06 dekabr 2017 14:37
826

Bizim iqtisadi siyasətimiz real həyatda öz əksini tapır

“Təsəvvür etmək mümkün deyil ki, əgər “Əsrin kontraktı” imzalanmasa idi, biz indi hansı vəsaitlə bütün bu abadlıq-quruculuq işlərini görə bilərdik. Düzdür, bu gün əsas məqsədimiz qeyri-neft sektorunun inkişafıdır və biz əsas gücü bu istiqamətə yönəldirik. Ancaq onu da hamımız bilməliyik ki, əgər neft gəlirlərindən səmərəli şəkildə istifadə etməsəydik, Neft Fondunda böyük vəsaiti yığmasaydıq, infrastruktur layihələrinə və digər layihələrə yönəltməsəydik, əlbəttə, bizim indiki vəziyyətimiz kəskin şəkildə fərqlənə bilərdi.” Dövlətimizin başçısı İlham Əliyev eyni zamanda bildirir ki, bütün bu işlər düşünülmüş şəkildə görülüb, neft-qaz gəlirləri insan kapitalına, infrastruktur layihələrinin icrasına, özəl sektorun inkişafına istiqamətləndirilib. Bu layihələr ölkəmizin beynəlxalq arenadakı rolunu, çəkisini artırır. Bu gün Azərbaycanın iştirakı olmadan regionda heç bir layihə, hətta heç bir siyasi təşəbbüs reallaşa bilməz. Azərbaycan bu gün dünya miqyasında özünü güclü dövlət kimi təsdiqləyib. Ötən dövrün uğurlarına söykənərək, bu inam da ifadə edilir ki, növbəti illərdə ölkəmizin qüdrəti daha da artacaq.

Artıq 2017-ci ilin son ayındayıq. Qarşıdakı illər üçün müəyyənləşdirilən hədəfləri nəzərə alsaq, hər ilin yekunları onlara çatmaq üçün bir addım kimi dəyərləndirilməlidir. Dövlətimizin başçısı İlham Əliyevin 6 dekabr 2016-cı il tarixli “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Fərmanına uyğun olaraq cari ildə yol xəritələrinin tərtib olunaraq icrasına başlanıldı. Fərmanda da qeyd edildiyi kimi, qeyri-neft sektorunun davamlı və rəqabətqabiliyyətli inkişafı dövlətin iqtisadi siyasətinin prioritet istiqamətidir. Dövrün tələblərinə uyğun olaraq atılan addımlar, həyata keçirilən təkmil islahatlar böyük sahibkarlar sinfinin formalaşmasına stimul oldu. Ölkəmizdə əlverişli biznes mühitinin yaradılması ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcmindən də aydın görünür. Belə ki, ölkə iqtisadiyyatına 200 milyard dollardan artıq investisiya qoyulub. İqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını son 14 ildə prioritet məsələ kimi öndə saxalayan cənab İlham Əliyev bölgələrin malik olduğu potensialdan səmərəli istifadə mqsədilə regional inkişaf proqramlarının icrasının önəmini vurğuladı. 2004-cü ildə icrasına başlanan ilk proqram növbəti ikinci və üçüncü proqramların qəbulunu və icrasını zərurətə çevirdi. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, paytaxt və bölgələr arasında fərq müəyyən mənada aradan götürülmüş, rayonlar arasında sağlam rəqabət gedir, irəli sürülən bütün təşəbbüslər xalq tərəfindən dəstəklənir. Dövlətimizin başçısı İlham Əliyevin bu günlərdə regional inkişaf proqramına uyğun olaraq Tərtər, Ağcabədi və Sabirabad rayonlarında, eyni zamanda Bakı və Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına əsasən Xəzər rayonunun Zirə qəsəbəsində olması və görülən işlərlə yaxından tanışlığı qarşıya qoyulan məqsədlərə lazımi səviyyədə nail olmağa marağı bir daha təsdiqləyir. Cənab İlham Əliyevin görülən işlərlə tanışlıq xarakteri daşıyan bu kimi səfərləri davamlıdır və hər səfər hər zaman qeyd edildiyi kimi müəyyən sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır. Bu isə öz növbəsində yeni iş yerinin yaradılmasına və işsizlik probleminin həllinə töhfədir.

