28 avqust 2024 01:27
363

Hayları revanşizmə sürükləyənlər anlamalıdırlar ki,..

Fransa Cənubi Qafqazda sülhə və əmin-amanlığa ən böyük təhlükə olmaqda davam edir. Xüsusilə onun son bir ayda Ermənistana göndərdiyi  xeyli sayda silah və hərbi texnika bir daha sübut edir ki, bu Avropa ölkəsi hələ də anti-Azərbaycan mövqeyindən əl çəkə bilmir. Xatırladaq ki, hələ bir müddət əvvəl  Fransanın müdafiə naziri Sebastyen Lekornu ölkəsinin üç ədəd GM 200 radarının satışı və «Mistral» zenit raketlərinin gələcək tədarükü ilə Ermənistana hava hücumundan müdafiə potensialını yaxşılaşdırmağa kömək etdiyini söyləmişdi. Həmçinin qeyd etmişdi ki, Fransa Ermənistana quru müdafiə qüvvələrinin hazırlanmasına kömək edəcək və ölkənin silahlı qüvvələrini islahatlar aparmaqla onun modernləşdirməsini sürətləndirəcək.  Hətta iki ölkə arasında bu barədə Anlaşma Memorandumu da imzalanmışdı.

Artıq həmin anlaşmaya uyğun olaraq son bir ay ərzində həmin silahlar  Ermənistana göndərilib.  Xüsusilə Fransanın 12 ədəd 155 mm-lik SEZAR özüyeriyən artilleriya qurğuları və onların komponentləri, həmçinin tank əleyhinə raket kompleksləri və hava-hava raketləri Ermənistan ordusuna  təhvil verilib. Məlumata görə, bu silahlar Ermənistana İrandan keçməklə gətirilir. Ermənistana göndərilən bu silahlar öldürücüdür və müdafiə yox, hücum silahıdır. Bundan başqa, Ermənistan silahlı qüvvələri Fransa istehsalı olan 500-ə yaxın birdəfəlik «Apilas» reaktiv yaylım atəşi sistemləri və Amerikanın 50 ədəd BGM71-TOW tank əleyhinə idarə olunan raket kompleksləri ilə təmin edilib. Beynəlxalq hərbi ekspertlər bildirirlər ki, Ermənistana verilən bu silahlar müvafiq modifikasiyalardan sonra işğalçı ölkənin  Hərbi Hava Qüvvələrinin balansında olan müasir Su-30 SM qırıcılarında quraşdırılacaq.

Ermənistanı Fransadan başqa ABŞ,  İran və Hindistan da silahlandırmaqda davam edir. Bu gün ABŞ-ın Cənubi Qafqazda möhkəmlənmək istəyi və bu istəyə uyğun Ermənistana hərbi yardımlar etməsi qəbuledilməzdir. Xüsusilə Ağ Ev bir tərəfdən bölgədə Azərbaycanla Ermənistan arasında sülh prosesini dəstəklədiyini bəyan edir, digər tərəfdən Ermənistan ordusu ilə hərbi əməkdaşlığa, hətta hərbi təlimlərə başlayır. Hər kəsə də bəllidir ki, İrəvanın hələ uzun müddət nəinki qalib gəlməyə, hətta müharibə aparmağa nə resursu, nə də qüdrəti  var. Burada əsas məqsəd ABŞ-ın Rusiyanı hər vəchlə bölgədən sıxışdırıb çıxarmağa çalışmasıdır. Xüsusilə son bir neçə ildə Rusiya ilə Ermənistan arasındakı siyasi gərginlik ABŞ-ı bu işlərə həvəsləndirir.

Məlumdur ki, Ermənistandakı anti-Rusiya əhval ruhiyyəsinin yaradıcısı və bu prosesi həyata keçirən  baş nazir Nikol Paşinyandır. O, hakimiyyətə gəldiyi ilk gündən Avropaya, xüsusilədə ABŞ-a inteqrasiya etmək xətti tutub. Hətta bu ölkədəki  bəzi ərazilərdən rus ordusunun çıxarılması reallaşdı. Lakin bununla belə Paşinyanın hədəfində Rusiyanın 102-ci ordusunun  çıxarılması da var. Onların yerini isə Fransa və ABŞ hərbçiləri tutmalıdır. Artıq ilk olaraq Ermənstanda hər iki ölkənin hərbi əməkdaşları yerləşdriliblər. Xüsusilə ABŞ hərbçilərinin Hayastanda təlimlər keçməsi, təcavüzkar orduya təimatçılar göndərilməsi Rusiya-Ermənistan münasibətlərini daha da gərginləşdirib.

