29 noyabr 2017 14:08
2006

İnkişafın Azərbaycan modeli iqtisadi siyasətin mükəmməlliyinin göstəricisidir

Dayanıqlı ictimai-siyasi sabitlik, zəngin potensial, şaxələndirilmiş iqtisadiyyat və qeyri-neft sektorunun inkişafı, dünyada siyasi-iqtisadi zərurətə çevrilmiş neft-qaz hasilatında və nəqlində artan imkanlarımız, böyük transmilli layihələr üzərində aparılan işlər, qara qızılın insan kapitalına çevrilməsi istiqamətində atılan məqsədyönlü addımlar ölkəmizin tükənməyən sərvətlərindən səmərəli və xalqın mənafeyi baxımından istifadə Azərbaycanı 2013-2020-ci illər üçün nəzərdə tutulan hədəflərə yaxınlaşdırır.

“Azərbaycan tarixdə heç vaxt indiki qədər güclü olmamışdır. 14 il ərzində iqtisadi islahatlar baxımından da Azərbaycan qədər sürətli inkişaf yolu ilə gedən ikinci ölkə olmayıb” söyləyən Prezident İlham Əliyevin sözləri reallığa əsaslanır. Siyasi müstəqilliyinin əsasını təşkil edən iqtisadi müstəqilliyin təmin olunduğu ölkəmizdə bütün istiqamətlər üzrə həyata keçirilən konseptual proqramların tətbiqi ilə çox böyük uğurlara nail olunub. Milli iqtisadiyyatının prioritetlərini, istiqamətlərini, iqtisadi təhlükəsizliyini zəngin təbii ehtiyatları və potensialı hesabına təmin edən ölkəmizin gələn il üçün müəyyənləşdirilən dövlət büdcəsi daha böyük nailiyyətlər üçün imkanları artırır. 2018-ci il üçün dövlət büdcəsi gəlirlərinin 20 milyard 127 milyon, xərclərinin isə 20 milyard 905,7 milyon manat həsmində proqnozlaşdırılması daha mühüm iqtisadi, sosial islahatların səmərəsindən xəbər verir.

Regionların sosial iqtisadi inkişafına dair Dövlət Proqramlarında, “ Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı”nda qarşıdakı 10 il üçün müəyyən edilmiş vəzifələrdə əsas hədəf insan amilinə diqqət və qayğının artırılması, milli iqtisadiyyatımızı dünya iqtisadi sisteminin ayrılmaz tərkibinə çevirməkdir. İqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun gücləndirilməsi hesabına davamlı və sabit iqtisadi inkişafa nail olunması, ÜDM-in və dövlət büdcəsinin formalaşmasında təbii ehtiyatlar amilinin azaldılması, bütün bölgələrin sosial-iqtisadi vəziyyətinin müasir tələblər səviyyəsinə çatdırılması, ölkə iqtisadiyyatının rəqabət qabiliyyətliliyinin yüksəldilməsi və yerli məhsulların dünya bazarlarına ixrac imkanlarının artırılması, əhalinin etibarlı sosial müdafiəsinin təşkili və maddi-mənəvi rifah halının durmadan yaxşılaşdırılması, yoxsulluq səviyyəsinin və işsizliyin minimuma endirilməsi, orta təbəqənin hər vasitə ilə genişləndirilməsi və cəmiyyət həyatında rolunun artırılması başlıca perspektivlərdəndir”. Sağlam və rəqabətə davamlı biznes mühitinin yaradılması ilə özəl bölmənin inkişafına göstərilən dəstək, xarici investorların Azərbaycana artan marağı ölkəmizin dünya bazarlarında mövqeyinin möhkəmlənməsinə stimul yaradır. Əlavə istehsal sahələri yaradılır. Dövlət tərəfindən iş adamlarına, fermerlərə güzəştli şərtlərlə verilən kreditlər, nəzərdə tutulan imtiyazlar artırılır, hüquqi və maddi dəstək göstərilir. “Əlbəttə ki, bütün bu məsələlərin həll edilməsi bir daha bizim dövlətimizin siyasətini, niyyətini ortaya qoyur. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır” söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi bu uğurlara nail olmaq üçün ilk növbədə güclü iqtisadi potensial formalaşmalıdır. Azərbaycanda bu istiqamətdə davam etdirilən siyasətin nəticəsidir ki, qeyri-neft iqtisadiyyatımız 2,5 faiz artıb. Qeyri-neft sənayesində isə artım 4,4 faizdir.

