12 avqust 2024 15:48
1287

Azərbaycan bərpaolunan enerji sahəsində Mərkəzi Asiya ölkələri ilə sıx əməkdaşlıqda maraqlıdır

Prezident İlham Əliyev cari ilin 9 avqust tarixində Qazaxıstan Respublikasında rəsmi səfərdə olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qazaxıstana səfəri böyük əhəmiyyətə malikdir. Azərbaycanla Mərkəzi Asiya regionu ölkələri arasında iqtisadi və energetika əməkdaşlığının, o cümlədən Orta Dəhllizin imkanlarının daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsi məqsədilə bərpaolunan enerji mənbələrindən geniş istifadənin tətbiqinə əsaslanan davamlı inkişafa xüsusi diqqət olunur.  

Azərbaycanın region ölkələrinin enerji sistemlərinin gələcək inkişafının koordinasiyası və sinxronlaşdırılması təşəbbüsü, enerji sistemlərinin davamlı birləşdirilməsi potensialı, həmçinin təmiz elektrik enerjisinin, tərəflərin qarşılıqlı maraqlarına uyğun olaraq, o cümlədən üçüncü ölkələrin bazarlarına tədarükü və mübadiləsi səyləri Mərkəzi Asiyada alqışlanır. Bundan əlavə, Xəzər – Qara dəniz – Avropa ixrac dəhlizinin birgə layihəsinin Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya tərəfindən həyata keçirilmə¬sini nəzərə alaraq, Naxçıvan – Türkiyə – Avropa enerji dəhlizinin perspektivləri Mərkəzi Asiyada xüsusi maraq doğurur. Bu istiqamətdə ölkəmizlə əməkdaşlıq daha da genişləndirilir. 

Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə həm ikitərəfli, həm də çoxtərəfli formatda sıx əməkdaşlıq münasibətləri formalaşıb. Dövlət rəhbərlərinin birgə səyləri nəticəsində son illərdə Qazaxıstanla Azərbaycan arasında münasibətlər daha açıq və hərtərəfli xarakter alıb, siyasi, ticari-iqtisadi, mədəni-humanitar əməkdaşlıqlar daha da aktivləşib. Bu münasibətlərin əsasını xalqlarımız arasında çoxəsrlik tarixə malik olan qarşılıqlı əlaqələr, dostluq və əməkdaşlıq təşkil edir. Lakin, eyni zamanda, bu, günün tələbidir. Prezident İlham Əliyevin vurğuladığı kimi, “Qazaxıstan ilə qardaşlıq münasibətləri əcdadlarımızın göstərişi, eləcə də həyati zərurətdir”. Hazırda dünyada, o cümlədən, Xəzər regionunda, Mərkəzi Asiya və Cənubi Qafqaz regionunda baş verən proseslər regional təhlükəsizliklə bağlı məsələlər, həmçinin, nəqliyyat, logistika, energetika, ekologiya, humanitar əməkdaşlıq və digər sahələr üzrə əlaqələri daha da möhkəmləndirmək zərurətini yaradır.

Azərbaycan bərpaolunan enerji sahəsində Mərkəzi Asiya ölkələri ilə sıx əməkdaşlıqda maraqlıdır. Prezident İlham Əliyevin görüşdə çıxışı zamanı dediyi kimi, bu ilin may ayında imzalanmış “Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin birləşdirilməsi üzrə Əməkdaşlıq Memorandumu” yaşıl enerji sahəsində əməkdaşlığımızda ilk addımdır. Qarşılıqlı fəaliyyətimizin mühüm istiqamətlərindən biri də nəqliyyat-tranzit sahəsində əməkdaşlıqdır. Bakı-Tbilisi-Qars dəmir yolunun yükaşırma qabiliyyətinin 1 milyon tondan 5 milyon tonadək artırılması, Ələt Beynəlxalq Ticarət Limanının illik ötürücülük qabiliyyətinin 15 milyon tondan 25 milyon tonadək artırılması istiqamətində görülmüş işlər, Xəzər dənizində Azərbaycanın ticarət donanması üçün yeni gəmilərin sifariş edilməsi, eləcə də Mərkəzi Asiya ölkələrində infrastruktur layihələrinin həyata keçirilməsi Orta Dəhlizin praktiki cəhətdən önəmini daha da artırır.

Səməndər Təhməzov,

YAP Masallı rayon təşkilatının fəalı