Ölkə Prezidenti İlham Əliyevin çıxışlarında bu məqam xüsusi yer tutur ki, dünyada cərəyan edən proseslərin yaratdığı yeni çağırışlara uyğunlaşmaq və mövcud qlobal iqtisadi böhranın ölkəmizə təsirini minimuma endirmək məqsədilə iqtisadi islahatların əsas strateji hədəflərinə uyğun olaraq sistem xarakterli bir sıra tədbirlərin həyata keçirilməsi, sosial-iqtisadi inkişafın cari, orta və uzunmüddətli dövrləri arasında üzvi bağlılıq və qarşılıqlı uzlaşma yaratmaqla, iqtisadi inkişafın keyfiyyətcə yeni modelinin formalaşdırılması qarşıda duran əsas prioritet vəzifələrdəndir. Davamlı inkişafa xidmət edən strateji yol xəritələri 2016-2020-ci illər üçün iqtisadi inkişaf strategiyasını və tədbirlər planını, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışı və 2025-ci ildən sonrakı dövrə hədəf baxışı özündə ehtiva edir. Hər bir istiqaməti əhatə edən bu xəritələr eyni zamanda atılan addımların əsasında dayanan bu məqamı da təsdiqləyir - hərtərəfli inkişaf dövlət siyasətinin əsasıdır.

Dövlətimizin başçısı İlham Əliyevin xarici ölkələrə elə bir səfəri yoxdur ki, Azərbaycanın enerji sektorunda qazandığı uğurlarla yanaşı, özəl bölmədə yaradılan şəraitdən də geniş bəhs olunmasın və bu sahəyə investisiya yatırmağın vacibliyi qeyd edilməsin. Ölkə Prezidentinin imzaladığı “Qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər” haqqındakı Fərmanından irəli gələn vəzifələrin uğurlu icrası bu məqsədə öz töhfəsini verir. Yeni qaydalar sahibkarların istehsal etdikləri məhsulların ixracına marağını artırmaqla, keyfiyyətin beynəlxalq standartlara uyğunluğunu da təmin edir.

Məlum olduğu kimi, 2013-2020-ci illəri əhatə edən mərhələdə Azərbaycanın hədəfi inkişaf etmiş ölkələrlə eyni sırada addımlamaq, qeyri-neft sektorunun hərtərəfli inkişafına nail olmaqdır. Göstərilən məqsədə çatmaq üçün bazar iqtisadiyyatı şəraitində sağlam rəqabəti təmin edən düşünülmüş dövlət tənzimlənməsi, enerjidən səmərəli istifadə və yüksək əlavə dəyər yaradan ixracyönümlü iqtisadiyyata transformasiya və sosial-iqtisadi sahələrin inkişafına kompleks yanaşma ölkəmizdə əsas prinsiplər kimi diqqətdə saxlanılır. Təcrübə göstərir ki, belə bir sistem yalnız sahibkar təşəbbüsünə və sərbəst rəqabətə əsaslanan bazar münasibətləri şəraitində mümkündür. Bu səbəbdəndir ki, xarici investorların maraq göstərdiyi ölkəmizdə dünya təcrübəsindən istifadəyə diqqət artırılır, sağlam investisiya mühitinin yaxşılaşdırılması məqsədilə mühüm işlər görülür. Ölkə Prezidenti İlham Əliyev bildirir: “İnvestisiya təşviqi mexanizmi tam işə düşmüşdür. Onu qeyd etməliyəm ki, 200-dən çox investisiya təşviqi sənədi verilmişdir. Bu layihə, bu istiqamət çərçivəsində ölkəmizə özəl sektor tərəfindən 1,7 milyard manat həcmində investisiya qoyuluşu təmin ediləcək. Yəni, görün, bir ciddi islahatın aparılması ilə biz 1,7 milyard manat özəl sektor sərmayəsini Azərbaycana cəlb etdik. Deməli, biz buna çoxdan keçməli idik. Biz əvvəlki dövrlərdə də investisiya təşviqi mexanizmi haqqında danışmışdıq. Burada müəyyən əngəllər, müxtəlif fikirlər olmuşdur. Ancaq həyat bunu göstərir ki, bu, nə qədər düzgün addım olmuşdur.”

