14 avqust 2024 10:25
442

Təhsil hər bir dövlətin gələcəyidir

Dövlət başçısı İlham Əliyevin “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Sərəncamda dəyişiklik edilməsi barədə Sərəncamı gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilalma imkanlarını genişləndirir

“Təhsil hər bir dövlətin gələcəyidir. Bu sözlər dəfələrlə müxtəlif kürsülərdən səsləndirilib. Yəqin ona görə ki, bu, həqiqətdir, bu, doğrudan da belədir. Əgər biz inkişaf etmiş ölkələrin tarixinə və bugünkü inkişaf dinamikasına nəzər salsaq görərik ki, əsas hərəkətverici qüvvə təhsildir, elmdir, texnologiyalardır, innovasiyalardır. Təbii resurslar yox, məhz biliklər. Ona görə biz də çalışırıq və bundan sonra da çalışmalıyıq ki, Azərbaycanda təhsilin səviyyəsi daha da qalxsın. Təhsilin səviyyəsi dünyanın ən yüksək standartlarına cavab versin. Əgər biz buna nail ola bilsək, - mən inanıram ki, buna nail olacağıq, - onda ölkəmizin uzunmüddətli, dayanıqlı inkişafı təmin ediləcəkdir.» Dövlət başçısı İlham Əliyev bildirir ki, gənclərimiz bilikli, peşəkar və vətənpərvər olmalıdırlar. Bu amillərin sintezi ölkəmizin gələcək uğurlu inkişafını şərtləndirəcək.

Dövlət başçısı İlham Əliyevin 12 avqust 2024-cü il tarixli Sərəncamı ilə «Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı»nın icra müddəti 2028-ci ilədək uzadılır. Bu, nəzərdə tutulan müddət ərzində Azərbaycanın istedadlı gənclərinin xarici ölkələrin nüfuzlu universitetlərində təhsil almalarına şərait yaratmış olur. Cənab İlham Əliyevin imzaladığı Sərəncama uyğun olaraq Dövlət Proqramında növbəti dəyişiklik say ilə əlaqədardır. Belə ki, əgər indiyə qədər Dövlət Proqramı çərçivəsində 400 nəfərədək gəncin təhsili nəzərdə tutulurdusa, bu say 100 nəfər də artırılıb. Bundan sonra 500 nəfər Azərbaycan gənci xarici ölkələrin nüfuzlu universitetlərində ali təhsilin bütün səviyyələrində təhsil ala biləcəklər. Xaricdə təhsil üzrə Dövlət Proqramında edilən dəyişikliyə əsasən, bu proqram ali təhsilin doktorantura səviyyəsini də əhatə edəcək. Atılan bu mühüm addım belə əsaslandırılır ki, “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” il ərzində təqribən 100 nəfər gəncin doktorantura təhsilini də maliyyələşdirirdi. Lakin artıq regionların sosial-iqtisadi inkişafına dair dördünsü Dövlət Proqramının icrası başa çatıb. Lakin sosial sifarişlər davam edir. Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”nda dəyişikliyə əsasən, növbəti ildən gənclərin xaricdə doktorantura təhsili də maliyyələşdiriləcək.

