27 avqust 2024 23:09
328

Bu gün Mərkəzi Asiya, Cənubi Qafqaz, Xəzər regionları vahid geosiyasi regiona çevrilir

Dövlət başçısı İlham Əliyevin Özbəkistana dövlət səfəri çərçivəsində diqqət göstərilən məsələlərdən biri də Azərbaycanda yaxın günlərdə keçiriləcək parlament seçkiləri və COP29 oldu

Azərbaycanın düşünülmüş və məqsədyönlü siyasəti bütün sahələrdə davamlı uğurların əldə edilməsində stinulverici amil rolunu oynayır. Tarixi Zəfərimizdən sonra ölkəmizin bu uğurlarının miqyasının daha da genişləndiyini görür və bundan qürur hissi keçiririk. Azərbaycanın ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrinin yüksələn xətlə inkişafı günümüzün reallıqları sırasındadır. Şanlı Qələbəmiz ilk olaraq dünyaya türk birliyinin sarsılmazlığını, möhkəm təmələ əsaslandığını nümayiş etdirdi. Bu günlərdə dövlət başçısı İlham Əliyevin Özbəkistana dövlət səfəri bu kimi məqamların açıqlanmasında əhəmiyyətli rol oynadı. Dövlət başçısı İlham Əliyev bildirdi ki, qardaş ölkədə tez-tez oluram: “Bu, mənim son iki ildə beşinci səfərimdir. Özbəkistan Prezidenti isə son il yarımda dörd dəfə Azərbaycanda olub. Əgər buna noyabrda COP konfransında görüşməyimizi də əlavə etsək, onda hesabı bərabərləşdiririk. Bu, ən yaxşı göstəricidir. Konkret layihələrin iyirmiyə çatdırılması onun nəticəsidir ki, bizim keçmişdə razılığa gəldiklərimizin hamısı yerinə yetirilib. Bu gün rəsmən müttəfiq olduq. Bu, əslində tarixi məqamdır. Müttəfiqlik münasibətləri haqqında müqavilə iki ölkənin imzalaya biləcəyi ən yüksək beynəlxalq sənəddir. Biz bu gün Daşkənddə həqiqətən də münasibətlərimizin yeni fəslini deyil, kitabını yazırıq. Zənnimcə, əminəm ki, üzərimizdə dolaşan və bununla bağlı bizə xeyir-dua verən əcdadlarımızın ruhları şad olacaq. Bu gün iki qardaş xalq, iki müstəqil, güclü, suveren, nüfuzlu dövlət rəsmi müttəfiq oldular. Bu, çox mühüm xarici siyasət addımıdır və gələcək illərdə bizim münasibətlərimizi, həmçinin bir çox hallarda regional siyasəti müəyyən edəcək. Çünki biz fəal işləyirik və Şavkat Miromonoviçin dediyi kimi, ən müxtəlif – regional və beynəlxalq siyasət məsələləri müzakirə olundu. Bu gün Mərkəzi Asiya, Cənubi Qafqaz, Xəzər regionları vahid geosiyasi regiona çevrilir və regionlarımızda müsbət proseslər Özbəkistan ilə Azərbaycan arasında səmərəli əməkdaşlıqdan asılıdır.”

