27 avqust 2024 02:27
398

Münasibətlər yeni mərhələ üzrə və keyfiyyətlə davam etdirilir - Azərbaycan-Özbəkistan

Müasir dövrün, getdikcə qloballaşan, risklərlə, təhdidlərlə davam edən dünya siyasətinin tələblərinə uyğun hədəflərini müəyyənləşdirən Azərbaycan bütün dövlətlərlə və xalqlarla sülh, dostluq şəraitində yaşamaq niyyətini çoxşaxəli əməkdaşlığa sadiqliyi ilə təsdiqləyir. Etibarlı tərəfdaş, regionda və dünyada nüfuzu durmadan artan, təşəbbüsləri supergüclər və beynəlxalq təşkilatlar tərəfindən dəstəklənən ölkəmizin təşəbbüsü ilə reallaşan enerji və nəqliyyat layihələrinin tərəfdaş dövlətlərinin iqtisadi inkişafına müsbət təsiri respublikamıza marağı daha da artırır.

Azərbaycanın xarici siyasətində tarixi və milli adət –ənənələri oxşar olan Mərkəzi Asiya ölkələri, həmçinin Özbəkistan ilə səmimi münasibətləri, əsrlərə sönkənən dostluq və qardaşlıq əlaqələri daha da möhkəmlənir. Bakıda, İçərişəhərdə yerləşən, XV əsrə aid Buxara karvansarası Mərkəzi Asiyadan gələn tacirlər tərəfindən inşa edilib. XVI-XVII əsrlərdə yaşamış Azərbaycan filosofu, şairi və böyük din xadimi, əslən Qarabağdan olan Yusif ibn Məhəmmədcan Qarabağinin qəbri Özbəkistanın Səmərqənd şəhərindədir. Hər iki dövlətin tarixi yaxınlığını təsdiqləyən bu və digər faktlar, münasibətlərimizin əsrlərdən bəri xalqlarımıza qalan miraslari göstərir ki, hələ XV əsrdə xalqlarımız arasında ticarət əlaqələri və elmi mübadilə mövcud olub. 1966-cı ilin aprelində dağıdıcı zəlzələdən sonra Daşkəndin bərpasında azərbaycanlılar da yaxından iştirak ediblər. Bu gün 70 minə yaxın azərbaycanlı Özbəkistan cəmiyyətinin sosial, ictimai, iqtisadi və digər sahələrində fəal iştirak edir.

Dövlət müstəqilliklərini əldə etdikdən sonra strateji sahədə əməkdaşlığın daha da möhkəmlənməsi üçün mövcud potensialdan, yaranan imkanlardan istifadə edən hər iki ölkə rəhbərliyinin ciddi səylərinin nəticəsində Özbəkistan artıq tarixin arxivinə atılmış «Dağlıq Qarabağ münaqişəsi» ilə bağlı müzakirələrdə, danışıqlarda Azərbaycanın ədalətli mövqeyini hər zaman dəstəkləyib. Belə ki, Özbəkistan 2008-ci il martın 14-də BMT Baş Assambleyasında səsverməyə çıxarılmış «Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət» adlı qətnamənin lehinə səs vermiş yeganə Mərkəzi Asiya ölkəsi olub. Həmçinin 2021-ci il martın 31-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında keçirilmiş qeyri-formal Zirvə görüşündə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan xalqını Qarabağın işğaldan azad edilməsi və tarixi ədalətin bərpa olunması münasibətilə təbrik edib. Həmin ilin noyabrında İstanbulda keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə görüşündə isə Şavkat Mirziyoyev Özbəkistanın vəsaiti hesabına Füzulidə böyük məktəbin inşa ediləcəyini bildirib və vədini yerinə yetirib.

Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsi olaraq ölkəmizdə bir sıra mühüm nəqliyyat-logistika infrastrukturu yaradılması ilə Azərbaycan beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya olunub. Bütün bunlar Azərbaycan vasitəsilə Mərkəzi Asiya ölkələrindən, o cümlədən Özbəkistandan yükdaşımaların həcminin daha da artmasına təkan verəcək. Azərbaycan bütün türk dövlətləri, o cümlədən Özbəkistanla ən yüksək səviyyədə diplomatik əlaqələrin qurulmasında və inkişaf etdirilməsində bölgənin lider dövləti kimi mühüm təşəbbüslər göstərir, türk birliyinin inkişafına böyük töhfələr verir. Azərbaycan-Özbəkistan əlaqələri TÜRKSOY, TÜRKPA, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, Türk Biznes Şurası və digər qurumlar çərçivəsində genişləndirilir. Eyni zamanda, Özbəkistanda yüksək səviyyədə təşkilatlanmış Azərbaycan diasporu da bu əlaqələrin inkişafında əhəmiyyətli rol oynayır.

Son iki ildə Özbəkistana beş dəfə səfər edən Prezident İlham Əliyevin bütün görüşləri geosiyasi amil kimi mühüm əhəmiyyət daşıyır. Təkzibolunmaz faktdır ki, Mərkəzi Asiya, Cənubi Qafqaz, Xəzər regionları vahid geosiyasi regiona çevrilir və bölgədə davam edən müsbət proseslər Özbəkistan ilə Azərbaycan arasında səmərəli əməkdaşlıqdan asılıdır.

Prezident İlham Əliyevin özbəkistanlı həmkarı Şavkat Mirziyoyevin dəvəti ilə avqustun 22-də Daşkəndə dövlət səfəri, qardaş ölkədə keçirilən görüşlər tarixi əhəmiyyəti ilə seçilir. Səfərin gündəliyinə daxil olan hər iki ölkənin strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi və çoxşaxəli əməkdaşlığın genişləndirilməsini şərtləndirən mühüm əhəmiyyətli sənədlərin imzalanması Azərbaycanla Özbəkistan arasında münasibətlərin yüksələn, yeni mərhələ və keyfiyyətlə davam edəcəyinə inamı artırır. Dövlət başçılarının təkbətək, nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşlərində qarşılıqlı əməkdaşlığın möhkəmlənməsi, beynəlxalq platformalarda birgə fəaliyyətin səmərəsi, energetika, nəqliyyat layihələrində birlik və həmərəyliyin qorunması kimi humanitar məsələlər də ətraflı müzakirə olunmuş, gələcək inkişaf yolları müəyyənləşdirilmişdir. Səfər çərçivəsində müxtəlif sahələri o cümlədən, hər iki ölkənin siyasi, iqtisadi, ticari, mədəni əlaqələrini əhatə edən 20 sənədin imzalanması qarşıdakı illər üçün strateji tərəfdaşlığın yol xəritəsidir. Daşkənddə sənədlərin imzalanması mərasimi başa çatdıqdan sonra mətbuata bəyanatlarla çıxış edən prezidentlər İlham Əliyev və Şavkat Mirzizoyev görüşü çoxplanlı tərəfdaşlığın hərtərəfli inkişaf kursuna sadiqliyin ifadəsi kimi dəyərləndirdilər.

Mətbuata bəyanatında Özbəkistanda sosial-iqtisadi inkişaf üzrə aparılan islahatları , həyata keçirilən layihələri bərpa-quruculuq işlərinin məntiqi nəticəsi adlandıran Prezident İlham Əliyevin vurğuladığ kimi , bu gün Özbəkistan təkcə regionda deyil, həm də dünya miqyasında sanballı siyasi nüfuza malik ölkəyə çevrilib. «Bu, ən yaxşı göstəricidir. Hələ mən başqa ölkələrdə beynəlxalq tədbirlər çərçivəsində görüşlərimizi demirəm. Bütün bunlar bu gün haqqında danışdığımız və Ali Dövlətlərarası Şuranın birinci iclası çərçivəsində məruzələrdə dinlədiyimiz uğurların rəhnidir. Konkret layihələrin iyirmiyə çatdırılması onun nəticəsidir ki, bizim keçmişdə razılığa gəldiklərimizin hamısı yerinə yetirilib» sözləri ilə bildirən Prezident İlham Əliyevin vurğuladığı kimi, Mərkəzi Asiyanın, Cənubi Qafqazın, Xəzər regionlarının vahid geosiyasi regiona çevrilməsində Özbəkistan- Azərbaycan əməkdaşlığının xüsüsi, önəmli payı vardır. İşğaldan azad olunmuş Füzulidə Mirzə Uluqbəy adına 960 şagird üçün nəzərdə tutulan məktəbin Özbəkistanın maliyyə dəstəyi ilə tikilib istifadəyə verilməsi, Xankəndi şəhərində dost ölkənin dəstəyi ilə yüngül sənaye müəssisəsinin inşası xalqlarımız arasındakı qardaşlığın və dostluğun daha bir rəmzidir. Diskussiyalar çərçivəsində yeni təkliflərlə yaddaqalan, ilk növbədə, əmtəə dövriyyəsinin artırılması, iqtisadi-ticari əlaqələrimizin konkret məzmunla zənginləşdirilməsi, həmçinin üçüncü ölkələrdə birgə fəaliyyəti şərtləndirən hədəflər haqqında aparılan danışıqlar, Birgə İnvestisiya Fondunun kapitalının artırlması ilə bağlı razılaşmalar hər iki ölkənin qonşu dövlətlərə investisiyalar ilə çıxışını artıracağıq.

