27 avqust 2024 02:58
362

İşğalçı ölkədə Konstitusiya dəyişikliyi: Bir addım irəli, iki addım geri

Blokada vəziyyətində olan, bütün regional layihələrdən kənarda qalan Ermənistanın ərazi iddiaları, xəstə xülyaları onu sivil dünyadan daha da təcrid vəziyyətinə salır

Xəbər verildiyi kimi, bir neçə gün öncə baş nazir Nikol Paşinyanın Ermənistanın Müstəqillik Bəyannaməsinin qəbul edilməsinin 34-cü ildönümü münasibətilə erməni xalqına təbrik məktubu dərc edilib. Həmişə olduğu kimi, bu dəfə də Paşinyan müraciətində hərdəmxəyallığına sadiq qalıb. Axı hər vəziyyətdə “özünəməxsusluğu” qoruyub saxlamaq vacibdir. Xatırladaq ki, bir müddət əvvəl erməni baş nazir ölkə Konstitusiyasının ayrı-ayrı bəndlərinə yenidən baxılması ilə bağlı fikirlər söyləmiş, bunun vacibliyini vurğulamışdı. Bu dəfə də məsələyə yenidən toxunan Paşinyan ənənəsinə sadiq qalaraq özü öz sözlərini inkar edib, müzakirənin 2027-ci ilə yönləndirildiyini deyib. Daha konkret desək, Paşinyan öz məktubunda İstiqlal Bəyannaməsi haqqında “Ermənistan xalqı müstəqil dövlətə sahib olmaq arzusunu açıq şəkildə bəyan etdi və iradəsini qeyd etdi” - deyə bildirib. Bu da o deməkdir ki, erməni xalqının iradəsi Azərbaycana qarşı ərazi iddialarını özündə əks etdirir. Bundan öncə də Ermənistan hökuməti dəfələrlə bəyan edib ki, guya kommunikasiyaların açılmasında maraqlıdır, amma ertəsi gün üzərinə götürdüyü öhdəliyin icrasından yayınaraq, əslində bunun belə olmadığını nümayiş etdirib. Son dörd ilə yaxın dövrdə Ermənistan rəhbərliyinin ziddiyyətli mövqe sərgiləməsinin dəfələrlə şahidi olmuşuq. Suverenliyini, dövlət maraqlarını barışmaz qütblərin maraq toqquşmasına qurban verən, fərqli siyasi mərkəzlər arasında “himayədar” axtarışında olan birinin sözü ilə əməli üst-üstə düşə bilməz.

Qeyd edək ki, rəsmi Bakı Ermənistan Konstitusiyasının preambula hissəsindən Müstəqillik Bəyannaməsinə istinad hissəsinin çıxarılmasını tələb edir. Çünki həmin bəyannamədə keçmiş “Dağlıq Qarabağ”ın Ermənistana birləşdirlməsi ilə bağlı keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Milli Şurasının və Ermənistan Ali Sovetinin 1989-cu il 1 dekabr tarixli qərarlarına istinad edilir. Bu isə Azərbaycana qarşı ərazi iddiası deməkdir. Ona görə də Müstəqillik Bəyannaməsi ilə bağlı hissənin Konstitusiyadan çıxarılmasını istəyir. Əks halda, iki ölkə arasında sülh müqaviləsi mümkün ola bilməz. Yəni, işğalçı və ərazi iddiasında olan tərəf Ermənistan olduğuna görə hər hansı ekvivalentlikdən və ya “güzgü” prinsipindən söhbət gedə bilməz.

Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, Bakı ilə İrəvan arasında sülh müqaviləsi yalnız Ermənistan Konstitusiyasına dəyişikliklər edildikdən sonra imzalana bilər. Çünki sülhə əsas maneə məhz Ermənistan Konstitusiyasında yer alanlardır. Məsələni şərh edən rus ekspert Stanislav Pritçin qeyd edir ki, hələ də Azərbaycana qarşı ərazi iddialarını özündə əks etdirən Ermənistan Konstitusiyasına dəyişikliklər zəruridir: “Bu, haqlı olaraq Bakının tələblərindən biridir ki, hazırkı Konstitusiyada Azərbaycan Respublikasının ərazi bütövlüyünü şübhə altına alan elementlər var. Azərbaycan hakimiyyətinin nöqteyi-nəzərindən Konstitusiyada dəyişikliklər münasibətlərin yekun tənzimlənməsinin mühüm elementidir. Və əslində, dövlətin təsis sənədində başqasının torpağı ilə bağlı iddialar varsa, onda həmin dövlət qonşusunun ərazi bütövlüyünü tanıyan müqaviləni necə imzalaya bilər? Hüquqi baxımdan belə uyğunsuzluq suallar doğurmaya bilməz və onu aradan qaldırmaq lazımdır. Aydındır ki, Konstitusiyaya edilən istənilən dəyişiklik istənilən dövlət üçün fundamental hadisədir və Ermənistan hakimiyyəti bunun təşkili üçün çox böyük iş görməlidir. Burada həm cəmiyyətdən, həm də müxalifətdən çoxlu suallar olacaq və düzəlişlər etmək o qədər də asan olmayacaq”.

Hazırda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi barədə danışıqlar davam edir. Bu baxımdan da dinc münasibətlərin davamlı olması üçün sülh müqaviləsinin imzalanmasına ehtiyac var. Prosesinn uzadılması, ləngidilməsi, Azərbaycanın tələblərinin yerinə yetirilməməsi Ermənistan üçün gələcəkdə çox böyük faciələrə gətirib çıxara bilər. Əlbəttə, burada bir çox amillər var. Ermənistan bu məsələlərdə heç də müstəqil siyasət yürütmür. Sülh prosesinin uzadılması, Ermənistanın Azərbaycanın haqlı tələblərini yerinə yetirməməsi Cənubi Qafqazda marağı olan Avropa dairələrinin planlarının tərkib hissəsidir. Onlar Ermənistan üzərindən belə oyunlar oynayaraq, Ermənistanı sülh imzalamaqdan uzaqlaşdıraraq Azərbaycana müəyyən mənada təsir və təzyiqlər göstərmək istəyirlər.

Ermənistan Azərbaycana qarşı ərazi iddialarına sözdə yox, həm də sənədlər üzərində son qoymalıdır.  Ermənistan xalqı Azərbaycan və Türkiyə ilə normal qonşuluq münasibətlərinin qurulmasını istəyirsə, o zaman Azərbaycanın və Türkiyənin tələbi ilə yeni qanunvericilik aktlarının qəbulunu da həyata keçirməyə hazır olmalıdır. Əks halda blokada vəziyyətində olan, bütün regional layihələrdən kənarda qalan Ermənistanın ərazi iddiaları, xəstə xülyaları onu dünyadan daha da təcrid vəziyyətinə salacaq.

Sevinc Azadi, “İki sahil”