“Asiyanın Qəlbi - İstanbul Prosesi”ndə ikitərəfli münasibətləri gücləndirəcək mühüm məsələlər müzakirə olundu
Bütün dünya xalqlarını düşündürən və çox mühüm məsələyə həsr olunan milli, fiziki nüvə təhlükəsizliyinin möhkəmlənməsi sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi üçün səylərin artırılması, uzunmüddətli və səmərəli əməkdaşlıq məsələlərində daha ciddi addımların atılması kimi prioritetlərin müzakirə olunduğu Azərbaycan daha bir mötəbər tədbirə ev sahibliyi etdi.
Bakıda keçirilən “Asiyanın Qəlbi- İstanbul Prosesi” çərçivəsində “Gücləndirilmiş Asiyanın Qəlbi regionuna doğru təhlükəsizlik və iqtisadi bağlantılar” mövzusundakı yeddinci nazirlər konfransı başa çatdı. Əfqanıstanın və Asiyanın Qəlbi regionunda sülhün, tərəqqinin təbliği ilə bağlı qarşıda duran hədəfə çatmaq məqsədi daşıyan bu prosesdə iştirak edən Azərbaycanın əhəmiyyətli rolu və göstərdiyi yardımlar konfransdakı çıxışlarda yüksək dəyərləndirildi. 2011-ci ildə təsis olunan Prosesə 2012-ci ildə qoşulan Azərbaycanın çoxtərəfli platformada daha bir iştirakı təmin olundu.
2001-ci ildə Amerikada qoşa göydələnlərin dağıdılması ilə müşahidə olunan hadisədən sonra ABŞ-ın yaratdığı beynəlxalq antiterror koalisiyaya qoşulan və illərdən bəri ermənilərin hərbi, ekoloji, mədəni və mənəvi terrorundan əziyyət çəkən Azərbaycan əməli fəaliyyəti ilə sübut etdi ki, milliyyəti, vətəni olmayan terrorçuların hər aktı insanlığa, bəşəriyyətə qarşı yönəlmiş cinayətdir.
Konfransda çıxış edən Prezident İlham Əliyev Prosesin regional əməkdaşlıq üçün əhəmiyyətini qeyd edərək vurğuladı ki, Əfqanıstanda sülh, təhlükəsizlik və iqtisadi inkişaf istiqamətində dəyərli mexanizm olan bu platforma beynəlxalq hüququn norma və prinsiplərinə riayət edilməsi, tanınmış sərhədlərin toxunulmazlığı, suveren bərabərliyə hörmət və daxili işlərə qarışmamaq kimi ədalətli hüquq normalarına təməl olmaqla regionda və dünyada sabitliyə təminatdır.
Bakıda Azərbaycan hökumətinin, BMT-nin və İSESCO-nun təşkilatçılığı ilə keçirilən “Terrorizmin qarşısının alınmasında əməkdaşlığın gücləndirilməsi” mövsusundakı beynəlxalq konfransda, humanitar dialoqlarda sərhəd tanımayan, bəşəriyyət üçün ən böyük təhlükə olan terrora qarşı mübarizədə fəallıq göstərən, səylərinin yüksək qiymətləndirildiyi respublikamız bu Prosesdə də yaxından iştirak etməklə fəaliyyətini real işləri ilə də təsdiqləyir. Azərbaycanın sülhsevər siyasətinin dəstəklənməsi isə siyasi və diplomatik uğurlarımızdandır. “Azərbaycan Əfqanıstanın qarşısında duran çağırışların öhdəsindən gəlməsində onu dəstəkləyən birinci və ən fəal ölkələr sırasındadır” söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, ölkəmiz ikitərəfli müstəvidə, idarəçilik, hərbi, hüquq mühafizə, minaların təmizlənməsi sahələri üzrə təcrübəsini Əfqanıstanla bölməyə hazırdır.
İllərin təcrübəsindən də aydın olur ki, dünyada sülhün, əmin-amanlığın təminatına xidmət edən qlobal beynəlxalq layihələrin təşəbbüskarı olan Azərbaycan NATO ilə əməkdaşlığı çərçivəsində vədinə sadiqliyini Əfqanıstanın inkişafının təminatına göstərdiyi hərtərəfli yardımları ilə sübut edir. Sülhün təminatı üçün geosiyasi mövqeyə, zəngin potensiala malik Azərbaycanın imkanlarını diqqətə çatdıran Prezident İlham Əliyev bildirmişdir ki, Əfqanıstanın təhlükəsizliyi və davamlı inkişafı regional və qlobal sabitlik üçün olduqca əhəmiyyətlidir: “NATO-nun etibarlı tərəfdaşı və Əfqanıstanın dostu kimi Azərbaycan “Qətiyyətli dəstək” missiyasına əsgərləri vasitəsilə verdiyi nəzərəçarpan töhfəsini davam etdirəcək və müxtəlif növ tranzit daşımalarını təmin edəcək.”
Azərbaycanın təşəbbüsü və maliyyə imkanları ilə inşa olunan Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin çəkilişi ilə bölgə dövləti kimi Əfqanıstan da mühüm əhəmiyyətə malik daşımalar şəbəkəsinə qoşulacaq. Hava məkanından istifadə və tranzit marşrutları vasitəsilə göstərdiyi siyasi dəstəyə görə ölkəmizə minnətdarlığını bildirən NATO təmsilçiləri dəfələrlə qeyd etmişlər ki, XXI əsrdə qloballaşan dünyada hamının üzləşdiyi təhlükəsizlik çağırışlarının birgə işləyərək aradan qaldırılmasında rəsmi Bakı ilə dialoqumuzun və əməkdaşlığımızın güclü çərçivəsi vardır. Azərbaycan NATO ilə Əfqanıstandakı İSAF proqramı çərçivəsində həm canlı qüvvə, həm də tranzit ölkə kimi iştirak edir. Sülh və təhlükəsizliyin təmin edilməsində Alyansın ən fəal üzvü kimi Azərbaycan səylərini artırır, hərbçilərimiz sülhyaratma missiyasını layiqincə davam etdirirlər. Əfqanıstana yardımlarını davam etdirən ölkəmiz NATO ilə əməkdaşlığa böyük önəm verir, əfqan hərbçilərinin müxtəlif sahələrdə hazırlanmasına və treniniqlərin keçirilməsinə yardımını əsirgəmir.
Nüvə terrorizmi təhlükəsinin narahatlıq doğurduğu müasir dövrümüzdə fiziki nüvə təhlükəsizliyinin möhkəmləndirilməsində beynəlxalq əməkdaşlığa diqqəti artıran Azərbaycanın səyləri NATO Sammiti çərçivəsində “Dövlət və hökumət başçıları səviyyəsində “Qətiyyətli dəstək” missiyası çərçivəsində aparılan əməliyyatlarda iştirak edən tərəfdaş dövlətlərlə Əfqanıstan üzrə görüş” mövzusuna həsr edilmiş sessiyada da nümunə göstərildi. Bildirildi ki, Azərbaycan Əfqanıstanda sülhün, təhlükəsizliyin təmin olunmasına, dünya birliyinin təşəbbüslərinə dəstək göstərən iqtisadi, hərbi qüdrəti ilə seçilən dövlətdir.
Terrorizmin bütün hallarına qarşı mübarizəyə töhfə verən Azərbaycanın təhlükəsizlik tədbirlərində qlobal enerji və nəqliyyat layihələrinin reallaşmasındakı iştirakı regional əməkdaşlığı gücləndirir. Qeyd olunduğu kimi, Bakı-Tbilisi-Qars dəmiryolu, Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı, Azərbaycan ilə İran arasındakı dəmiryolu şəbəkəsini əlaqələndirən Xəzər dənizi sahillərindəki logistik mərkəz kimi strateji komponetlər, Şərq-Qərb, Şimal-Cənub istiqamətləri üzrə çoxtərəfli imkanlara malik infrastrukturun inkişafı Əfqanıstanın qlobal bazara çıxışını asanlaşdıracaq. “Əfqanıstana yardım yalnız insan həmrəyliyi məsələsi deyil” söyləyən Prezident İlham Əliyev vurğuladı ki, uyğun coğrafi mövqeyi, xalqının əzmkarlığı və hökumətin səyləri Əfqanıstanı Asiya regionunda regional ticarət və əməkdaşlıqda vacib tərəfdaşa çevirəcəkdir.
