28 avqust 2024 08:34
336

Heç bir təzyiq, təhdid, riyakarlıq Azərbaycanı tutduğu yoldan döndərə bilməz

Avropa Şurası Parlament Assambleyası (AŞPA) açıq-aşkar Ermənistana dəstəyini nümayiş etdirir. Bu qurum Azərbaycan nümayəndə heyətinin etimadnaməsini 2024-cü ilin ilk iclasında tanımamaqla Ermənisatana dəstəyini bir daha təsdiqlədi. Bu gün AŞPA-nın  heç bir məntiqə sığmayan qərarı  Zəfərimizdən keçirdiyi narahatlıq hissindən irəli gəlir. Azərbaycan 30 il dünyadan ədalət gözləsə də ədalət və beynəlxalq hüquq prinsipləri maraqların arxasında əridi.  BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu, erməni silahlı birləşmələrinin bu ərazilərdən qeyd-şərtsiz çıxarılması öz əksini tapsa da,  dünya gücləri Ermənistanın qətnamələrə məhəl qoymamasını görməzdən gələrək  münaqişənin həlli prosesinin 30 il uzanmasına səbəb oldular. Azərbaycan  44 günlük İkinci Qarabağ müharibəsində bu qətnamələri təkbaşına icra etdi. Təbii ki, bu gün bəzi beynəlxalq təşkilatların, dövlətlərin ölkəmizə qarşı qarayaxma kampaniyalarını aparmalarına səbəb onların 30 ildə edə bilmədiklərini Azərbaycanın 44 gündə  təkbaşına etməsidir.

Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesində vasitəçiliyini davam etdirmək istəyən beynəlxalq aktorlardan biri də Avropa İttifaqı (Aİ) idi.  Xatrıladaq ki,  İkinci Qarabağ müharibəsi bitdikdən sonra Cənubi Qafqazda sülhün təmin olunması üçün Avropa İttifaqı müəyyən təşəbbüslərlə çıxış etdi. Aİ Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə 2021-ci ilin dekabrında Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin ilk görüşü keçirildi. Bundan sonra Brüssel formatı çərçivəsində liderlərin bir neçə görüşü təşkil olundu. Lakin ötən ilin sentyabrında Ordumuzun Qarabağda həyata keçirdiyi lokal antiterror tədbirlərindən sonra Avropa İttifaqının mövqeyində ədalətsiz yanaşma özünü göstərməyə başladı. Xüsusilə erməni lobbisindən qidalanan Aİ-nin Xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Aİ Komissiyasının vitse-prezidenti Cozep Borrel, Avropa İttifaqının Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə mətbuat katibi Peter Stano və Almaniya Parlamentinin üzvü Frank Şvabe kimi, ermənidən betər ermənilik edənlər anti-Azərbaycan davranışlar sərgiləməkdə davam edirlər.

AŞPA-da Azərbaycan nümayəndə heyəti əleyhinə səs vermiş şəxslər “arzuolunmaz şəxslər” siyahısına salınıb. AŞPA-da nümayəndə heyətimizin mandatı bərpa olunmayanadək sözügedən şəxslər Azərbaycana gəldikləri təqdirdə, onlara ölkə ərazisinə daxil olmağa icazə verilməyəcək. Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Almaniya Parlamentinin üzvü Frank Şvabenin ölkəmiz əleyhinə səsləndirdiyi fikirlərə dair cavabında deyib:"İlk növbədə qeyd etmək istərdim ki, bir sıra korrupsiya hallarında, qaranlıq biznes əlaqələrində adı hallanan Frank Şvabenin Azərbaycan və ölkə rəhbərliyi barədə səsləndirdiyi fikirlər bu insanın nə dərəcədə qərəzli, saxta və ikiüzlü siyasətçi olduğunu nümayiş etdirir. Siyasi sabitlik, iqtisadi inkişaf və tərəqqi göstəricilərinə görə lider ölkələrdən olan Azərbaycanın siyasi rəhbərliyinə qarşı səslənən fikirlər ilk növbədə ölkənin uğurlarına qarşı qərəz kimi dəyərləndirilir. Bununla yanaşı, 30 ilə yaxın işğal altında olan torpaqlarımızın azad olunması istiqamətində tərəfimizdən atılan addımlar və apardığımız müstəqil siyasətin Şvabe kimi şəxslərin məkrli niyyətləri ilə üst-üstə düşmədiyi, onları narahat etdiyi bir faktdır.