Bu gün ABŞ və Fransanın ən böyük hədəfi  Qarabağı könüllü tərk etmiş erməniləri yenidən qaytarmaqdır. Halbuki bu məsələdə Ermənistan özü susur. Hətta 2023-cü ilin sentyabrın 20-də bir günlük antiterror tədbirləri nəticəsində ləğv edilən separatçı xuntanın İrəvana qaçmış tör-töküntülərinin fəaliyyətinə və ofis açmalarına Paşinyan hakimiyyəti icazə vermədiyi halda, ABŞ və Fransa onların anti-Azərbaycan fəaliyyətlərini yenidən diritmək istəyirlər. Digər dəhşətli məsələ  ABŞ-ın Ermənistanda yeni nüvə reaktoru yaratmağa başlamasıdır. Bu isə onsuz da bütün region üçün böyük təhlükə kəsb edən Metsamor AES-i daha da gücləndirir. Yəni, bu məsələdə amerikalı mütəxxəsislər  Ermənistanın seysmik zonada yerləşməsini və  nüvə qaçaqmalçılığını nəzərə almaq istəmirlər.

Ermənistanı silahlandıran digər ölkə Hindistandır. Son iki ildə  Ermənistan bu ölkədən 600 milyon dollarlıq silah –sursat alıb. Məlumata görə, onlar Ermənistana «Pinaka» raket sistemləri, pilotsuz uçuş aparatları əleyhinə sistemlər, tank əleyhinə sistemlər, başqa silah və hərbi texnika tədarük edib. Dörd «Pinaka» batareyasının və onlar üçün raketlərin tədarükünə dair müqavilə İrəvana 250 milyon dollara başa gəlib. Müstəqil siyasət yürütməkdə çətinlik çəkən bu böyük Asiya ölkəsinin öz əhalisinin aclığı ilə mübarizə aparmaqdansa sərhədlərindən min kiolmetrlərlə uzaqda olan Ermənistanı silahlandırmağa çalışması bir daha göstərir ki, Hindistan hələ də Qərbin vassalıdır, xarici siyasətini də məhz onların diktəsinə uyğun yürüdür.

Bu məsələdə qonşu İranın da ermənipərəstliyi aydın görünür. Belə ki, həmişə ABŞ-ın və Avropa ölkələrinin regiona daxil olmasına narazılıq edən İran bu gün Ermənistana Qərb silahlarının, eləcə də Qərbin lisenziyası ilə istehsal olunan Hindistan silahlarının tədarükündə  tranzit ölkə rolunu oynayır. Bir sözlə, İran hökümətinin erməpərəstliyi o qədər güclüdür ki, hətta NATO-nun ən böyük ölkələrinin Hayastanda mövqelərini gücləndirməsi belə onu narahat etmir. Bəli, çox təəssuf ki, İranın ölkəmizə qarşı qeyri-dost fəaliyyəti hələ də davam  edir. Yəni, məlum olub ki, son dövrlərdə İranla  Ermənistan arasında bir neçə yüz milyon dollarlıq gizli silah müqaviləsi imzalanıb. Belə bir xəbəri ilk dəfə «İran İnternational» nəşri yaymışdı. İran Ermənistanla silah müqaviləsinə yaşıl işıq yandırmaqla qoşu dövlət olaraq növbəti dəfə anti-Azərbaycan xarakterini nümayiş etdirmişdir.

Bu gün hayları  silahlandıran ölkələr iddia edirlər ki, guya Azərbaycan Ordusundakı öldürücü silahların çoxluğu Ermənistan üçün hər an təhlükə yaradır. Ona görə də Ermənistanı silahlandırmaqla guya regionda hərbi balans yaratmaq istəyirlər. Lakin onlar hələ də anlamaq istəmirlər ki, Cənubi Qafqazda sülhün bərqərar olması üçün silahlandırma yox, həqiqi sülhün çağrışçısı olmaq lazımdır. Əks halda,  uzun illər davam edən qanlı Ermənistan-Azərbaycan qarşıdurmasının yeni mərhələsi gözləniləndir. Görünür, Azərbaycan yenidən öz dəmir yumruğunu işə salmalı olacaq. Bu prosesdə isə növbəti dəfə uduzan Ermənistan olacaq. İrəvan və onun himayəçiləri anlamalıdırlar ki, onlar revanşizmə sürükləməklə erməni xalqını daha ağır duruma salacaqlar.

Elçin Zaman, «İki sahil»