02 avqust 2024 22:14
504

Ermənistan delimitasiyadan sonra da mina terroru siyasətini davam etdirir

Ermənistan tərəfindən yerləşdirilmiş minalar Azərbaycan vətəndaşlarının təhlükəsizliyini və rifahını təhdid etməkdə davam edir. Belə ki, avqustun 2-də Qazax rayonunun Qızılhacılı kəndində Ermənistan tərəfindən basdırılmış minanın partlaması nəticəsində xidməti vəzifələrini icra edən üç mülki şəxsin və bir hərbi qulluqçumuz xəsarət alıb. Bunula da 2020-ci il müharibəsi başa çatdıqdan sonra mina qurbanlarının ümumi sayı 376-ya çatıb, onlardan 69-u həlak olub.

Yeri gəlmişkən qeyd edək ki, həmin kənd Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası ilə bağlı cari il aprelin 19-da əldə olunmuş razılaşma əsasında ölkəmizə geri qaytarılıb. Azərbaycanın insan hüquqları üzrə müvəkkili Səbinə Əliyevanın sözləri ilə desək, Ermənistan hətta delimitasiyadan sonra belə mina terroru siyasətini davam etdirir, əhalinin həyat və sağlamlığına təhlükə yaradan əməllərindən əl çəkmir.

Göründüyü kimi, ərazilərimizdə basdırılmış keçmiş məcburi köçkünlərin öz torpaqlarına təhlükəsiz qayıdışı, bölgədə aparılan bərpa-quruculuq işləri ilə yanaşı, sərhədlərin delimitasiyası prosesinə də ciddi maneələr törədir. Şübhəsiz, insanların xəsarət almalarında ərazilərimizdə basdırılmış minaların dəqiq xəritələrinin ölkəmizə təqdim edilməməsi öz sözünü daha çox deyir. Yeri gəlmişkən qeyd edək ki, Prezident İlham Əliyevin II Şuşa Qlobal Media Forumunun açılış mərasimində  toxunduğu mövzulardan biri də Ermənistanın müharibədən sonra Azərbaycan ərazisini minalarla çirkləndirilməsi olmuşdu: “2020-ci ildən bu yana 300-dən çox insan ya həlak olub, ya da yaralanıb. Təəssüf ki, nəhayət, Ermənistanın bizə verdiyi mina xəritələri tamamilə yararsızdır, onlar dəqiq deyil. Əvvəl biz onlardan xahiş edəndə deyirdilər ki, – onların baş nazirləri mənə deyirdi ki, – bizdə xəritələr yoxdur. Ancaq sonra etiraf etməli oldular ki, xəritələr var, amma onlar tamamilə yararsızdır”.

Amma hələ də dünya Ermənistanın mina terroruna səssiz qalmaqda davam edir. Hətta rəsmi Bakının dəfələrlə müraciətlərinə baxmayaraq Ermənistan Azərbaycanı mülki ərazilərdə basdırılmış minalarla bağlı tam və dəqiq informasiya ilə hələ də təmin etməyib. Özlərini dünyada sülhün və ədalətin tərəfdarı kimi göstərməyə çalışan dövlətlər, həmçinin beynəlxalq təşkilatlar bu bəşəri cinayətlə bağlı Ermənistanı sərt şəkildə qınamırlar, hələ də susurlar. Halbuki, mina xəritələrini tam şəkildə Azərbaycana vermək Ermənistanın,  bunu sərt şəkildə tələb etmək isə beynəlxalq təşkilatların  humanitar və mənəvi borcudur. Ermənistan tərəfindən otuz ilə yaxın işğal dövründə basdırılmış minaların dəqiq xəritələrinin təqdim olunmaması isə onların beynəlxalq hüququn və beynəlxalq humanitar hüququn norma və prinsiplərinə hörmətsizliyini açıq şəkildə nümayiş etdirir. Amma yenə də  təcavüzkar ölkəyə gözün üstə qaşın var demirlər, əksinə onu silahlandırmaq, bölgədə yeni müharibə ocağı qalamaq üçün dəridən-qabıqdan çıxırlar.

Bütün bu kimi çətinliklərə baxmayaraq, Azərbaycan dünyada tətbiq olunan ən müasir və qabaqcıl texnologiyalardan istifadə etməklə bu terrorun qarşısını almağa çalışır Qeyd edək ki, azad edilmiş torpaqlarda indiyədək mühəndis-istehkam bölmələri 39 min 721 hektar ərazini mina və partlamamış döyüş sursatlarından təmizləyib. Ümumilikdə 13 min 045 ədəd partlamamış hərbi sursat, 3 min 318 ədəd tank əleyhinə mina və 10 min 463 piyada əleyhinə mina aşkarlanaraq məhv edilib. İşğaldan azad edilmiş tarixi ərazilərimizdə sosial rifahın yenidən bərpa olunması, təhlükəsizliyin təmin edilməsi, o cümlədən, yol və infrastruktur işlərinin təşkilinin sürətləndirilməsinə yönəldilmiş mühəndis təminatı üzrə zəruri tədbirlər plana uyğun olaraq davam etdirilir.

Qvami Məhəbbəoğlu, “İki sahil”