Sözügedən səfər çərçivəsində keçirilən görüşlərdən sonra mətbuata bəyanatında Özbəkistan Prezidenti diqqəti Azərbaycanın uğurlarına yönəldərək bundan böyük qürur hissi keçirdiklərini bildirdi. “Biz Özbəkistanda qardaş Azərbaycanın böyük uğurlarına və nailiyyətlərinə ürəkdən sevinirik. Bu gün sizin ölkənizdə iqtisadiyyatın, sənayenin, əhalinin həyat səviyyəsinin dinamik artımı təmin edilir, böyük sənaye və infrastruktur layihələri həyata keçirilir. Hörmətli İlham Heydər oğlu, böyük tarixi Qələbə, ölkənin ərazi bütövlüyünün bərpa olunması və əzəli Azərbaycan torpaqlarının qaytarılması münasibətilə bir daha səmimi-qəlbdən təbrik edirəm” söyləyən Şavkat Mirziyoyev bu mühüm məqamı da böyük sevinc hissi ilə qeyd etdi ki, qədim Qarabağ torpağı Prezident İlham Əliyevin səyləri ilə inkişaf və tərəqqi diyarına çevrilir: “Burada sosial infrastruktur və istehsalat obyektləri fəal şəkildə tikilir, yeni iş yerləri yaradılır, insanların dinc, əmin-aman və xoşbəxt həyata qayıtması üçün bütün tədbirlər görülür. Füzulidə, Şuşada olarkən insanların baxışlarını, tikilmiş infrastrukturu, tunelləri, körpüləri gördüm. Evlər, məktəblər, xəstəxanalar inşa edilir. İnsanların rahatlığı və xoşbəxt həyatı üçün hər şey edilir. Qayıdan insanlarla görüşərkən onların gözlərində evlərinə qayıtmağın sevincini gördüm. Bir daha əmin etmək istəyirəm ki, Özbəkistan gələcəkdə də bu nəcib işdə Sizi dəstəkləməyə hazırdır. Məhdud tərkibdə görüşdə razılığa gəldik ki, bu gün irimiqyaslı quruculuq işlərinin getdiyi Qarabağda əgər özbək inşaatçıları üçün də hər hansı sahə və ya rayon ayrılarsa, biz də çiçəklənən yeni Qarabağın inşaat işlərində iştirak edərik. İlham Heydər oğlu nəzərdə tutduğumuz işlərdə mənə çox ciddi dəstək verdi. Zənnimcə, biz də sözdə deyil, əməldə bunları reallığa çevirmək üçün dostlarımızın yanında olacağıq.”

Dünya bu gün türk dövlətlərinin ikitərəfli əlaqələrinin inkişafı fonunda ümumilikdə türk dünyasının birliyini, həmrəyliyini görür. Qarşılıqlı səfərlər və imzalanan sənədlər bu birliyin yeni istiqamətlər üzrə möhkəmlənməsində əhəmiyyətli rol oynayır. Azərbaycanla Özbəkistan arasında imzalanan müttəfiqlik münasibətləri haqqında Müqavilənin özü də bugünkü əlaqələrimizə işıq saldı. Özbəkistan Prezidenti etiraf etdi ki, ölkəsinin çox az sayda ölkələrlə müttəfiqlik münasibətləri vardır. Yazılan tarix hər iki ölkənin xalqlarının rifahında özünün aydın ifadəsini tapacaq.

Prezidentlərin mətbuata bəyanatları zamanı ölkəmizdə yaxın günlərdə- sentyabrın 1-də parlament seçkilərinin, noyabrda isə Bakı Qlobal İqlim Sammitinin keçiriləcəyini vurğulayan Özbəkistan Prezidenti onların uğurla keçirilməsini arzu etdi və hərtərəfli dəstək göstərəcəyini vurğuladı.

Bu mühüm məqamı da qeyd etməliyik ki, Azərbaycanın münasibətlərdə qarşılıqlı etimad mühitinin qorunmasına, inkişaf etdirməsinə xüsusi diqqət göstərməsi əlaqələrin yeni prioritetlər üzrə inkişafında öz sözünü deyir. Dövlət başçılarının şəxsi dostluq münasibətləri də ölkələr arasında əlaqələrin inkişafında əhəmiyyətli rol oynayır. Bu gün dünya Azərbaycanla türk dövlətləri arasında münasibətlərin istər ikitərəfli, istərsə də Türk Dövlətləri Təşkilatı daxilində uğurlu inkiçafında bu faktorun rolunu daha aydın görür.