Azərbaycan hər zaman dünyada yenilikçi, innovasiyalar ölkəsi kimi tanınır. Bu uğurumuzu şərtləndirən əsas amil, təbii ki, islahatların qaçılmazlığı və onların zamanın tələblərinə uyğun təkmilləşdirilməsidir. Hazırda ölkəmiz inkişafın yeni mərhələsini yaşayr. Torpaqlarımızın işğaldan azad edilməsi və bərpa-quruculuq işləri ilə bağlı görüləcək işlər yeni Dövlət proqramlarının qəbulunu, həmin sənədlərdə müasir dövrün tələblərini özündə əks etdirən müddəaların yer almasını bir zərurət kimi qarşıya qoydu. «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyasının davamı olaraq «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər» təsdiqləndi. Gələcəyə nikbinliklə baxmağa əsas verən əsas amil bugünkü uğurlarımızdır. Qeyd etdiyimiz kimi, torpaqlarımız işğaldan azad olundu, dövlət başçısı İlham Əliyevin Fərmanı ilə iqtisadi rayonların yeni bölgüsü həyata keçirildi, yeni Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradıldı. Təsdiqlənən Milli Priortietlər sahibinə qovuşmuş ərazilərimizin malik olduqları potensialdan daha səmərəli istifadə etməyə geniş imkanlar yaradacaq. Əsas hədəflərdən biri bu torpaqları böyük investisiyalar məkanına çevirmək, Azərbaycanı dayanıqlı inkişafına davamlı töhfələr verməkdir.

Dövlətimizin başçısı İlham Əliyevin çağırışlarında bu mühüm məqam da yer alır ki, kadr hazırlığı ölkənin iqtisadi inkişafına uyğun olmalıdır. Təbii ki, bu hədəf təhsilin, elmin və iqtisadiyyatın vəhdətinin yaradılmasını stimullaşdırır. “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın, həmçinin “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”nın təsdiqlənməsi haqqında sərəncamlar ali təhsil sisteminin rəqabətliliyinin artırılmasını, beynəlxalq əlaqələrin inkişafını, dünya təhsil sisteminə inteqrasiyanın sürətləndirilməsini bir tələb kimi ortaya qoyur. Ölkə Prezidentinin “Ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə”, “Doktorantura, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin “Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” sərəncamları, “Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında” Fərmanı da təhsilin inkişafına yönələn addımların davamlılığının göstəricisidir. Bu kimi mühüm addımlar tələbələr arasında rəqabət mühitinin formalaşmasında əhəmiyyətli rol oynayır. Rəqabətin artması isə öz növbəsində təhsilin inkişafı və bunun davamı olaraq iqtisadi tərəqqiyə stimuldur. İqtisadiyyatın elmi əsaslara söykənməsi davamlı inkişafın əsasıdır.

Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq əhəmiyyətli tədbirlər ölkəmizin bu və ya digər sahələrdə malik olduğu imkanların, elmi əsaslara söykənən iqtisadiyyatımızın uğurlarının, ən əsası idarəçilik sistemində təcrübənin təqdimatında əhəmiyyətli rol oynayır. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, həyat yerində durmur, qarşıya yeni vəzifələr qoyulur, yeni çağırışlar qarşımızda durur. Azərbaycanda təcrübə ilə gənclərin dinamizmi arasında vəhdət yaradılmalıdır. Bu çağırışlar idarəçilik sistemində təkmilləşmələrə geniş yol açır ki, bu da özlüyündə ölkənin dayanıqlı inkişafını şərtləndirir. Bu fakt inkaredilməzdir ki, ölkə o zaman güclü, qüdrətli, insanların rifah halı yüksək olur ki, zəngin idarəçilik təcrübəsinə malik rəhbəri vardır. Bu fikir beynəlxalq səviyyəli tədbirlərdə də xüsusi qeyd olunur ki, yoxsul deyil, yaxşı idarə olunmayan ölkələr vardır. Azərbaycanın inkişaf modeli beynəlxalq səviyyədə təqdir olunursa, bu, təkmil islahatlara əsaslanan davamlı inkişafın nəticəsidir. Azərbaycanın bütün sahələrdə, o cümlədən idarəçilik sahəsində beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi inkişaf modelinin nümunəviliyini təsdiqləyir. O da məlumdur ki, ölkəmiz 2019-cu ildə BMT-nin Dövlət Xidmətləri Forumuna ev sahibliyi etdi. Tədbirdə çıxış edən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Azərbaycan brendi kimi dünyaya səs salan “ASAN xidmət”in, ABAD-ın uğurlarından geniş bəhs edərək bu mühüm məqamı xüsusi qeyd etmişdir ki, biz istedadlı, yüksək motivasiyalı və yaradıcı gənclərimizin ölkənin müasirləşməsində necə yaxından iştirak etməsini görməkdən fərəh hissi duyuruq. Müsbət təcrübəmiz beynəlxalq ictimaiyyətin də diqqətini cəlb etmiş və 2015-ci ildə “ASAN xidmət” dövlət xidmətlərinin təchizatının təkmilləşdirilməsi kateqoriyasında BMT tərəfindən mükafata layiq görülmüşdür. Tədbirdə çıxış edənlər Azərbaycanın innovativ idarəetmə vasitəsilə inklüziv, səmərəli və insanyönümlü İKT əsaslı dövlət xidməti sistemi yaratdığını önə çəkərək bildirmişdilər ki, sosial xidmətlərin göstərilməsində dövlət qulluqçuları ilə vətəndaşlar arasındakı məsafə qısaldılıb və dövlət qulluqçuları ilə vətəndaşlar arasındakı ünsiyyət şəffaflaşdırılıb. Azərbaycan bu nəticəni xidmətlərin göstərilməsini müasirləşdirməyə bütün hökumət qurumlarının birgə yanaşması, «ASAN» mərkəzlərin yaradılması və yenilikçi e-hökumət xidmətlərinin tətbiq edilməsi, xidmətin keyfiyyətinin yüksəldilməsi və bu xidmətlərlə vətəndaşların məmnunluğunun artırılması ilə əldə edib.