İki ölkə arasında imzalanan müttəfiqlik münasibətləri haqqında Müqavilənin əhəmiyyətini « Zənnimcə, bu il 33 iliyimizin tamam olduğu qısa bir müddətdə bu sənədlərin imzalanması heç bir ölkə ilə olmayıb, birincisi, Özbəkistanın çox az ölkə ilə müttəfiqlik münasibətləri var. Sizin qarşınızda bir daha demək istəyirəm, bu gün biz tarix yazdıq. Bu tarix iki yaxın xalqın - Azərbaycan və Özbəkistan xalqlarının rifahında öz əksini tapacaq» sözləri ilə bildirən, çoxdan gözlənilən mühüm, vacib addım adlandıran Özbəkistan Prezidenti Şavkat Mirzizoyev perspektivlərin özünü doğruldacağına əminliiyni ifadə etdi. Müttəfiqlik münasibətlərinin dərinləşməsi üzrə yeni təkliflərin hazırlanması və həyata keçirilməsinin səmərəli mexanizmi olan Ali Dövlətlərarası Şuranın birinci iclasında deyilənlərdən də aydın oldu ki, təkliflər, razılaşdırılan hədəflər real fəaliyyətlə nəticələnəcək. Məntiqi nəticə isə budur: «Biz, sadəcə, danışmırıq, hədəflərə nail olmaq üçüni istiqamətlər üzrə çox diqqətlə işləyirik.»

İkinci Qarabağ müharibəsindən sonra Qarabağda aparılan bərpa-quruculuq işlərini, Füzulidə, Şuşada olarkən gördüyü yenidənqurma işlərini Azərbaycan xalqının əzmi, Vətənə bağlılığı kimi dəyərləndirən, möhtəşəmliyi heyrətamiz quruculuq məsuliyyəti adlandıran Şavkat Mirzizoyev «Qarabağda əgər özbək inşaatçıları üçün də hər hansı sahə və ya rayon ayrılarsa, biz də çiçəklənən yeni Qarabağın inşaat işlərində iştirak edərik. İlham Heydər oğlu nəzərdə tutduğumuz işlərdə mənə çox ciddi dəstək verdi. Zənnimcə, biz də sözdə deyil, əməldə bunları reallığa çevirmək üçün dostlarımızın yanında olacağıq» sözləri ilə Özbəkistanın mühüm strateji tərəfdaşı və artıq həm də müttəfiqi olan Azərbaycan xalqına hər zaman qardaşlıq dəstəyi göstərəcəyini əminliklə bildirdi.

Səfər çərçivəsində dövlətləarası ticarət, sənaye kooperasiyası, energetika, nəqliyyat, böyük imkanlarımızın olduğu kənd təsərrüfatı, təhlükəsizlik, mədəniyyət və digər sahələri əhatə edən , siyasi dialoqu möhkəmləndirən, çoxtərəfli platformalarda qarşılıqlı dəstəyi gücləndirmək, parlamentlər, hökumətlər, sahələr, nazirliklər səviyyəsində və ən başlıcası həm də regionlararası fəal təmasları davam etdirmək barədə əldə olunan razılıqlar qarşılıqlı fəaliyyətin əsas istiqaməti kimi yüksək dəyərləndirildi. Qarşıdakı ilin «Özbəkistan-Azərbaycan iqtisadi kooperasiyası ili»” elan edilməsi təklifi dəstəkləndi. Vurğulandı ki, nəqliyyat əlaqələrinin Trans-Xəzər dəhlizi vasitəsi və birgə səylərlə davam etdirilməsi üçün regionlararası əlaqələrin potensialından maksimum istifadə olunmalıdır və olunacaq.

