27 avqust 2024 23:28
326

BMT-dən Fransaya sərt etiraz: Kanakların insan hüquqlarını ciddi şəkildə pozulur

Fransanı izləyən uğursuzluqlar seriyası davam edir. Keçmiş müstəmləkələrindən - Nigerdən, Qabondan biabırcasına qovulan Emmanuel Makron hökuməti yeni-yeni uğursuzluqlarla üzləşməkdədir. Məlum olduğu kimi, Yelisey Sarayının biabırçılıqları siyahısında Yeni Kaledoniya da var. Məsələ burasındadır ki, son zamanlar Paris bu bölgədə ciddi problemlər yaşayır. Fransa buranın dinc əhalisinə qarşı törətdiyi vəhşiliklərlə gündəmdədir. Səngimək bilməyən aksiyalara polisin ifrat müdaxiləsi nəticəsində 11 nəfər həyatını itirib, 200 nəfərdən çox etirazçı saxlanılıb, 500-dən çox insan itkin düşüb. Etirazlar zamanı sahibkarlara dəyən zərərin məbləğinin bir milyard avroya çata biləcəyi vurğulanır. Fransa Prezidenti Emmanuel Makron qanlı hadisələrdən sonra baş verənlərə özünəməxsus qaydada reaksiya verib. Qanla boğmağa çalışdığı Yeni Kaledoniyada "asayişin bərpasında aydın irəliləyiş" olduğunu qeyd edib.

Ekspertlərin fikrincə, Fransanın Yeni Kaledoniyada təklif etdiyi islahatlar kanak xalqının hüquqlarını təhdid altına alır və insan hüquqlarının ciddi şəkildə pozur. Birləşmiş Millətlər Təşkilatının ekspertləri Fransanın Yeni Kaledoniya ilə bağlı apardığı qanunvericilik islahatlarından narahat olduqlarını bildiriblər. Ekspertlər hesab edirlər ki, bu islahatlar kanak xalqının fundamental hüquqlarını şübhə altına alır. BMT-nin Yeni Kaledoniyadakı vəziyyətlə bağlı kommünikesində bu islahatların, xüsusilə də Fransa Daxili İşlər Nazirliyinin yanvarda təqdim etdiyi “Marty” layihəsinin Numea sazişinin nailiyyətlərini təhlükə altına qoyduğu vurğulanır. 1998-ci ildə 25 illik müddətə imzalanmış bu müqavilə kanak kimliyinin və adət-ənənələrinin tanınmasına zəmanət verən səlahiyyətlərin Fransadan Yeni Kaledoniyaya tədricən ötürülməsini nəzərdə tuturdu. BMT ekspertləri diqqətə çatdırırlar ki, Numea sazişini ləğv etmək cəhdi kanakların insan hüquqlarını ciddi şəkildə pozur və dekolonizasiya prosesini tam şəkildə təhlükə altına qoyur. Onlar Fransanı kanakların iştirak və məsləhətləşmə hüquqlarına, eləcə də azad, əvvəlcədən və məlumatlı razılıq hüququna məhəl qoymadığına görə tənqid edirlər. "Fransa hökuməti bu fundamental hüquqlara hörmət etmədi”, - deyə ekspertlər qeyd edirlər. Ekspertlər, həmçinin Yeni Kaledoniyada müstəqillik tərəfdarlarına qarşı silahlı polis qüvvələrinin səfərbər edilməsindən xüsusilə narahat olduqlarını vurğulayıb, hakimiyyəti bu qüvvələrlə bağlı fəaliyyətsizliklə bağlı tənqid edirlər. Mütəxəssislər Fransanı qanunun aliliyinə zəmanət verməyə və Numea razılaşmasının dönməzliyi prinsipinə hörmət etməyə çağırır, əldə olunmuş razılaşmaların Yeni Kaledoniya tam suverenliyə tam nail olanadək konstitusiya ilə təmin edilməsinin zəruriliyini bir daha diqqətə çatdırırlar. Onlar Fransa hakimiyyətinə lazımi tövsiyələri verməyə hazır olduqlarını qeyd edirlər.

Xatırladaq ki, 2007-ci ildə keçirilən konstitusiya islahatından bəri Yeni Kaledoniyada əyalət seçkiləri üçün seçki siyahıları 1998-ci ildəki vəziyyətində dondurulmuşdu. Yanvar ayında hökumət 2024-cü il iyulun 1-dən orada doğulmuş və ya orada ən azı on il yaşayan vətəndaşları daxil etməklə seçki orqanının dəyişdirilməsini nəzərdə tutan konstitusiya qanun layihəsini təklif edib. İyul ayında Fransa Prezidenti Emmanuel Makron tərəfindən dayandırılan bu islahat seçki güclərini zəiflətməklə kanakların təsirini azaldacağından qorxan müstəqillik tərəfdarlarının sərt etirazlarına səbəb olub.

Məlumat üçün bildirək ki, Yeni Kaledoniyada yerli əhali olan kanaklar və gəlmə Fransa vətəndaşları birlikdə yaşayırlar. Ada xüsusi administrativ ərazi vahidi olduğu üçün kanakların bir sıra üstünlükləri var. Makron hökuməti isə müstəqillik və sair ilə bağlı keçiriləcək referendumların nəticəsini dəyişmək üçün Fransadan gələnləri də yerli əhali kimi təqdim edir. Onlar da öz növbəsində Kaledoniyanın Fransanın tərkibində qalmasına səs verirlər. Bu mübarizə artıq uzun illərdir ki, davam edir. Yeni Kaledoniyanın təxminən 300 min əhalisi var. Sakinlərin 40 faizini kanaklar təşkil edir. Adada təxminən 40 mindən çox fransız yaşayır. 1998-ci il "Numea müqaviləsi"nə əsasən, Fransa bölgəyə daha çox siyasi muxtariyyət verməyə, əyalət və parlament seçkilərində səsverməni "yalnız ovaxtkı sakinlərlə" məhdudlaşdırmağa razılaşıb.

Bəs min kilometrlərlə uzaqda olan Yeni Kaledoniya Fransa üçün niyə bu qədər cəlbedicidir? Məsələ ondadır ki, burada Fransa üçün əhəmiyyətli olan nikel yataqları var. Ərazi nikel yataqlarının böyüklüyünə görə dünyada ilk onluğa daxildir. Rəsmi Paris bu yataqları hərtərəfli şəkildə istismar edir, amma qarşılığında Yeni Kaledoniya büdcəsinə çox az ödəniş edilir. Yeni Kaledoniyada dünyada təsbit edilmiş nikel yataqlarının 25 faizi yerləşir. Bu gün nikelin bir tonunun qiyməti dünya bazarında 21150 dollara yüksəlib. Nikel “yaşıl enerji”yə və elektrik avtomobillərinə keçid üçün əsas faydalı qazıntılardan biridir. Yeni Kaledoniyanın faydalı qazıntılarına Çin və Britaniya-ABŞ koalisiyası da iddia edirlər. Çinin adaya təsir mexanizmləri yoxdur. Çünki adanın əhalisi xristianlardır, burada yaşayan çinlilərin sayı isə çox azdır. ABŞ-Britaniya koalisiyasının isə adaya həm maddi, həm də siyasi təsir mexanizmləri var. Əgər Yeni Kaledoniya tam müstəqil olsa, çox güman ki, bu koalisiyanın təsiri altına düşəcək.

Sevinc Azadi, “İki sahil”