28 avqust 2024 00:45
395

Azərbaycan niyə BRİKS-ə üzv olmaq istəyir?

Hazırkı şərait ölkələrdən dünyaya inteqrasiya olunmağı tələb edir

Dövlətin gücü onun iqtisadiyyatının səviyyəsi ilə müəyyən olunur. İqtisadiyyatı zəif olan ölkə heç vaxt güclü ola bilməz. Müstəqilliyimizin ilk illəri buna bir sübutdur. Sovet hökumətinin qəsdən yaratdığı iqtisadi labirintlər bir neçə il keçilməz oldu və Azərbaycan kimi varlı ölkədə insanlar hətta gecələr səhərə qədər çörək növbəsində dayanmaq məcburiyyətində qaldılar. Lakin Ümummilli Lider Heydər Əliyevin düzgün siyasəti nəticəsində iqtisadiyyat "ölü" nöqtədən çıxıb inkişafa qədəm qoydu. Dünyanın ən inkişaf etmiş ölkələri ilə neft kontraktları bağlanandan sonra isə Azərbaycan sürətli inkişafa möhkəm təməl yaratdı.

Onu da qeyd etməliyik ki, hər hansı bir ölkənin iqtisadiyyatının inkişafı təkcə onun öz resurslarından asılı olmur. Ölkə nə qədər iqtisadi gücə malik olsa da başqa dövlətlərin və ya beynəlxalq kredit təşkilatlarının imkanlarından istifadə etməyə üstünlük verir. Yəni, burada xarici investisiyalardan da istifadə böyük əhəmiyyət kəsb edir. Tərəqqi etməkdə olan ölkələr bu imkanlardan yararlanmaq üçün şərait yaratmağa başlamışlar. Ona görə də iqtisadi birliklər təsis etməyi və onda birləşməyi məqsədəuyğun hesab edirlər. Bu məqsədlə yeni yaradılan bir birlik var. Onun adı artıq dünyada yayılmaqdadır. Bizim dilimizdə isə yeni termin yaranıb-BRİKS. Əvvəla onu qeyd etməliyik ki, BRİKS nə hərbi, nə də siyasi təşkilatdır. Siyasi və hərbi institutları mövcud deyil. Əsas hədəfi qarşılıqlı investisiya qoyulması, yeni nəqliyyat dəhlizləri, güzəştli tariflərlə ticarətdir. Bir sözlə, o, sırf iqtisadi təyinatlı qurumdur. Azərbaycan belə bir iqtisadi ittifaqda təmsil olunmaq arzusundadır.

Burada vacib məqam odur ki, təşkilata üzv olan böyük iqtisadi gücə sahib Çin, Hindistan, Braziliya və Cənubi Afrika Respublikasının Qərb ölkələri ilə ümumi ticarət dövriyəsi 3 trilyon dollara yaxındır. Bu ölkələrin əsas ticarət tərəfdaşı ABŞ və Avropa İttifadı ölkələridir. Eyni zamanda, Azərbaycanın da əsas ticarət tərəfdaşı Avropa İttifaqıdır, ixracatın böyük qismi bu istiqamətdədir. İnvestisiya qoyulması sahəsində də Qərb ölkələri ilk sıradadır. Azərbaycanın təşkilata üzvlüyündən başlıca məqsəd gələcəkdə fəaliyyət göstərəcək nəqliyyat dəhlizlərinin mərkəzinə çevrilməkdir. Cənubi Qafqaz regionu Orta Dəhliz, Şimal-Cənub və Şərq-Qərb dəhlizlərinin reallaşması üçün xüsusi önəm daşıyır. Zəngəzur dəhlizi də gec-tez açılacaqdır. Azərbaycan isə bütün bunların mərkəzindədir və böyük potensial qazanacaqdır. Digər tərəfdən, Çinin, Rusiyanın və Hindistanın sadaladığımız dəhliz layihələrində öz maraqları var. Deyə bilərik ki, ölkəmizin BRİKS-ə üzv olmaq istəyinin də əsas səbəbi bunlarla əlaqədardır. Qısaca desək, bu addım Azərbaycan üçün çox faydalı ola və əlavə investisiya qoyuluşuna şərait yarada bilər.

Yalnız böyük iqtisadi birliklər çərçivəsində, beynəlxalq müqavilələr və qanunlarla qorunan iqtisadi münasibətlər olacaqsa, o zaman  insanlar daha yaxşı yaşamaq imkanı əldə edəcəklər. Hər bir dövlətin də əsas məqsədi xalqının firavan həyatını təmin etməkdir.

Azərbaycan BRİKS-ə daxil olandan sonra bəzi neqativ hallar da aradan qalxacaq, beynəlxalq qanunlarla qorunan iqtisadi münasibətlər çərçivəsində bizim iqtisadiyyatımz daha sürətlə inkişaf edəcək. Yuxarıda dediyimiz kimi, gələcəkdə iqtisadiyyatımızın sürətli inkişafı müəyyən dərəcədə bundan da asılı olacaq.

Artıq Azərbaycan dövləti BRİKS-ə daxil olmaq üçün rəsmi müraciət edib. Təsisçi ölkələr Azərbaycan rəhbərinin bu istəyini yüksək qiymətləndiriblər. Artıq bütün dünya ölkələrinin başçıları yaxşı bilir və etiraf edirlər ki, Azərbaycan etibarlı tərəfdaşdır, öz üzərinə götürdüyü vəzifələri vaxtında həll edir, ölkəsinin qapılarını tərəfdaşlarının üzünə açır, partnyorlarına kömək əli uzadır. Bu, özünü Azərbaycanın da iştirak etdiyi bir çox irimiqyaslı beynəlxalq layihələrin icrasında parlaq şəkildə  göstərib. Ona görə də BRİKS-də təmsil olunan ölkələr Azərbaycanı öz sıralarına böyük məmnunluqla qəbul edəcəklərini bildiriblər.

Yeni birlikdə təmsilçiliyimiz ölkəmiz üçün xeyirli-uğurlu olsun!

Vəli İlyasov, “İki sahil”