Azərbaycan və Özbəkistan prezidentlərinin mətbuata bəyanatlarında, keçirilən görüşlərdə də ölkəmizin COP29-a ev sahibliyi xüsusi önə çəkildi. Azərbaycanın bu mötəbər tədbirə də yüksək səviyyədə ev sahibliyi edəcəyi etiraf olunan reallıqlar sırasındadır. Xatırlasaq dövlət başçısı İlham Əliyev yeni dövrün yeni hədəflərini açıqlayarkən “Bu yeni dövrdə xarici siyasət istiqamətində yeni üfüqlər açmalıyıq” bəyan edərək bunu belə əsaslandırdı ki, əgər əvvəlki dövrdə xarici siyasətimizin əsas istiqaməti Ermənistan-Azərbaycan münaqişəsinin həlli idisə, bu gün artıq bu məsələ demək olar ki, gündəlikdə durmur. Ona görə xarici siyasətimizin yeni istiqamətləri üstünlük təşkil etməlidir. Biz dünyanı narahat edən, o cümlədən iqlim dəyişikliyi ilə əlaqədar problemlərin həllində fəal olacağıq. Nəzərə alsaq ki, COP29-un ev sahibi və sədri olacağıq, eyni zamanda, dünyada islamofobiyaya qarşı mübarizədə ön sıralarda olmalıyıq. Neokolonializmə qarşı mübarizə aparan ölkələrin yanında olmalıyıq. Neokolonializmi və o eybəcər tarixdən qalan amili Yer üzündən tamamilə silmək üçün öz dəstəyimizi göstəririk və göstərəcəyik. Bunu neokolonializmin başında duranlar da bilsinlər ki, onlar əbəs yerə bizimlə soyuq savaşa çıxıblar. Biz geridə qalmayacağıq, biz heç vaxt müdafiə mövqeyində olmamışıq. Bizə qarşı atılan addımlara adekvat addım atacağıq və bizə qarşı məkrli planlar hazırlayanlar peşman olacaqlar.

COP29 - iqlim dəyişikliyinə həsr edilmiş beynəlxalq konfransın Azərbaycanda keçirilməsi bir daha bu sahədə uğurlarımızın əyani şəkildə dünyaya təqdimatı olacaq. Ölkəmizin beynəlxalq nüfuzu gündən-günə artır. Dünyanın ən böyük beynəlxalq konfransının Azərbaycanda keçirilməsi dünya ictimaiyyəti tərəfindən Azərbaycana göstərilən böyük hörmət və rəğbətin göstəricisi, eyni zamanda, bizim yaşıl enerjiyə keçidimizə olan böyük qiymətdir.

Cənab İlham Əliyevin 2024-cü ilin ölkəmizdə «Yaşıl dünya naminə həmrəylik ili» elan edilməsi ilə bağlı Sərəncamında da qeyd edilir ki, Azərbaycan iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verir. Ölkəmizin 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilmişdir. Həmin prioritetə uyğun olaraq ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunub. Azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması prioritetdir. Həmin ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur.

Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin prioritetidir. Azərbaycan elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpaolunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30 faizə çatdırılmasını hədəfləyir. İqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi hazırkı dövrün əsas çağırışlarındandır.

