17 noyabr 2025 22:58
107

Bölgələrimizin inkişafı həm sosial xarakter daşıyır, həm də ölkəmizi gücləndirir

Regionların inkişafı dövlətin iqtisadi siyasətinin əsasını təşkil edir. Reallıq budur ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının icrası nəticəsində bölgələrdə çox böyük, genişmiqyaslı quruculuq işləri aparılıb. Ölkə Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, bölgələrə səfərləri həm nəzarət üçün bir vasitədir, yəni, verdiyi tapşırıqlar necə yerinə yetirilir, eyni zamanda, növbəti tapşırıqlar, tövsiyələr verilir ki, bölgələrdə bəyan edilən bütün hədəflər təmin edilsin. İlk növbədə, insanların rifah halının yaxşılaşdırılması, infrastruktur obyektlərinin yaradılması, o cümlədən sosial infrastrukturla bağlı işlərin aparılması prioritetdir. Bir sözlə, Azərbaycan bölgələrinin ümumi inkişafı həm sosial xarakter daşıyır, eyni zamanda, ölkəmizi gücləndirir.

Bu gün böyük əminliklə qeyd edirik ki, paytaxt Bakı ilə yanaşı, regionlarımız da sosial-iqtisadi inkişafı ilə diqqət mərkəzindədir. Bu, bölgələrimizin beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyində də özünün aydın ifadəsini tapır. 2003-cü ildə keçirilən prezident seçkilərində qələbə qazanan cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı gündən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını əsas çağırış kimi qarşıya qoydu. Təsdiqlənən və uğurla icra edilən Regional inkişaf Proqramları qarşıya qoyulan hədəflərə yüksək səviyyədə nail olmağı şərtləndirdi. Prezident İlham Əliyev bu günlərdə Ceyhun Cəlilovu Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi, Elxan İbrahimovu Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı, Natiq Ağayevi Balakən Rayon İcra Hakimiyyətinin başçısı, Orxan Mürsəlovu Göyçay Rayon İcra Hakimiyyətinin başçısı, Elvin Paşayevi Qax Rayon İcra Hakimiyyətinin başçısı, Vüqar Novruzovu Göygöl Rayon İcra Hakimiyyətinin başçısı, Elşən Həsənlini Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul edərkən bir daha diqqəti regionlarımızın inkişafına, yaradılan möhkəm təmələ yönəltdi. Vurğuladı ki, sizə böyük etimad göstərilir,  bu etimadı doğruldacağınıza əminəm. Siz öz işinizlə, əməyinizlə qarşıda duran vəzifələrin icrası üçün səylərinizi əsirgəməyəcəksiniz: “Əlbəttə ki, böyük məsuliyyət böyük işlər tələb edir. İlk növbədə, mənim bütün tapşırıqlarımı yerinə yetirməlisiniz. Mən hər dəfə bölgələrə rəhbər vəzifələrə şəxsləri təyin edəndə verdiyim tapşırıqlar onlar üçün əsas iş prinsipləri olmalıdır - ilk növbədə, xalqa xidmət etmək, xalqla bir yerdə olmaq. Rəhbər vəzifədə çalışan hər bir şəxs, hər bir məmur təvazökar olmalıdır.

Həyatda, məişətdə özü, onun yaxın qohumları özlərini elə aparmalıdırlar ki, bizim ümumi işimizə heç bir irad tutulmasın”. Bir daha vurğulandı ki, Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramları çərçivəsində geniş abadlıq-quruculuq işləri görüldü, infrastruktur layihələr icra edildi və uzun illər ərzində insanları narahat edən problemlərin böyük hissəsi aradan qalxdı. Rayonların sosial-iqtisadi inkişafına nail olmaq üçün mühüm infrastruktur layihələri, o cümlədən, elektrik enerjisi ilə təchizat, qazlaşdırma, yol infrastrukturu, suvarma, içməli su layihələri, sosial infrastruktur layihələri icra olundu, hər rayonda müasir xəstəxana, tibb ocaqları, bir çox məktəblər inşa edildi və bu proses uğurla davam etdirilir. Cənab İlham Əliyev onu da qeyd etdi ki, əsas prinsip sosial ədalət prinsipidir.

Hər bir bölgədə, hər bir kənddə insanlar görməlidir və bilməlidir ki, ədalət hər zaman üstünlük təşkil edir. Vaxtilə  bölgələrimizdə proseslərin mənfi istiqamətdə getməsinin səbəbi də məhz mərkəzi icra orqanlarındakı bəzi məmurların xoşagəlməz hərəkətləri və tapşırıqları idi. Artıq o məmurlardan əsər-əlamət qalmayıb. Azərbaycanda məmur korpusunda, xüsusilə mərkəzi icra orqanlarında aparılan kadr islahatları nəticəsində vəziyyət böyük dərəcədə sağlamlaşdırılıb. Dövlətimizin başçısı İlham Əliyevin  rəhbərliyi ilə aparılan sistemli islahatlar, bölgələrin inkişafına yönəldilən sosial-iqtisadi proqramlar  əhalinin sosial müdafiəsinin gücləndirilməsinə yönələn addımların davamlılığını təmin edir. Prezident İlham Əliyev həmişə qeyd edir ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır.

Nihad Pənahov,
YAP Tovuz rayon təşkilatının sədri