Göründüyü kimi, Azərbaycanın yeniliklərə imza atması, daim təkmilləşməyə maraq göstərməsi beynəlxalq səviyyədə də təqdir edilir, ölkəmizin təcrübəsinin öyrənilməsinin vacibliyi vurğulanır. Dövlət başçısı İlham Əliyevin hər çıxışında idarəetmə sahəsində təkmilləşmənin priortetliyi xüsusi olaraq önə çəkilir. Hədəflərə yüksək səviyyədə nail olmaq üçün yeni texnologiyaların inkişafı və tətbiqi əsasdır. Azərbaycanın dünyada yenilikçi ölkə kimi nüfuz qazanmasını təsdiqləyən mühüm hadisələrdən biri kimi 2018-ci ildə İmişlidə “ASAN Həyat” kompleksinin açılışında robot “Sofiya”nın iştirakını qeyd edə bilərik. “Bakı bu gün həqiqətən dünyanın özündə yeni texnologiya və innovasiyaların, müasir və qədim memarlıq üslubunun vəhdətini təcəssüm etdirən ən gözəl şəhərlərindən biridir” söyləyən cənab İlham Əliyev bildirmişdir ki, “ASAN” bizim milli brenddir. Bu, bizim nou-haudur. Bu gün Azərbaycanın təkcə təbii ehtiyatlarını və yaxud məhsullarını yox, eyni zamanda, intellektual məhsullarını ixrac etməsi bizi fərəhləndirir. “ASAN”ın təkcə Azərbaycanda yox, bütün dünyada parlaq gələcəyi var. Azərbaycandakı yenilikləri, təkmilləşməni yüksək dəyərləndirən “Sofiya” bildirmişdir ki, “ASAN xidmət” dövlət idarəçiliyində innovasiyaların tətbiqi baxımından uğurlu bir nümunədir.