Azərbaycanın əlverişli coğrafi mövqeyi və iqlim şəraiti “yaşıl enerji” istehsalı üçün geniş imkanlar yaradır. Külək, günəş, dağ çayları, su mənbələri hesabına bərpaolunan enerji istehsalı sahəsində böyük uğurlar əldə edilir. Ölkəmizin bərpaolunan enerji mənbələrinin texniki potensialı quruda 135 QVt, dənizdə 157 QVt təşkil edir. Bərpaolunan enerji mənbələrinin iqtisadi potensialı 27 QVt, o cümlədən külək enerjisi 3 min MVt, günəş enerjisi 23 min MVt, bioenerji potensialı 380 MVtdır. Dağ çaylarının potensialı 520 MVt həcmində dəyərləndirilir. Azərbaycanın adının neftlə sıx bağlı olmasına baxmayaraq, ölkəmiz regionda yaşıl enerjiyə keçidə hədəflənən qabaqcıl yanaşmaların tətbiqi üzrə liderdir və iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə böyük töhfə verir. İqlim dəyişmələri ilə mübarizəyə töhfə vermək, yaşıl enerjiyə keçid üzrə işlərin və Azərbaycanın beynəlxalq arenada şəksiz nüfuzunun məntiqi nəticəsi Bakının dünyanın ən iri və nüfuzlu tədbirlərindən birinin - BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına – COP29-a ev sahibi seçilməsi oldu. Bu konfransın Azərbaycanda keçirilməsi ölkəmizin alternativ enerji sahəsi üzrə texnoloji həllər məsələsində nailiyyətlərini bütün dünyaya nümayiş etdirməyə imkan verəcək.

Azərbaycanın beynəlxalq əhəmiyyətli tədbirlər üçün ideal məkan kimi qəbul olunmasını şərtləndirən amillərə nəzər salaq. Hansı sahəyə diqqət yetirsək ölkəmizin zəngin təcrübəyə malik olduğunu böyük inamla qeyd edə bilərik. Azərbaycanın iqtisadi, siyasi, humanitar, diplomatik mərkəz kimi nüfuz qazanması da bunun bariz nümunəsidir. Günümüzün qürurverici hadislərindən biri də budur ki, Azərbaycanla yanaşı, hazırda azad Qarabağımız, Şuşamız da beynəlxalq əhəmiyyətli tədbirlər üçün ideal məkan kimi qəbul edilir. Həmçinin paytaxt Bakımızın ev sahibliyi etdiyi tədbirlərin iştirakçılarının işğaldan azad edilmiş ərazilərimizə səfərləri təşkil edilir. Bu torpaqların hansı resurslara malik olduğu barədə aydın təsəvvür yaranır.

Azərbaycanın sabitlik məkanı kimi tanınması və nüfuz qazanması da beynəlxalq tədbirlər üçün ideal məkan qəbul edilməsini şərtləndirən əsas amillər sırasındadır. Bu mühüm amil ölkəmizlə əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin, şirkətlərin say tərkibinin genişlənməsində də öz sözünü deyir. Hər zaman qeyd etdiyimiz kimi, Azərbaycan malik olduğu təbii resurslara və yerləşdiyi coğrafi məkana görə daim dünyanın diqqətində olub. Ölkəmiz tarixən neft ölkəsi kimi tanınır. Ayrı-ayrı dövrlərdə bu marağın müxtəlifliyi diqqətdən kənarda qalmır. Müstəqilliyimizin bərpasının ilk illərində Azərbaycanda ictimai-siyasi vəziyyətin gərginliyi ölkəmizlə iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin tərəddüdlərinə səbəb olmuşdu. Onlar Azərbaycan iqtisadiyyatına yatıracaqları investisiyaların təhlükəsizliyinə tam əmin deyildilər. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkədə sabitliyin yaradılması bu tərəddüdlərin aradan qaldırılmasını şərtləndirdi. Azərbaycan qısa müddətdə böyük investisiyalar məkanına çevrildi. Ölkəmizin malik olduğu təbii resurslardan səmərəli istifadəsi regional inkişafın aparıcı qüvvəsi, dünyanın enerji təhlükəsizliyinin təminatçısı kimi tanınmasında əhəmiyyətli rol oynadı. Hazırda ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcmi 310 milyard dollardır. Azərbaycan investisiya cəlbediciliyini qorumaqla yanaşı, bu və ya digər ölkələrə investisiya yatırır. Neft siyasətinin məntiqi davamı kimi dəyərləndirilən qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımlar, biznes mühitinin yaxşılaşdırılması, təkmil islahatların davamlılığı Azərbaycanın beynəlxalq reytinq agentliklərinin hesabatlarında liderliyini qorumasını şərtləndirir. Onu da qeyd edək ki, ölkə iqtisadiyyatına yatırılan 310 milyard dollar investisiyaların 200 milyard dolları qeyri-neft sektorunun payına düşür.

