qüvvələr müxtəlif səviyyəli görüşlər təşkil etməklə Azərbaycanla təhdid, təzyiq dili ilə danışmaq mexanizmlərini «yeniləyirlər».

Avropa Siyasi Birliyinin Praqa, Kişineu, Qranada, Oksford Zirvə toplantılarında əsl məqsədlərini arxa plana keçirərək guya Cənubi Qafqazda sabitlik yaratmaq niyyətində olduqları görüntüsünü yaradan ABŞ və Avropa artıq məkrli siyasətlərini pərdələyə bilmirlər. Rusiyanı bölgədən sıxışdırmaqla Cənubi Qafqaza sahib olmaq istəyən bu cütlüyün Azərbaycana qarşı siyasətlərinin «Ermənistan kartı» variantı ilə istiqamətini mütəmadi dəyişməsi bölgədə yeni müharibə ocağının yaranmasına niyyətlənib.

İspaniyanın Qranada şəhərində Ermənistan-Azərbaycan-Fransa-Almaniya-Avropa İttifaqının (Aİ) iştirakı ilə nəzərdə tutulan , əslində, ölkəmizə qarşı yönələn şər platformasını, beştərəfli görüşü xatırlayaq. İlk baxışdan anti-Azərbaycan ruhu duyulan görüşdə Türkiyənin də iştirakı ilə bağlı təklifinin qəbul edilməməsi səbəbindən Prezident İlham Əliyev Qranadaya getmədi. Görüşdə Türkiyənin iştirakına razılıq verməyən Fransa və Almaniya xüsusi canfəşanlıq nümayiş etdirdilər. Regional problemlərin bölgə dövlətləri arasında həllini daha uyğun hesab edən Prezident İlham Əliyevin vurğuladığı kimi, belə format Azərbaycana lazım deyildi. Rəsmi Bakı Aİ-Azərbaycan-Ermənistan üçlüyündən ibarət formata daha çox üstünlük verirdi. Dəfələrlə qeyd olunmuşdu ki, Fransanın iştirak etdiyi heç bir format Azərbaycan üçün məqbul deyil.

Azərbaycana qarşı təxribat xarakterli növbəti görüş Brüsseldə ABŞ Dövlət katibi Antoni Blinken, Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen və Ermənistanın baş naziri Nikol Paşinyan arasında baş tutdu. Ermənistanı öz riyakar və məkrli oyunlarının iştirakçısına çevirməyə müvəffəq olan tərəflər rəsmi İrəvana «yardım paketi» adı ilə hərbi avadanlıq və silah-sursat satmaq niyyətlərini gizlətsələr də buna nail ola bilmədilər. Görüşdə Avropa İttifaqının Ermənistana qarşıdakı dörd ildə 270 milyon avro, ABŞ-ın isə 65 milyon dollar yardımı ayıracağı ilə bağlı qərarlar qəbul olundu. Rusiyanın bölgədən kənarlaşdırılması üçün Metsamor Atom Elektrik Stansiyasının bağlanmasından tutmuş, 102-ci hərbi bazanın çıxarılması, Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) tərk etməsi və digər radikal təkliflər də nəzərdən keçirildi. Bu görüşlə bağlı Azərbaycanın narahatlığının heç bir əsasının olmadığı ABŞ və Aİ tərəfindən yüksək səviyyədə bildirilsə də, Ermənistanı revanşizmə sürükləyən yeni müharibəyə təhrik iddiaları ilk baxışdan hiss olunurdu. Brüssel görüşündən əvvəl ABŞ Dövlət katibi Antoni Blinken və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Prezident İlham Əliyevə zəng edərək ABŞ-Aİ-Ermənistan üçtərəfli görüşünüt təfərrüatlarını müzakirə etsələr də, bəlli idi ki, rəsmi İrəvana canıyanarlıq birtərəfli, qərəzli xarakter daşıyır və ikili standartlardan yanaşma formuludur.

Ermənipərəst dairələrin bu ilin yanvar ayında təşkil etdikləri «AŞPA ssenariləri» də Azərbaycanın beynəlxalq aləmdə möhkəmlənən nüfuzuna xələl gətirə bilmədi. 22 yanvar 2024-cü ildə Azərbaycan nümayəndə heyətinin etimadnaməsini qəbul edilməməsi barədə avropalı deputatların çağırışlarından sonra Avropa Şurası Parlament Assambleyası (AŞPA) ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarını bəyanatla bildirən azərbaycanlı deputatların məsələyə haqlı yanaşmalarını dəstəkləyənlər çox oldu. Azərbaycanın qurumdakı nümayəndə heyətinə qarşı ədalətsiz seçiminə guya rəsmi Bakının üzərinə götürdüyü «əsas öhdəlikləri” yerinə yetirmədiyi» bəhanəsi ilə haqq qazandıran Assambleya növbəti dəfə ölkəmizə qarşı ikili standartlar siyasətinə sadiq qaldı.

