02 avqust 2024 00:12
456

Hayların qaçışı üçün daha münbit şərait yaradılır

Birləşmiş Millətlər Təşkilatının Əhali Fondunun apardığı araşdırmalara görə, 2050-cu ildə Ermənistanda əhalinin sayı 2,3  milyon nəfər olacaq. Halbuki, 2019-cu ildə Ermənistanın baş naziri Nikol Paşinyan 2050-ci ilə qədər ölkəsinin əhalisinin sayının 5 milyon nəfərə çatacağını söyləmişdi. Lakin 5 ildən sonra məlum olur ki, təcavüzkar ölkədə nəinki əhali artır, əksinə azalır. Bu mənada demək olar ki, hökumət qarşıya qoyulan hədəfdən çox uzaqdır.

Son siyahıyaalmaya görə Ermənistanın əhalisi 3 milyona nəfərə yaxındır. Bu isə o deməkdir ki, bu ölkənin əhalisi təxminən 700 min nəfər azalacaq. Bu fakt da Ermənistanda doğum səviyyəsinin azalma meylinin davam etdiyini təsdiqləyir. Yerli mütəxəssislərin fikrincə, mövcud sosial-iqtisadi şəraitdə gənclərin böyük əksəriyyəti ailə qurmaqda çətinlik çəkirlər, bəziləri də maddi imkansızlıq ucbatından övlad sahibi olmaq istəmirlər.  Ermənistanın Milli Statistika Komitəsinin məlumatına görə, 2023-cü ildə nikahların sayı 2022-ci illə müqayisədə 588 nəfər azalıb. Bu ilin ilk üç ayında isə ötən ilin eyni dövrü ilə müqayisədə 697 körpə az doğulub.

Bu günlərdə  Ermənistan parlamentinin hakim “Mülkü müqavilə” fraksiyasının deputatı Arsen Torosyan bir daha bu məsələni gündəmə gətirib. O vurğulayıb ki, hakimiyyət orqanları nə qədər doğuşu təbliğ etmək iddiasında olsalar da, Ermənistanda doğum səviyyəsi çox aşağıdır. Onun fikrincə, bu prosesdə gənclərin xaricə axını da öz sözünü deyir: "Gənclər bütün ümidlərini xaricə ölkələrə köç etməyə bağlayırlar". Bəzi məlumatlara görə, son üç ildə 138 minə yaxın insan yoxsulluq, işsizlik ucbatından Ermənistanı tərk edib və geri qayıtmayıb. Təkcə keçən il 36500 nəfər ölkəni tərk edib.  Son aylar isə daha aktiv axın müşahidə olunur. Araşdırmaçı jurnalist Tatul Hakobyanın "Mamul" nəşrində dərc etdiyi məqaləsində də ölkəsində kəndlərin surətlə boşalmasından, işçi qüvvəsi ilə bağlı problemlərin cərəyan etməsindən gileylənib. Hakimiyyət isə nə doğum nisbəti problemini həll edə bilir, nə də mühacirətə bir əncam çəkə bilir. Rəhbərlik doğum səviyyəsini stimullaşdırmaq və mühacirətin qarşısını almaq, erməniləri Ermənistana qaytarmaq barədə düşünmək əvəzinə, ölkəni Suriyadan, Livandan, Hindistandan gəlmiş əcnəbilərlə doldurmağı səy göstərir. Hətta Arsen Torosyan bildirib ki, mən qəti şəkildə inanıram ki, biz demoqrafik vəziyyətimizi yalnız bu yolla yaxşılaşdıra bilərik, başqa variant yoxdur: “Ermənistanda demoqrafik vəziyyəti dəyişmək mümkündür və bundan utanmaq lazım deyil, bu, düzgün addımdır”.

Bu yandan da Avropa İttifaqı Şurasının Ermənistanla viza rejiminin liberallaşdırılması ilə bağlı dialoqa başlaması bu ölkəyə yaxşı heç nə vəd etmir. Şübhəsiz, bu, Ermənistan vətəndaşlarının ölkədən qaçışı üçün daha da münbit şərait yaradacaq. Yəni, Avropa ilə Ermənistan arasında viza liberallaşması üzrə dialoqun başlaması erməni cəmiyyəti üçün total ağır nəticələrə səbəb olacaq. Xatırladaq ki, Avropa İttifaqı ilə viza rejiminin ləğvindən sonra Gürcüstanı yüz minlərlə insan tərk edib. Bəzi politoloqların fİkrincə, Gürcüstandakı rəqəmlər Ermənistandakı rəqəmlərin kölgəsində qala bilər.  Yəni, viza rejiminin liberallaşdırılması Ermənistanın sürətlə boşalması ilə nəticələnəcək. Bu da ErmənistanI daha ciddi demoqrafik böhrana gətirib çıxaracaq.

Bu yerdə bir məqama da toxunaq. Ermənistan rəhbərliyi bu addımla guya Avropaya inteqrasiya imici yaratmağa cəhd edir.  Ermənistana "cənnət" vəd edən Avropa isə burada bu üsulla öz mövcudluğunu daha da gücləndirmək siyasətini həyata keçirir.  

Bəli, bu gün Ermənistan işğalçılıq siyasəti nəticəsində demoqrafik böhranla üzləşib. Ancaq havadarlarının yardımı ilə silahlanmaqda, şərti sərhəddə təxribatlar törətməkdə davam edən Emənistan hələ ki, öz xalqının güzəranını dəyişdirmək planı  yoxdur. Mütəxəssislərin fikrincə,  əhalisinin sayını artırmaq, eləcə də hazırda yaşanan digər problemlərdən uzaqlaşmaq istəyən Ermənistan  ilk növbədə qonşuluqdakı Azərbaycan və Türkiyəyə yönəlik düşmənçilik siyasətindən əl çəkməli, bu dövlətlərlə normal siyasi-iqtisadi əlaqələr qurmalıdır. Bu isə o deməkdir ki, təcavüzkar ölkənin vəziyyətdən yalnız bir çıxış yolu var:  Bu da sülhdür. “Tərəflər heç zaman sülh sazişinə bu qədər yaxın olmayıb” deyən Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun sözləri ilə desək, sülh sazişini yekunlaşdırmaq üçün yeganə maneəni aradan qaldırmaq isə daha çox Ermənistanın bacarıq və istəyindən asılıdır. Bu maneə Ermənistanda konstitusion şəkildə təsbit edilmiş Azərbaycana qarşı ərazi iddialarıdır.

Qvami Məhəbbətoğlu, “İki sahil”