Atılan hər addımda vətəndaş amilinə verilən dəyər daha qabarıq şəkildə özünü büruzə verir. Bu gün işğaldan azad edilmiş torpaqlarımızda bərpa və quruculuq işlərinin «ağıllı şəhər» və «ağıllı kənd» strategiyası əsasında həyata keçirilməsi də Azərbaycanın yenilikçiliyini nümayiş etdirir. Azərbaycan «ağıllı şəhər» və «ağıllı kənd» layihələri ilə dünyanın diqqətindədir. Müasir dövrün tələblərinə əsaslanan layihələrin hər biri kadr potensialının önəmini də aktuallaşdırır. Kadr islahatların aparılması, yüksək ixtisaslı kadrların yetişdirilməsi istiqamətində dövlətin atdığı addımlar davamlılığı ilə diqqət çəkir. Bu baxımdan Milli Prioritetlərdə əksini tapan əsas hədəflərə və onların icra mexanizmlərinə diqqət yetirək. Növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair aşağıdakı beş Milli Prioritet reallaşdırılmalıdır: dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat; dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət; rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı; işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış və təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi.

Hər bir hədəf, prioritet yeni texnologiyaların tətbiqini bir zərurət kimi ortaya qoyur. «Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı» prioriteti özündə bu çağırışları ehtiva edir ki, perspektiv həyat dərin rəqəmsallaşma, yeni texnologiyaların aktiv tətbiqi və insan iştirakı olmadan ən müasir sahələrin sürətli inkişafı ilə səciyyəvi olacaq. Gələcək illərdə dünyada artan rəqabətə hazır olmaq üçün hər bir ölkənin prioriteti yüksək rəqabətli insan kapitalını formalaşdırmaqdır. Bunun üçün müasir təhsil, innovasiyaları təşviq edən münbit şərait və insanların sağlamlığı əsas şərtdir. Bu prioritetin uğurla reallaşdırılması üçün aşağıdakı üç məqsədə nail olunmalıdır: XXI əsrin tələblərinə uyğun təhsil; yaradıcı və innovativ cəmiyyət; vətəndaşların sağlam həyat tərzi. Bu mühüm məqam da xüsusi qeyd edilir ki, məhz təhsil vasitəsilə insan kapitalının milli sərvətdə iştirak payı davamlı şəkildə artırılmalıdır. Cəmiyyətin inkişafının təminatçısı olan ümumi təhsilin gücləndirilməsi üçün təhsil sistemində gedən modernləşmə davam etdirilməli, məzmun islahatları dərinləşməli, inteqrativ tədris təcrübəsi inkişaf etdirilməlidir.

Son illərdə ölkəmizdə təhsilin, elmin, yeni texnologiyaların inkişafı istiqamətində atılan addımlar davamlılığı ilə diqqəti cəlb edir. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş xaricdə təhsil ənənələri Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra da uğurla davam etdirilmiş, bu dövr ərzində insan kapitalının inkişafı ilə bağlı dövlət strategiyaları və Dövlət proqramları reallaşdırılmışdır. Ölkə Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində gənclərimizin dünyanın 32 ölkəsinin 350-dən çox ən nüfuzlu ali təhsil müəssisəsində təhsil almaları təmin edilmişdir. Bu fikir daim önə çəkilir ki, bir dövlətin gələcək inkişafını uğurlu təmin etməsində onun bilikli, savadlı, vətənpərvər gəncliyə sahib olması önəmli məsələdir. Dövlət başçısı İlham Əliyevin çıxışlarının, atdığı addımların, imzaladığı Fərman və sərəncamların mahiyyətində də məhz bu məsələ dayanır. Cənab İlham Əliyev 2003-cü ildə «Neft kapitalını insan kapitalına çevirək» tezisini irəli sürərək bunu davamlı addımları ilə reallığa çevirdi. «Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı» da atılan addımların tərkib hissəsidir. Sənədin əsas məqsədi gənclərə xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilalma imkanları yaratmaqla, Azərbaycanın dayanıqlı inkişafını təmin edəcək və qlobal çağırışlara cavab verəcək yeni texnologiyaları çevik mənimsəyən, praktiki bilik və bacarıqlara yiyələnən, müasir və gələcək əmək bazarının tələblərinə cavab verən rəqabətqabiliyyətli və yüksəkixtisaslı peşəkar kadrların hazırlanmasını təmin etməkdir. Dövlət Proqramının əsas istiqamətləri bunlardır: prioritet istiqamətlər üzrə ixtisas sahələrinin müəyyən edilməsi; prioritet ixtisas sahələri və nüfuzlu xarici ali təhsil müəssisələri üzrə təhsil proqramlarının müəyyən edilməsi; Dövlət Proqramında iştirakın seçim meyarlarının və prosedurlarının müəyyən edilməsi; xaricdə təhsilin maliyyələşdirilməsi ilə bağlı qaydaların müəyyən edilməsi; Dövlət Proqramı məzunlarının məşğulluğunun təmin edilməsi imkanlarının yaradılması.