Yüksək etimada əsaslanan danışıqların müsbət nəticələri prezidentlər İlham Əliyevin və Şavkat Mirziyoyevin iştirakı ilə Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın birinci iclasında da müsbət dəyərləndirildi. Qeyd olundu ki, hər iki ölkə arasında sınaqlardan çıxan münasibətlər xalqlar arasındakı təmasıları daha da gücləndirir. Beynəlxalq icmanın mühüm üzvünə çevrilən Özbəkistanın bu gün təkcə öz regionunda deyil, həm də dünya məkanında geniş nüfuz qazandığını səmimi duyğularla diqqətə çatdıran Prezident İlham Əliyev vurğuladı ki, nailiyyətlərin təməlində ciddi məsuliyyət, iqtisadi inkişaf, insanlara qayğı amilləri durur: «Siz ölkədə iqtisadi münasibətləri tamamilə yenidən qurmağı və bu sahəni, eyni zamanda, bütün digər sahələri modernləşdirməyi bacardınız.»

Özbəkistanla Azərbaycanın münasibətlərinin ən yüksək dövlətlərarası qarşılıqlı fəaliyyət səviyyəsinə yüksəlməsi birgə fəaliyyətin real uğurudur. Bu cür görüşlər xalqları yaxınlaşdırır. Müzakirələrdə təkliflərin ortaq məxrəcdə birləşməsi, eynilik təşkil etməsi, müasir dünyada siyasi iradə və qarşılıqlı dəstək sayəsində əldə olunan mühüm nəticələr Azərbaycan –Özbəkistən əməkdaşlığının məntiqi nəticəsidir. Başqa sözlə deyilsə, mütəmadi görüşlər maraqları yaxınlaşdırmaqla ölkələrin iqtisadi inkişafı, biznes sahəsinin formalaşması üçün sağlam mühit formalaşdırır, iş adamları arasında münasibətləri gücləndirir. Qərara alındı ki, hər iki ölkə arasında diplomatik münasibətlərin gələn il qeyd olunacaq 30 illik yubileyini möhtəşəm uğurlarla qarşılamaq üçün birgə səylər mühüm hədəflərə nail olmaq naminə birləşdirilsin.

Danışıqlarda Birgə İnvestisiya Fondunun yaradılması biznes və real layihələrin həyata keçirilməsi üçün mühüm dəstək adlandırıldı. Səyləri Nəqliyyat-kommunikasiya, energetika və digər infrastruktur layihələri vasitəsilə gücləndirmək əsas prioritet kimi qarşıya qoyuldu. Aviareyslərin sayının artırılması, yerüstü, hava daşımalarının maksimum dərəcədə yüngülləşdirilməsi, rəqəmsal həllərin tətbiqi vacib amil adlandırıldı. Mədəniyyət, incəsənət, təhsil, səhiyyə, gənclər və informasiya siyasəti, idman sahələrində fəallığın artarlması üçün təkliflər irəli sürüldü.

Birinci xanım Mehriban Əliyevanın, qızı Leyla Əliyevanın Daşkənddə təhsil, səhiyyə müəssisələrində yaradılan şəraitlə , özbək xalqının milli ənənələrini əks etdirən nümunələrlə tanışlığı Heydər Əliyev Fondunun xeyirxahlıq, humanizm və mərhəmət duyğularının təcəssümü idi. Səfərin yekununda hər iki xalqın incəsənət ustalarının birgə iştirakı ilə təşkil edilən «Qala» konsert qardaşlıq bayramı olmaqla uğurlu nəticə kimi yaddaşlarda qaldı.

Xuraman İsmayılqızı, «İki sahil»