ÜDM-ə bərabər olan valyuta ehtiyatları cari ilin doqquz ayında 4,5 milyard dollar artaraq 42 milyard dollar təşkil edir. Strateji əhəmiyyət daşıyan layihələrə diqqət artırılır. İslahatların düzgün aparılmasının nəticəsidir ki, bir çox məhsullar üzrə ixrac idxalı üstələyib. Xarici ticarət dövriyyəsinin göstəriciləri 36 faiz artıb. Qeyri-neft ixracı altı ayda 27 faiz artıb, idxal 15 faiz azalıb. Nəticədə 122 min yeni iş yeri açılıb ki, onlardan 101 mini daimidir. Sənaye istehsalı 2,7 dəfə artmışdır. Ümumiyyətlə, 14 il ərzində ölkə iqtisadiyyatına 107 milyard dollar həcmində xarici investisiya qoyulub. Azərbaycan 190 ölkə ilə xarici ticarət əlaqəsi yaradıb. Xarici ölkələri təmsil edən 8 mindən artıq şirkət qeydiyyatdan keçib. 1 milyon 360 min yeni iş yeri yaradılmışdır. İşsizlik, yoxsulluq 5 faizə endirilmişdir. Dünyanın aparıcı kredit reytinq agentlikləri Azərbaycanın suveren reytinqlərini artırmışlar.

“Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması istiqamətində aparılan islahatların beynəlxalq səviyyədə dəyərləndirilməsi ölkəmizə liderlik şansı qazandırmaqla bu sahədə əldə olunan təcrübənin geniş təbliği üçün də imkanları artırır. Bu 14 il ərzində iqtisadi islahatlar baxımından Azərbaycan qədər sürətli inkişaf yolu ilə gedən ikinci ölkə olmayıb. İqtisadiyyat üç dəfədən çox artıb, yoxsulluq təxminən 50 faizdən 5 faizə düşüb” söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi bu cür dinamika iqtisadi siyasətin mükəmməlliyinin göstəricisidir.

Formalaşan maliyyə ehtiyatları hesabına aqrar sahənin inkişafı sürətlənib. 20 rayon üzrə dəyəri 193 milyon manat olan 32 iri fermer təsərrüfatı yaradılıb. 26 rayonda 38 aqroparkın, 14 müasir cins heyvandarlıq kompleksi, 24 iri taxılçılıq təsərrüfatlarının yaradılması nəzərdə tutulur.

Keyfiyyətcə yeni iqtisadi modelini formalaşdıran, dövlətlərarası ticarət əlaqələrini genişləndirən, qlobal enerji və nəqliyyat layihələri ilə maraq doğuran Azərbaycanın iqtisadi nailiyyətləri beynəlxalq iqtisadi qurumlar tərəfindən də yüksək qiymətləndirilir. Davos Forumunun son hesablamalarında iqtisadiyyatların rəqabət qabiliyyətliliyinə görə Azərbaycan dünya miqyasında 35-ci yerdədir. Yəni, bu rəqəm deməyə əsas verir ki, tərəqqi ölkəmizin ümumi inkişafında olduğu kimi insanların rifah halının yaxşılaşmasında öz əksini tapır. Azərbaycan dünyanın nüfuzlu iqtisadi tədqiqat mərkəzlərinin hesabatlarında daha çox investisiyanın cəlb olunduğu ölkə kimi təqdim olunur.

İnşası 2020-ci ildə başa çatdırılacaq “Cənub Qaz Dəhlizi” və istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmiryolu kimi mühüm layihələrin təşəbbüskarı və icrası üçün məsul tərəf olan Azərbaycanın qazandığı nailiyyətlər Prezident İlham Əliyevin uzaqgörən siyasəti, prinsipiallığı, qətiyyəti sayəsində mümkün olmuşdur. Avropa və Asiya arasında siyasi və iqtisadi əlaqələrin genişlənməsinə xidmət edən, ölkəmizi nəqliyyat və enerji mərkəzi kimi tanıdan bu siyasət nəticəsində Azərbaycan həm də dünyanın əsas neft-qaz ixracatçısına çevrilib. İnkişafda xüsusi rolu və əhəmiyyəti olan özəl bölmənin təkmilləşdirilməsi də diqqətdə saxlanılan ümdə məsələlərdəndir.