Beynəlxalq maliyyə qurumlarının hesabatları Azərbaycanın uğurlarına verilən dəyərdir. Davos Dünya İqtisadi Forumunun hesabatında Azərbaycan bu il iki pillə irəliləyərək 37-ci yerdən 35-ci yerə yüksəlib. 140 ölkə arasında keçirilmiş bu təhlil, ölkələrin rəqabətqabiliyyətliliyini əks etdirən bu hesabat göstərir ki, Azərbaycan dünya miqyasında iqtisadi cəhətdən 35 ən rəqabətqabiliyyətli ölkə sırasındadır. Cənab İlham Əliyev bildirir ki, bu, əslində bizim iqtisadi siyasətimizin uğurlarını dünyanın ən mötəbər iqtisadi forumu olan Davos Forumu tərəfindən qiymətləndirilməsi deməkdir: “Biz onsuz da bilirdik ki, düzgün yoldayıq. Bizim iqtisadi siyasətimiz real həyatda öz əksini tapır. Azərbaycanda mövcud olan ictimai-siyasi sabitlik, xalq-iqtidar birliyi iqtisadi sahədə də həm investisiyaların cəlb edilməsini, həm yerli investorların investisiyaları ölkəmizə həvəslə yatırmalarını təmin etmişdir. Həm xarici investorlar, həm də yerli sahibkarlar tərəfindən ölkəmizin gələcəyinə çox böyük inam var və bu inam əsaslıdır.” Qeyd etdiyimiz kimi, Azərbaycanın bu gününə və gələcəyinə inam ölkə iqtisadiyyatına qoyulan investisiyaların həcmindən də aydın görünür. Təkcə cari ilin doqquz ayında ölkə iqtisadiyyatına 8,3 milyard dollar sərmayə qoyulmuşdur. Onun böyük hissəsi xarici sərmayədir. Statistik rəqəmlər ölkəmizdə mövcud sərmayə mühitinin göstəricisidir. O da məlumdur ki, bu il ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafının prioritetliyi önə çəkilərək, rayonlar üzrə ixtisaslaşma aparılmış və dövlətimizin başçısı İlham Əliyevin sədrliyi ilə müşavirələr keçirilmişdir. Aqrar sektora investisiya qoyuluşuna, sahibkarlığa əngəl olan halların aradan qaldırılmasına diqqət artırılır. Cari ildə sahibkarlığın inkişafına yönələn addımların miqyası imzalanan fərman və sərəncamlardan daha aydın görünür. “Dayanıqlı inkişaf üçün qeyri-neft sektoru inkişaf etməlidir” söyləyən cənab İlham Əliyev bildirir: “Çünki bu, ölkə iqtisadiyyatının şaxələndirilməsinə xidmət göstərir və bu sahədə çox böyük nailiyyətlər var. Mən dəfələrlə demişəm ki, prioritet istiqamət qeyri-neft sektorudur. Nə üçün? Çünki mən hesab edirəm ki, neft-qaz sektorunda əldə edilmiş bütün nəticələr proqram üzrə gedir və nəyi əldə etmək istəmişiksə, onu da əldə etmişik. Bir dənə də olsun icra edilməmiş və qrafikdən çıxmış layihə yoxdur. Ona görə təbii ki, qeyri-neft sektoru prioritetdir. Ancaq ölkə iqtisadiyyatı, ölkəmizin gələcək inkişafı üçün neft sənayesi, neft-qaz sektoru həmişə həlledici rol oynayacaq.”

Cari ilin ötən dövründə həyata keçirilən iqtisadi islahatların qısa təhlili fonunda bu reallıq təsdiqlənir ki, dünya iqtisadiyatının ayrılmaz tərkib hissəsi olan Azərbaycanın inkişaf modelinin təkmilləşdirilməsinə yönələn addımlar qeyri-neft sektorunu əhatə edir. Məqsəd budur ki, qeyri-neft sektorunun ÜDM-də rolu gücləndirilsin, Azərbaycan brendi ilə dünya bazarlarına çıxarılan məhsulların sayı artsın və ixracda payı daha böyük rəqəmlərlə ifadə olunsun.

Yeganə Əliyeva, “İki sahil”