Frank Şvabeyə yaxşı məlumdur ki, AŞPA müşahidəçilərinin Milli Məclisə seçkiləri müşahidə etməyə dəvət olunmamasının yeganə səbəbi Almaniya rəsmiləri tərəfindən daxil olmaqla ölkəmizə verilən siyasi səviyyədə vədlərə baxmayaraq, Azərbaycan nümayəndə heyətinin mandatının hələ də bərpa edilməməsidir". Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi həmçinin bildirib ki, Azərbaycan-Rusiya ilə münasibətlərdən narahatlıq ifadə edən Şvabenin Almaniyada və AŞPA-da Rusiya ilə əməkdaşlıqda olan, hətta bu gün Rusiyanın “Qazprom” şirkəti ilə yaxından əməkdaşlıq edən şəxslərdən danışması yerinə düşərdi. Bununla yanaşı, Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyinin bu prosesə aidiyyəti olmayan siyasi motivlərlə şərtləndirilməsi, ölkəmizin öhdəliyi daxil olmaqla, iqlim dəyişikliyi ilə mübarizənin mahiyyətinə zidd fikirlər səsləndirilməsi Şvabenin Azərbaycana qarşı qərəzini növbəti dəfə nümayiş etdirir. Şvabenin COP29 çərçivəsində ölkəmizə səfər etmək niyyətinə gəldikdə qeyd edək ki, AŞPA-da Azərbaycan nümayəndə heyəti əleyhinə səs vermiş şəxslər “arzuolunmaz şəxslər” siyahısına salınıb. AŞPA-da nümayəndə heyətimizin mandatı bərpa olunmayanədək sözügedən şəxslər Azərbaycana gəldikləri təqdirdə, onlara ölkə ərazisinə daxil olmağa icazə verilməyəcək:

"Azərbaycan beynəlxalq səviyyədə üzərinə götürdüyü öhdəliklərə sadiqdir, bu öhdəlikləri yaxşı anlayır. Bununla yanaşı, bu öhdəliklərin yalnız birtərəfli və ikili standartlar əsasında tətbiq edilməsinə, onlardan sui-istifadə edilərək ölkəmizə qarşı qərəzli yanaşmaların tətbiq edilməsinə yol verilməyəcəyini bir daha diqqətə çatdırırıq.”

Qeyd edək ki, Almaniya Parlamentinin üzvü Frank Şvabe “Azadlıq Radiosunda” 23 avqust tarixində yayımlanmış müsahibəsi zamanı Azərbaycanın Avropa Şurasında üzvlükdə maraqlı olmadığını bildirərək, Azərbaycanı Avropa Şurasının təbliğ etdiyi dəyərlərə sadiq olmamaqda ittiham edib, Avropa Şurasının Parlament Assambleyasının Milli Məclisə seçkilərdə müşahidəçi kimi dəvət olunmamasına irad bildirib.

Regionda dəyişən reallıqları qəbul etməyən Fransa və onların əlaltıları olan qurumlar anlamalıdırlar ki, 30 illik işğal dövrü geridə qalıb. 44 günlük müharibədə əldə etdiyimiz Zəfər ilə regionda yeni geosiyasi reallıqlar yaranıb. Bu gün Azərbaycan hüquqi olaraq qalib və diktə edən tərəfdir.

Reallıq budur ki, Azərbaycan tarixi Zəfəri ilə bir daha əksər dünya güclərinə sübut etdi ki, heç bir təzyiq, təhdid, riyakarlıq Azərbaycanı tutduğu yoldan döndərməyib və bundan sonra da döndərə bilməz. Belə qərarlar Azərbaycanın yürütdüyü siyasətə təsir etmək imkanında deyil.

Şəmsiyyə Əliqızı, “İki sahil”