Ermənistan üçün böyük əhəmiyyət daşıyan Marqara sərhəd-keçid məntəqəsinin açılması tərəflər üçün prioritetlərdən biri sayılır. Ancaq Türkiyə rəhbərliyi tələsmir və hesab edir ki, sərhədin açılması üçün zamanı düzgün seçmək lazımdır. Türkiyə rəsmilərinin mövqeyi belədir ki, sülh müqaviləsinin imzalanmasını gözləmək lazımdır. Sülh sazişinin imzalanması üçün isə gərək Nikol Paşinyan gələn ilin iyun ayında parlament seçkilərində qələbə çalıb sonra yeni konstitusiya qəbul etməlidir. 2026-cı ilin iyun ayına qədər Ermənistanda hadisələrin necə inkişaf edəcəyi, hansı hadisələrin baş verib-verməyəcəyini proqnozlaşdırmaq çətindir. Yəni, Nikol Paşinyanın qalıb-qalmayacağı bütün məsələlərə sirayət edəcək, siyasətin istiqamətini müəyyənlışdirəcək.
Azərbaycanın torpaqları Ermənistan tərəfindən işğal edilən zaman Türkiyə Ermənistanla sərhədlərini bağladı və işğalın davam etdiyi müddətdə açmadı. Azərbaycan 2020-ci ildə öz torpaqlarını azad etdikdən sonra da qardaş Türkiyə haqlı olaraq Ermənistanla sərhədi açmaq məsələsində Azərbaycanın istəklərini, maraqlarını nəzərə alır. Türkiyə rəsmiləri şərt kimi irəli sürürlər ki, Ermənistanla Azərbaycan arasında birinci növbədə sülh sazişi imzalanmalı və Azərbaycana qarşı əsas qanunlarında ərazi iddiaları tamamilə ləğv edilməlidir. Əks halda uzun və dayanıqlı sülh mümkün ola bilməz. Ona görə də Nikol Paşinyan hökuməti qarşıda duran baryerləri aradan qaldırmağa məcburdur.
Ermənistanın qonşu dövlətlərlə sərhədinin uzunluğu 311 kilometrdir və şimalda Gürcüstanla, sərhəd qovşağından cənubda Azərbaycanla sərhəd qovşağına qədər uzanır. Hazırda Ermənistan və Türkiyə arasındakı sərhəd-keçid məntəqəsinə erməni sərhədçiləri nəzarət edir. Belə ki, artıq xeyli müddətdir Rusiya ordusunun əsgərləri Marqara sərhəd-keçid məntəqəsindən çıxarılıblar.
Xatırladaq ki, 1991-ci ildə SSRİ-nin dağılması ilə Ermənistan müstəqillik qazandı. Türkiyə-Sovet sərhədindəki Marqara sərhəd-keçid məntəqəsi Ermənistan Respublikasına miras kimi qaldı. Türkiyə Ermənistanın müstəqilliyini tanımasına baxmayaraq iki ölkə arasındakı münasibətlər dərhal kəskinləşdi və sərhəd bağlandı. Türkiyə Ermənistana dəstək verən erməni millətçilərinin Türkiyənin şərqinə ərazi iddialarına, eləcə də Ermənistanın qondarma soyqırımının beynəlxalq səviyyədə tanınmasına nail olmaq səylərinə qarşı çıxdı. Ermənilər başa düşdülər ki, Türkiyə ilə qarşıdurma onlara xeyir gətirməz. Münasibətlər 2000-ci illərin sonlarında bir qədər yumşaldı və nəticədə sərhədin yenidən açıla biləcəyi nəzərdə tutulan Sürix protokollarının 2009-cu ildə imzalanması ilə nəticələndi. Ancaq danışıqlar dayandırıldı və sərhəd əvvəlkitək qapalı qaldı. Səbəbi Ermənistanın işğalçı qoşunlarını Azərbaycan ərazilərindən çıxarması, öz konstitusiyasında ərazi iddialarından imtina etməsi və digər məsələlərin razılaşdırılması idi. Lakin eks-prezidentlər Levon Ter-Petrosyan, Robert Koçaryan və Serjik Sarkisyan öz hakimiyyətləri illərində buna qətiyyən getməyəcəklərini bildirdilər. Onların əksinə olaraq 2018-ci ildə baş nazir seçilən Nikol Paşinyan möhkəmləndirilmiş bağları boşaltdı, siyasətin istiqamətini dəyişdirdi və daimi olaraq qonşu ölkələrlə düşmən münasibətdə yaşamağın mümkün olmadığnı anladı.
İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun möhtəşəm Qələbəsindən sonra Ermənistan rəhbərliyində bu fikir daha da gücləndi. Nəhayət, bu il avqust ayının 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın, Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə iki ölkə arasında sülh sazişi ilə bağlı Bəyannamə imzalandı. Razılaşmadan dərhal sonra Ermənistan miqrasiya xidmətinin viza möhüründən həmişə mübahisə obyekti olan Ağrı dağının təsvirini götürdü.
Son illər müzakirə olunan Marqara sərhəd-keçid məntəqəsinin açılması məsələsi yenidən gündəmə gəlib. Ermənistan Türkiyə ilə iqtisadi əlaqələrin tezliklə qurulmasına çalışır. Çünki bu məntəqənin fəaliyyətə başlaması ölkəyə daha bir nəfəslik açacaq. Ermənilər bu məntəqədən keçib Türkiyə bazarlarında ticarəti genişləndirəcək, həm də Avropa ölkələrinə asanlıqla gedib-gələ biləcəklər. Proseslərin gedişi göstərir ki, Ermənistan bu məsələdə ayağına dolaşan bağları qırıb atmağa tələsir. Əgər Nikol Paşinyan gələn yaydakı parlament seçkilərində qalib gələrsə Marqara sərhəd-keçid məntəqəsi digər heç bir maneə olmadan açılacaq. Bu, dediyimiz kimi, həm Türkiyənin, həm Azərbaycanın, həm də Ermənistanın mənafelərinə xidmət edəcək, yüz illər boyu davam edən süni düşmənçiliyə son qoyulacaq.
Vəli İlyasov, “İki sahil”
Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında münasibətlər xüsusi xarakter daşıyır
Bölgələrimizin inkişafı həm sosial xarakter daşıyır, həm də ölkəmizi gücləndirir