AŞPA-nın 2024-ci ildə keçirilən qış sessiyasında Azərbaycanın nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsi təklifini irəli sürən Almaniya parlamentinin deputatı Frank Şvabe yenidən zühur edib. Azərbaycanda guya «siyasi məhbus»ların olması, «Qarabağ ermənilərinin antiterror tədbirləri zamanı zorakılığa məruz qalmaları», yaranan «humanitar fəlakətlə» üzləşmələri kimi digər əsası olmayan bəhanələrə istinad edən, 30 ildə erməni vəhşilərinin xalqımıza qarşı törətdikləri cinayətləri, Xocalı soyqırımını, ekoloji terrorları, öldürülən günahsız azərbaycanlıları, İkinci Qarabağ müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri zamanı aşkarlanan kütləvi məzarlıqları, erməni vandallarının basdırdıqları minalar nəticəsində həyatlarını itirən, ömürlük əlil olan soydaşlarımızın fəlakətlərini görməyən, erməni faşizminin nümayəndəsi Njdeyə haqq qazandıran, Reyxin siyasətini davam etdirən Şvabenin sevgisi «insanlıq duyğularını, humanizmini» üstələyib. Şvabedən fərqli olaraq bütün dünya ictimaiyyəti, Aİ-nın Ermənistanda yerləşdirdiyi Mülkü Monitorinq Missiyasının üzvləri də gördülər ki, erməni sakinləri Qarabağı könüllü tərk edib və onlara qarşı hər hansı zorakılıq törədilməyib.

Bir məsələ həqiqətdir ki, ölkəmizə qarşı təxribatlarda Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Fransa Prezidenti Emmanuel Makronun göstərişlərinə uyğun Azərbaycana qarşı təxribat kampaniyası aparan Cozep Borrellə Şvabeyəa çatan olmaz.
Ötən illərdə Xankəndidə separatçıların qeyri-qanuni «prezident» seçkilərinə münasibətini müəmmalı «Prezident seçkisi”nin keçirildiyi hüquqi çərçivəni tanımırıq, lakin Dağlıq Qarabağ erməniləri Azərbaycanla danışıqlara hazır olan rəhbərlik ətrafında birləşməlidir» sözləri ilə bildirən Aİ-nin erməniləri guya mövcudluğu qəbul edilməyən, səlahiyyətləri olmayan qurumun ətrafında birləşməyə çağırmasının hansı məntiqə uyğun olduğu, qurumun sətiraltı məqsədi Ermənistana ayırdığı « yardım paketi» ilə bəlli oldu. Sən demə, Avropa İttifaqının Monitorinq Missiyasının 2 il müddətinə Ermənistanda yerləşdirilməsi, ilkin mərhələdə 100 nəfərdən ibarət olan missiya üzvlərinin sonradan 200 nəfəri ötməsi, az qala diplomatik statusa bərabərləşdirilməsi Qərbsayaq «sülhə yardım», Ermənistanı yeni ərazilərə həvəsləndirmək imiş. Qarabağdakı antiterror tədbirlərinə dair qərəzli anti-Azərbaycan bəyanatına Macarıstanın Avropa İttifaqının Qarabağdakı vəziyyətlə bağlı birgə bəyanatına veto qoymasından əsəbləşən Cozep Borrelin, Şvabenin «insani» açıqlamalarına görə, Qarabağdakı ermənilərin hüquq və təhlükəsizliyinə rəsmi Bakı məsuliyyət daşıyır: «Əgər ermənilərin hərbi yollarla zorakı yerdəyişməsi həyata keçirilərsə, Aİ-nın ciddi reaksiyası ilə qarşılaşacaq.» Sual olunur: Qərbi Azərbaycandan zorla çıxarılan, Ermənistanın etnik təmizləmə siyasətinin qurbanı olan azərbaycanlıların pozulan hüquqları üçün kim cavab verməlidir?