Respublikamızın ölkəsinə göstərdiyi yardım və dəstəyi qardaşlıq, dostluq əlaqələrini möhkəmlənməsinin məntiqi ifadəsi adlandıran Əfqanıstanın Prezidenti Məhəmməd Əşrəf Qani bildirdi ki, Beynəlxaql Təhlükəsizliyə Dəstək Qüvvələrinə və Qətiyyətli Dəstək Missiyasına töhfələrini verən Azərbaycan əsgərlərinin fədakarlığı illərin sınağından çıxmış dostluq və qardaşlığın ifadəsidir.
Ərazisində milli azlıqlar olmayan, monoetnik ölkə kimi tanınan, dövlət siyasətinin əsasını ksenofobiya təşkil edən Ermənistandan fərqli olaraq, Azərbaycan çoxmillətli ölkədir. Cəmiyyətimizin mədəni, etnik və dini müxtəlifliyi xalqımızın böyük sərvətidir. İslamofobiyanı pik həddinə çatdırmış Ermənistan isə işğal olunmuş Azərbaycan ərazilərində bütün dini ocaqları, evləri dağıtmış, ekoloji terror, vandalizm aktları törətmişdir. Azərbaycan dinlərarası dialoqun gücləndirilməsinə yönəlmiş çox sayda beynəlxalq tədbirlərə ev sahibliyi edir.
Ermənistanın təcavüzkar siyasəti nəticəsində ərazisinin beşdə birinin işğal altında olduğunu konfrans iştirakılarının diqqətinə çatdıran Prezident İlham Əliyev erməni silahlılarının nəzarət etdiyi Azərbaycan torpaqlarındakı vəziyyət barədə də açıqlama verdi. Vurğulandı ki, ATƏT-in işğal olunmuş ərazilərimizdə törətdiyi vandalizm, vəhşilik qurumun hesabatlarında açıqlansa da hələ də status-kvonun saxlanılmasında israrlı olan Ermənistan sülh danışıqlarına qeyri-konstruktiv münasibəti ilə mane olur. Halbuki status-kvonun qəbuledilməzliyi BMT-nin qətnamələrində, Minsk qrupuna daxil olan dövlət başçılarının bəyanatlarında da əksini tapır.
Ermənistanın Azərbaycanın mülki əhalisinə və infrastrukturuna qarşı törətdiyi terror aktları nəticəsində 2 mindən artıq dinc əhali qətlə yetirilmiş, həmin vəhşiliyin kulminasiya nöqtəsi olan Xocalı şəhəri bir gecədə dağıdılmış, bütün əhalisi məhv edilmiş, insanlar diri-diri basdırılmış, yandırılmışdır. Ermənistanın soydaşlarımıza qarşı etnik təmizləmə siyasəti nəticəsində ermənilərin nəzarətində olan Azərbaycanın işğal olunmuş əraziləri terrorçuluqla bərabər separatizm, ekstremizm, mütəşəkkil cinayətkarlıq, o cümlədən narkotik maddələrin dövriyyəsi, çirkli pulların yuyulması və silah qaçaqmalçılığı arasında olan əlaqə baxımından böyük narahatlıq mənbəyidir. 20 ildən artıq müddətdə Azərbaycana qarşı hərbi, ekoloji, mənəvi terror aparmaqla insanları qətlə yetirən, tarixi abidələri viran qoyan, təbii sərvətləri vəhşicəsinə talan edən Ermənistanın “ASALA”, “Krunk” kimi onlarla terror təşkilatlarının dünyanı dəhşətə gətirən və çoxsaylı insan tələfatı ilə nəticələnən ən qanlı hadisələrdə izləri var. Beynəlxalq terrorizmə qarşı koalisiyada təmsil olunmaqdan imtina edən Ermənistan bu addımı ilə də dövlət səviyyəsində həyata keçirdiyi terroru dəstəklədiyini təsdiqlədi. Konfransda terrorçuluğun islamla bağlanmasının heç bir əsasının olmadığı diqqətə çatdırılaraq bildrildi ki, dini və milliyyəti olmayan radikal qrupların törətdikləri qanlı faciələrdən əziyyət çəkən bəşəriyyətin xilası multikulturalizm ideyalarının təbliği, humanist ideyaların qorunması ilə bağlıdır.
Xuraman İsmayılqızı, “İki sahil”
Çıxış Azərbaycanın Türk Dövlətləri Təşkilatı ilə əməkdaşlığının perspektivləri haqqında zəmanət oldu
Xankəndidə Böyük Qayıdışın yeni mərhələsi: doğma yurdda həyat yenidən canlanır