27 avqust 2024 17:07
348

Məqsədyönlü siyasət sayəsində 30 il işğala  məruz qalan torpaqlarımıza yeni nəfəs verilir

İşğaldan azad edilən ərazilərdə geniş miqyasda iqtisadi, sosial layihələr və məşğulluq proqramları icra olunur. Kənd təsərrüfatı və istehsal yönümlü çoxsaylı ailə təsərrüfatları yaradılır, insanların məşğulluğu təmin edilir.  “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə xalqımız 30 ilə yaxın işğal altında qalmış əzəli tarixi şəhərlərimizin xüsusi Günlərini böyük coşğu ilə qeyd edir. Artıq hər il 26 avqust Laçının, 4 oktyabr Cəbrayılın, 17 oktyabr Füzulinin, 20 oktyabr Zəngilanın, 25 oktyabr Qubadlının, 8 noyabr Şuşanın, 20 noyabr Ağdamın, 25 noyabr Kəlbəcərin əlamətdar gününü kimi bayram edir. İşğaldan azad olunmuş digər rayonlar kimi erməni faşizminin xarabalığa çevirdiyi Şərqi Zəngəzur iqtisadi bölgəsində yerləşən, 26 avqustda Şəhər Günü qeyd edilən Laçın rayonu da bərpa olunur, əvvəlki toy-büsatına qovuşur. Düşmənin cəngindən azad edilən Laçında müasir standartlara cavab verən evlər tikilir, yollar çəkilir, tunellər salınır, elektrik stansiyaları quraşdırılır.

1930-cu ildə Laçın rayonu yaradıldı və Laçın şəhəri onun inzibati mərkəzi oldu. Laçın rayonunun coğrafi yerləşməsi onu həm təbii sərvətləri, həm də strateji mövqeyi ilə seçilən bölgələrdən birinə çevirdi. Rayonun ərazisi şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları,  qərbdən isə Ermənistanla həmsərhəddir. Bu sərhəd mövqeyi Laçını  qısa müddət ərzində strateji əhəmiyyət daşıyan bölgələrdən birinə çevirdi. 1 şəhər, 1 qəsəbə, 125 kəndə sahib rayonun ümumi sahəsi 1835 kvadrat kilometrdir. Laçın ölkəmizin erməni işğalına məruz qalan ilk rayonlarından biridir. 1992-ci ilin 18 mayında ölkədə gedən hakimiyyət uğrunda mübarizə , siyasi hərc – mərclik, özbaşınalıq mühitində  Laçın xarici havadarların dəstəyi ilə getdikcə azğınlaşan ermənilər tərəfindən işğal olundu. Əslində qeyd edək ki, məhz Laçının işğalı ölkəmiz üçün yeni faciələrə yol açmış, düşmənin mövqeyini gücləndirmişdir. Çünki həmin dövrdə Laçının işğalının Ermənistan üçün olduqca böyük strateji əhəmiyyəti vardı.  Ermənistanı Qarabağla birləşdirən yollar məhz Laçından keçirdi. Nəticədə, Laçının işğal edilməsi ilə Ermənistan və Qarabağ arasında maneəsiz əlaqə yaranmış, ermənilər yeni canlı qüvvələri və hərbi texnikanı daha rahat şəkildə Azərbaycan ərazisinə soxulmasına və sonrakı işğalçılıq siyasətinin həyata keçirilməsinə imkan qazanmışdır.  Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəlikləri kobud şəkildə pozan Ermənistanın, əsasən, Suriyadan olmaqla, erməni əsilli qaçqınların  məqsədyönlü şəkildə Azərbaycan torpaqlarında yerləşdirilməsi siyasətinə ən çox məruz qalmış rayonlarımızdan biri də Laçındır. Əlbəttə Ermənistan bu qanunsuz məskunlaşmanı  planlı şəkildə, əhalinin demoqrafik tərkibinin suni surətdə dəyişdirilməsi məqdəsi ilə aparmışdır və bu cür əməllər bütün beynəlxalq konvensiyalarda hərbi cinayət kimi təsbit edilir. Buna baxmayaraq Ermənitan illər boyu bu cinayətləri bütün dünya ictimaiyyətinin gözü qarşısında törətməyə davam etmiş və Azərbaycana qarşı törətmiş olduğu digər beynəlxalq cinayətlər kimi bu cinayətlərdə də cəzasız qalmışdır.

Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuzun 44 günlük Vətən Müharibəsində qazandığı Möhtəşəm Zəfər  nəticəsində imzalanan üçtərəfli bəyanata əsasən  2020 – ci il 1 dekabr tarixində Laçın rayonu Azərbaycanın nəzarəti altına qayıtması təsdiqləndi. 2022-ci ilin 26 avqust tarixində  Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü və  bu, tarixdə yeni bir səhifə açıldı. Bu, yalnız hərbi uğur deyil, həm də Azərbaycanın tarixi ədalətinin bərpası idi.

Hazırda doğma Laçında genişmiqyaslı quruculuq işləri aparılmaqdadır. Belə ki, Laçında   620 – si fərdi  yaşayış binası olmaqla bütövlükdə  700 – dən artıq bina inşa edilmişdir. Laçın rayonunda 510 şagirdin təhsil alması üçün  2 nömrəli tam orta məktəb yerləşir. Həmçinin, Dövlət Başçısının Sərəncamı  ilə Laçın rayonunun, Zabux kəndində 176 şagird üçün nəzərdə tutulan tam orta məktəbinin binasının layihələndirilməsi, təmiri və bərpası işləri aparılır. Şəhərin bərpası prosesində onun turizm potensialı nəzərə alınaraq, uyğun infrastruktur yaradılır. Belə ki, Laçında 100 otaqlı, 10 kottecdən, kafe və restoranlar, əyləncə və istirahət mərkəzlərindən ibarət mehmanxana kompleksi inşa olunacaq.

Qalib Azərbaycan dövləti düşmənin vəhşicəsinə tar-mar etdiyi, xarabalığa çevirdiyi yurd yerlərimiz, şəhər, kənd və qəsəbələrimiz sürətlə dirçəldilir, cənnətə çevrilir. Dövlətimizin Başçısı cənab İlham Əliyevin göstərişi ilə işğaldan azad olunmuş ərazilərdəki doğma ocaqlarına qayıdan, uzun illər məcburi köçkün həyatı yaşayaraq yurd həsrəti çəkmiş soydaşlarımız üçün ən yaxşı şərait yaradılır. 2025-ci ildə Laçında Beynəlxalq Hava Limanının istifadəyə verilməsi planlaşdırılır.  Qorçu kəndi yaxınlığında dəniz səviyyəsindən 1800 metr hündürlükdə inşa edilən hava limanın  uçuş-enmə zolağının uzunluğu 3 min metr, eni isə 60 metr olacaq, burda 6 təyyarə dayanacağının inşası nəzərdə tutulur.  Şübhəsiz ki,  hava limanının inşası bölgənin beynəlxalq statusunu artıracaq, sosial-iqtisadi inkişafına təkan verəcək və turizm potensialının artırılmasına səbəb olacaq. Laçın şəhərinin azad olunması tarixi ədalətin bərpası olmaqla yanaşı,  Azərbaycan Respublikasının  suverenliyinin və ərazi bütövlüyünün təmin olunması istiqamətində də mühüm addım olmuşdur. Laçın artıq təkcə Azərbaycanın sərhəd şəhəri deyil, həm də ölkənin iqtisadi, mədəni və turizm potensialının yeni simvoluna çevrilən,inkişaf etməkdə olan, gələcəyi böyük uğurlar vəd edən əhəmiyyətli bir bölgəmizdir.

Bəli, bu gün Azərbaycan xalqı qürur hissi ilə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin yenilməzliyi, siyasi müdrikliyi, xalqın yumruq kimi bir olması ilə böyük Zəfərdən tərəqqiyə, işıqlı gələcəyə gedən yolla irəli addımlayır.

Ayaz Cəbrayılov,

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri