Kəngərli Naxçıvan Muxtar Respublikasında ən gənc rayondur. Bu rayonun yaradılması, formalaşması, inkişaf və tərəqqisi ilk növbədə ümummilli lider Heydər Əliyevin apardığı məqsədyönlü uğurlu daxili siyasətin məntiqi nəticəsidir. Odur ki, bu rayonda Ulu Öndərimizə dərin hörmət və ehtiram var. Rayon mərkəzində dahi şəxsiyyətin əzəmətli abidəsi qoyulub, park salınıb, digər məqsədyönlü tədbirlər həyata keçirilib. Rayon mərkəzi olan Qıvraq qəsəbəsi xeyli böyüyüb, inkişaf edib. Bu qəsəbə özünün müasir görünüşü, yaşıllığı, abadlığı, yeni-yeni binaları ilə diqqət çəkir.
Xüsusən də axşam saatlarında ətraf sahələrin cazibədarlığı, gur işıqları, təmizliyi bölgənin işıqlı sabahlarından, sürətli inkişafından xəbər verir. Tikilən, quruluan hər bir yeni obyekt isə yaxın bir neçə ilin quruculuq siyasətinin töhfələridir. Bu gün 6036 nəfər əhalisi olan Qıvraq qəsəbəsi göz oxşayır, müasir tipli binalar, bağ-bağçalar rahat, firavan yaşayışdan xəbər verir. Bu gün əhali fasiləsiz olaraq qaz, rabitə və elektrik enerjisi ilə təmin olunur. Təbii ki, belə bir gözəl, abad qəsəbədə yaşamaq, kənd yaşayış məntəqələrində ömür sürmək onun hər bir sakini üçün xoşdur.
Fərəhlə söyləmək olar ki, əvvəlki illərlə müqayisədə 2017-ci ilin ötən 9 ayında rayonda daha yüksək nailiyyətlər qazanılıb, əhalinin maddi rifah halının yaxşılaşdırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib. Ayrı-ayrı sahələrdə qazanılan statistik göstəricilər də bunu söyləməyə əsas verir. Belə ki, bu müddət ərzində rayonda 14 milyon 327 min manatlıq, yaxud 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 0,7 faizdən çox sənaye məhsulu istehsal olunub. 2017-ci ilin yanvar-sentyabr aylarında iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 32 milyon 672 min manat vəsait yönəldilib. Tikinti-quraşdırma işlərinə qoyulan inveestisiyanın həcmi bir il öncəyə nisbətən 0,5 faiz artataq 30 milyon 370 min manat təşkil edir.
Kənd təsərrüfatı rayonun iqtisadiyyatının aparıcı sahələrindən birini təşkil edir. Bu müddət ərzində rayonda 4688 hektar dənli və dənli-paxlalı bitkilərin əkin sahəsindən 13 min 77 ton məhsul yığılıb. Məhsuldarlıq orta hesabla 27,9 sentner olub. 2314 hektar buğda əkini sahəsindən 6517 ton taxıl yığılıb. Bu isə orta hesabla hər hektardan 28,2 sentner məhsul deməkdir. Torpaq mülkiyyətçiləri 2050 hektar arpa əkini sahəsindən 5617 ton məhsul toplayıb. 249 hektar dən üçün qarğıdalı əkilmiş sahənin 93,2 faizindən 1398 ton məhsul yığılıb. Günəbaxan əkilmiş sahələrdən isə 320 ton məhsul toplanılıb. Rayonda ikinci çörək hesab olunan kartof əkinlərinə də maraq böyükdür. Builki mövsümdə 234 hektar sahədən 3192 ton məhsul yığılıb. Məhsuldarlıq orta hesabla 136,4 faiz təşkil edib. 298 hektar tərəvəz əkinlərindən 3893 ton, 182 hektar bostan bitkiləri əkinlərindən isə 2304 ton məhsul toplanılıb. Bar verən meyvə bağlarından 4816 ton, üzüm bağlarından isə 490 ton məhsul yığılıb. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə xeyli çoxdur.
13 illik bir tarixi olan Kəngərli rayonunda ötən illər ərzində geniş şəkildə quruculuq işləri aparılıb. Ötən müddətdə dövlət strukturları üçün 17 inzibati bina tikilərək istifadəyə verilib. Rayonun bütün yaşayış məntəqələrində kənd və xidmət mərkəzləri, yeni inzibati binalar, təhsil, səhiyyə, mədəniyyət ocaqları tikilib, yol infrastuktrunda mühüm işlər görülüb. Bu baxımdan 2017-ci ilin yanvar-sentyabr aylarında görülən işlərin həcmi az deyil.
Qıvraq qəsəbəsində 222 yerlik, zirzəmi qatı ilə birlikdə 4 mərtəbəli yeni uşaq bağçasının xidmətindən bu gün səmərəli şəkildə istifadə olunur. Burada ətraf sahələr abadlaşdırılıb, həmişəyaşıl dekorativ tinglər və gül kolları əkilib. Tarixi abidəmiz olan Qarabağlar türbə kompleksinin əsaslı təmiri də davam etdirilir.
