Hər bir ölkədə inkişaf proseslərinin davamlılığını təmin edən başlıca amillərdən biri də qarşıda duran hədəflərin düzgün müəyyən edilməsidir. Müstəqil Azərbaycanın son illər ictimai-siyasi həyatın bütün sahələrində əldə etdiyi uğurlar konkret məqsədlərə yönəlmiş çevik iqtisadi siyasətin nəticəsidir. Fərəhləndirici haldır ki, digər sahələrdə olduğu kimi, ordu quruculuğunda aparılan islahatlar da uğurla davam etdirilir. Müxtəlif səviyyələrdə səslənən “Azərbaycan ordusu regionda ən güclü ordular sırasındadır” sözləri bu reallığı təsdiqləyir.
Bu günlərdə Tərtər və Ağcabədi rayonlarına səfəri zamanı “N” saylı hərbi hissələrdə yaradılan şəraitlə tanış olan Prezident, Ali Baş Komandan İlham Əliyev dayanıqlı müdafiənin təmin olunması istiqamətində görülən işlərlə maraqlanıb. Azərbaycan Silahlı Qüvvələrinin hissələrində ordunun döyüş qabiliyyətinin artırılması, əməliyyat üzrə hazırlığın gücləndirilməsi ilə bağlı müxtəlif qoşun birləşmələrinin cəlb olunduqları təlimlər də göstərir ki, ölkəmizin müdafiə qüdrəti güclənməkdədir.
2016-cı ilin aprel hadisələri də göstərdi ki, başqalarının himayəsi ilə “qüdrətli orduya” malik olduğu mifini yaradan işğalçı Ermənistan Azərbaycanın qüdrətli Ordusu qarşısında acizdir. Hazırda atəşkəsi gün ərzində dəfələrlə pozan Ermənistanın dağınıq ordusu yüksək mənəvi-psixoloji, təchizatı və nizam- intizamı ilə fərqlənən cəsarətli Azərbaycan əsgərinin gücünə bələddir. Ordumuzda vətənpərvərlik ruhu yüksək olduğu kimi hərbi hazırlıq məsələləri də daim diqqətdə saxlanılır. Ötən il Ağdərənin, Fizulinin, Cəbrayılın işğaldan azad olunmuş ərazilərində üçrəngli bayrağımızın dalğalanması əsgərlərimizin qələbə əzmini artırır. Müasir tələblərə uyğun ordu formalaşdırmaq üçün NATO ilə əməkdaşlığı gücləndirən Azərbaycanda ordu quruculuğu istiqamətində islahatlar dünya təcrübəsindən yararlanmaqla davam etdirilir. Ordunun modernləşməsi, hərbi hissələrin ən müasir silahlarla təchiz olunması üçün ən müasir silahlar alınır, əsgər və zabitlərin mənzil- yaşayış şəraiti yaxşılaşdırılır. “Qeyd etdiyim kimi, ordu quruculuğu bizim üçün prioritet məsələdir və bu, gələcəkdə də belə olacaq” söyləyən Prezident İlham Əliyev Ermənistanla təmas xəttində üstünlüyü əldə edən və düşmənə sarsıdıcı zərbələr vuran Azərbaycan Ordusunun təminatını daha da gücləndirmək məqsədilə yaradılan Müdafiə Sənayesi Nazirliyinin təşkilini də islahatların tərkib hissəsi kimi dəyərləndirir. Nazirliyin müəssisələrində silah, sursat və hərbi vasitələrin istehsalının genişləndirilməsi və keyfiyyətinin daha da yaxşılaşdırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Bunu aprel döyüşləri bir daha sübut etdi. Bu gün Azərbaycanda mindən artıq adda hərbi təyinatlı məhsul istehsal edilir. Ordumuz üçün lazım olan ləvazimat, avadanlıq, texnika, mərmilər, patronlar Azərbaycanda istehsal edilir. Son illərdə hərbi avadanlıqların idxalı da xeyli azalıb. Ancaq yüksək dəqiqliyə və böyük dağıdıcı qüvvəyə malik müasir silah-sursat, döyüş helikopterləri, döyüş təyyarələri alınır. Hərbi məhsullarımızın ixracı, Azərbaycanın dünyanın aparıcı beynəlxalq hərbi sərgilərində öz məhsullarını nümayiş etdirməsi ölkəmizin hərbi potensialının göstəricisidir. Elə buna görə də Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycan xalqı öz gücünə güvənir, ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyət iradəsinə arxalanır.
“Nəinki Dağlıq Qarabağ bizimdir, hətta bugünkü Ermənistan tarixi Azərbaycan torpaqları üzərində qurulubdur. Biz hamımız bunu yaxşı bilirik. Dünya da bunu artıq bilir. İrəvan xanlığı, Göyçə, Zəngəzur mahalı bizim tarixi torpaqlarımızdır və biz azərbaycanlılar o torpaqlara da qayıtmalıyıq və qayıdacağıq” söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi “kim güclüdür, o da haqlıdır” prinsipi” ilə idarə olunan dünyamızda güc amili əsas prinsipdir. Azərbaycanın güclü iqtisadiyyatı, sabitliyi, maliyyə baxımından başqa ölkələrdən asılı olmaması da göstərir ki, heç bir kənar qüvvə qüdrətli Azərbaycana öz iradəsini diktə edə bilməz.
