Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il noyabrın 20-si Ağdam Şəhəri Günü təntənəli şəkildə qeyd edilir
“Qafqazın Xirosiması”, “Ruhlar şəhəri” adlandırılan Ağdamın 27 il davam edən işğalına 20 noyabr 2020-ci ildə son qoyuldu. Həmin il sentyabrın 27-də başlayan və 44 gün davam edən İkinci Qarabağ müharibəsində işğalçı Ermənistan ağır məğlubiyyətə uğradı və kaputulyasiya aktına imza atmağa məcbur oldu. Ağdam rayonu Azərbaycan Prezidenti İlham Əliyevin, Ermənistanın baş naziri Nikol Paşinyanın və Rusiya Prezidenti Vladimir Putinin 2020-ci ilin noyabrın 10-da imzaladıqları üçtərəfli Bəyanata uyğun olaraq noyabrın 20-də Azərbaycana qaytarıldı. Bu, dövlətimizin böyük hərbi və diplomatik qələbəsi idi. Çünki bəyanata əsasən, Laçın və Kəlbəcər rayonları da bir güllə atılmadan öz sahibinə qaytarıldı. Bununla da 27 il işğal altında olan Ağdam, eləcə də Kəlbəcər və Laçın erməni qəsbkarlardan azad edildi. Azərbaycan Prezidentinin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən Ağdam şəhərinin işğaldan azad edildiyi 20 noyabr tarixi Ağdam Şəhəri Günü kimi qeyd olunur.
1993-cü il iyulun 23-də Ağdam şəhərini və rayon ərazisinin 73 faizini işğal edən erməni silahlı dəstələri ərazidə görünməmiş vandalizm həyata keçiriblər. Ermənilər 27 il ərzində Ağdam şəhərində və rayonun kəndlərində yaşayış evlərini, ictimai binaları, məktəbləri, uşaq bağçalarını, xəstəxanaları, istehsalat müəssisələrini talan edib, dağıdıb və yandırıblar. Qəbiristanlıqlar, tarixi, mədəni abidələr də erməni vandalizminə məruz qalıb. Vaxtilə Azərbaycanın ən gözəl şəhərlərindən olan Ağdam işğaldan azad ediləndə viranəyə çevrilmiş xarabalıqları xatırladırdı. BMT Təhlükəsizlik Şurası Ağdamın işğalı ilə bağlı 853 saylı qətnamə qəbul etsə də, erməni işğalçıları digər qətnamələr kimi onu da icra etmədilər. Münaqişənin nizamlanmasında vasitəçi olan ATƏT-in Minsk qrupu, beynəlxalq birliyin digər subyektləri Ermənistana işğala son qoymaq, qətnamələri yerinə yetirmək üçün heç bir çağırış, təzyiq etmədilər. Ermənilər isə işğaldakı şəhər və rayonlarımızı vəhşicəsinə dağıtmaqda, talamaqda davam etdilər.
Prezident İlham Əliyev beş il öncə noyabrın 20-də xalqa müraciətində Ağdam üçün yeni dövrün başlandığını, rayonun bərpasının gələcək planlarda xüsusi yer tutacağını bildirmişdi: "Biz Ağdam şəhərini də bərpa edəcəyik. Əlbəttə ki, bunun üçün biz bütün işləri əsaslı şəkildə etməliyik. Baş plan hazırlanacaq, mütəxəssislər cəlb olunacaq, infrastruktur layihələri planlı şəkildə icra ediləcək, inzibati binalar, sosial obyektlər, yollar və digər lazım olan işlər görüləcək. Vətəndaşlara oraya qayıtmaq üçün dövlət tərəfindən kömək göstəriləcək. Ona görə Ağdam rayonunun bərpası bizim gələcək planlarımızda xüsusi yer tutacaq. Çünki həm ərazi baxımından böyük rayondur, eyni zamanda dediyim kimi, əhali baxımından ən böyük rayondur".