Kəngərli rayonunda təhsil quruculuğu istiqamətində aparılan işlər də sevindiricidir. Bekə ki, rayonun bir qəsəbə və 10 kənd yaşayış məntəqəsində yeni, müasir tipli maddi-texniki bazası güclü olan məktəblər tikilib istifadəyə verilib. Əsaslı şəkildə yenidən qurulan 594 şagird yerlik 4 mərtəbəli akademik Zərifə xanım Əliyevanın adını daşıyan Şahtaxtı kənd tam orta məktəbinin binası quruculuq siyasətinin layiqli töhfələrindən biri kimi dəyərləndirilir. Təhsil ocağında akademik Zərifə xanım Əliyevanın xatirə muzeyi, 5-i elektron lövhəli olmaqla 33 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinə, 2 kompüter, 2 şahmat, müəllimlər və tibb otaqları, həmçinin kitabxana, idman zalı və bufet var.
Prioritet sahə hesab edilən, bu vacib sahəyə göstərilən diqqət və qayğı pedaqoji kollektivlərin, müəllim və şagirdlərin yeni-yeni uğurlar qazanmasına zəmin yaradır. Bu baxımdan 2017-ci ildə əldə olunan nəticələr də sevindiricidir. Belə ki, bu il ümumtəhsil məktəbləri məzunlarından 182-si müxtəlif ali məktəblərə sənəd verib, onlardan 86-sı tələbə adına layiq görülüb. 18 məzun 500-700 intervalında bal toplayıb. Orta ixtisas məktəblərinə 13 məzun daxil olub.
Qıvraq qəsəbəsi rayon mərkəzləri içərisində özünün sürətli sosial-iqtisadi inkişafı ilə seçilir. Son bir neçə ildə qəsəbədə bir-birindən əhəmiyyətli, sosial yönümlü obyektlər, yeni inzibati binalar tikilib istifadəyə verilib. Bu obyektlər sırasında şahmat məktəbini, rayon təhsil şöbəsi üçün yeni inzibati binanı, ticarət mərkəzi və bazar kompleksini, əsaslı şəkildə təmir edilmiş məişət evini, səmərəli şəkildə fəaliyyət göstərən “Şahanə” mebel sexini və digər obyektləri göstərmək olar. Hazırda Qıvraq qəsəbəsində 48 mənzilli, 5 mərtəbəli yaşayış binasında da tikinti işləri davam etdirilir. Bu bina istifadəyə verildikdən sonra bir çox gənc ailələrin sosial məişət şəraiti daha da yaxşılaşacaqdır.
Son illər Qıvraq qəsəbəsində və onun ətraf sahələrində, yol kənarlarında 200 hektardan artıq yeni bağ, 10 hektarda gülzarlıq salınıb. Ərazilərə mütəmadi olaraq qulluq göstərilir, onların suvarılması, becərmə tədbirlərinin vaxtlı-vaxtında aparılması təmin edilir. Müxtəlif sahələrə əkilən həmişəyaşıl dekorativ ağaclar ilin bütün fəsillərində qəsəbəyə bahar görkəmi gətirir. Bu baxımdan Heydər Əliyev Mədəniyyət və İstirahət parkı sakinlərin asudə vaxtının mənalı təşkilinə imkan verir. Son illər rayonda əhaliyə göstərilən mədəniyyət xidmətinin səviyyəsi də xeyli yüksəldilib. İstifadəyə verilən rayon mədəniyyət evi, Tarix-Diyarşünaslıq muzeyi, Heydər Əliyev mədəniyyət və istirahət parkı, həmçinin Şahtaxtinskilərin ev muzeyi bu baxımdan mühüm əhəmiyyət kəsb edir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2011-ci ilin 2 sentyabr tarixli “Naxçıvan MR-nın Culfa və Kəngərli rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” imzaladığı sərəncama əsasən Kəngərli rayonunda uzunluğu 39,2 kilometr olan 12 min nəfər əhalinin yaşadığı 5 kəndi əhatə edən Naxçıvan-Sədərək magistralı - Təzəkənd-Çalxanqala-Qıvraq dairəvi avtomobil yolu yenidən qurulub. Rayonun ən iri yaşayış məntəqəsi olan Qarabağlar da bu sərəncamdan bəhrələnən kəndlərdən biridir. 7282 nəfər əhalinin yaşadığı bu kənddə bir-birindən əhəmiyyətli sosial yönümlü obyektlər - kənd mərkəzi, həkim ambulatoriyası, müasir tipli məktəb binası tikilib istifadəyə verilib, yol infrastrukturu yeniləşdirilib. Bu payız günlərində kəndətrafı sahələrdə bir qaynarlıq var. Torpaq mülkiyyətçiləri payızlıq taxıl əkini həyata keçirir, gələcəyin bol məhsulu üçün əsaslı zəmin yaradırlar. Torpaqlardan səmərəli istifadə edən kənd sakinlərindən biri də Nurəddin Babayevdir. O deyir ki, torpaq iş yeri, ruzi mənbəyidir. Uzun illərdir taxıl əkib-becərurəm, heyvandarlıq və quşçuluqla məşğul oluram. Onların yem bazasını da özüm təşkil edirəm, çəkdiyim zəhmətin də bəhrəsini görürəm.