Bu gün Azərbaycan dünyada ən islahatçı, təhlükəsiz ölkə kimi tanınır. Təbii ki, bu uğurlar dövlətimizin düşünülmüş və məqsədyönlü siyasətinin nəticəsidir. Uğurlarımızı şərtləndirən amillər sırasında islahatların zamanın tələbinə uyğun təkmilləşməsini, Azərbaycanın hər addımında dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə istinad etməsini, yenilikçi ölkə kimi nüfuzunu daha da artırmasını, ən əsası idarəetmə sistemində təkmilləşməni xüsusi qeyd etməliyik. Prezident İlham Əliyev daim bu reallığı diqqətə çatdırır ki, Azərbaycanın iqtisadi böhrandan ən az itki ilə çıxması üçün yerli resurslardan istifadə imkanları və daxili potensialı tükənməzdir: “Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması istiqamətində bu gün çox ciddi addımlar atılıb. Deyə bilərəm ki, sahibkarlar bu işlərə artıq böyük ruh yüksəkliyi ilə qoşulurlar. Ölkəmizdə böyük ruh yüksəkliyi var, xüsusilə kənd təsərrüfatı, emal və sənaye sektorlarında. Bakıda, böyük şəhərlərdə, bütün şəhər və rayonlarımızda çox böyük fəallıq müşahidə olunur. Bu da əlbəttə ki, həm bizim siyasətimizin təzahürüdür, - çünki özəl sektor sahibkarlığının inkişafı üçün çox ciddi addımlar atılıb, - eyni zamanda, bizim sahibkarlarımızın da məsuliyyətini göstərir. Sahibkar qazandığı vəsaiti ölkə iqtisadiyyatına qoymalıdır.” Dövlətimizin başçısı bu məqamı da xüsusi qeyd edir ki, əgər bizdə bu güclü təbii resurs olmasaydı, qeyri-neft sektorunu nəyin hesabına inkişaf etdirə bilərdik? Daxili investisiyaların həcmi artmaqdadır. Bu, sözsüz ki, dövlətimizin sahibkarlığın inkişafına diqqət və qayğısından irəli gəlir. ÜDM-də özəl bölmənin payı 85 faizdən çoxdur. Ötən 20 ildən artıq dövrdə 2 milyondan çox yeni iş yerinin açılması işsizlik, məşğulluq probleminin həllinə öz müsbət təsirini göstərir. Özünüməşğulluq proqramı uğurla icra edilir. Dünya İqtisadi Forumu inkişafın Azərbaycan modelinin mövcudluğunu təsdiqləməklə yanaşı, bu reallığı da diqqətə çatdırır ki, uzunmüddətli iqtisadi uğurlara nail olmaq üçün əməkdaşlıq zəruridir. Azərbaycanın iqtisadi inkişafın istiqamətini enerji sektorundan qeyri-enerji sektoruna yönəltməsi yüksək dəyərləndirilir, gələcək üçün uğurlu addım kimi önə çəkilir. Dövlətimizin başçısı İlham Əliyev dünyanın biznes icmasına özümüzü nəinki mühüm coğrafi mövqeyə və təbii sərvətlərə malik, o cümlədən islahatlara, dəyişikliklərə və şaxələndirməyə sadiq ölkə kimi təqdim etməyin vacibliyini bildirir.

