13 avqust 2024 02:58
374

Baqrat “qaynar payız”ın anonsunu verdi: Nələr gözlənilir?

Ermənistandakı radikalların başçısı arxiyepiskop Baqrat Qalstanyan uzun sürən istirahətdən sonra yenidən fəallaşaraq bölgələrə səfər etməyə başlayıb. O, həmişə olduğu kimi, bu dəfə də tərəfdarları qarşısında sərsəm fikirlərlə çıxış edib. “Biz Türkiyə-Azərbaycan tandeminin irəli sürdüyü sonsuz ilkin şərtlərlə, o cümlədən Ermənistan Respublikasının Konstitusiyasına dəyişikliklər, danışıqlar prosesində iştirak edən ATƏT-in Minsk qrupunun buraxılması, həmçinin Zəngəzur dəhlizinin təslim edilməsi ilə daim məşğul oluruq. Artıq bəllidir ki, demarkasiya və delimitasiya yoxdur, zorla vətəndən məhrumetmə var”, - deyə keşiş sayıqlayıb. Arxiyepiskop deyib ki, “Tiqranaşen”in - ermənilər Kərkiyə belə qondarma ad verib - təslim olması fəlakətli nəticələrə səbəb olacaq”. Keşiş iddia edib ki, Azərbaycan “yeni təcavüzə hazırlaşır” və son bəyanatlar buna misaldır. Belə bir şəraitdə yerli KİV-də məlumat yayılıb ki, Ermənistanda, az qala, “xalq qəhrəmanı” kimi xarakterizə edilən keşiş Baqrat Qalstanyan Qarabağ ermənilərinin “lideri” ola bilər. Həmin iddiada Baqratın Qarabağdan könüllü köçmüş ermənilərin Azərbaycanla birbaşa danışıqlar aparmasına “liderlik” etməsinin mümkünlüyü də vurğulanıb. Əslində bu, absurd yanaşmadır. Nəzərə almaq lazımdır ki, rəsmi Bakı daha əvvəl bildirib ki, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini qəbul edən, azərbaycanlılara qarşı cinayət törətməmiş ermənilər vətəndaşlıq almaq şərti ilə geri qayıda bilər. Keşiş Baqrat isə bu “kriteriya”ların heç birinə uyğun gəlmir. Baqrat anti-Azərbaycan mövqenin daşıyıcısı olmaqla yanaşı, həm də qatı separatçıdır. Üstəgəl, Baqrat indiyə kimi Ermənistan hakimiyyətinin öz dövlətçiliyinin gələcəyi naminə Azərbaycanla normallaşma istiqamətində atdığı addımların əleyhinə çıxıb. Belə olan halda adıçəkilən keşişdən hansı səmimiliyi gözləmək olar?

Avqustun 4-də Şiraka səfəri zamanı “Azatutyun”a müsahibə verən Qalstanyan deyib ki, Paşinyanı istefaya məcbur edəcək yeni etiraz kampaniyası sentyabrın əvvəllərində başlayacaq. “Azatutyun”un yazdığına görə, arxiyepiskop hər hansı spesifik aksiyadan danışmasa da, kampaniyanın ikinci mərhələsinin kütləvi tədbirlərlə deyil, tərəfdarlar arasında aparılan müzakirələrlə başlayacağını deyib. Keşiş bu çərçivədə şəxsən Paşinyanı nəzərdə tutaraq bildirib ki, “antixrist” hakimiyyətdən “xoşluqla” getməlidir. Qalstanyan əlavə edib ki, hökumətə qarşı “mübarizə metodları” dəyişdiriləcək, çünki onlar qarşı tərəfin sərt hərəkətlərindən nəticə çıxarıblar. Onu da deyək ki, Qalstanyan sentyabr ayından etibarən, Ermənistanda “qaynar payız”ın başlayacağını iddia edib. Ölkənin hakim “Vətəndaş müqaviləsi” partiyası diqqətini “qaynar payız” anonsunun mümkün ssenarisinə yönəldib. Bu zaman həmin ərəfədə ilk növbədə Ermənistan parlamentinin yeni sessiyasının işə başlayacağı qeyd olunur. İndi hökumət Qalstanyanın parlamentin işini təkrar pozmasına imkan verməməyin yollarını axtarır.

Əlbəttə, keşiş Qalstanyanın bu prosesdə təkbaşına deyil, başqalarından dəstək aldığı məlumdur. Ona dəstək verənlər kilsə, erməni diaspor-lobbi təşkilatları və ölkədəki revanşist müxalifətdir. Kilsə, diaspor-lobbi təşkilatları və revanşist müxalifətdən ibarət olan üçlüyün məqsədi indiki hakimiyyəti tezliklə devirməkdən ibarətdir. Ümumiyyətlə, Ermənistanda hakimiyyət bölgüsündə din xadimlərinin yeri yoxdur. Paşinyan keşişin başladığı “hərəkatla” bağlı deyib ki, onların gömrükdən keçirdikləri mallarını siyahısını əldə etdikdə fərqli mənzərə ortaya çıxar: “Ancaq bu mallar arasında “İncil”, “Əhdi-cədid” və dinə dair başqa məsələləri görə bilməzsiniz. Onların mənəvi məsələlərlə əlaqəsi olmadığı üçün siyasi çıxış etmələrində təəccüblü heç nə yoxdur. Bəlkə, onlar heç Müqəddəs Kitabı da axıradək oxumayıblar”. Üçlüyə daxil olan erməni kilsəsi Azərbaycan torpaqlarına qarşı işğalçılıq ideologiyasının əsas tərəflərindən biridir. Keçmiş Qarabağ münaqişəsinin həllinin uzanmasında, ermənilərin işğalçılıq siyasətini davam etdirməyə ruhlandırılmasında II Qareginin “əməyi” çox yüksəkdir. Bu da məlumdur ki, indiyə qədər region və Ermənistan üçün bütün ciddi hadisələr zamanı kilsə özünün məqsədlərinə uyğun olaraq müdaxilələr edib. Həm də, II Qaregin də erməni xalqının başına gələn bəlalarda Koçaryan və Sarkisyan qədər cavabdehlik daşıyır. Revanşist müxalifət olan Koçaryan-Sarkisyan cütlüyü erməni cəmiyyətində nüfuzu olmadığı üçün kilsənin kölgəsində gizlənməyə çalışır. Digər tərəfdən, kilsə və siyasi revanşistlər xaricdəki erməni diasporu və lobbisi ilə fəal əlaqədədirlər. Onlar Paşinyanın devrilməsində diasporla lobbinin imkanlarından yararlanmaq istəyirlər.

Göründüyü kimi, revanşist təfəkkürlü din xadimləri erməni cəmiyyətinin önündə gedir. R.Koçaryan və S.Sarkisyanın timsalında revanşist siyasi müxalifətin Ermənisan cəmiyyətində heç bir nüfuzu olmadığı üçün bu dəfə kilsəni qabağa verirlər. İkinci Qarabağ müharibəsinin nəticələrindən dərs almayan bu üçlük öz xalqını revanşizmə meylləndirmək üçün xüsusi canfəşanlığa davam edir. Lakin N.Paşinyan onlara qarşı müəyyən arqumentlər ortaya qoyur. Xüsusilə son 20 ildə üçlüyün Ermənistanın gələcəyi üçün heç bir addım atmamaqda ittiham edir. Paşinyan, həmçinin ölkəsinin indiki vəziyyətə düşməsinin məhz sözügedən üçlüyün “xidməti” hesab edir.

Sevinc Azadi, “İki sahil”