Ermənistana və digər ölkələrə köç edən hayların hüquqlarının təmin edilməsi ilə bağlı şərhlərə gəldikdə isə xatırlatmaq vacibdir ki, Azərbaycanın reinteqrasiya çağırışına, proqramına və bu istiqamətdə addımlarına baxmayaraq, yerli erməni əsilli şəxslər ölkəmizi tərk etmək və geri qayıtmamaq qərarında qəti idilər. Təəssüf ki, evlərindən zorla və amansızcasına didərgin düşmüş 1 milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkünün hüquqları ilə bağlı Aİ tərəfindən 30 ilə yaxın müddət ərzində heç bir narahatlıq və ya çağırışın şahidi olmamışıq. Hər halda biz daşnak ideyası, Fransa siyasəti ilə sayıqlayan Borrelə və Şvabeyə Prezident İlham Əliyevin sözləri ilə bələdçilik edək: «Düşünürdüm ki, bu hadisələrdən sonra münasibətlərimizdə sağlam məntiq üstün olacaq və körpülər yandırılmayacaq, çünki bu, prinsip etibarilə nə Fransaya, nə də bizə lazımdır. Hərçənd hər bir ölkə bir-birini unudaraq sakit yaşaya da bilər. Bununla yanaşı, bütün bu proseslər davam edirdi və bildiyiniz kimi, həm parlament, həm də Senat qondarma «Artsax»”ı tanıdılar. Amma mənim qondarma «Artsax”»ın dislokasiyası barədə tövsiyələrimi də yəqin ki, heç kim unutmayıb. Yeri gəlmişkən, onlar öz qüvvəsindədir, bəlkə də indi lokasiyanı dəyişmək olar, çünki bilirəm ki, Paris meri Qarabağdan çıxanlara fəxri vətəndaşlıq verib. Təklif edərdim ki, bəlkə də fəxri sözünü real vətəndaşlıq ilə əvəz etsinlər, onları Parisin mərkəzində yerləşdirsinlər və orada Artsax respublikası elan etsinlər.»

Erməni havadarlığının daha bir iyrənc nümunəsi Avropa İttifaqının Cənubi Qafqaz üzrə sabiq nümayəndəsi Toivo Klaarın simasında aydın görünür. Cənubi Qafqazda sülh, sabitlik və təhlükəsizliyin təmin edilməsi, xüsusilə Ermənistan, Azərbaycan və Gürcüstan arasında əlaqələrin inkişafı kimi mühüm məsələlərin həlli ilə «məşğul olan» Minsk qrupunun 30 il davam etdirdiyi «təcrübəni» təkrarlayan Klaarın bölgəyə səfəri də «ermənicə» oldu Bölgəyə səfəri zamanı Qərbi Azərbaycan İcması ilə görüşməyə «ehtiyac duymayan» Aİ təmsilçisi Xocalı qatilləri ilə səmimi təmasda oldu. Ermənilərin Qarabağa qayıtmalarını istəyən Klaar Qərbi Azərbaycandan məcburi köçkün düşmüş azərbaycanlıların öz vətənlərinə qayıtmalarını «Stop!»ladı.
Klaarın könüllü olaraq Qarabağdan köçən ermənilərin «hüquqları”nı müdafiə etməsi» Qərbin ikiüzlülüyünün daha bir nümunəsi idi.

 Göründüyü kimi, Asiya ilə Avropa arasında geostrateji mövqeyə malik Cənubi Qafqaz tarix boyu regional və qlobal güclərin diqqətini çəkib və marağına səbəb olub. Buna görə də bu bölgə böyük dövlətlərin savaş meydanına çevrilib. Bu gün region malik olduğu yeraltı və yerüstü sərvətləri, keçid yolları, qlobal layihələrin mərkəzində yer alması səbəbindən burada yeni geostrateji reallıqlar formalaşıb. Xüsusilə İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycanın qazandığı böyük Zəfər regionda yeni reallıq və struktur yaradıb. «Hazıra nazir» strategiyalarını regionda reallışdrmaq istəyən ABŞ və Qərb hadisələrə «erməni kartı» ilə yanaşmağa səy göstərsələr də cavab bəllidir: «Rəis, alınmayacaq!»
«Bizə xor baxanlar, torpağımıza göz dikənlər, uğurumuzu həzm edə bilməyənlər heç vaxt unutmasınlar ki, «dəmir yumruq»” yerindədir və hər zaman yerində olacaq! Heç kim bizimlə diktat və ultimatum dili ilə danışa bilməz! Bunu heç kim unutmasın! Heç kim onu da unutmasın ki, Qarabağ Azərbaycandır!» söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, artıq Qarabağ problemi həll olunub. Azərbaycan Bayrağı ölkənin bütün ərazisində dalğalanır. ABŞ-ı, Avropanın ermənipərəst islamofob qüvvələrini təşvişə salan da budur. Nə qədər riyakarlıq, saxtakarlıq, təhdid və təzyiq etsələr də qazanan Azərbaycan reallığı, demokratiyası, xalqımızın birliyi olacaq. 50 milyonluq Azərbaycan xalqının haqq səsini boğmağa heç kimin gücü çatmaz! ABŞ-ın bizə təsir vasitəsi kimi formalaşdırdığı «907»-ci düzəlişinə də ehtiyacımız yoxdur.

Xuraman İsmayılqızı, «İki sahil»