Qalib Sərkərdə kimi 2020-ci il noyabrın 23-də Ağdama səfər edən dövlət başçısı İlham Əliyev 27 ildən sonra şəhərdə Azərbaycan Bayrağını ucaltdı. Prezident Məkkədən gətirdiyi Qurani-Kərimi Ağdam məscidinə bağışladı. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam məscidində dua etdilər. Prezident Ağdam məscidinin qarşısında çıxış edərək erməni vandalizmini bir daha dünyaya nümayiş etdirdi və Ağdamın yenidən cənnətməkana çevriləcəyini bur daha vurğuladı. Artıq Ağdamda genişmiqyaslı bərpa və quruculuq işləri vüsət alıb. 27 il yaxın düşmən tapdağı altında qalan şəhər bu gün dirçəlişin, yenidənqurmanın rəmzinə çevrilib. Hökumətimiz tərəfindən həyata keçirilən layihələr çərçivəsində Ağdamda infrastruktur tamamilə yenidən qurulur, yaşayış və sosial obyektlər tikilir, müasir şəhərcik salınır. Azərbaycan Prezidenti İlham Əliyev Ağdamda bir sıra sosial və infrastruktur obyektlərinin açılışını edib. Açılan obyektlər arasında "Ağdam-1" və "Ağdam-2" yarımstansiyaları, "Qarabağ" Regional Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzi, Zəfər və İşğal muzeyləri, Ağdam Sənaye Parkındakı bərpaolunan enerji ilə qidalanan işıq dirəkləri, xalça istehsalı müəssisələri, "Park Forest Otel Ağdam", 209 mənzilli yaşayış kompleksi və 210 çarpayılıq Ağdam Rayon Mərkəzi Xəstəxanası yer alır. Yeni enerji infrastrukturu Günəş və külək mənbələrindən istifadəni nəzərdə tutur. Hazırda Ağdamda həm də sənaye zonası sürətlə formalaşır. Ağdam Sənaye Parkında artıq bir sıra yerli və xarici şirkətlər fəaliyyətə başlamaq üçün müqavilələr imzalayıblar. Parkda inşa olunan müəssisələr regionda yeni iş yerlərinin açılmasına, iqtisadi canlanmaya təkan verəcək. Ağdamda aparılan quruculuq işləri təkcə şəhərin fiziki dirçəlişini deyil, həm də mənəvi dirçəlişini ifadə edir. İllər sonra doğma yurduna dönəcək insanlar üçün yeni evlər, yeni imkanlar yaradılır. Belə ki, tezliklə Ağdam şəhərinə ilk 900 ailənin qayıdışı gözlənilir. Bu barədə ötən ay Xankəndidə keçirilən III Azərbaycan Milli Şəhərsalma Forumunda çıxış edən Prezidentin Ağdam, Füzuli və Xocavənd rayonları üzrə xüsusi nümayəndəsi Emin Hüseynov deyib. Onun sözlərinə görə, hazırda bölgədə 16 magistral yol (ümumilikdə 600 kilometr) və Bakı–Ağdam dəmir yolu yenidən qurulub, bir beynəlxalq hava limanı isə cəmi 8 ay ərzində istifadəyə verilib. Xüsusi nümayəndə əlavə edib ki, Ağdamda üç kənddə - Xıdırlı, Kəngərli və Sarıcalıda artıq məskunlaşma başa çatıb, təxminən 4 min nəfər geri qayıdıb. Qeyd edək ki, Ağdam şəhərində 2-ci yaşayış kompleksində tikinti işləri sürətlə davam edir. Ümumilikdə 2026-cı ilin sonuna qədər Ağdam şəhərinə azı 20 min nəfər əhalinin köçürülməsi planlaşdırılır. Şəhərin Baş planına əsasən, 2040-ci ilə qədər burada təxminən 100 min nəfər əhalinin yaşaması nəzərdə tutulur.
Sevinc Azadi, “İki sahil”
Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında münasibətlər xüsusi xarakter daşıyır
Bölgələrimizin inkişafı həm sosial xarakter daşıyır, həm də ölkəmizi gücləndirir