Daxili bazarımızı yerli istehsal hesabına təmin edən, emal müəssisələrinin, fermer təsərrüfatlarının istehsalı olan məhsullar keyfiyyət baxımından da idxal olunan malları üstələyir. Xüsusilə əhalinin yerli , daha keyfiyyətli, ekoloji baxımdan təmiz ərzaq məhsulları ilə təminatında qarşıya qoyulan bütün vəzifələr həllini tapıb.

İqtisadiyyatımızın real sektoruna qoyulan sərmayələr kimi özünü doğruldan sahibkarlara güzəştli şərtlərlə 275 milyon manat kreditin ayrılması biznesin inkişafını sürətləndirir. Əhalinin məşğulluq səviyyəsini yüksəldir, yoxsulluq və işsizliyin minimuma endirilməsini təmin edir.

“Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər” haqqında sərəncamın tətbiqi bu sahəyə daha böyük diqqətin yönəldilməsini aktuallaşdırır, icra mexanizminin istiqamətlərini müasir texnologiyaların tətbiqi ilə yeniləşdirir.

Ölkəmizdə biznes mühitinin daha da yaxşılaşması üçün dövlət dəstəyinin artırılması, təkmil hüquqi bazanın formalaşması Dövlət Proqramlarına uyğun bölgələrdə istifadəyə verilən fabrik və zavodlarda, emal müəssisələrində ən müasir texnologiyaların tətbiqi, istehsal olunan məhsullara xarici bazarlarda tələbatın artması göstərir ki, dünya iqtisadiyyatının ayrılmaz parçası olan Azərbaycan dinamik inkişaf yolunda inamla irəliləyir, sənayeləşmə proqramının həyata keçirilməsi istiqamətində önəmli addımlar atılır.

“Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Fərmanın tətbiqində məqsəd qeyri-neft sektorunun gələcək istiqamətlərini inkişaf konsepsiyasında qarşıya qoyulan düşünülmüş iqtisadi siyasətin tələblərinə uyğunlaşdırmaq, sabit və dinamik tərəqqiyə elmi əsaslarla nail olmaqdır.

“Xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patent almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydası” haqqındakı Fərmandan sonra belə əhəmiyyətli “Yol xəritəsi” ilə bağlı qəbul olunan sənəd dünyada geniş yayılan mütərəqqi təcrübənin ölkəmizdə tətbiqinə geniş imkan yaradır. Bunun üçün potensial baza kimi neft-qaz hasilatı, nəqli və emalı sistemlərinin tikilməsi, yenidən qurulması, modernləşdirilməsi nəzərdə tutulur, neft-kimya zavodlarından ibarət kompleksin inşası planlaşdırılır. Ən əsası isə qeyri-neft sənayesinə, fermer təsərrüfatlarına investisiya qoyuluşuna, sahibkarlığa əngəl olan halların aradan qaldırılmasına diqqət artırılır.

Milli iqtisadiyyatın müxtəlif sahələrini əhatə edən, fundamental əsaslara istinad edən strateji yol xəritəsi üç mərhələ üzrə həyata keçiriləcək. 2016-2020-ci illəri əhatə edəcək inkişaf strategiyasından sonra 2025-ci ilədək dövrdə islahatlar aparılacaq. Uzunmüddətli strateji baxışlarda nəzərdə tutulan əsas hədəflər 2025-ci ildən sonrakı dövrlərdə həyata keçiriləcək. Milli iqtisadiyyatı şərtləndirən perspektivlərdən əlavə 11 istiqamət üzrə proqnozlar Strateji Yol Xəritəsində əksini tapır. Məqsəd kompleks tədbirlərin tətbiqi ilə milli iqtisadiyyatı böhrandan qorumaq, aparılan genişmiqyaslı islahatların səmərəliliyini artırmaqdır.

Xuraman İsmayılqızı, “İki sahil”