Cənab İlham Əliyev çıxışlarında onu da bildirir ki, baxmayaraq, Azərbaycanın zəngin neft və qaz resursları var, gələcəyimizi təmiz yaşıl enerjinin istehsalında və ixracında görürük. Ötən il Azərbaycan 74-cü Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etdi. Bu mötəbər beynəlxalq tədbir ikinci dəfə Bakı şəhərində keçirildi. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, 50 il bundan əvvəl sovet Azərbaycanının paytaxtı olan Bakıda, 2023-cü ildə isə müstəqil Azərbaycanın paytaxtı olan Bakıda bu tədbir keçirildi. COP29 bu vaxta qədər keçirilmiş tədbirlərlə müqayisəyə gəlmir: «Hətta Avropa Oyunlarını xatırlasaq, o vaxt 5 min idmançı və onları müşayiət edən təqribən 3 min qonaq gəlmişdir. Ancaq COP29-da 10 minlərlə xarici nümayəndə ölkəmizə gələcək, iki həftə ərzində Bakı dünyanın mərkəzi olacaq. Müəyyən ehtimallara görə, təqribən 70-80 min xarici qonaq bu müddət ərzində ölkəmizdə olacaq.» Cənab İlham Əliyev belə bir əminliyi ifadə etdi ki, COP29 beynəlxalq konfransını da yüksək səviyyədə keçirəcəyik. Bu, ölkəmizin, xalqımızın növbəti böyük uğuru olacaq. Eyni zamanda, Azərbaycan neft-qaz ölkəsi kimi bu sahədə də özünü göstərəcək. Dünyada hər kəs bir daha görəcək ki, gündəliyimiz yaşıl enerji ilə bağlıdır. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli hazırda enerji siyasətimizin prioritetidir. Bu, reallıqdır və bütün dünya bunu bir daha görəcək.

Qısa təhlil bu qənaətə əsas verir ki, hər dövrün öz çağırışı vardır. Artıq bu gün ölkəmizin həyatında yeni dövr uğurla davam edir. Bu mərhələ işğaldan azad edilmiş ərazilərimizin bərpası və soydaşlarımızın doğma yurd-yuvalarına qayıdışıdır. Əvvəldə də qeyd etdiyimiz kimi, bu torpaqların malik olduqları resurslardan səmərəli istifadə etməklə ölkəmizin gələcəkdə dayanıqlı inkişafına töhfələr veriləcək. COP29 ölkəmizin mövcud imkanlarının təqdimatında öz sözünü deyəcək. Bu tədbir Azərbaycanın yaşıl iqtisadiyyata keçid strategiyasının məntiqi davamı kimi dəyərləndirilir. Bir daha sübut olunur ki, Azərbaycan hər bir sahədə zəngin təcrübəyə malik olmaqla beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etməklə yanaşı, qlobal problemlərin həllinə böyük töhfələr verir. Ölkəmizin irəli sürdüyü hər bir təşəbbüs, qəbul etdiyi qərar beynəlxalq dəstək qazanır. Bu fikir beynəlxalq səviyyədə də qeyd edilir ki, COP29-un ölkəmizdə keçirilməsi Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın milli və beynəlxalq səviyyədə apardığı siyasətə, o cümlədən iqlim dəyişikliyi probleminin həllinə töhfə vermək səylərinə beynəlxalq ictimaiyyətin etimadının təzahürüdür. Məqsədə çatmaq üçün beynəlxalq əməkdaşlıq, texnoloji inkişaf və sosial dəyişikliklər lazımdır. Bakının ev sahibliyi edəcəyi COP29 tədbiri də məhz hər birimizin dünyamız üçün ata biləcəyi addımları önə çıxarmaq və birgə mübarizəmizin qələbəsini aşılamaq məqsədi daşıyır. Qürurvericidir ki, noyabr ayında keçiriləcək COP29 çərçivəsində hər kəs problemlərə Azərbaycanın gözü ilə baxacaq, proqnozlaşdırılan təhlükələrə qarşı mübarizədə planet sakinlərinə ölkəmizdən çağırışlar ediləcək. Azərbaycanın belə qlobal məsələlərin müzakirəsi üçün mərkəz seçilməsi özündə bütün məqamları birləşdirir. Azərbaycanın sözü imzası qədər əhəmiyyətli və dəyərlidir.

Yeganə Əliyeva, “İki sahil”