Bu iri yaşayış məntəqəsindən rahat, hamar yolla, bir az da yuxarı diklənirsən. Göz önündə yaraşıqlı yaşayış məntəqələri, Çalxanqala, Təzəkənd və Xıncab kəndləri canlanır. Payız bu yerlərə öz rəngini çəkib, meyvə bağları, qızılı, sarı rəngə bürünüb. Hər üç yaşayış məntəqəsində yeni, müasir tipli məktəb binaları, kənd və xidmət mərkəzləri, səhiyyə ocaqları tikilib istifadəyə verilib, yol infrastrukturu yeniləşdirilib. Bir vaxtlar bu yolları gedib-gəlmək çox çətin idi. Amma indi dağların qoynundan geniş hamar yollar çəkilib. Odur ki, sakinlər müxtəlif ünvanlara qısa müddətdə gedib-gələ bilir, istehsal etdikləri məhsulları bazar və yarmarkalara çıxarırlar. Bu yerlərdə quruculuq işləri də geniş vüsət alıb. Xıncab kəndi ərazisində “Cahan Tabaq” MMC tərəfindən yeni tütün yetişdirmə təsərrüfatı yaradılıb, təsərrüfatda şitil yetişdirmək üçün 2304 kvadratmetr sahəsi olan 5 istixana, yeraltı su anbarı, 1350 kvadratmetr sahədə tütün qurutma yeri və 420 kvdratmetr sahəsi olan iki anbar yaradılıb, Türkiyə mənşəli müxtəlif texnika və texniki avadanlıqlar alınıb. Bu isə yeni iş yerlərinin açılmasına, dağlıq ərazidə əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsinə təkan verib. Belə ki, mövsüm ərzində 60 nəfər kənd sakini müxtəlif işlərə cəlb olunub, 72 ton yaş tütün, 11 tondan artıq isə quru tütün istehsal edilib. Növbəti ildə həm tütün əkini sahələri genişləndiriləcək, həm də istehsal xeyli artırılacaq.
Xıncab kəndindən bir az da aşağılara endikcə ətraf sahələrdə, geniş ərazilərdə, münbit torpaqlarda taxıl əkinin keçirilməsinin suvarma tədbirlərinin aparılmasının şahidi olursan. Yaxın günlərdə rayonda yeni qapalı suvarma şəbəkəsi də istifadəyə verilib. Açılış mərasimində iştirak edən Naxçıvan MR Ali Məclisinin Sədri Vasif Talıbov deyib: “Qapalı suvarma şəbəkələrinin qurulması və yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılması vacib məsələdir. Çünki muxtar respublika əhalisinin sayı ilbəil artır, həyətyanı torpaq sahələrində evlər tikilir. Bu da ərzaq təhlükəsizliyinin təmin olunması üçün yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılmasını zəruri edir. Qapalı suvarma şəbəkəsinin əhatə etdiyi ərazi uzun müddətdir əkilməyən münbit torpaqlardır. Su təminatından sonra bu ərazilərin əkilməsi muxtar respublikada kənd təsərrüfatının inkişafına öz töhfəsini verəcəkdir. Torpağa həyat vermək, onu əkin dövriyyəsinə qaytarmaq xeyirxah işdir. Eyni zamanda bu, insanlara həyat vermək deməkdir. Çünki bol məhsul istehsalı muxtar respublika iqtisadiyyatının inkişafı ilə yanaşı, həm də əhalinin ərzaqla təminatının yaxşılaşdırılmasına xidmət edir.
Qeyd edək ki, Böyükdüz kəndi yaxınlığında həmin ərazilərdə torpaq hamarlama işləri aparılıb, qapalı suvarma şəbəkəsi altında əkilən taxıllar suvarılıb, digər məqsədyönlü tədbirlər həyata keçirilib. Bu sahədə rayon su təsərrüfatı idarəsinin əməkdaşları da yaxından iştirak ediblər.
Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan quruculuq siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlhamƏliyev tərəfindən uğurla davam etdirilir. 2014-2018-ci illəri əhatə edən “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq həyata keçirilən möqsədyönlü işlər isə hər bir sahədə inkişaf və tərəqqiyə gətirib çıxarıb. Qürurla söyləmək olar ki, Kəngərlilər yurdu olan bu rayon inkişaf yollarında işıqlı sabahlara doğru mətin addımlarla addımlayır.
Məhəmməd Fərəcov,
Naxçıvan Dövlət Radiosunun baş redaktoru
Çıxış Azərbaycanın Türk Dövlətləri Təşkilatı ilə əməkdaşlığının perspektivləri haqqında zəmanət oldu
Xankəndidə Böyük Qayıdışın yeni mərhələsi: doğma yurdda həyat yenidən canlanır