Xaricdə təhsil alan gənclərin elmin dərinliklərinə yiyələndikdən sonra əldə etdikləri təcrübəni ölkəmizdə tətbiq etmələri əsas çağırışlardandır. Dövlətimizin başçısı İlham Əliyev “Biz onları necə məcbur edə bilərik, onların qarşısına necə şərt qoya bilərik» sualına cavab olaraq bildirir ki, Azərbaycanda elə bir şərait yaratmalıyıq ki, onlar özləri qayıtsınlar. Çünki Azərbaycan vətəndaşları, onların mütləq əksəriyyəti öz Vətəninə, torpağına bağlı olan insanlardır: «Hətta demişdim ki, onların bəziləri ölkəmizə qayıtmasa belə, yenə də onlar Azərbaycan torpağının övladlarıdır. Əgər onların istənilən ölkədə yaşaması onları qane edirsə, onlar orada da Azərbaycanla öz əlaqələrini kəsməyəcəklər. Artıq bu gün dünyada mövcud olan və fəallaşan Azərbaycan icmaları ölkəmizə də dəstəkdir. Biz də onları dəstəkləyirik. Dəfələrlə demişəm ki, bütün Azərbaycan vətəndaşları, xaricdə yaşayan azərbaycanlılar bilirlər ki, onların arxasında güclü Azərbaycan dövləti dayanır.» Gənclərin xarici ölkələrdə təhsili ilə paralel olaraq növbəti bir təşəbbüs irəli sürüldü. Aparıcı xarici ali təhsil ocaqlarının Azərbaycanda filiallarının yaradılması məsələsi gündəlikdə oldu. Göründüyü kimi, bütün hallarda əsas məqsəd təhsilin keyfiyyətinin artırılması, gətndərin elmi biliklərə dərindən yiyələnmələridir.  Azərbaycanın hər bir yeniliyə, təkmilləşməyə önəm verməsi, yeni təcrübələrin tətbiqinə çağırışları beynəlxalq səviyyədə də təqdir edilir. Ölkəmizlə bağlı hesabatlarda ölkə iqtisadiyyatının rəqabətədavamlılığı xüsusi qeyd olunur. Xatırlasaq, koronavirus infeksiyası ilə mübarizə tədbirlərinə başlayanda dövlətimizin başçısı insanların sağlamlığı ilə yanaşı, iqtisadi tərəqqini də diqqətdə saxladı. Bu hədəf qarşıya qoyuldu ki, iqtisadi islahatlar dərinləşdirilməlidir, heç bir sosial layihə təxirə salına bilməz. Azərbaycan həmin dövrdə təkmil təcrübəsi ilə diqqətdə oldu.

2030-cu ilədək olan dövrü əhatə edən Milli Prioritetlərin uğurlu icrası daha yüksək nəticələrə yol açacaq, Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycan müasir çağırışları özündə əks etdirən bərpa-quruculuqdan sonra dünyanın diqqətində olacaq. Hazırda bu torpaqlarımız şəhərsalmanın müasir təcrübəsini təqdim edir ki, bu da ölkəmizin kadr hazırlığına, yüksək təhsilə, yeni texnologiyaların öyrənilməsinə və tətbiqinə verdiyi önəmin nəticəsidir.

Yeganə Əliyeva, «İki sahil»