Azərbaycan torpaqlarının qorunması uğrunda canından keçməyə hazır qəhrəman bir xalqın yurdu, vətənpərvərlər məskənidir. Təhlükəsizlik sisteminin konseptual əsasını təşkil edən müdafiə siyasətinin məqsəd və prinsiplərinin dövlət siyasətinə uyğun müəyyənləşdirilməsi baxımından aparılan islahatların nəticəsidir ki, atəşkəsin pozulmasını intensivləşdirən Ermənistan qüdrətli Azərbaycan Ordusunun şücaəti qarşısında gücsüzlüyünü etiraf etməyə məcburdur. Ermənistanın kəşfiyyat qruplarının təmas xəttində törətdikləri təxribatlara Azərbaycanın əsgər və zabitləri hərbi hazırlıqları və sayıqlıqları ilə cavab verirlər.
Qazanılan uğurlarda ölkəmizin beynəlxalq hərbi qurumlarla əməkdaşlığı da əhəmiyyətli rol oynayır. NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramına qoşularaq ölkəmizi qurumda ləyaqətlə təmsil edən zabitlərimiz hərbi hazırlığı ilə diqqəti çəkir. Müasir standartlara uyğun təkmilləşən Azərbaycan ordusunun təlimlərdə peşəkarlıq göstərməsi, əməkdaşlığın getdikcə daha da güclənməsi ölkəmizdə ordu quruculuğuna göstərilən diqqət və qayğının ifadəsidir.
Ordu quruculuğu sahəsində əldə olunan uğurlardan biri də başqa ölkələrdə olmayan Müdafiə Sənayesi Nazirliyinin yaradılması, beynəlxalq sərgilərdə iştirakımız, hərbi ekspertlərin “Azərbaycan markası” ilə istehsal olunan avadanlıqlara marağının artmasıdır. Dünyanın ən qüdrətli dövlətlərinin təmsil olunduğu sərgidə hərbi sənaye sahəsində ilk addımlarını atan Azərbaycanın iştirakının özü iqtisadi, müdafiə qüdrətimizin göstəricisidir. Aprel döyüşləri zamanı düşmənin canlı qüvvəsinin və döyüş texnikalarının məhv edilməsində qeyd etdiyimiz kimi, Azərbaycan istehsalı olan hərbi təyinatlı məhsullar mühüm rol oynamışdır. Döyüşlərdə MSN-in müəssisələrində istehsal olunan silah və sursatlardan -tank əleyhinə qumbaraatanlar, minaatanlar və onların döyüş sursatları, snayper tüfəngi, universal pulemyotlar, o cümlədən AK74M tipli avtomat silahlar, müxtəlif çaplı patronlar və digər döyüş sursatları düşmənə qarşı tətbiq olunmuşdur. Eyni zamanda, düşmənin hədəflərinin dəqiq müəyyən edilib, məhv edilməsi ölkədə istehsal olunan müasir pilotsuz uçuş aparatları vasitəsilə həyata keçirilmişdir.
Dövlət başçısı İlham Əliyevin bu sahədəki yeniliklərlə daim maraqlanması, elmi texnologiyalar əsasında müasir silah növlərinin hazırlanması üçün maddi və maliyyə bazasının formalaşması istehsal olunan məhsulların çeşid və keyfiyyətini yüksəldir. Başlıca tələb və tapşırıq da budur: silahlı qüvvələrin ehtiyacını ödəyə biləcək həcmdə, beynəlxalq standartlara uyğun istehsalı artırmaq. Ali Baş Komandan İlham Əliyev vurğulayır ki, bunu şərtləndirən amillər iqtisadi potensial və ordunun güclü olmasıdır. Çünki güclü ordu, güclü dövlət deməkdir. Ordu quruculuğu sahəsindəki islahatları ilə müdafiə qüdrətimizi gücləndirən ümummilli lider Heydər Əliyev də vurğulayırdı ki, müstəqilliyin əbədiliyi, sülh danışıqlarını cəsarətlə apara bilmək üçün güclü orduya malik olmaq lazımdır. Dünya hərb sənayesində özünəməxsus yeri olan ABŞ, Türkiyə, Rusiya, Fransa, Çin, İsrail, Cənubi Afrika Respublikası şirkətlərinin iştirak etdiyi sərgilərdə Azərbaycanın Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan avadanlıqların nümayişi və maraqla qarşılanması təqdirolunası haldır.
Dünyanın ən qüdrətli dövlətlərinin təmsil olunduğu sərgilərdə hərbi sənaye sahəsində ilk addımlarını atan Azərbaycanın iştirakının özü iqtisadi, müdafiə qüdrətimizin göstəricisidir. 2014 və 2016-cı illərdə Bakıda “ADEX” beynəlxalq hərbi sənaye sərgilərinin təşkili Azərbaycanda ordu quruculuğuna yüksək səviyyədə göstərilən maraq və diqqətin ifadəsi idi.
Xuraman İsmayılqızı, “İki sahil”
Çıxış Azərbaycanın Türk Dövlətləri Təşkilatı ilə əməkdaşlığının perspektivləri haqqında zəmanət oldu
Xankəndidə Böyük Qayıdışın yeni mərhələsi: doğma yurdda həyat yenidən canlanır